525.Az

BDU-da müasir biologiyanın problemləri müzakirə olundu


 

BDU-da müasir biologiyanın problemləri müzakirə olundu<b style="color:red"></b>

Dünən Bakı Dövlət Universitetində (BDU) ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən, gənc alimlərin və tədqiqatçıların "Müasir biologiyanın innovasiya problemləri" mövzusunda VII beynəlxalq elmi konfrans keçirilib.

Alim və mütəxəssislərin, tələbələrin iştirak etdikləri beynəlxalq konfransda BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz tarixi xidmətlərindən, xilaskarlıq rolundan danışıb. Ulu öndərin elmə, təhsilə daim böyük önəm verdiyini xatırladan rektor Heydər Əliyev ideyalarının prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıb.

Müasir dünyada elmə, təhsilə xüsusi əhəmiyyət verildiyini qeyd edən akademik A.Məhərrəmov BDU-da bu sahənin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan nailiyyətlərdən söz açıb. Gənc alim və tədqiqatçılar üçün böyük əhəmiyyət daşıyan konfransın işinə uğurlar arzulayan rektor diqqətə çatdırıb ki, hər il keçirilən bu tədbir müsbət nəticələr verməkdədir.

Sonra BDU-nun biologiya fakültəsinin dekanı, professor Akif Quliyevin "Müasir biologiyanın innovasiya problemləri", mikrobiologiya kafedrasının doktorantı və müəllimi, prezident mükafatçısı Aygün İsrayılovanın "Yeni antimikrob maddələr və onların əhəmiyyəti" mövzularında məruzələri dinlənilib.

Ölkəmizin tərəqqisində elmin, təhsilin mühüm rolunu vurğulayan məruzəçilər bu sahəyə ümummilli lider Heydər Əliyevin böyük diqqət göstərdiyini, dahi rəhbərin siyasi xəttinin dövlətimizin başçısı tərəfindən qətiyyətlə davam etdirildiyini bildiriblər. Eyni zamanda, Azərbaycanda müvafiq sahənin inkişafı üçün həyata keçirilən proqramların, tədbirlərin önəmi diqqətə çatdırılıb.

Sonra konfrans işini "Bitki fiziologiyası, biokimya, biofizika, molekulyar biologiya", "Zoologiya", "İnsan və heyvan fiziologiyası və genetika", "Botanika və mikrobiologiya" bölmələri üzrə iclaslarla davam etdirib, məruzələr dinlənilib, müzakirələr aparılıb.

Konfrans aprelin 28-də başa çatacaq.

S.QARAYEVA

 





28.04.2017    çap et  çap et