525.Az

Lev Qumilyov: “Damarlarımda Qızıl Ordanın qurucusu Cuçi xanın türk qanı axır”


 

Lev Qumilyov: “Damarlarımda Qızıl Ordanın qurucusu Cuçi xanın türk qanı axır”<b style="color:red"></b>

Avqust Muran: Lev Nikolayeviç, Yakutiyada sizin “Qədim türklər”, “Hunnlar”, “Xəzəristanın kəşfi”, “Etnogenez və Yerin biosferi” kitablarınız yaxşı məlumdur. Bu yaxınlarda isə “Neva” jurnalının 3-4-cü saylarında (söhbət 1989-cu ildən gedir -V.Q.) Rusiyaya tatar-monqol basqınından bəhs edən “Apokrifik dialoq” məqalənizi oxudum.

Lev Qumilyov: Məgər belə bir basqın olub? Sadəcə 30 min nəfərlik dəstə Ryazandan keçib və yoluna davam edib.

A.M. Necə düşünürsünüz, 30 min nəfərlik bir dəstə böyük Rusu işğal edə bilərdimi?

L.Q. Edə bilməzdi. Həmin dövrdə Rusun sərəncamında yarım milyon könüllü, 100 min nəfərlik isə peşəkar ordu var idi. Bunlar mənim yox,  tarixçi Karqalovun məlumatlarıdır (V.V.Karqalov. Monqolo-tatarskoe naşestvie na Rus, Moskva, Prosvehenie, 1966). Hesab edirəm ki, rus knyazlıqları Qızıl Ordanın tərkibinə könüllü daxil olmuşdular. Səbəbi barədə yazmışam.

A.M. Bəs Yevpatni Kolovrata nə deyirsiniz? Bəs onun monqol-tatarlarla mübarizəsi? Salnamələrdə öz  əksini tapan  Ryazan torpağı üçün tarixi ağı?

L.Q. Ryazanın poloveslərlə monqollara qarşı anlaşması vardı. Poloveslərin darmadağın edilməsi Ryazanın da eyni tale yaşamasına gətirib çıxardı. Məgər sizə qəribə görünmür ki, Kolovratın cəmi-cümlətanı 2700 nəfər döyüşçüdən ibarət qoşunu Batının ordusunu dayandırmışdı?

A.M. Bəs Kiyevin xaraba qoyulması? Salnamələrdə yazılana görə, Kiyev üzərinə elə böyük ordu gəlmişdi ki, dəvələrin nəriltisindən ağız deyəni qulaq eşitmirdi.

L.Q. Kiyevi dörd dəfə darmadağın ediblər. Birinci dəfə şəhəri 1165-ci ildə Andrey Boqolyubski viran qoyub. İkinci dəfə bu işi 1203-cü ildə knyaz Ryurik Rostislavoviç Smolenski görüb. “İqor polku haqqında söz” dastanında tərənnüm olunan həmin o knyaz! Üçüncü dəfə 1265-ci ildə İzyaslav Çerniqovsi “rus şəhərlərinin anasını” yerlə yeksan edib. Batı gələndə şəhər bu üç dağıdıcı basqından sonra sadəcə böyük bir xarabazarlıq halında idi.Kiyev knyazı Mixail isə  yerinə voyevodasını qoyaraq Polşaya qaçmışdı.

A.M. Oljas Suleymenovun “Az və Ya” kitabına münasibətiniz necədir? Onun elmi dəyərini necə qiymətləndirərdiniz?

L.Q. Mən onun atası, Cezqazqan mis mədənini kəşf etmiş Ömər Süleymanovun dostu idim. Biz Norilsk həbs düşərgəsində bir kameranı bölüşmüşdük. Öməri özümün ağsaqqal dostum sayırdım. Ona görə də Oljas Suleymenovun kitabına məhvedici resenziya yazmaqdan boyun qaçırdım. Şəxsi fikrimə gəldikdə, hesab edirəm ki, “Az və Ya”nın elə bir mühüm elmi dəyəri yoxdur. Yaxşı, siz mənə deyin, dostunuzun oğlunu öldürə bilərdinizmi?

A.M. Mən, ümumiyyətlə heç kəsi öldürə bilməzdim.

L.Q. Mən də türkəm və türk yasasına görə heç kəsi öldürə bilmərəm. Lakin elə hallar olur ki, düşməni öldürmək lazım gəlir. (Oljas isə ümumiyyətlə atasından imtina edir!) Oljas Suleymenov yazır ki, məmlüklər qıpçaqdırlar. XIV əsrdə çərkəslər bütün qıpçaqları sıxışdırıb aradan çıxarmışdılar. Ona görə tam əsasla düşünürəm ki, məmlüklər qıpçaq ola bilməzdilər.

A.M. Məmlüklərin qıpçaq olduqlarını Moskva ətrafındakı Napoleon dövrünə (1799-cu il Misir ekspedisiyasından sonra məmlüklər Napoleonun şəxsi qvardiyasında xidmət edirdilər - V.Q.) aid fransız qəbirlərini araşdırarkən tapılmış üzüklərdəki qıpçaq damğalarına əsasən müəyyən ediblər. Hər halda Oljas Suleymenov belə yazır. 

L.Q. Qıpçaqların qalıqları müasir rus və Ukrayna xalqının tərkibində yaşamaqdadırlar. Məsələn, nko ilə qurtaran Ukrayna soyadları (Dıbenko, Krılenko, Qorenko və s.) daşıyıcıların qıpçaq əsilli olduqlarını göstərməkdədir. Çünki bu türk suffiksidir.

A.M. Yakut alimlərinin fikrincə, qıpçaqların bir hissəsi müasir yakutların əcdadlarıdır.  Onların qədim etnonimi olan “kanqlı” adı yakut-kanqalaslara keçmişdir. Akademik Okladnikov isə həmin yakut-kanqalasları yakut xalqının bədənində yad cism sayırdı. Qıpçaqların digər hissəsi isə şərqə - Anqara çayı hövzəsinə getmiş və orada kurıkanlarla ( yakutların əcdadları) qaynayıb - qarışmışdılar.

L.Q. Kanqlılar poloves yox, peçeneqlərdir. Peçeneqlərin bir hissəsinin kurıkanlarla qaynayıb-qovuşmaları tamamilə mümkündür. Çünki peçeneqlər həqiqətən də cəsur, qəhrəman xalq idi. Onların Rusiya hüdudlarından izsiz-soraqsız yox olmaları da həqiqətdir. Qıpçaq-poloveslər isə Qərbə və Cənuba tərəf çəkilmişdilər.  Balxaş gölü ilə Aral dənizi arasında köç edən peçeneqlər olduqca qədim xalqdırlar. Kanqyuy adlı dövlətləri də olmuşdu. Peçeneqlərin nəsilləri indi də mövcuddur. Bir hissəsi Böyük Juz qazaxlarının, bir digərləri isə yakutların tərkibinə daxil olublar. Bu fakt tarixi baxımdan kifayət qədər əsaslandırılıb. Peçeneqlərin inkişafının  yüksək fazası bizim eradan əvvəl birinci əsrə təsadüf edir. Uğradıqları ən böyük fəlakət III əsrdə baş verən quraqlıq idi. O zaman indiki Karaqanda altında yerləşən böyük Bet-Pakdol düzü başdan-başa yanıb qurumuşdu. Bax elə həmin vaxt peçeneqlər şərqə - Mərkəzi Qazaxstana və Qərbi Sibirə üz tutdular. Kanqlı xalqı haqqında ilk məlumatı bizanslılar vermişdilər. Bizans tarixçiləri onları “padzınak” adlandırırdılar. Rus dilindəki “peçeneq” sözü də buradan yaranmışdır. Əmələ Peçeneqlərin bir hissəsi X əsrdə Qərbə köç edib Dnestr, Dnepr, Buq çaylarının aşağı axarında məskunlaşdılar. Gəldikləri yerlərdən madyarları sıxışdırıb çıxardılar. Və 889-cu ildə artıq xeyli qüvvətlənmiş peçeneqlər Ön Qara dəniz ərazilərinə soxuldular. Mən hesab edirəm ki, yakutların etnogenezi  Okladnikovun düşündüyü kimi XVII əsrlə deyil, XI əsrlə bağlıdır. Ksenofontov isə bu tarixi VIII əsr hesab edir. Qavriil Vasilyeviç Ksenofontov böyük alim idi. Onun “Uranxay saxalar” kitabını mən Turuxanskda,  sürgündə olarkən oxumuşdum.

A.M. Bu kitab o zaman qadağan edilmişdi.

L.Q. Ksenofontov həbs düşərgəsində ölmüşdü. Lakin onun kitabı Turuxansk rayon kitabxanasında var idi və nədənsə kitab fondundan çıxarmağı unutmuşdular. Mən də oradan götürmüşdüm. Ksenofontov İntibah miqyaslı böyük alim idi. Hər bir etnos öz landşaftı ilə bağlıdır. Meydana çıxan, uşaqlıq və yetkinlik dövrünü keçirən xalq öz landşaftına uyğunlaşır,  etnopsixoloji keyfiyyətlərini burada qazanır.  Hətta yaşayış məskənlərinin dəyişmək məcburiyyəti qarşısında qalanda elə yer seçməyə çalışır ki,  ilkin vətəninə bənzəsin.

A.M. Nə üçün Yakutiyada məskunlaşan evenklər və evenlər meşələrdə yaşamışlar və indi də yaşayırlar, yakutlar isə heç vaxt meşələrdə deyil, göllərin yaxınlığındakı talalarda - alaslarda məskunlaşırlar?

L.Q. Yakutlar Anqara hövzəsindəki çöllərdən sıxışdırılıb çıxarılanda  ilkin vətənlərini xatırladan düzənliklər tapmağa çalışmışdılar.

A.M. Başdan-başa meşəlik olan Yakutiyada atları sadəcə kollara, ağaclara da bağlamaq mümkün idi. Ancaq buna baxmayaraq, yakutlarda at bağlamaq üçün xüsusi yer - serqe var. Bu da çöldə keçən həyatla bağlı yaddaşa hopmuş xatirədir?

L.Q. Şübhəsiz.

A.M. Kurıkanlar harda qurtarır, yakutlar harda başlayır?

L.Q. IV əsrdə Mərkəzi Asiyada nəmiş iqlimin yaranması ilə əlaqədar kurıkanlar Çindən köç edirlər və yaşayış üçün  daha münasib saydıqları Anqara hövzəsindəki düzənliklərdə məskunlaşdılar. Siz Anqaraboyu çöllərdə olmusunuz? Yox? Orada hava otların ətri ilə doludur. Kurıkanlar zəngin mədəniyyətə malik xalq idlər. Yakutlar qədim kurıkan mdəniyyətinə xas cəhətlərin çoxunu itiriblər.

A.M. İtiriblər?

L.Q. Bəli. Biz hamımız itirə-itirə gedirik. X əsrdə kurıkanlar buryatların basqınına uğradılar.

A.M. O zaman buryatlar ayrıca xalq kimi mövcud idi? Axı belə hesab edirlər ki, buryatlar kurıkanların bir hissəsinin qədim monqollarla qaynayıb-qarışması nəticəsində meydana gəliblər?

L.Q. Buryatlar qədim monqollardır. Onlarda türk qanı yoxdur. Kurıkanlar isə elə yakutlar özləridir. Bunlar eyni xalqdır. Fərqli olan yalnız addır, etnonimdir.

A.M. Nə üçün “kurıkan” etnonimi qorunub saxlanmayıb? Niyə müasir yakutlar  özlərinin əzəli tarixi adı ilə tanınmırlar?

L.Q. Bu sual artıq etnolinqvistlərə ünvanlanmalıdır. Cavab tapmaq onların borcudur.

A.M. Yeri gəlmişkən, etnonimlər haqqında. Nə üçün yakutlar özlərini həm uranxay, həm də saxa adlandırırlar? Bunu nə ilə izah etmək olar?

L.Q. Ksenofontovun fikrincə, uranxaylar Lena hövzəsinin qədim sakinləridir, saxalar (kurıkanlar)  isə gəlmələrdir.

A.M. Amma qədim tuvalılar da özlərinə uranxay deyirlər. Hətta inqilaba qədər Tuva Uranxay ölkəsi, tuvalılar isə uranxaylar adlandırılırdı.

L.Q. Bəli, hunnlara qədərki dövrdə, bizim eradan 2-3 min il əvvəl uranxaylılar iki hissəyə bölünmüşdülər və onların bir hissəsi indiki Tuva ərazisinə köç etmişdi.

A.M. Hunlar türklərin əcdadları idilər?

L.Q. Hunnlar özləri türk idilər.

A.M. Lev Nikolayeviç, türk mədəniyyətinin gələcəyi haqqında nə düşünürsünüz?

L.Q. Bu barədə bir söz deyə bilmərəm. Gələcəyin modelləşdirilməsi elmi biliklərin obyekti deyil.

A.M. Lakin futurologiya adlı elm sahəsi mövcuddur.

L.Q. Mən belə bir sahə ilə məşğul olmuram. Sadəcə onu deyə bilərəm ki, türklər qüdrətli, böyük potensiala malik xalqdır. Əgər gələcəkdə  başqa xalqlara qaynayıb-qarışsalar, hansı dildə danışmalarından asılı olmayaraq, yenə də tarixi proseslərin katalizatoru kimi qalacaqlar.

A.M. Hər hansı bir xalqdan danışarkən “vəhşi” epitetindən istifadə etmək nə dərəcədə mümkündür?

L.Q. Hər bir insan kimi hər xalqın da öz yaşı var. Xalqlarda izafi enerji mövcud deyil. Xalq yer üzünə gəlir və dərhal enerji israf etməyə başlayır. Bildiyiniz kimi, insan öz həyatı boyu müxtəlif mərhələlərdən keçir - bura gənclik, yetkinlik, qocalıq dövrləri daxildir. Gənclik çağında insan daha dəliqanlıdır və özünü vəhşi kimi aparır. Sonra tədricən səbirlilik və müdriklik dövrü gəlir. Xalqlar da demək olar ki, eyni yolu keçirlər. Gənc xalqlar özlərini bir cür apara bilərlər, yetkin xalqlar başqa cür. Romanın üzərinə gedən germanlar gənc, romalılar isə artıq qocalıb əldən düşməkdə olan xalq idilər. Ona görə də hər ikisi özlərini  fərqli şəkildə, yəni yaşlarına uyğun aparırdılar.

Avropada geniş yayılmış təkamül nəzəriyyəsinə görə, əvvəldə bütün xalqlar “heysiz” vəziyyətdə olublar, sonra dirçəlməyə başladılar. Tam əksinədir. Onlar  başlanğıc mərhələdə inkişafda idilər, sonra mədəniyyətlərini sərf edib qurtardılar. Xalqlar “vəhşi” ola bilməzlər, “vəhşi” adlandırılanlar sadəcə  enerjilərini, mədəniyyətlərini sərf edib tükətmiş insanlardır. Onlar sadəcə həddindən artıq qocadırlar. Amma təbii ki, nə vaxtsa gənc olublar, Sizin neçə yaşınız var.

A.M. 23 yaşındayam, necə bəyəm?

L.Q. Mənim isə 77 yaşım var. Siz yeriyirsiniz, qaçırsınız. Mənim isə ayaqlarım yer tutmur. Siz gəncsiniz, mən qocayam. Gənc və qoca xalqlar da təxminən bizim vəziyyətimizdədirlər. Avropasentrizm nəzəriyyəsi nöqteyi-nəzərindən məsələn deyək ki, Avstraliyadakı aborigenlər vəhşidirlər. Bu, mümkün deyil. Əslində, onlar sadəcə çox qoca xalqdır. Yer üzündəki ən qədim xalqlardan biridir.  Onlar nə vaxtsa mövcud olmuş çox güclü, mədəni etnosun qalıqlarıdır. Sadəcə əski mədəniyyətlərini qeyb ediblər. Amma nə vaxtsa Avstraliya aborigenləri gənc və qüvvətli idilər. Əgər belə olmasaydı, nəhəng və təhlükəli Hind okeanını necə keçə bilərdilər, yeni materikdə necə məskunlaşa bilərdilər? Qocaldıqca əski mədəniyyətlərini itirdilər, yorulub əldən düşdülər və indiki vəziyyətlərinə gəlib çıxdılar.

A.M. Bəs sizin fikrinizcə, müasir yakutlar əldən düşüblər?

L.Q. Yakutlar millət kimi bizim eranın IV-V əsrlərində təşəkkül tapıblar. Hər bir etnosun ömrü təxminən 1200 ildir. Bunun üstünə aşağı-yuxarı bir neçə əsr gəlmək, yaxud çıxmaq olar. Müqayisə üçün deyim ki, onlar rus xalqından 1000 yaş böyükdürlər. Bu isə yetərincə çoxdur. Əgər yakutlar bir xalq kimi gənc olsaydılar, XVII əsrdə gəlmə rusların hücumlarını dəf edərdilər. Lakin  bunu bacarmamışdılar. 

A.M. Bəs ermənilər? Onlar deyirlər ki, 5000 il yaşları var.

L.Q. Müasir ermənilər yalnız mədəniyyət baxımından əski ermənilərin davamçılarıdır. Etnik komponentlərinə, məzmunlarına görə isə qarışıq xalqdır. Onlar müxtəlif vaxtlarda ərəblərin, səlcuqların, osmanlıların, farsların, romalıların, yunanların, rusların hakimiyyəti altında olublar. Müharibələr baş verirdi, əsgərlər yerli qadınları zorlayırdılar. Belə şeylər kütləvi hal idi. Amma nədənsə bu barədə danışmaq etikadan kənar sayılır. Bu cür hadisələr nəticəsində isə ermənilərin və digər qədim xalqların etnik məzmunu tam şəkildə dəyişirdi. Başqa sözlə desəm, qədim erməni adının daşıyıcıları kimi onlar bu gün də mövcuddurlar. Lakin müasir ermənilər, yəhudilər, koreyalılar - mədəni ənənələrini qoruyub saxlasalar da, etnik baxımdan artıq başqa xalqdırlar.

Sonuncu passionar zərbə dalğası Yaponiyadan, Koreyadan, Cənubi Çindən, Birmadan, Cənubi Afrikadan keçmişdir. Aradan yüz il ötəndən sonra bu ölkələrin xalqları energetik qüvvələri ilə seçilməyə başladı. Passionarlıq - mutasiya zamanı, yaxın kosmosdan sərt şüalanma nəticəsində  meydana çıxan qüvvədir. Tarix isə müharibələri, xalqların köçünü, əxlaqı, passionar təkanlardan başqa bir şey olmayan mədəniyyət yüksəlişlərini sadəcə qeydə alır.

Çoxlu sayda tarixi materialın təhlili göstərir ki, bu cür təkanlar cəmiyyətdə şöhrətpərəst iddiaları, necə deyərlər, kəlləçarxa çıxan bir qrup passionar adamların meydana gəlməsi ilə bağlıdır. Onlar öz enerjiləri ilə nəhəng xalq kütlələrini yoluxdurmağı bacarırlar və etnoslar arasında təsadüf etdiyimiz “möcüzələr” də bu zaman baş verir. Roma imperiyası, ərəb xilafəti, Osmanlı və Rusiya imperiyaları məhz  belə meydana gəlmişdir.

Əgər bu məsələləri qlobal miqyasda izah etmək zərurəti yaransa, artıq dediyim kimi, Yerin biosferində barəsində vaxtı ilə akademik Vernadskinin söz açdığı biokimyəvi enerjinin yüksəlməsi prosesi baş verir. Burada Darvin təlimi artıq bir işə yaramır. Sadəcə,  müasir mutagenez nəzəriyyəsi hökmünü verir. Yerin ətrafında 6 müdafiə haləsi var. Bəzən günəşin şüaları onlardan keçir və Yerə çatır. Bu isə insanlara, etnoslara öz təsirini göstərir.

Lakin cəmiyyətin sosial həyat sferasında artıq Karl Marksın ictimai formasiyaların biri-birini əvəz etməsi qanunu fəaliyyət göstərir. Çünki insan sadəcə dünyaya gəlmir, o sosial obyektə çevrilir. Onun doğulması, etnogenez -bu artıq bioloji hadisədir. Ardınca dissipasiya mərhələsi - yəni etnosun enerjisinin yayılması başlanır.. Mən bu məsələyə populyasiya səviyyəsində yanaşıram, Belçika fiziki, Nobel mükafatı laureatı İlya Priqojin isə molekulyar səviyyədə nəzərdən keçirir.

Əgər etnosun hərəkət forması haqqında danışmaq lazım gələrsə, bu, Avropada hesab olunduğu kimi, proqres (irəliyə doğru hərəkət) deyil, gərilmiş simin vibrasiyasının zəifləməsi kimi tərəddüdlü hərəkətdir.

A.M. Müasir yakutlar haqqında başqa nə deyə bilərsiniz?

L.Q. Müasir yakutlar - qarışıq xalqdır. Mədəniyyətlərinə görə onlar yakut- kurıkandırlar. Energetik qüvvələrinə, etnik məzmunlarına görə isə fərqlidirlər. Bu təbiidir.  Həm də burada başqa etnopsixologiya (milli xarakter) mövcuddur.

A.M. Yakut xarakteri  nədə təzahür edir?

L.Q. Xarakter etnogenezin fazasından asılıdır. O dəyişir. Cavan xalqlar çox enerjili, qoca xalqlar - ətalətlidirlər. Yeni qan köhnə etnosları cavanlaşdırır. Məsələn, xanımımın qardaşı qızı Marqarita İvanovna Novqorodova yarı yakutdur. O, geologiya elmləri doktorudur, aparıcı elmi işçidir, Moskvada yaşayır ( söhbət geologiya-mineralogiya elmləri doktoru,  professor, Rusiya EA A.E.Fersman adına mineraloji muzeyin direktoru M.İ.Novqorodova haqqında gedir). O, çox fəal, enerjili, passionar qadındır.

Bilirəm ki, bir çoxları Yakutiyaya qızıl və almaz mədənlərinə işləmək üçün gəliblər. Təbii ki, onların hamısı heç də hər zaman rus xalqının ən yaxşı nümayəndələri olmayıblar. Belə mühacirət artıq passionar tənəzzülün nəticəsidir.

A.M. Xalqlar arasındakı sevgi və düşmənçilik necə yaranır?

L.Q. Bioloji sahənin ritmləri simfoniya (“sevir”), yaxud kakafoniya (“sevmir”) duyğularını ifadə edir. Pişiklər və itlər də fərqli adamlara fərqli tərzdə yanaşırlar. Bu xüsusiyyət komplimantarlıq adlanır. Bir vaxtlar tunquslar yakutları sevmirdilər. Tunquslar ruslara daha yaxşı münasibət bəsləyirdilər və buna görə də XVII əsrdə onları Yakutiyaya gətirdilər. Yakutlar həmin ruslarla ümumi dil tapdılar. Və müəyyən zaman keçəndən sonra bu ruslar yakutlaşdılar.

A.M. Belə ruslara yakut dilində “basınay” deyirlər. Digər, gəlmə rusları isə “nuuçça” çağırırlar.

L.Q. Görürsünüz, sizin dedikləriniz də mənim fikirlərimin doğruluğunu göstərir. Yakutlar həmin ruslarla ümumi dil tapa bilmişdilər. Və o ruslar özləri də sonradan yakut oldular. Yeni gələn ruslar isə landşaftlarından ayrı düşüblər, çünki fərqli antropoqen landşaftda yaşayırlar. Bu onların bioloji sahəsinə, psixikasına təsir edir. Ona görə də şüuraltı şəkildə hirsli, əsəbi olurlar. Psixoloji sarsıntılara meyllidirlər.

A.M. Lev Nikolayeviç, bizim əsrin 80-ci illərinin əvvəllərində Rusiyada Asiya kökənli xalqlara qarşı çox güclü antipatiya vardı. Belə əhval-ruhiyyənin meydana çıxmasına səbəb nə idi?   Bundan  kimlər yararlanırdılar?

L.Q. Əvvəla belə əhval-ruhiyyə sadə xalqın cahilliyindən irəli gəlirdi. Onlar bilmirdilər ki, özləri (yəni ruslar) yüzdə əlli Asiya əsillidirlər. Çünki indi tarixlə maraqlanmırlar. Maraqlananlar da birtərəfli yanaşırlar. Tarix fənninin necə tədris edilməsi haqqında isə ümumiyyətlə danışmaq istəmirəm.

Digər tərəfdən dediyiniz əhval-ruhiyyə Çivilixin, Eydelman, İlya Qlazunov kimi adamların birbaşa təbliğatı nəticəsində meydana gəlmişdi.

A.M. Rusiyada heç zaman irqçilik olmamışdı. Əks-təqdirdə XIX əsrdə burada slavyanofillik və avroasiyalılıq kimi cərəyanlar ortaya çıxa bilməzdi.  Söhbət lap bu yaxın vaxtdan  - əsrin əvvəllərindən gedir.

L.Q. Mən avroasiyalılıq fikrinin tərəfdarıyam! 20 il yazdıqlarımı çap etməyiblər. Durğunluq dövründə heç bir kitabım çıxmayıb. Sonuncu “Hunnlar Çində” əsərim 1973-cü ildə işıq üzü görüb. “Rus və Böyük Çöl” indi çap edilir. Artıq cəmiyyətdə sağlamlaşma prosesi gedir.

A.M. Siz nə zamansa Yakutiyada olmusunuz?

L.Q. Şərqə tərəf çox gedə bilməmişəm. Ancaq Okladnikov məni  ekspedisiyalarına aparırdı.

A.M. Bəs müasir yakut alimlərindən kimləri tanıyırsınız?

L.Q. Ksenofontovdan başqa heç kimi tanımıram.

A. M. Yakutiya ilə Çinin qədim əlaqələri haqda nə deyə bilərsiniz?

L.Q. Türk xaqanlığı dövründə kurıkanlar heç kimlə qaynayıb-qarışmırdılar. Bir çox yapon və Çin mənbələrində, o cümlədən məşhur “Yuan Çao Bi-şi” salnaməsində yakutlar haqqında danışılır. Yakut-kurıkanların elçiləri Çində dəfələrlə olmuşdular. Bu, mübahisəsiz faktdır.

A.M. Yakut kurqanlarında çoxlu Çin mənşəli bəzək əşyaları, qablar, silah və s. tapılmışdır. Qədim Çin müəlliflərinin yazdıqlarına görə ağ rəngli yakut atlarını Çin imperatorlarına hədiyyə gətirirdilər. Eyni zamanda, xanımı kurıkan əsilli olan imperatorlar da vardı. Lakin ən qədim dövrlərdən müasirliyə , bizim günlərə qayıtmaq istəyirəm. Lev Nikolayeviç, biz indi milli şüurun görünməmiş dərəcədə artdığı dövrdə yaşayırıq. Necə düşünürsünüz, bu problem çoxmillətli federal dövlətimizdə həllini necə tapacaq?

L.Q. İndi Sovet İttifaqında yeni passionar təkana qədər öz passionarlığını itirmiş xalqlar yaşayır. Yakutiya Rusiya tərkibinə könüllü daxil olmayıb. Əgər Yakutiya müstəqillik əldə etsə, o zaman öz nazirliklərini və digər dövlət idarələrini yaratmalı olacaq. Yenidən bu qədər məmurlar dəstəsi yetişdirməyə və bəsləməyə nə ehtiyac var? Sadəcə ümumi evimizdə insan haqlarına və biri-birinin ləyaqətinə hörmət etməyi öyrənmək lazımdır.

A.M. Müasir Sovet (xüsusi olaraq vurğulamaq istəyirəm ki, rus yox, məhz Sovet!) federal mədəniyyəti, dövlətçiliyi, siyasəti, kütləvi informasiya vasitələri aydın ifadə olunmuş avropasentrist xarakter daşıyır. Baykonur kosmodromu Qazaxıstan ərazisində yerləşir, amma mən  indiyə qədər oradan bir nəfər qazağın kosmosa uçduğunu eşitməmişəm.

L.Q. Rusiya Avropadan 600 il cavandır. O Qərbin yiyələndiyi tarixi təcrübəyə malik deyil. Və təbiidir ki, Avropanın daha əvvəlki dövrlərdə keçdiyi təcrübəni indi keçərkən Rusiya Avropaya üz tutmağa məcburdur. Avropa hələ də öz meyarlarının və ehkamlarının ağırlığı ilə Rusiyanı əzir.

Avropalılar unudurlar ki, malik olduqları Avropa mədəniyyətindən Asiyada beşi, Avropada isə yalnız biri var. Avropada bizim eranın birinci əsrində yaranan Bizans superetnosu vardı, lakin o özü üçün ayrılmış 1200 ili yaşayıb məhv olmuşdu.

A.M. Onilliklər boyu yakut ziyalılarının bir hissəsində davamlı şəkildə Çinə və Yaponiyaya həm maraq və rəğbət hissi qorunub saxlanmaqdadır. Bu məsələnin mahiyyətini necə izah edərdiniz?

L.Q. Çünki Avropanın əxlaq qaydaları yakutların xoşuna gəlmir. Bu, təbiidir. Bəzən hətta şüuraltı şəkildə də olsa asiyalı olmaq, asiyalı kimi qalmaq istəyirlər (bu xalqın təbiətindən irəli gəlir), lakin onları zorla avropalıları yamsılamağa məcbur edirlər. Bu da elə haqqında bayaq danışdığım avrosentrizmdir.

A.M. İndi SSRİ-də ziyalılar varmı? Axı ziyalılar  sinfi dəyərləri,  sinfi dünyagörüşləri  irsi surətdə bir nəsildən digərinə  ötürülən ayrıca  sinifdir. Məsələn, biz  proletariatın varislik əlaqələrindən, proletar nəsillərindən danışırıq. Eləcə də ziyalılar...

L.Q. Sizin dediyiniz mənada ziyalı artıq yoxdur. Xalqın dərdlərinə canı yanan subetnik qrup kimi o çoxdan yoxa çıxmışdır. Əslində xalq da dəyişib. Mənim müasirlərim ziyalılar deyil, mütəxəssislər idi. Lakin professorlarımızın arasında ziyalılar vardı. Boborıkin deyirdi ki, ziyalılar xalq üçün ürəkləri yanan natamam ali təhsilli adamlardır.

A.M. Leonid Nikolyeviç , siz Olonxonu  oxumusunuz?

L.Q. Yakutların əcdadları olan Omoqoe və Ellyaye haqqındakı hissələrlə tanışam.

A.M. Sizin fikrinizcə, Olonxo nə zaman meydana gəlib?

L.Q. Olonxo yakut-kurıkanların Lena hövzəsinə köçdükləri zaman yaranıb. Yəni onların buryatlarla döyüşdə məğlubiyyətə uğradıqları vaxt.  Gənc buryatlar Çingiz xanın Çində gördüyü işi Sibirdə həyata keçirmişdilər.. Kurıkanlar isə bu zaman artıq əldən  düşmüş qocalar idilər.

A.M. Yenə bizim ağrılı məsələlərə qayıdaq. Qarışıq yakut-rus ailələrində doğulan uşaqların yakut milliyyətini seçdikləri barədə rəsmi nöqteyi-nəzər mövcuddur. Əslində isə faktlar bunun əksini sübut etməkdədir. Qarışıq nikahdan doğulanlar əksər hallarda özlərini rus hesab etməyə daha çox üstünlük verirlər. Bunu nə ilə izah etmək olar?

L.Q. Bu yalnız yakutların problemi deyil. Yakut mədəniyyəti məzmunca rus mənşəli sovet mədəniyyətinin qarşısına heç nə qoya bilmir. Çünki müasir yakutlar əhəmiyyətli dərəcədə reliktdirlər (Lakin Sibirdə ən güclü və qüdrətli reliktdirlər).

A.M. İnqilaba qədər yakut ailələrində  orta hesabla 10-12 uşaq doğulur, lakin onların 1-2-si yaşaya bilirdi. Yakut alimləri hesablayıblar ki, əgər həmin uşaqlar sağ qalsaydılar, indi dünyada 5 milyon yakut vardı.

L.Q. Doğrudur, uşaqların çoxu ölürdü. Amma qalanlar ən güclü olurdular. Bu cür təbii seçmə nəticəsində daha güclülər yaşamaq haqqı qazanırdılar. Təsadüfi deyil ki, yakutlar ən poetik, mədəni, uyğar xalqdır. O hələ dünyaya özünü göstərəcək. Mən yakutlara minnətdaram, çünki həyatımın ən ağır dövrlərində onlar mənimlə, kitablarımla, ideyalarımla yaxından maraqlanan yeganə xalq olub.  Mən universitetdə yakut tələbələrdən  imtahan götürəndə yalnız bir sual verirdim: “Olonxonu” oxumusanmı?”  və cavab müsbət olanda qiymətini yazırdım (gülür).

A.M. Siz ana tərəfdən Çingiz xanın nəslindənsiniz? Anna Andreyevna yazırdı ki, o, çingiziddir.

L.Q. Bəli, mənim damarlarımda  Qızıl Ordanın qurucusu Cuçi xanın türk qanı axır.

“Molodej Yakutii”, 30 mart 1989-cu il

Rus dilindən tərcümə edən Vilayət Quliyev

Lev Qumilyovu və Aydın Məmmədovu xatırlarkən...

Vilayət Quliyev

Dünya hörümçək torunda - internetdə, gumilev-center.ru saytında böyük tarixçi alim L. N. Qumilyovun 18 il əvvəl verdiyi bu müsahibəyə təsadüf edəndə xəyal məni 1980-ci illərin sonlarına qaytardı. Mərhum dostum Aydın Məmmədovu xatırladım. 1987-ci ildə Ədəbiyyat İnstitutunun direktor müavini təyin edilmişdim. Təxminən eyni vaxtda Aydın Azərbaycandakı yeganə beynəlxalq elmi nəşrin - “Sovetskaya tyurkologiya” jurnalının baş redaktorunun birinci müavini olmuşdu.  Baş redaktor tanınmış sovet dilçisi, SSRİ EA-nın müxbir üzvü, Sovet Türkoloqları Komitəsinin sədri Ədhəm Rəhimoviç Tenişev (1921-2004) idi. Ə.R.Tenişev Moskvada yaşayır, SSRİ EA Dilçilik İnstitutunda işləyirdi. Təbii ki, jurnala redaktorluq etmək üçün Bakıya köçüb gəlmək fikrində deyildi. Ona görə də bütün səlahiyyətləri Aydına vermişdi. Jurnalın işi ilə tanışlıq üçün Bakıya ilk səfəri zamanı yeganə xahişi türkologiyanın SSRİ-də “həssas məsələ” sayıldığını daim yadda saxlamaq və “xunveybinlik etməmək”  barədə olmuşdu.

İnsafən Aydın baş redaktorun məsləhətinə hörmət və anlayışla yanaşırdı. Az  zamanda nəşrin həm zahiri görünüşünü, dizaynını, həm də ən əsası məzmununu, müəlliflər kollektivini əhəmiyyətli dərəcədə dəyişdirmişdi. “Sovetskaya tyurkologiya”nı sırf dilçilik sferasından çıxarıb türk mədəniyyəti ilə bağlı humanitar nəşrə çevirmək istiqamətində ciddi addımlar atmışdı.

Akademiyanın əsas binasının beşinci mərtəbəsindəki otaqlarımızın arası bir neçə addım idi. Gündə bir neçə dəfə görüşürdük. Böyük planlarla yaşayırdıq. 1920-ci illərdə olduğu kimi, Bakını yenə türkologiyanın mərkəzinə çevirməklə bağlı imkan və səlahiyyətlərimizin hüdudlarını aşan xəyallar qururduq. Amma bəzi konkret addımlar da atılırdı. Aydın 1988-ci ilin yayında Bakıda Azərbaycan və Türkiyə türkoloqlarının iştirakı ilə ilk sovet-türk kollokviumu keçirməyə müvəffəq olmuşdu.  Alma-Ataya gedib Oljas Suleymenovla, Bişkekdə Çingiz Aytmatov və Mar Bayciyevlə görüşmüşdük. Türk xalqları arasında mədəni-mənəvi əlaqələrin daha da inkişaf etdirilməsi və genişləndirilməsi  barədə fikir mübadiləsi aparmış, hətta canlı klassik Ç.Aytmatovdan az sonra “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilən geniş müsahibə də almışdıq.

Hədəfdə isə Lev Qumilyov idi.

Aydın onun həmin dövrdə geniş əks-səda doğurmuş “Apokrifik dialoq” məqaləsini tərcümə etmişdi. Mən “Qədim türklər”in tərcüməsi üzərində işləyirdim. (Sonradan “Gənclik” nəşriyyatının şöbə müdiri Vəli Həbibovun da qoşulduğu layihə 1992-ci ildə tamamlandı və kitab şəklində nəşr olundu. Amma həmin il 80 illiyini qeyd edən Lev Qumilyov Sovet İttifaqındakı türklərin ilk minnətdarlıq nişanəsi sayılacaq bu nəşri görə bilmədi. Təbii ki, 1991-cı ilin aprelində sıralarımızdan ayrılan Aydın da ondan xəbərsiz qaldı...

Deməli, 1989-cu ildə Leninqrada -Peterburqa gedib Lev Qumilyovdan türk tarixinin və mədəniyyətinin aktual məsələləri, tədqiq problemləri barədə müsahibə almaq və “Sovetskaya tyurkologiya”da dərc etdirmək istəyirdik. Aydın hətta təbiətcə ehtiyatlı adam kimi tanınan Ə. Tenişovu da razı sala bilmişdi. Lakin elə bu arada onsuz da ictimai-siyasi işlərdən başı açılmayan Aydın Məmmədov Azərbaycan SSR Ali Sovetinə deputat seçildi, tezliklə öz atəşin çıxışları ilə cəmiyyətdə “konsensus Aydın” ləqəbi qazandı və çox təəssüf ki, bu aşırı siyasi fəallıq elmlə konsensusun pozulması bahasına başa gəldi.

Sonra da amansız, kəmfürsət ölüm...

Gumilev-center.ru saytında bu intervü qarşıma çıxanda fikirləşdim  ki, nə yaxşı ki, eyni zaman kəsimində, bizimlə oxşar düşünən insanlar varmış və sadəcə xəyalımızda yaşatdıqlarımızı onlar gerçəkləşdirməyə imkan tapıblar.

Amma təbii ki, biz o zaman böyük tarixçi ilə görüşə bilsəydik Sibir türkləri deyil (hərçənd bu da çox maraqlı mövzudur!), daha çox Qafqaz və Qara dəniz hövzəsi türkləri -avarlar, sabirlər (xəzərlər), bulqarlar, hunlar barədə soruşacaqdıq.

Baş tutmamış söhbətimizin kompensasiyası kimi görkəmli tarixçi alimlə başqa bir müsahibənin tərcüməsini  “525-qəzet”in oxucularına təqdim etmək istərdim. Ola bilsin ki, mütəxəssislər burada mübahisəli məqamlar tapacaqlar. İstisna etmirəm. Məqsəd sadəcə tarixə yeni baxışın zəruriliyinə diqqəti çəkməkdir.

Bir neçə kəlmə də hələ gənc yaşlarında Lev Qumilyovla həmsöhbət olmağa imkan tapmış xoşbəxt(təbii ki, həmin məqamda!) müəllif haqqında.

Avqust Muran (İvan Yefimov) yakut türküdür. 1985-ci ildə Leninqrad universitetinin fəlsəfə fakültəsini bitirib. Ümumrusiya Mədəniyyət Fondunun təqaüdçüsü kimi mədəniyyətin fəlsəfəsi üzrə ixtisas kursları keçib.  1990-cı ildən ABŞ-dakı şamanizm tədqiqatları mərkəzinin fəxri üzvüdür. O, həm də tanınmış yakut şairidir. İnternetdəki məlumatlara inansaq, 1989-1991-ci illərdə Yakutskda, Moskvada, Leninqradda, Parisdə poeziya gecələri təşkil edilib. Türk şairlərinin  Qərbi Berlində keçirilən Beynəlxalq kollokviumunun iştirakçısı olub.

Maraqlıdır hətta yeni, demokratik Rusiyada da fərqli düşüncənin daşıyıcısı kimi Avqust Muranın həyat yolu asan olmayıb. O, psixoloji dispanserə salınıb, təqiblərə məruz qalıb, mənəvi zərbələr alıb. Amma tutduğu yoldan  çəkinməyib.

Amma əslində burada qeyri-adi heç bir şey yoxdur. Lev Qumilyov da öz həqiqətlərini uca səslə demək haqqı qazanana qədər məhbəslərdən, həbs düşərgələrindən keçmiş, təqib və təzyiqlərə uğramışdı...

P.S.

Bəlkə də taleyin qəribə, mistik bir təsadüfüdür ki, bu sətirləri aprelin 20-də, iki əski həmkar və dostun -Aydın Məmmədovla Dilarə Əliyevanın faciəli şəkildə həlak olduqları gün yazıram...Ruhları şad olsun!

Budapeşt, aprel, 2017-ci il

 





01.05.2017    çap et  çap et