525.Az

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər


 

Zamanların mozaikası: <b style="color:red">hadisələr və şəxsiyyətlər</b>

(Əvvəli ötən şənbə sayımızda)

ABŞ-ın inqilabi təsiri Cənubi Amerikada da əks-səda tapdı. Latın Amerikasında azadlıq uğrunda xalqların mübarizəsi bir qədər sonra uğur qazanmağa başladı.
 
İspaniyanın Napoleon Fransasına qarşı azadlıq mübarizəsi təkcə Avropa ölkələrində milli özşüurun oyanmasına şərait yaratmadı, həm də bu proses müstəmləkələrdə də gedirdi. Mərkəzi və Cənubi Amerikada ispan və Portuqaliya müstəmləkələri öz qanuni hökmdarlarını müdafiə etmək üçün yeni ispan kralı Jozef  Bonapartın səfirlərinə qarşı üsyan qaldırdılar. Argentinada, Boliviyada, Çilidə, Meksikada və Peruda fransız ağalığına qarşı yerli xuntalar qiyam qaldırdılar. İspaniyada olduğu kimi, bu mübarizə müstəqillik uğrunda müharibəyə çevrildi. Venesuelada və Meksikada üsyan hərəkatı milli və sosial inqilab xarakteri almağa başladı. Hərəkata əsasən kreollar- ispan və portuqal köçkünlərinin törəmələri başçılıq edirdilər. Mərkəzi və Cənubi Amerikada mübarizənin gedişində bir neçə müstəqil dövlət yarandı.

Yeddi Venesuela əyalətinin nümayəndələrinin iştirak etdiyi Konqress Xunta hərəkatına birləşərək 1811-ci ildə Karakasda Venesuelanın müstəqilliyini elan etdi. Konqress Latın Amerikasındakı azadlıq hərəkatının görkəmli liderləri Simon Bolivarın və Fransisko de Mirandanın təşəbbüsü ilə çağırılmışdı. Onlar kreolların ispan ağalığına qarşı və müstəqillik uğrundakı mübarizələrində nəhəng rol oynamışdılar.

İspanlar müstəqilliyi elan etdiyinə görə Venesuelanı digər ölkələrlə ticarətdən məhrum edən dəniz blokadası tətbiq etdilər. Yeni hökumət öz ixrac mallarını (kofe və kakaonu) sata bilmədiyindən, mühüm malların idxalından da imtina etmək məcburiyyətində qaldı. Həm də silah və sursat da ala bilmirdi. Rüsum yığılmasından gələn gəlirlər kəskin surətdə aşağı düşdü. Bu, hökumətin ciddi maliyyə çətinlikləri ilə üzləşməsinə səbəb oldu. Əhalinin ümumi narazılığı genişlənirdi. Royalistlər bir neçə strateji məntəqəni tutduqdan sonra paytaxt Karakasa təhlükə törətdilər. Yoxsul qara rəngli əhalinin əksəriyyəti axırda krallıq tərəfdarlarına birləşdilər və respublikaçılara qarşı vuruşdular.

Birləşmiş Ştatlar isə 1812-ci ildə Böyük Britaniyaya müharibə elan edib, yenidən keçmiş metropoliya ilə vuruşmalı oldu. Münaqişənin səbəbi Böyük Britaniyanın Fransa tərəfindən işğal edilmiş Avropa ərazilərinə amerikan mallarının nüfuz etməsinə mane olmaq cəhdi idi. Böyük Britaniya Brest sahillərindən Elbaya qədər olan ərazini blokada zonası elan etmişdi. Bu, Fransız imperatoru I Napoleonun 1806-cı ildən tətbiq etdiyi Kontinental blokadaya cavab idi.

Kontinental blokda və Böyük Britaniyanın cavab tədbirləri amerikan iqtisadiyyatına ciddi təsir göstərdi. Avropadakı müharibə ABŞ-a öz mallarını xaricə çıxarmaq imkanlarından məhrum etmişdi, bu mallar isə pambıq, tütün və buğda idi. Britaniya blokadasına cavab olaraq, Birləşmiş Ştatlar qadağan edici tədbirlər gördülər. Bunlar Böyük Britaniya mallarının ABŞ-a gətirilməsinə mane olmalı idi. Müharibə partiyası yeni impuls əldə etdi, Konqressə 1810-cu il seçkilərindən sonra yeni deputatlar gəlmişdi, onlar Böyük Britaniyaya qarşı təsirli tədbirlər görülməsini tələb edirdilər. Onlar Kanadaya müdaxilə etməyi təklif edirdilər ki, bu yolla Böyük Britaniyanı Napoleonla danışıqlara getməyə məcbur etsinlər. Konqressin razılığı ilə prezident Ceyms Medison Böyük Britaniyaya müharibə elan etdi. ABŞ və Böyük Britaniya arasında hərbi konflikt Gentdə 1814-cü ildə sülh müqaviləsi bağlanana qədər davam etdi.

1818-ci ildə Çilidə ispan müstəmləkə ağalığına son qoyuldu. Müvəqqəti konstitusiya ilə Çili dövləti yarandı. 1819-cu ildə müstəqilliyini elan edən Argentinada yeni dövlətin Konstitusiyası qəbul edildi. Rio-de- La-Plata adlanan bu ölkə 1826-cı ildən Federativ Argentina Respublikası adlandı. 1919-cu ildə Simon Bolivar güclü ispan yönlü royalistlərin ordusu üzərində qələbə qazandıqdan sonra Venesuela və Kolumbiyanın nümayəndələri Böyük Kolumbiya adlanan yeni respublikanın yarandığını elan etdilər. Simon Bolivar Böyük Kolumbiya respublikasının prezidenti seçildi. Böyük Kolumbiyanın tərkib hissəsinə 1822-ci ildə Ekvador və Panama daxil oldu. Lakin bir il sonra Venesuela və Ekvador federasiyadan çıxdılar və o parçalandı.

1822-ci ildə Braziliya Portuqaliyadan tam müstəqilliyinə nail oldu. Napoleon ordusu Pireney yarımadasına girdikdən sonra Portuqaliya sarayı 1803-cü ildə Braziliyaya köçmüşdü. Portuqaliya kralı VI Juan daim Braziliyada qalırdı, lakin 1821-ci ildə oranı tərk etmək məcburiyyətində qaldı və onun oğlu ölkədə regent kimi qaldı. Braziliyada müstəqillik uğrunda hərəkat güclənirdi, ona prints Don Pedro da qoşuldu. 1822-ci ildə imperator I Pedru mütləq hökmdar oldu və bu, ölkədə narazılıq yaratdı. Ona görə də Portuqaliyaya qayıtdıqdan sonra 1820-ci ildə qəbul edilmiş konstitusiyanı tanımalı oldu. 1828-ci ildə isə Braziliya və Argentina Uruqvayı müstəqil dövləti kimi tanıdı.

Ümumiyyətlə, 1811-ci ildən başlayaraq, hər il Latın Amerikası ölkələrindən biri ispan ağalığından azad olurdu. Bu mübarizənin mərkəzi fiquru Simon Bolivar idi. 1811-ci ildə birinci olaraq Venesuela öz müstəqilliyini elan etdi. Ondan sonra Çili və Paraqvay onun yolu ilə getdi.  Rio-de-La-Plata (müasir Argentina) İspaniyadan hələ 1816-cı ildə ayrılmışdı. 1821-ci ildə Meksika öz müstəqilliyini elan etdi, dörd il sonra Boliviya, 1827-ci ildə Peru, 1828-ci ildə Uruqvay müstəqil oldular. Onlar üçün ən çətin məsələ öz iqtisadiyyatlarını qurmaq idi. Daxili siyasi vəziyyəti isə yerli hindularla Avropa köçkünlərinin törəmələri olan kreollarla münaqişələr mürəkkəbləşdirirdi.

 1823-cü ildə amerikalıların gələcək taleyi üçün əsasən mühüm rol oynayacaq bir hadisə baş verdi - ABŞ-da Monro doktrinası elan edildi. Dekabr ayında Konqressə yubiley müraciətində ABŞ prezidenti Ceyms Monro Avropa ölkələrinin hər iki Amerika qitəsinə aid olan məsələlərə siyasi cəhətdən qatılmaması prinsipini elan etdi. 1815-ci ildə yaradılmış Müqəddəs İttifaqın niyyətlərinin əleyhinə yönəldilmiş doktrina Köhnə və Yeni Dünyanın ciddi surətdə bölünməsini tələb edirdi. Prezidentin düşüncəsinə görə, Amerika amerikalılara məxsus olmalıdır, necə ki, Avropa avropalılara məxsusdur. Bu xarici siyasət prinsipinin həmin qaydada formullaşmasının səbəblərindən biri Alyaskada Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında ərazi bölgüsünün hüquqi cəhətdən möhkəmləndirilməməsi idi. Bundan əlavə, Müqəddəs İttifaqın bütün üzvləri ispan müstəmləkələrinin azadlıq uğrunda mübarizəsinə İspaniyanın müdaxilə edəcəyi ilə hədələyirdilər.

Monro doktrinası uğur qazandı: Avropa hökumətləri Cənubi Amerikaya müdaxilə etməkdən imtina etdilər, Rusiya dövləti isə 1824-cü ildə ABŞ-la Alyaskanın cənub sərhədi barədə razılığa gəldi. Monro doktrinası gənc, 47 il əvvəl müstəqillik qazanmış xalqın artıq öz siyasi şüurunun əlaməti idi. Birləşmiş Ştatlar nəinki digər dövlətlərin siyasi təsirini rədd etdilər, həm də eyni zamanda açıqca onu bildirdilər ki, Latın Amerikası onların siyasi və iqtisadi maraqları sferasıdır. Bundan əlavə, ABŞ digər dövlətlərlə birlik ittifaqlarını da rədd etdi, çünki bu, müstəqil dövlətin hərəkət sərbəstliyini məhdudlaşdırırdı.

Böyük Britaniyanın Şimali Amerika koloniyalarında və sonralar ABŞ-da yerli hindulara qarşı əslində olduqca pis münasibət bəslənir, onlar doğma torpaqlarından sıxışdırılıb, qərbə tərəf üz tutmağa məcbur olurdular. Amerikanlar hinduları ən münbit torpaqlardan məhrum edirdilər. Prezident Endryu Ceksonun dövründə, 1820-ci illərin sonu, 1830-cu illərin əvvəllərində vəziyyət daha da pisləşdi. Cekson orduda xidmət edərkən Cənub hindu tayfalarına qarşı döyüşlərdə fərqlənmişdi. O, hindu tayfaları ilə bağladığı yüzə qədər müqavilə əsasında onlar öz torpaqlarından imtina etmişdilər. Cekson hinduları şərqi Missisipi rayonundan qovmaq istəyirdi, guya bura “əbədi hindu sərhədi” olmalı idi. 1830-cu ildə prezident kimi o, hinduların qovulması barədə Aktı imzaladı. Məcburi köçürülmə sonrakı ili başlandı. Ali Məhkəmə bəzi tayfaların müraciətinə baxdıqda, onlara cavab verdi ki, ABŞ vətəndaşları olmadıqlarından, onlar konstitusiya tərəfindən müdafiə olunmurlar. Qara Şahinin başçılığı altında tayfaların bəziləri köçürülmə əleyhinə qalxdılar. Sonra o, digər tayfalarla da birləşdi. Lakin hinduların müqaviməti yatırıldı. Qara Şahinin özü döyüşdə əsir düşdü. Qələbədən sonra hindular Missisipinin arxasına sıxışdırıldılar. 1837-ci ildə ABŞ hökuməti hindu tayfalarının yaşaması üçün hindu əraziləri adlanan məntəqələr yaratdı.

Əvvəlki 13 koloniya və sonrakı ABŞ üçün ən böyük təhlükə mənbəyi olanlardan biri qul sahibliyinin təşəkkül tapması və iki əsr yarıma bərabər olan bir müddətdə mövcud olmaqda qalmaqla, saysız-hesabsız bədbəxtliklərin baş verməsinə şərait yaratması idi. 1619-cu ildə Şimali Amerikaya, Virciniyanın Ceymstaun limanına holland gəmisində Afrikadan ilk 20 zənci gətirildi. Bu hadisə Şimali Amerikanın ingilis koloniyalarında qul sahibliyinin başlanğıcını qoydu. Zəncilərdən varlı kolonistlərin ailələrində müxtəlif işlərdə istifadə olunurdu. Şimali Amerikada afrikalıların güzəranı ilk əvvəllərdə o qədər də pis deyildi, onların vəziyyəti ispan koloniyalarındakı qaradərili qulların taleyindən kəskin surətdə fərqlənirdi. İspanlar hələ 1501-ci ildə Mərkəzi və Cənubi Amerikaya Afrikadan işçi qüvvəsi gətirmişdilər. Çünki hindular mədənlərdəki və plantasiyalardakı ağır zəhmət üçün kifayət qədər dözümlü deyildilər. 

İspaniyanın Portuqaliya ilə birləşməsinə (1580-ci il) qədər ispan koloniyalarına qulların daşınması ilə əsasən portuqal tacirləri məşğul idilər. 1595-ci ildə kral II Filipp qul ticarətini İspaniyanın inhisarı elan etdi, öz tacirlərinə icazə verdi ki, Amerikaya 30.000 qul daşısınlar.

İngilis koloniyası olan Virciniyada qaradərili qullardan istifadə edilməsi əvvəllər də geniş yayılmamışdı. Burada “ağ” işçi qüvvəsi çatışmırdı, belə ki, yoxsul köçkünlər gəmidə pulsuz Yeni Dünyaya gəlmək üçün 7 il ərzində bunun əvəzində işləmək barədə öhdəlik götürürdülər.

Afrika dövlətlərindən bəzilərinin iqtisadiyyatı qul ticarətinə əsaslanırdı. Daqomeya dövlətinin hökmdarı hər il qul ovu aparırdı. Daqomeyalılar qonşu yaşayış məntəqələrinə, daha çox Yoruba tayfasına hücumlar edir və onları ərəb və Avropa tacirlərinə satırdılar. Qul ticarəti artıq bir neçə əsr idi ki, davam edirdi, amerikan koloniyalarında qullara böyük tələbat olduğuna görə, bu ticarət daha çox inkişaf etdi. Afrika hökmdarları uzun müddət qulları avropalılara satmağa cəsarət etmirdilər. Afrika az əhalili idi və ona görə də hər bir dövlətin qüdrəti işçi qüvvəsinin və qoşunların kəmiyyətindən asılı idi. Avropalılarla ticarətin inkişafına odlu silah da şərait yaratdı. Onu tacirlər təklif edirdilər. Bağışlanmış silah tayfa başçısının nüfuzunu yüksəldir, tayfada onun vəziyyətini möhkəmləndirirdi.

(Ardı var)

 





01.05.2017    çap et  çap et