525.Az

Sevgi şansını yanlış adamda xərcləmək


 

Sevgi şansını yanlış adamda xərcləmək<b style="color:red"></b>

“Çünki ayrılıqlar da sevdaya daxil
Çünki ayrılanlar hələ sevgili”

Atilla İlhan

Yəqin xəyanət deyilən bir məfhum olmasaydı və mən onunla rastlaşmasaydım, Atilla İlhanın bu sözləri ilə tamamilə razılaşardım. Düzü, mənim rastlaşdığım xəyanətin ən primitiv variantıdır, bilirəm, çünki daha dəhşətli xəyanətlər haqqında da eşitmişəm, görmüşəm, amma yenə də xəyanət xəyanətdir. Ərəb atalar sözündə deyildiyi kimi, hamının dərdi özü üçün dəvə boydadır.

Qısaca danışım, siz də təsəvvür edin. Canımdan çox sevdiyim qız mənlə nəyisə bəhanə gətirib ayrıldıqdan sonra məndən başqa heç kəsi sevməyəcəyini deməyinə baxmayaraq, başqasıyla əl-ələ, metroda, avtobusda qucaqlaşdıgını gördüm. Həm də çox az bir müddət keçəndən sonra.

Sonradan anladım ki, əslində ayrılmaq istəyinin səbəbi elə başqası imiş, sadəcə yaddaşımda qüruru sınmış bir mələk kimi qalmaq üçün “mən səni sevirəm, həmişə də sevəcəm, amma ayrılmalıyıq” deyirmiş.

Kiminçünsə bu adi bir şey ola bilər, amma mənim dünyam başıma fırlandı. Özümü dünyanın ən axmaq insanı kimi hiss etdim. Adam bu haqda yazarkən belə hissləri qarışır. Həyatımda ilk dəfə kiməsə nifrət etdiyimi hiss etdim. Həyatında ilk dəfə kiməsə nifrət edəsən, o da bir zamanlar canından belə çox sevdiyin adam ola. İlahiləşdirdiyim, tanrı qatına qaldırdığım o qız haqqında bütün fikirlərim böyük sürətlə göydən yerə çırpıldı, çilik-çilik oldu.

Mənim üçün bu dünyada sevgidən daha dəyərli bir şey yoxdur, həyatın mənası elə sevgidir. Ona görə də bu səhvimi özümə bağışlaya bilmirəm. Bir daha sevə bilmərəm deyə qorxuram. Sevgi şansımı yanlış adamda xərcləmiş olmaqdan qorxuram.

Düzü, bilirəm ki, xəyanət sözü varsa, xəyanət də var. Artıq ağrılar da keçib, indi içimdə sadəcə dərin bir boşluq var. O boşluq da elə bir boşluqdur ki, hansısa qızdan xoşum gəlsə belə, biraz danışdıqdan sonra söhbəti yarımçıq kəsirəm. Sevgiyə aldanmaqdan qorxuram. Sevgidən qorxuram.

Hansısa qız məni sevdiyini deyəndə də gülməyə başlayıram. Düşünürəm ki, görəsən məni sevdiyini deyən bu qız hansı sevgisinə xəyanət edir. O an ürəyim bulanır.

Hər şeydən də pisi bilirsiniz nədir? Sevdiyim mahnılardan da qaçmağa başlamışam.

Onu mənə xatırladan hər şeyə nifrət etməyə başlamışam.

Hərdən məni bir sualın cavabı çox maraqlandırır: Görəsən insan həyatda neçə dəfə sevir?

Bir, iki, üç, beş, on, ya neçə dəfə sevə bilərik?Neçə dəfə bu beynimiz ürəyə məğlub ola bilər?

Bu suala verilən bir cavabsa məni çox qorxudur: “İnsan bir dəfə sevir”.

Bu cavabı eşidəndə əsəbləşirəm, istəyirəm qarşıma çıxan hər şeyi vuram, qıram, parçalıyam.

Necə yəni bir dəfə!? Deməli mən sevgi şansımı yanlış insana xərclədim!? Ümid edirəm ki, bu cavab səhvdir. Çünki əks halda bundan sonrakı həyatımın heç bir mənası qalmaz.

İnsan əgər doğrudan bir dəfə sevirsə, xəyanət ona edilə biləcək ən böyük ədalətsizlikdir.

Bir insanı sevgidən məhrum etmək onun bütün həyatını alt-üst etmək deməkdir.

Eybi yox, bizim ciblərimizə doldurmağa təsəllimiz var yenə.

Məsələn, Necip Fazıl Kısakürek deyir ki, “Tək olduğuma görə pis olmuram, çünki heç kəsin mənə xəyanət edə bilməyəcəyini bilirəm”.

Həyatımızı və sevgimizi paylaşmağa doğru adamları tapmaq ümidilə!

 





01.05.2017    çap et  çap et