525.Az

Əmi...


 

Əmi...<b style="color:red"></b>

Aprelin 30-u Mərdan əminin vəfatının 40-cı günüdür...

Atam Saday öz atasına “Əmi” deyirdi. “Əmi” sözü Laçında böyüklük, yüksəklik, birinə arxa-dayaq durmaq mənasında işlədilir. Çünki dostumuzu, yaxınlarımızı, doğma qardaşımız qədər sevməyi bizə Atamız, əmilərimiz öyrədib!

Yəqin elə buna buna görə yaxın bildiyimiz hər kəsə “əmi oğlu” deyə müraciət edirik.

“Əmi” sözünə olan münasibət və ehtiramımız fərqlidir...Bilmirəm, bəlkə də Laçının işğalının bizə vurduğu ən böyük zərbələrdən olan bu ənənələrimizi nə vaxtsa itirəcəyik. Mərdan əmimi itirdiyimiz kimi.

lll

O, bizə Laçının böyük-kiçik münasibətlərini, ailə ənənələrini necə yaşatmağı göstərir, öyrədirdi. Bir tərbiyə, mədəniyyət nümunəsi idi. Səsinin yüksək çıxdığını heç kim eşidə, görə bilməzdi. Böyük-kiçiklə davranışında o qədər həssas idi ki... Həssas olduğu qədər də sadə, təvazökar insan idi. Neçə-neçə insana əl tuturdu, amma bu xeyirxahlığını heç kimə bildirməz, dilə gətirməzdi. Danışmazdı, sevməzdi belə şeyləri...

Adı kimi şəxsiyyəti də mərdanə idi. O, dünyaya mərd gəldi, mərd yaşadı, elə mərd də getdi. Onun yerini heç kim doldura bilməyəcək. Heç kimin yerini heç kimin doldura bilmədiyi kimi..

lll

Adına Mərdan babamızın adını vermişdilər. O, həyatı boyu bu adın bütün yükünü, məsuliyyətini öz çiynində şərəflə daşıdı. Bu dünyadan vaxtsız köçdü. Vaxtsız ona görə deyirəm ki, mənim üçün əmim hər zaman sağlam, cavan,  eyni zamanda müdrik insan kimi qalacaq. Mərdan əmimin haqq dünyasına belə tez qovuşacağını ağlımızdan belə keçirməzdik.

Tanrı Mərdan adını bəlkə də ona bir alın yazısı kimi qismət etmişdi. Bu böyük adın məsuliyyətini daşımaq üçün...

Onun aramızda olmadığına hələ də inana bilmirəm. Mərdan babamızın adını daşıyan bu BÖYÜK şəxsiyyəti itirəndə mən elə bil Laçını, Kosaları yenidən itirdim.

Onunla bağlı son 40 gündə o qədər xatirə eşidirəm ki, elə bil əmimi yenidən tanımağa, kəşf etməyə başlayıram.

lll

Laçın işğal edilməzdən əvvəl hər yay tətilimizi ecazkar mənzərəsi olan Kosalar kəndində keçirirdik. Halay babam rəhmətə gedəndən sonra övladları demək olar ki, yavaş-yavaş buranı tərk etmişdi. Qızları köçmüşdü, oğlanları da Bakıda, Laçında müxtəlif vəzifələrdə çalışırdılar.Amma Kosalar kəndindəki Halay babamızın evi bütün  ailəni hər yay bir araya gətirirdi, birləşdirirdi. Bu mənzərədən o qədər zövq alırdım ki, yaddaşımda hələ də Kosaların xatirələri qalıb və ora tez-tez yuxuma girir...

Və Kosalar yadıma düşəndə gözümün önündə Mərdan əmim canlanır. Böyük ürəyə sahib bu adam uşaqla uşaq, böyüklə böyük idi. Qayğısını hər zaman hər yerdə hiss etmək və görmək olardı.

Kosalarda olduğu qısa məzuniyyət günlərində uşaq gözümüzdə o qədər ucalırdı ki, onun növbəti ilə kimi səbirsizliklə məzuniyyətə çıxmasını gözləyərdik. Bizi özü ilə çaya çimməyə aparardı. Halbuki böyüklərin çoxu biz uşaqlara qarşı bu nəvazişi göstərmirdi.

Sonra məsləhətlərini verir, biz də dərslərimizi yaxşı oxuyacağımıza təkcə ona söz verirdik. Və bu vədimizə növbəti dərs ilinə kimə məsuliyyətlə əməl edirdik. Çünki bizə qarşı o qədər həssas idi ki, ona verdiyimiz sözə əməl etməkdən başqa çıxış yolumuz qalmırdı. Bir də düşünürdük ki, növbəti il Mərdan əmi bizi yenə çaya çimməyə aparacaq...

O, hər kəsə fərdi yanaşırdı. Bu qayğıkeşliyi görməmək və ondan nümunə almamaq mümkün deyildi.

lll

Əsgərlikdən təzəcə qayıdıb, yeni işə düzəlmişdim. Bir gün mənə zəng vurub iş yerinə dəvət etdi. Həmin ili bərk isti idi. Qohumlardan təkcə bizim ailə şəhərdə qalmışdı. Görüşdük. Dedi, qohumlar hamı bir yerdə dincəlir, siz niyə Bakıdasız? Doğrusu, əsgərlikdən gələn və yeni işə düzələn biri kimi mən əvvəlcə onun sözlərini başa düşmədim. Mənə pul verdi ki, ailənizi də götür, rayonların birində istirahətə get. Təşəkkür etdim, amma pulu geri qaytarmaq istədim. Və o zaman onun gözləri doldu. Elə bil inciyən kimi oldu, mənə elə baxdı ki... Onun istəyini yerinə yetirməkdən başqa çarəm qalmadı.

Aprelin 30-u vəfatından 40-cı gün keçir...

Ailəmiz Mərdan əmimizin timsalında həyatı boyu əxlaqlı və yüksək mədəni keyfiyyətləri ilə seçilən, bizim üçün etalona çevrilən, bir insan kimi inkişafımızda böyük rol oynayan bir şəxsiyyəti itirdi!

Onun həyatı Təhməzovların bütün övladlarının qəlbində, evində, örnək ailə tərbiyəsinin təbliği ilə yaşayacaq. Uşaqlarımızın xarakterinin formalaşmasında Mərdan əminin nümunəsi hər zaman hiss olunacaq! Çünkü biz ona oxşamaq istəmişik...

Əmimizə!

Allah ona cənnəti nəsib etsin!

RÜFƏT

 





29.04.2017    çap et  çap et