525.Az

AŞPA siyasi təzyiq vasitəsinə çevrilib


 

BEYNƏLXALQ TERRORLA MÜBARİZƏDƏ ANKARANI KÜRƏYİNDƏN BIÇAQLAMAQLA QƏRB İTTİFAQI ƏSL NİYYƏTİNİ, SİYASİ AMBİSSİYALARINI ORTAYA QOYUB

AŞPA siyasi təzyiq vasitəsinə çevrilib<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyənin monitorinq mərhələsinə qaytarılması haqqında qərarı qardaş ölkədə olduğu kimi, Azərbaycanda da böyük narazılıqla qarşılanıb.

Bu hadisə qurumun obyektiv fəaliyyət aparmadığını, Qərbin islamafob qüvvələrinin təsiri altında hərəkət etdiyini bir daha sübut edir. Hələ qətnamə layihəsinin müzakirəyə çıxarıldığı vaxt Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri çıxış edərək qərarın qəbuluna öz etirazlarını bildirib, qurumun təsisçilərindən olan Türkiyəyə qarşı ədalətsiz yanaşma olduğunu qeyd ediblər. Ancaq xristian təəssübkeşlərinin təsiri altında olan AŞPA-da qətnamə layihəsi səs çoxluğu ilə qəbul edilib.

Məlum qərar ümumilikdə Qərbin müsəlman aləminə qarşı bəslədiyi kin, nifrət və qərəzin əyani təzahürüdür. Təcrübə sübut edir ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür. Azərbaycanla əlaqədar baş verən oxşar hadisələr də AŞPA-nın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir. Əks halda, qurum Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaz, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanın ədalətli mövqeyinə dəstək olar, problemin qısa vaxt ərzində həlli üçün rəsmi İrəvana təzyiq edərdi.

Avropa Şurasına üzvlük, Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşib. Beynəlxalq terrorla mübarizədə Ankaranı kürəyindən bıçaqlayıb PKK-ya dəstək olmaqla Qərb ittifaqı əsl niyyətini, siyasi ambissiyalarını ortaya qoyub. Bu mənada, islamafobiya meyllərinin gücləndiyi Avropa Azərbaycana, Türkiyəyə və digər müsəlman ölkələrinə yaxşı heç nə vəd etmir. Ona görə də, Azərbaycan inteqrasiya meyllərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Musa Quliyev qeyd edib ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür. O, SİA-ya bildirib ki, AŞPA bəzi dövlətlərə, xüsusən müsəlman dövlətlərinə qarşı ikili standartlar irəli sürür: “AŞPA-nın, Avropa Birliyinin zaman-zaman Azərbaycana qarşı da qərəzli mövqeyinin şahidi olmuşuq. Bu gün Türkiyəyə qarşı onların irəli sürdükləri siyasi tədbirlərin heç bir əsası yoxdur. Bu, hüquqa ziddir və dövlətin daxili işinə qarışmaqdır. Həmçinin, bu, dövlətə qarşı siyasi təzyiq metodudur. Hesab edirəm ki, onların bu cəhdlərinin heç bir əhəmiyyəti olmayacaq. Türkiyə güclü dövlətdir. Türkiyədə xalqla dövlət rəhbərinin, liderinin çox sıx birliyi var. Həmçinin, Türkiyənin Azərbaycan kimi dostu var”.

M.Quliyev əlavə edib ki, rəsmi Ankara heç vaxt təklənməyəcək: “Türkiyə öz inkişafını, demokratiyasını davam etdirəcək və dövlətini möhkəmləndirəcək. Bundan öncəki sanksiyalarda olduğu kimi, yenə Avropa dövlətləri Türkiyəyə qarşı səhv etdiklərini anlayacaqlar. Buna görə də biz hər zaman ədalətin, haqqın yanındayıq. Bu gün də belə mövqedə olanları pisləyirik”.

Deputat Şahin İsmayılov da hesab edir ki, AŞPA-nın Türkiyə ilə bağlı qərarı təşkilatda islamafob meyllərin qalib gəldiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir: “Onların bu qərarı tamamilə siyasi bir qərardır”. Onun sözlərinə görə, Türkiyədə keçirilən referendumun nəticələri və orada insanların bu referenduma “hə” deməsi avropalıların siyasi planları ilə düz gəlməyib: “Təbii ki, onlar da buna görə çalışırlar ki, Türkiyə hökumətinə və dövlətinə müxtəlif təzyiqlər göstərsinlər. Çünki Türkiyə regionun ən güclü dövlətlərindən biridir. Rəsmi Ankara regionda baş verən proseslərə bilavasitə təsir göstərə bilir. Bildiyiniz kimi, həmin region da hazırda olduqca gərgin vəziyyətdədir. Türkiyə dövləti bu proseslərdə yaxından iştirak edərək öz dövlətçilik mövqeyində olduqca düzgün mövqedən çıxış edir. Türkiyə demokratik bir dövlətdir. Orada baş verən proseslər, ölkənin siyasi həyatı Azərbaycanın siyasi həyatı ilə çox bağlıdır. Türkiyə bizim ən yaxın tərəfdaşımızdır. Təbii ki, biz yaxın tərəfdaş, qardaş ölkə olaraq AŞPA-nın bu qərarını qınayırıq”.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirib ki, bu gün Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri, eyni zamanda strateji tərəfdaşlıq əlaqələri regionda sülh və təhlükəsizliyin təminatına mühüm töhfədir: “Ölkələrimizin birgə səyi nəticəsində həyata keçirilən qlobal enerji layihələri Avropanın enerji təhlükəsizliyinə öz müsbət təsirini göstərir. Bunun müqabilində bəzi Avropa dairələrinin, xüsusilə Avropa Şurası Parlament Assambleyasının Azərbaycana və Türkiyəyə qarşı sərgilədiyi ədalətsiz mövqe başadüşülən deyil. Bu mənada hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı tamamilə qərəzlidir”.

V.Rəhimzadənin sözlərinə görə, hər zaman demokratiyadan, insan hüquqlarından dəm vuran Avropa artıq öz “ənənələrinə” sahib çıxa bilmir: “Avropanın miqrantlarla bağlı həyata keçirdiyi siyasət bunun bariz nümunəsidir. Digər vacib bir məqam isə Avropanın İslam ölkələrinə qarşı nümayiş etdirdiyi haqsızlıqdır. Hesab edirəm ki, AŞPA-nın qardaş ölkə ilə bağlı qərarı qurumda islamafobiyanın daha da güclənməsinin, müsəlman ölkələrinə qarşı ikili standartların davam etməsinin təzahürüdür. Təbii ki, AŞPA-nın həyata keçirdiyi “monitorinqlər”in əsas məqsədi müstəqil siyasət yürüdən ölkələrə müxtəlif yollarla təzyiq etmək, onları asılı vəziyyətə salmaqdır”.

V.Rəhimzadə AŞPA-Azərbaycan əlaqələrinə də toxunub, bu beynəlxalq təşkilatın ölkəmizə qarşı sərgilədiyi ədalətsiz məqamları diqqətə çatdırıb: “Məlum olduğu kimi, Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür. Ötən 16 il ərzində ölkəmiz qurum qarşısında üzərinə götürdüyü öhdəliklərə layiqincə əməl edib, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi sahəsində mühüm islahatlar aparılıb. Əvəzində nə baş verib? Mütəmadi olaraq haqsızlıq və ədalətsizliklə üzləşən Azərbaycan daim təzyiq cəhdlərinə məruz qalıb. Avropa təsisatları, o cümlədən, AŞPA ölkəmizdə keçirilən siyasi kampaniyaları qaralamağa, Azərbaycanın dünyada yüksələn imicini ləkələməyə çalışıb”.

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Avropanın Azərbaycana qarşı ədalətsizliyinin ən böyük nümunəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır: “Ölkəmiz uzun illərdir ki, Ermənistanın hərbi təcavüzündən əziyyət çəkir. Torpaqlarımız işğal edilib, 1 milyondan artıq vətəndaşımızın təməl hüquq və azadlıqları pozulub. Ancaq “demokratiya carçısı” olan Avropa hələ də bu məsələdə ədalətli mövqe nümayiş etdirməyib. İşğalçıya heç bir təzyiq edilməyib. 25 ilə yaxındır ki, soydaşlarımız öz doğma yurdlarından didərgin düşüblər. Avropa dairələri isə ötən 25 ildə münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirməməklə dolayısı ilə işğalçıya dəstək veriblər”.

“İki sahil” qəzetinin baş redaktoru onu da əlavə edib ki, Azərbaycan heç vaxt özünə və qardaş Türkiyəyə qarşı olan ədalətsizliyi qəbul edə bilməz: “Dünyada ikili standartların hökm sürməsinə, İslam ölkələrinə qarşı ədalətsizlik nümayiş etdirilməsinə baxmayaraq, biz hər zaman öz haqlı mövqeyimizi müdafiə edirik. Hesab edirəm ki, bu cür monitorinqlər ilk növbədə elə Avropanın özünə tətbiq edilməli, Qərbin İslam dünyasına, tərəfdaş ölkələrə baxışı kökündən dəyişməlidir. Çünki Avropanın İslam dünyasına baxışı ədalətsiz və qərəzlidir”.

Türkiyənin “Strategic Outlook” analitika mərkəzinin sədr müavini Mehmet Fatih Öztarsu qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı tərəflərin heç birinə xeyir gətirməyəcək.

O, “Trend”ə bildirib ki, ötən il Türkiyə və Avropa İttifaqı sıx əməkdaşlıq ediblər: “Türkiyə Avropa yönündə islahatları əsaslı şəkildə həyata keçirirdi, amma indi həm Avropa İttifaqında, həm də Türkiyədə çox şeylər dəyişib. Bu gün Türkiyə regional böhranın mərkəzində yer alıb. Avropa qaçqınlarla bağlı vədlərinə əməl etməyib. Bununla bağlı Türkiyə Avropa İttifaqını məhkəməyə vermək hüququna malikdir”.

Ekspert qeyd edib ki, əgər bu gün Avropa Türkiyədən bir sıra öhdəliklərin yerinə yetirilməsini tələb edirsə, Türkiyənin qaçqın böhranı ilə bağlı üz-üzə qaldığı vəziyyəti nəzərə almalı və öz vədləri ilə bağlı cavabdehlik hiss etməlidir.

Ceyhun ABASOV

 





29.04.2017    çap et  çap et