525.Az

Dövlət Miqrasiya Xidməti rəisi Monteneqroya səfər etdi


 

Dövlət Miqrasiya Xidməti rəisi Monteneqroya səfər etdi<b style="color:red"></b>

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Monteneqronun Podqoritsa şəhərində rəsmi səfərdədir.

Dövlət xidmətindən verilən məlumata görə, səfər zamanı nümayəndə heyəti Monteneqronun Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Kemal Purisiclə görüşüb. Görüşdə Azərbaycanla Monteneqro arasında inkişaf edən hərtərəfli əlaqələrin əhəmiyyətindən bəhs olunub. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin dövlətlərimiz arasında münasibətlərin yüksələn xətlə inkişafına verdiyi töhfələr qeyd edilib. Birgə iqtisadi layihələrin reallaşdırılması perspektivləri, energetika, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığa dair dövlət başçılarının müəyyən etdiyi strategiyanın səmərəli nəticələrindən söhbət açılıb.

F.Nəbiyev hələ 2013-cü ildə “Azərbaycan Respublikası və Monteneqro arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalandığını xatırladıb. Ötən dövr ərzində Azərbaycan və Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq, həmçinin, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, o cümlədən, turizm sahəsində əməkdaşlıq haqqında, eləcə də humanitar sahədə imzalanmış bir sıra sazişlərin dövlətlərarası əlaqələrin möhkəmlənməsinə geniş imkanlar açdığını deyib.

Daha sonra nümayəndə heyəti Monteneqronun Daxili İşlər naziri Mevludin Nuhodziclə görüşüb. Görüşdə F.Nəbiyev bu istiqamətdə iki ölkə arasında qurulan əlaqələrin yüksələn xətt üzrə inkişafı ilə bağlı konkret faktlara diqqət çəkib. Ölkəmizdə miqrasiya sahəsində qanunvericilik və icra mexanizmləri barədə danışıb. Xidmət rəisi “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin ötən 10 ildə prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Mevludin Nuhodzic bu səfərin miqrasiya sahəsində əlaqələrin inkişafına və qeyd edilən bir sıra məsələlərin həllinə əsaslı təsir göstərəcəyinə inandığını deyib.

Sonda tərəflər arasında  “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”in imzalanma mərasimi keçirilib.

Ceyhun ABASOV

 





29.04.2017    çap et  çap et