525.Az

27 aprel: Azərbaycan matəminin 97-ci ildönümü


 

27 aprel: <b style="color:red">Azərbaycan matəminin 97-ci ildönümü</b>

1927-ci ilin aprelində Azərbaycan mühacirlərinin qardaş Türkiyədə nəşr etdikləri “Yeni Qafqasiya” məcmuəsinin xüsusi nömrəsi Azərbaycan matəminin 7-ci ildönümünə həsr edilmişdi.

Mən 1997-ci ilin aprelində bu məcmuəni kiril əlifbasına çevirərək orijinalla, yəni o vaxtkı ərəb əlifbasındakı nüsxəsi ilə bərabər, qısa bir girişlə oxuculara təqdim etmişdim. İndi bu faciənin 97 ili tamam olur. Azərbaycan tam müstəqil, inkişaf etmiş, dünyaca tanınan bir cümhuriyyətdir. Lakin biz bu tarixi də yaxşı bilməliyik.

1997-ci il nüsxəsində mən yazmışdım:

“Ulu tanrı heç vaxt ata-anaya övlad dağı, azadxah millətə öz istiqlalını itirmək faciəsini göstərməsin! “Yeni Qafqasiya” məcmuəsinin 1920-ci il 27 aprel işğalının ildönümünə həsr etdiyi və “Azərbaycan matəmi ildönümü” adlandırdığı xüsusi nömrənin ürək qanı, ülvi vətən məhəbbəti, əbədi kin və nifrət və həm də gələcəyə çox böyük inam hissi və müqəddəs ümidlə yazılmış yazılarını oxuyarkən məhz bu sözlər fikrimə gəldi.

Tarixi unutqanlıq milləti məhvə aparan bəladır, oriyentasiyanı itirməkdir, məcmuədə yazıldığı kimi mələk cildinə girmişlərin, “nitq bombardmanları” ilə əhalini keyləşdirməyə, onun müstəqil düşünmək, dostla düşməni tanımaq istedadını məhv etməyə, avtoritar və totalitar polis idarə üsuluna aparan yoldur.

İstiqlal mücahəidlərinin qardaş Türkiyə torpağında sığınacaq tapmış heyəti tərəfindən 1923-cü ildən nəşr edilməyə başlayan “Yeni Qafqasiya” məcmuəsi hər il tariximizin fəxarətli 28 may, faciəli 27 aprel günlərini qeyd edirdi. Vətənlə əlaqəni üzməyən, onun dərd-səri ilə yaşayan və nəfəs alan istiqlalçılar zaman keçdikcə Azərbaycanda müxalifətin, vətənsevərlərin, iqtidara baş əyməyənlərin, bolşevikcəsinə düşünməyi və məddahlıqla işləməyi bacarmayanların başına necə müsibətlər gətirildiyinə dair yazılara xüsusi yer verirdi. 1927-ci ildə 27 aprel faciəsinə həsr olunmuş xüsusi nömrə bu baxımdan səciyyəvidir. Tariximizin indiki məşəqqətli və təhlükəli keçid dövründə, 27 aprel faciəsinin yenidən yaşanması təhlükəsinin mövcudluğu şəraitində (bax. “Literaturnaya qazeta”nın martın 27-i nömrəsində “İttifaq dirildi!” (“Soyuz voskres!” məqaləsinə) məcmuədə dərc olunmuş yazılarla tanışlıq məncə faydalı olar”.

Etiraf edim ki, mən 70 illik müəllimlik və mətbuat üzərində tədqiqatçılıq işimdə və təcrübəmdə heç vaxt bu nömrənin vətən həsrəti və ürəkqanı ilə qələmə alınmış yazılarını oxuyarkən həyəcan və kövrəldiyim yadıma gəlmir. Yazıların sərlövhələrinə diqqət verin: “Qara bir ildönümü”, “Böyük faciə” (M.Ə.Rəsulzadə), “Zindandakı vətəndaşlara” (Mustafa Vəkilovdur yəqin ki), “27 nisanın xüsusiyyəti” (F.C.Əbdülqadir), “Vətən həsrəti” (şeir - Əli Usta), “Bir gün...” (şeir), “Milli hars (mədəniyyət) uğrunda mücadilə” (Azəri), “İki tarixi gün” (Şəfi - yəqin Şəfi bəy Rüstəmbəylinindir), “Bu gün” (Kəmal), “Bir bəyannamə”, “Zəfər imanınkıdır” (Nicati), “Bir xatirə” (Şeyxülislamzadə), “Məşum bir xatirə” (Nərəyə gediyoruz!..) (Sənan), “Azəri oğullarına!” (Ərdoğan), “Ayırma siyasəti” (Rəsizadə Qara), “Azərbaycan mücahidləri sürgündə”, “Türk ocaqları qurultayında”, “Beynəlmiləl həyat”, “Rusiya təcrid halında”, “Təşəkkür və məzərət (üzürxahlıq)”.

Məcmuənin redaktoru Cümhuriyyətin yaradıcısı, istiqlal mücahidi M.Ə.Rəsulzadə idi. Onun “Böyük faciə” məqaləsini oxuculara təqdim edirəm.  

Böyük faciə

M.Ə.RƏSULZADƏ

Böyük faciə!

İştə türk müvərrixinin (tarixçisinin) bundan tam 7 sənə əvvəl Bakıda vüqu bulan hadisəyə verəcəyi ən müvafiq bir ism.

Yüz sənəlik bir əsarət dövrü, bu dövrdə yaşanan tarixin müxtəlif həyat səhifələri, məhkumiyyət və əsarət! Hər dürlü hürriyyət və istiqlal təsəvvürlərini xatir və xəyaldan silən ümidsiz günlər. Rus səltənətinin sarsılmaz təsəvvür olunan əzəmət və dəhşətinə qarşı qaranlıq yas və novmidi (yuxusu), acı müqəddəranə təslimiyyət. Təslimiyyət dövrünün uzanmasından mütəvəllid bir təsirlə bu acıyı duymamaq bədbəxtliyi!..

Zaman keçiyor. Çar idarəsi sarsılıyor. Əsrin fikirlər üzərində təsir yapan hakim şüarları Rusiya əsarəti altında yaşayan millətlərə qədəri-əks ediyor. Böyük hərəkat başlıyor. Bu hərəkatdan mütəəssir olan Azərbaycan türkü də kəndisini (özünü) bir millət olaraq hiss ediyor. Türk hars (mədəniyyət) və milliyyətçiliyinin cərəyan və inkişafı nisbətində Azərbaycanda siyasi istiqlal fikir və qayəsi də qüvvətləniyor. Azərbaycan xalqı xilas gününü bəkliyor.

Bu gün gəliyor. Hərbi ümumi - Şərqin qara bəlası, yəni türk və islam dünyasının əbədi düşməni Rusiya imperatorluğunun məğlubiyyəti movcib (zərurət) oluyor. Millətlər kəndilərini (özlərini) saran bu məhbəsin barılarını yarıyor, hürriyyət dünyasına çıxıyorlar. Azərbaycan da fürsəti fövt etmiyor. Türk və islam dünyasında ilk dəfə olaraq bir cümhuriyyət təsis ediyor: Azərbaycan Xalq Cümhuriyyəti!

Azərbaycan Xalq Cümhuriyyəti - bu cahan tarixində, şübhəsiz, pək böyük bir dövr təşkil edəcək hərbdən sonraki milli Şərq demokrasi cərəyanının bəlli-başlı bir hadisəsi, bu cərəyanın maddətən üç kəlmədə xülasə edilmiş rəmzi bir ifadəsidir!

Bu ilk türk cümhuriyyətinin bilxassə Türkiyəni də cəlb etdiyi əlaqə səbəbsiz deyildi. Çökən Osmanlı səltənəti yanında yüksələn bu xalq hakimiyyəti türk xalqının tarixi əəyatiyyətə malik olduğuna bir işarətdi. Nitəkim öylə də oldu. Səltənətin batırdığı Türkiyəni cümhuriyyət fikri və sistemi qurtardı. Saray batdı, xalq yüksəldi. Dörd gün əvvəl bütün Türkiyə iştə bu yüksəliş gününü təsyid ediyordu.

Fəqət tam bu sırada, istiqlalına hənuz qovuşan Azərbaycan, beynəlmiləl vəziyyətdə zühur edən siyasi sağanağa (tufana) düçar oldu. Həyatının ikinci sənəsini daha tamamilə dərk etmədən, fəlakətin ən böyügünə məruz qaldı, istiqlalını qeyb etdi.

Əvət, 1920 sənəsində bu günün misalında, qızıl rus ordusu tərəfindən təht işğala alınmaqla Azərbaycan Cümhüriyyəti hər dürlü hürriyyət və istiqlalını qeyb eləmişdir. Bolşeviklərin Azərbaycan hürriyyət və istiqlalına təərrüz (təcavüz) etmədiklərinə vaxtilə inanan vardısa da, indi heç olmazsa Türkiyədə, bu əfsanəyi səmimi olaraq ciddi tələqqi edən tək bir zata təsadüf ediləməz!

Sənələrdən bəri bəklədiyi səadəti, əldə etdiyi günün fərdasında qeyb etmək kimi ani fəlakətə məruz qalan Azərbaycan xalqının düçar olduğu faciə həqiqətən də böyükdür. Bu fəcaət, kəndi düşməninin eyni irqdən və eyni harsdan birovz qardaşla dost olması ilə təzayüd edirdi ki, bu faciə, o dərəcədə olmasa da, hala bərdavamdır.

Azərbaycan faciəsi həqiqətən də böyükdür. Kəndinə müsəllit olan (hakimiyyəti altına alan) qüvvət yeni şüarlar və yeni rənglərə malik olsa da, əski rus siyasətini təmsil ediyor və tətbiq etdiyi də nasionalizatsion rejimi ilə çarların ruslaşdırma siyasəti ilə müvəffəq olmadıqları nəticəyə gəliyordu.

27 nisan iğfalı (aldatması) ilə Azərbaycana girən qızıl ordunun məmləkətdə bərpa etdiyi dəhşət və iqa' etdiyi (vurduğu) zülm və vəhşəti burada sayacaq deyiliz. Bu xüsusda bu sütunlarda vaxtilə çox yazılmışdır. İşbu nüsxənin digər sütunlarında dəxi qare' bu babda az-çox məlumat bulur.

Fəqət biz hürriyyət, milliyyət, ədalət və müsavat məfhumlarının kaffəsini (hamısını) tərsinə tavil edən zalim bir idarə altında, hər dürlü xüsusiyyət və haqqından təcridlə Moskvanın köləsi hökmünə düşən zavallı məmləkətin keçirdiyi böyük faciəni təsvir etməkdən ziyadə, bu böyük faciənin kəndisi ilə mütənasib olaraq doğurduğu əksül əməl hadisələrini təsbit etmək istəriz.

27 nisan hadisəsi Azərbaycan xalqını ta qəlbindən vurmuş, təsəvvürü qabil olmayan bir təsirlə dağdar etmişdir. Bunlardan bir qismi duyduqları acının təsiri ilə gözlərindəki yaşlara yol vermiş, bu surətlə ələmin gövşətici təsirlərinə kəndilərini təslim etməklə işi təbiətə buraxmışsalar da, digər qism biləks böylə yapmamış, göz yaşlarını zəbtlə kin və qeyzini toplamış, günün birində dəhşətli intiqam taraqəsilə patlayacağını mühəqqəq bulunan milli ixtilal hərəkatını vücuda gətirmişdir.

Birinci qismin mübəşşirlərincə həyatda əsl olan ümdə vaqeələrlə uyuşmaqdan ibarətdir. Millətin təbii həyatını qurtarmaq - iştə onların düşüncəsi. Əsirlərin fəlsəfəsi! İkinci qism isə təbii həyatla qalmaz, şərəfli həyat istər və bunun üçün də o uyuşmağı deyil, vuruşmağı düşünür.

Solovki mənfaları (sürgünləri), “Çeka” bordrumları, Xəzərin qanlı dalğaları, Bayıl həbsxanasında ki, yüksək divara dayanaraq soldat qurşunlarına açılan qəhrəman kökslər, südəmər cocuğundan ayrılaraq öldürülən analar, yanıq izləri ilə damğalanmış qanlı köynəklər - xülasə böyük intiqamı hazırlayan ilahi mətanətlər və qəhrəmanca müqavimətlər - iştə şərəfli həyat üçün vuruşmağı tərvic edən nəslin keçdiyi qorxunc mücadilə yolları!

Böyük faciənin yeddi sənədən bəri Azərbaycanda icra etdiyi müdhiş təxribat yanında, kəndisini yasa qapdırmayan vətəndaş, şübhəsiz, istiqlal məfkurəsi uğrunda yapılan bu müqəddəs mücadilənin əksəriyyətlə məxfi qalan anatını bilməli, yarınki günün gətirəcəyi səadətə qüvvətlə inanmalıdır.

Bu xüsusda bizi inandıracaq şahid-kommunistlərin kəndisidir. Böyük Rusiya imperatorluğunun tərəkəsi ilə beynəlmiləl ixtilal təşkilatının şeytani mələkəsinə malik bulunan qanlı bir qüvvət yeddi sənə boyuna tətbiq etdiyi məzalim və vəhşiyanə icraatından sonra da, hala milliyyət cərəyanının kəndisi üçün bir təhlükə təşkil etdiyindən bütün sisteminin “ufaq burjuazi” namini verdiyi milli ixtilal təhlüksinə məruz qaldığından bəhslə bilxassə cahanca məşhur komsomol və pioner təşkilatına rəğmən gənc nəslin “müsavatizm” təsiri altında olduğunu etiraf edirsə, - artıq verilən qurbanların bihudə deyil, məqsədi təmin edəcək bir şəkil və mahiyyətdə olduğuna qane ola biləriz.

Əvət, əfəndilər, şübhə etməyəlim: 27 nisan faciəsi Azərbaycan Cümhuriyyətinin də 23 nisan zəfərini hazırlayacaq, o böyük və müqəddəs qəzanın (cihadın) qəhrəmanlarını doğurmuşdur. Azərbaycan istiqlalı bilfe'l (əslində) yıxılmışsa da, bilqüvvə dikilmişdir.

Yaşasın Azərbaycan istiqlalı!!!

 





01.05.2017    çap et  çap et