525.Az

Polimatın biliyi və onun əməli nəticələri


 

MÖVZU ÜZRƏ SUALLARI PROFESSOR HAMLET İSAXANLI CAVABLANDIRIB

Polimatın biliyi və onun əməli nəticələri<b style="color:red"></b>

Bu müsahibə ilk dəfə ingiliscə dərc olunub (Knowledge of Polymath Walks, Talks, Makes Waves, Turns into Deeds. Interviewee: Professor Hamlet Isaxanli, Interviewer: Waqas Ahmed. Khazar Journal of Humanities and Social Sciences, Volume 20, Number 1, 2017, pp. 92-109) və hazırda nəşr prosesində olan “Polymathy” kitabında ondan geniş istifadə edilib.Vaqas ( Waqas) Ahmedin suallarına professor Hamlet İsaxanlının cavablarını əks etdirən müsahibənin ana dilimizə tərcüməsini, tam həcmdə, oxuculara təqdim edirik.  

Xəzər universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Avrasiya Akademiyasının Qurucu üzvü Hamlet İsaxanlı təbiət elmləri və sosial-humanitar elmlər üzrə mütəxəssis alim, şair, təhsil təşkilatçısı və müəllim, tərcüməçi, jurnalist, televiziya proqramı müəllifi və ictimai xadimdir. O, riyaziyyat və onun tətbiqləri; elm və mədəniyyət tarixi; poeziya və yaradıcı yazı; dil, leksikoqrafika və ədəbiyyatşünaslıq; tərcümə nəzəriyyəsi və tarixi; təhsil siyasəti və menecment kimi geniş əhatəli sahələr üzrə 40-dan artıq kitabın və 350-dən çox məqalənin müəllif və həmmüəllifidir. FIRST jurnalının (London) Xüsusi Layihələr üzrə direktoru və Qlobal Müxbiri vəzifəsində çalışır. Nəşrdə olan “Polymathy” kitabının müəllifidir.

- Sizcə, Polymath nədir?

- Polimat (Çoxbilgin) bir neçə bir-birindən fərqli sahələrdə ciddi yaradıcı fəaliyyət göstərmiş adama deyilir. Polimat sözünün lüğəti mənası çoxbilən olsa da, əslində müxtəlif sahələri yaxşı bilən adama polimat deyilmir, bilmək və yaratmaq eyni şey deyil. Populyar ədəbiyyat vasitəsilə fizika, riyaziyyat və ya biologiyadan xeyli şeylər başa düşmək qəti surətdə fizik, riyaziyyatçı və ya bioloq olmaq deyil. Çoxbilən adam sadəcə bilməklə kifayətlənirsə, biliyini fəaliyyət növünə, əmələ, əsərə çevirə bilmirsə, o, sadəcə geniş bilikli, savadlı, geniş eridusiyalı adamdır, amma polimat deyil. Polimatın geniş biliyi passiv qalmır, oturmur, yeriyir, səs salır, arxasınca aparır, praktik nəticə verir, əmələ çevrilir. Polimatın əlindən çox iş gəlir, onun maraqları digər insanlara təsir edir, digər insanlarda maraq doğurur. Polimat bir neçə fərqli sahələrə öz töhfəsini verir. Onun bir neçə sahədə üstün yaradıcı fəaliyyəti bilikli insanları və mütəxəssisləri heyran edir. Polimat müxtəlif sahələrin əsas prinsiplərini mənimsəmiş və o istiqamətdə qarşısına məsələ qoyub həll etməyi bacarır.

Adətən polimat təbiət elmləri və ya dəqiq elmlərlə humanitar sahələrdə, eyni zamanda yaxşı mütəxəssis olmaqla əlaqəlidir. Əgər peşəkar fizik həm də istedadlı rəssamdırsa və ya bioloq həm də istedadlı yazıçıdırsa və ya riyaziyyatçı həm də istedadlı bəstəkardısa, bu, polimatlığa işarə sayıla bilər. Bu ikitərəfli istedad və fəaliyyət çox zaman daha çoxtərəfli işlərə gətirib çıxarır, məsələn, fizika və rəssamlığı özündə birləşdirən şəxs, ola bilər ki, həm də alpinizmlə məşğul olsun və ya mədəniyyət tarixi üzrə çalışsın, yazsın, tanınsın və uğur qazansın. Adətən universal dahi və ensiklopedist alim ifadələri də polimatlıqdan xəbər verir. Renessans adamı ifadəsi isə aydın olsa da, ifadə və tarix baxımından geniş deyil; polimatlara Antik dünyada, Çində, xüsusilə də İslam sivilizasiyasında (İslamın qızıl dövründə) çox rast gəlinirdi.

- Siz ən çox hansı sahəyə töhfə vermisiniz?

- Mənim formal yüksək təhsilim və elmi dərəcəm riyaziyyat sahəsindədir. Peşəkar riyaziyyatçıyam. Riyaziyyat təbiəti, dünyanı anlamaqda mənə kömək edib. Riyaziyyatçı kimi tanınmışam. Hələ Sovet dövründə müxtəlif ölkələrə ayaq açmışam, tədqiqat aparmış, mühazirələr oxumuş, konfranslarda iştirak etmiş, çox istedadlı insanlarla tanış olmuşam. Lakin uşaqlıqdan mənimlə yaşayan poeziya və ədəbiyyat da əvvəl içimdə bəslənmiş, cücərmiş, yetişmiş, sonra üzə çıxmışdır. Məni daha çox şair və ədəbiyyatçı, humanitar sahə mütəxəssisi kimi tanıyanlar az deyil; ümumiyyətlə, bu sahə hamıya tanışdır, çox əksəriyyət bu sahələrdəki uğurları görə bilir, qiymətləndirə bilir (riyaziyyat və təbiət elmləri haqqında bunu deyə bilmirik). Sevdiyim və yaradıcı fəaliyyət göstərdiyim üçüncü sahə isə tarixlə bağlıdır, elm və mədəniyyət tarixi, ideyalar tarixi, intellektual tarix və tarix fəlsəfəsidir. Bu gün ən çox məşğul olduğum, yazdığım, oxuduğum sahədir bəlkə də. Və əlbəttə ki, ən mühüm işlərimdən biri -elm, təhsil və mədəniyyət ocaqlarının təsis edilməsi, qurulması və inkişafıdır, son 20 ildən artıq bir dövrdə (müsahibə 2013-cü ildə götürülmüşdür - red.) hər gün məşğul olduğum, fikrən və fiziki olaraq birgə olduğum quruculuq fəaliyyətidir. Mən birinci növbədə sıfırdan yaratdığım, nazını və əziyyətini çəkdiyim, indi uğurlarına sevindiyim Xəzər universitetini, həmçinin onun ətrafında inkişaf edən Dünya məktəbi (uşaq bağçası, ibtidai və orta məktəb) və digər qurumları nəzərdə tuturam.

Mən “məşğul olduğum sahələrdən biri digərindən mühümdür, birini nisbətən az ya çox sevirəm” deyə bilmirəm, onların hər biri həyatımın, varlığımın, kimliyimin mühüm və ayrılmaz hissəsini təşkil edir. Burada digər sahələrdəki fəaliyyətimə - dil və leksikoqrafiya, praktik tərcümə işi və tərcümə nəzəriyyəsi, təhsil siyasəti və nəzəriyyəsinə, populyar elmi yazı, nəşriyyat və redaktorluq işinə, hər iki növ kütləvi informasiya vasitələrində (kağız və audio-video -mediada) fəal işə,... toxunmuram.

- Sizin müxtəlif sahələrdə çalışmanıza hansı amillər səbəb olub, sizi həvəsləndirən nə olub?

- Uşaqlığımdan mənə xas olan hər şeyi bilmək, öyrənmək həvəsi, öyrəndikcə qızışmaq, ehtizaza gəlmək, “sonra nə?”, “necə?” suallarına cavab axtarmaq ehtirası böyüdükdən sonra da, yaşlaşanda da məni heç vaxt tərk etməmişdir; böyüklər, müəllimlər belə deyirdilər, belə deyirlər, özümü biləndən özümü belə görmüşəm. Üstəlik, qazandığım biliklərin əsasında bir sistem qurmaq həvəsim, həmçinin ətrafdakıları (məndən daha kiçikləri və yaşıdlarımı) bir ideya, bir problem ərtafında səfərbər etmək, imkan dairəsində praktik iş də görmək istəyim də daimi olub. Orta məktəbdə, demək olar ki, bütün fənləri sevmişəm, yaxşı oxumuşam (hərçənd ki, bəzi fənlər üzrə heç yaxşı müəllimim olmayıb). Üstəlik, yorulmadan Şərq və Qərb ədəbiyyatını oxumağım və... gizli şəkildə yazmağım, yaradıcılıqla məşğul olmağım (uşaq xəyalının məhsulu olan bişməmiş yazılara belə demək olarsa) da vardı. İdmanı çox sevirdim, əsasən də şahmatı və futbolu. Özüm uşaq olsam da, uşaqları həvəsləndirən, öyrədən və fəaliyyətə qoşan dərnəklərim də vardı...

Atam (o, riyaziyyat müəllimi idi) və yuxarı siniflərdəki riyaziyyat müəllimim riyaziyyatı sevməyimdə mühüm rol oynamışlar. Ali məktəbdə (riyaziyyat ixtisası üzrə) oxuyarkən dünyanı daha geniş görmək, dərk etmək istəyi riyaziyyat və ikinci sevgim - ədəbiyyatla yanaşı fizika, tarix və fəlsəfə kimi sahələrə marağımı artırdı. Bu sahələrin qovşağında dayanan elm tarixi və fəlsəfəsi, ideyalar tarixi, təbiət elmlərinin bir-birinə təsiri kimi məsələlər üzərində düşünməkdən, ümumiyyətlə, geniş düşünməkdən həzz alırdım.

Bir də ki, müəyyən zaman kəsiyində bir sahəni digərlərindən üstün maraq dairəsində saxlamaq, yəni müxtəlif sahələrlə maraqlanmaqla yanaşı sahələrdən birinə daha çox vaxt ayırmaq, belə demək olarsa, maraqların zamana görə sıralanması çox vacibdir. Yəni bir müddət əsas məşğuliyyətim riyaziyyat olacaq, digər maraqların ikinci, üçüncü,...yerlərdə duracaq. Sonra maraqlar, üstünlük başqa sahəyə keçə bilər. Sevdiyin, peşəkar olduğun və ya hazırda üstün fikir verdiyin bir sahənin qonşuluğunda və ya uzaqda olan, şüurlu surətdə və ya bilinc altında səni maraqlandıran digər bir sahə bəzən səni əsas sahədən ayıra bilir. Ayılanda görürsən ki, bu “digər” sahə bir müddət sənin əsas işinə, maraq dairənə çevrilib, əvvəllər sadəcə maraq, hobbi saydığın bu sahə səni öz ağuşuna alıb gedir, ona vurulubsan, onun eşqi ilə yaşayırsan, əvvəlki sevgilərini tam unutmasan da (əsl sevgi unudulmur!), onlara qarşı diqqətin azalıb. Digər tərəfdən, bir deyil, bir neçə sevgilin varsa, birindən doyanda, sanki yorulanda, digərinin yanına gedə bilirsən, hər zaman sevgilinləsən, məşğulsan, amma, sanki istirahət də edirsən (bu fikri, bənzətməni, lütfən, sözlərin hərfi mənasına görə, mənəvi baxımdan şərh etməyin). Əgər bu iş ömürboyu davam edirsə, sənə eşq olsun, çox şey görəcəksən, başına çox işlər gələcək...

- Riyaziyyatla poeziya arasında əlaqə varmı?

- Riyaziyyat və poeziya...Əslində onların cəmiyyətdə çox fərqli mövqe və rolları var. Yəqin ki, əksəriyyət onları diametral əks sahələr kimi görür, onları yaxın qohum kimi təqdim edənlər də var, amma belələri çox azdır, onlar ya riyaziyyatçılar, bəzi fizik və filosoflar, ya da K. Veyerştrassın (Weierstrass) “bir qədər şair olmayan əsl riyaziyyatçı ola bilməz” sözünü və ya ona bənzər ifadələri eşidənlərdir. Riyaziyyat və poeziyanın əlaqəsi barədə gözəl fikirlər və... qəribə və uydurulmuş mühakimələr (spekulyasiyalar) mövcuddur.

Adətən poeziyada (həmçinin incəsənətdə, musiqidə) müəyyən riyaziyyat görür və axtarırlar, doğrudan da poeziya və incəsənətdə ritm, ölçü, tənasüb, harmoniya, sanki bir hesab, bir forma (həndəsə) var, lakin əsas yaxınlıq bununla bağlı deyil, bu, səthi “yaxınlıq”dır. Oxşarlıq və yaxınlıq riyaziyyat və poeziyanın təbiətində, riyaziyyatçının düşüncə tərzində, xəyal dünyasındadır. Riyaziyyatçı heç də riyaziyyatdan uzaq adamların düşündüyü və kütləvi informasiya vasitələrinin uydurduğu kimi soyuq, quru, mücərrəd məntiqin əsiri deyil, əksinə onun düşüncə tərzi çox rəngarəng və poetikdir (şairanədir). Riyaziyyatçı müəyyən məntiqi çərçivələr daxilində həqiqət və gözəllik axtarışındadır, bu yolda onun xəyal dünyası, fantaziyası, harmoniya və gözəllik hissi mühüm rol oynayır. Məntiqi çərçivə və həqiqət axtarışı sanki daha çox elmdən, gözəllik, xəyal və fantaziya sanki daha çox sənətdən, poeziyadan xəbər verir.

Digər tərəfdən şeirdə də fikir və ideya, fəlsəfə mühümdür, onların təqdimatı gözəllik, harmoniya, metafor və səmimilik tələb edir. Bir fikir, bir neçə misra sanki göydən düşüb şairin yaddaşına həkk olunur (özünün qeyri-adiliyini göstərmək istəyən şairlər “mən Allahla danışıram” deyirlər), şair onun, bu ilkin, “ilahi” tapıntının ətrafında şeir yaradır. Riyaziyyatçının da başına oxşar iş gəlir; gözəllik, harmoniya və məntiqdən yoğrulmuş bir ideya sanki göydən enib riyaziyyatçının düşüncəsini fəth edir, riyaziyyatçı onun ətrafında öz nəzəriyyəsini qurmağa başlayır. Riyaziyyatçı müəyyən dərəcədə oynayır, seçir, sanki uydurur, amma onun oyunu qaydalara tabedir, onun uydurması boş uydurma deyil, həqiqətə gedən yol seçməkdir, daha doğrusu, yol açmaqdır. Şair də oynayır, onun qaydaları bulanıqdır, uydurma məsələsində sərbəstliyi daha böyükdür.

Riyaziyyatçı problemin həlli üçün ideya axtarır, şair ideyanın ifadəsi üçün gözəllik axtarır, bu gözəlliyin içində bir həqiqətin olması istisna edilmir. Riyaziyyatçı əsasən kəşf edir (gizli həqiqəti), şair əsasən yaradır və bu prosesdə müəyyən gizli həqiqət sezgisi (intuisiyası) mövcuddur. Riyaziyyat elmdir, amma həm də müəyyən dərəcədə incəsənətdir. Riyaziyyatçıların böyük əksəriyyəti bu səbəblə poeziya və musiqini, incəsənət və tarixi, şahmatı sevirlər, bəzən də bu sahələrə nüfuz edir, yaradıcı fəaliyyət göstərirlər (bu və ya başqa dərəcədə). Şairin dili metaforlu, bər-bəzəkli olsa da, lakonikdir, ölçülüdür, “riyazidir”. Riyaziyyatçının dili rəmzi (simvolik) və universaldır, riyazi fikir, düstur, obraz tərcüməyə ehtiyac duymur. Şeir yazıldığı, doğulduğu dilə bağlı fenomendir, şeir tərcümədə, yad mühitə düşəndə bir qədər solur, gözəlliyinin bir qismini itirir, eroziyaya uğrayır, dəyişir.

Riyazıyyatçı və şair hər ikisi təbiətin özünü araşdırmır, onun surətini, modelini yaradırlar. Riyaziyyatı, onun məzmun və gözəlliyini peşəkar riyaziyyatçı və təbiət elmləri və yüksək texnologiya üzrə mütəxəssislər görə bilir, poeziyanı, demək olar ki, hamı anlayır. Riyaziyyatı gözəl bilənlər riyaziyyatın böyüklüyü və dərinliyini, fövqəlgücünü obrazlı şəkildə ifadə edərkən Allahın həndəsəçi olduğu fikrini vurğulayır (Allah kainatı riyazi qanunlar üzərində qurub), poeziyasevərlər (və bəzi şairlər) şairlərin peyğəmbərlərlə yaxınlığından danışırlar.

- İncəsənət, təbiət elmləri və humanitar elmlər arasında əlaqəni necə şərh edərdiniz?

(Ardı var)

 





29.04.2017    çap et  çap et