525.Az

Adı ehtiramla yad edilən Borçalı ağsaqqalı


 

Adı ehtiramla yad edilən Borçalı ağsaqqalı <b style="color:red"></b>

Bu il bu qədim diyarın böyük təəssübkeşi Dünyamalı Əmircanovun anadan olmasının 80 illiyidir

“Borçalıdan böyük yazıçılar, dövlət xadimləri, görkəmli ziyalılar yetişmişdir. 1918-ci ildən 1990-cı ilə qədərki təxminən 70 ildə Borçalı Azərbaycana dörd dövlət rəhbəri vermişdir. Onlar son dərəcə möhkəm əqidəli, beynəlmiləlçi, alovlu vətənpərvər idilər. Bunlar  Əlimərdanbəy Topçubaşov, Nəriman Nərimanov, Həsən Seyidov, Həsən Həsənov kimi xas poladdan tökülmüş insanlardır... Xalqına, Vətəninə min bir tellə bağlı olan şəxsiyyətlərdir”.

Bu fikirləri Azərbaycanın görkəmli ziyalısı, mərhum millət vəkili, professor Şamil Qurbanov özünün “Nəriman Nərimanov dünyası” kitabında yazıb. Təbii ki, Şamil müəllimin fikirləri əsasən əslən Borçalıdan olmuş, amma həyatlarını Azərbaycanda yaşamış, bu ana Vətənin tərəqqisi yoluna həsr etmiş görkəmli insanlarımıza aiddir. Bunlarla bərabər, Borçalıda yetişmiş və ömürlərini bu diyarın göz bəbəyi kimi qorunub saxlanmasına və gələcək nəsillərə ərməğan edilməsinə həsr etmiş insanlarımız da az olmayıb. Biz müxtəlif dövrlərdə özlərinin böyük şəxsiyyətləri, qəhrəmanlıqları hesabına Borçalının tarixi sınaqlardan uğurla çıxarılmasında müstəsna xidmətlər göstərmiş bu cür insanların adlarına rast gəlirik. Onlar zaman-zaman borçalıların öz ata-baba yurdlarında möhkəmlənib oturuşmasında, müxtəlif tarixi səbəblər üzündən Azərbaycanın sərhədlərindən kənarda qalmış bu yurdun boşaldılmasının qarşısının alınmasında böyük rol oynayıblar. Belə fədakar və mərd insanların adlarını borçalılar bu gün də unutmayıblar və iftixar hissi ilə həmişə yad edirlər. Şamil Qurbanovun yuxarıda xatırlatdığımız “saf poladdan tökülmüş insanlar” ifadəsini ürək rahatlığı ilə fəaliyyət dairələri Borçalı ilə məhdudlaşmış həmin insanlara da şamil etmək olar.

Borçalı naminə, onun insanlarının xoş güzəranı, bu yurdun abadlaşması və inkişafı üçün dəyərli xidmətlər göstərmiş şəxsiyyətlərdən biri də Dünyamalı Məhəmməd oğlu Əmircanov olub. O, 1933-cü ilin gözəl bir yaz günündə – may ayının 10-da bu diyarın Qaçağan kəndində anadan olub, burada orta təhsil alıb. Sonra Bakıya gələrək buradakı Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) bitirib. Və yenidən doğma el-obasına qayıdaraq əmək fəaliyyətinə başlayıb.

Bəri başdanca qeyd edək ki, Dünyamalı Əmircanov Qaçağanda yaşayan böyük bir nəslin nümayəndəsidir. Ata babası Süleyman kişi mülkədar olduğundan keçən əsrin 30-cu illərində Stalin repressiyasının qurbanı olub. Ana babası Hacıoğlu Qiyas ağa isə qonşu Ulaşlı kəndinin bəyi olub, sovet hökuməti gələndə atını minərək Türkiyəyə keçib.

Dünyamalı müəllim bütün taleyini, şüurlu həyatını Borçalıya bağlayıb, ömrünün son anlarına qədər qəriblikdə başı bəlalar çəkmiş bu qədim yurdun yad nəfəslərdən, müxtəlif xəyanət və təxribatlardan qorunmasına öz töhfələrini verib, nəhayət, özünün böyük və dəyərli xidmətləri sayəsində əsl el ağsaqqalı səviyyəsinə ucalıb.

Dünyamalı Əmircanov Sovet dövründə Borçalıdakı – Marneuli rayonundakı müxtəlif xalq təsərrüfatı sahələrində çalışıb, bir çox müəssisə və təsərrüfatlara rəhbərlik edib. Həmişə çalışdığı, eləcə də rəhbərlik etdiyi sahələrin inkişaf etməsini, həmin sahələrdə işləyən insanların yaxşı yaşamasını təmin edib. Bütün bunlarla bərabər, çalışıb ki, bütövlükdə Borçalı tərəqqi etsin, bütün borçalıların güzəranı yaxşılaşsın, insanlar ehtiyacdan uzaq olsunlar. Biz rəhmətlik Dünyamalı müəllimin ayrı-ayrı təsərrüfatlara rəhbərlik etdiyi vaxtlarda gördüyü işlər haqqında geniş danışmaq fikrində deyilik. Bu barədə onun həyat və fəaliyyətinə həsr olunmuş və 2001-ci ildə Bakıda çap olunmuş “Borçalıdan bir ər qopdu” kitabında geniş məlumat verilib.

Biz bu yazıda daha çox Dünyamalı Əmircanovun geniş və çoxşaxəli ictimai fəaliyyəti haqqında söhbət açacaq, hələ sağlığında bütün borçalıların dərin hörmət və rəğbətini qazanmış, bu gün adı böyük ehtiramla xatırlanan bu sanballı Borçalı kişisinin yurdunun ağır günlərində sinəsini qabağa verib onun keşiyində dayanması barədə danışacağıq. Bu sətirlərin müəllifi Dünyamalı müəllimi ömrünün ahıl çağlarında daha yaxından tanımaq imkanında olub. Ancaq onu Borçalının hansı guşəsində, hansı məclisdə görübsə, həmişə hörmət-izzətli, xətri əziz tutulan, ağır tərpənib batman gələn, eli-obası tərəfindən sevilən görüb. Bu da səbəbsiz deyildi. Dünyamalı Məhəmməd oğlu bu sevgini, bu böyük hörmət və ehtiramı elinə-obasına sonsuz məhəbbətlə bağlılığı, ömrünün 45 ilə qədərini doğma yurdunda yorulmadan, fədakarcasına, sözün həqiqi mənasında, gecəli-gündüzlü çalışması, öz xalqına mərd-mərdanə, doğruluqla, düzlüklə, sədaqətlə xidmət etməsi ilə qazanmışdı. Bu böyük insani keyfiyyətləri onu hələ sağlığında ağsaqqal səviyyəsinə yüksəltmiş, el-oba qarşısında başıuca etmişdi. Bu gün borçalıların Dünyamalı müəllimi ehtiramla xatırlamasının, 80 illik yubileyi günlərində onun adını hörmətlə anmasının səbəbi də budur.

Ümumiyyətlə, qəlbi Vətəninə, millətinə, elinə-obasına sevgi ilə yoğrulmuş, üz-gözündən nur əskik olmayan, əməlləri insanların daha yaxşı, daha firavan yaşaması uğrunda mübarizəyə köklənmiş insanları unutmaq həmişə çətin olur. Eyni zamanda, sözün bütün mənalarında böyük insanlar, dünyaya böyük əməllər, böyük işlər görmək üçün gəlmiş insanlar həmvətənlərinin ürəyində özlərinə əbədi heykəl ucaldırlar. Dünyamalı müəllimi canından çox sevdiyi, başına pərvanə kimi dolandığı Borçalıda, doğma kəndi Qaçağanda, eləcə də yaxşı tanındığı Gürcüstanda, Azərbaycanda buna görə unutmayacaqlar. Hər addımda onun əməllərinin canlı heykəllərini – Qaçağanda, Şulaveri qəsəbəsində, Marneuli şəhərinin özündə gördüyü işləri, çəkdirdiyi işıqları, su kəmərlərini, saldırdığı yolları, əkdiyi bağ-bağçaları, tikdirdiyi binaları gördükcə Dünyamalı Əmircanovu unutmağın çətinliyi bir daha anlaşılır.

Dünyamalı Əmircanov Gürcüstan ərazisində yaşayan soydaşlarımızın arasından çıxıb onların sınanılmış lideri səviyyəsinə ucalmış dəyərli şəxsiyyətlərdən biri idi. Belə sınanılmış liderlərdən biri də təxminən yarım əsrlik bir dövrdə Gürcüstanda yaşayıb-yaratmış, adı Azərbaycan ictimaiyyətinə də tanış olan Ayvaz Dursun oğlu Həsənov olub. Borçalının bu iki böyük oğlu uzun illər çiyin-çiyinə verərək borçalıların xoş və ağır günlərinin sarsılmaz dayağı olub. Onları bir-birinə sıx tellərlə bağlayan hər ikisinin sonsuz vətənpərvərliyi, el-obaya dayaq olmaları idi. Onlar Borçalı insanlarının çətin günlərində əl-ələ verərək qara buludların xalqın başı üzərindən çəkilməsini təmin ediblər. Keçən əsrin 80-ci illərinin axırları-90-cı illərinin əvvəllərində soydaşlarımız üçün ata-baba yurdlarını tərk etmək təhlükəsi yarananda bu iki görkəmli lider özlərinin şəxsi nüfuzları, sözlərinin kəsəri, qətiyyətləri və cəsarətləri ilə bu prosesin qarşısını ala bilmişdilər. Gürcü millətçilərinin hakimiyyətdə olduğu bütün dövr bu cür mübarizə şəraitində keçmişdi. Ayvaz Həsənov, Dünyamalı Əmircanov, Hacımurad Xəlilov, Əli Qocayev, Kamal Rüstəmov, Həsən Qəniyev, Allahverdi Hümmətov və digər qeyrətli şəxsiyyətlərin sinələrini sipər edərək mübarizəyə qoşulması, xalqı səfərbər edərək doğma torpaqları göz bəbəyi kimi qoruması qamsaxurdiyaçı millətçilərin niyyətlərini alt-üst etmişdi. Bu, Dünyamalı Əmircanovun ömrünün müdrik çağlarında doğma xalqı, sevimli Vətəni qarşısında göstərdiyi əvəzsiz xidmətlərdən biri idi. Məhz bu hünərin nəticəsidir ki, bu gün ulu və tənha Borçalı özü Ermənistanın təcavüzündən əziyyət çəkən Azərbaycanın qonşuluğunda yaşamaqda, çiçəklənməkdə davam edir.

Həmin dövrdə Borçalıda müxtəlif vəzifələrdə işləmiş, xalqın ağır günlərində ona dayaq olmuş borçalıların Dünyamalı müəllimlə bağlı çoxlu xatirələri var. Məsələn, Marneuli rayonunda rəhbər işçilərdən olmuş Telman Budaqov xatırlayır: “Mən həmişə fəxr edirəm ki, Dünyamalı müəllim, Əli Qocayev kimi görkəmli Borçalı ziyalıları mənim ağsaqqalım olublar, onlarla çiyin-çiyinə işləmişəm. Mən Dünyamalı müəllimi Borçalının başı üzərində yarpaq kimi əsəndə, dostları ilə birgə onu qoruyanda görmüşəm. O, rəhmətlik Ayvaz Dursun oğlu ilə həmin hadisələr zamanı böyük qəhrəmanlıq göstərdi. İki milləti bir-birinin üstünə qaldırıb milli-etnik münaqişə yaratmaq istəyən qüvvələr Marneulidə də vardı. Kiçicik bir düşünülməmiş hərəkət faciəyə səbəb ola bilərdi. Onda Dünyamalı müəllim kimi ağsaqqallar qabağa durub hadisələrin məcrasından çıxmasına imkan vermədilər. Yuxarıda gürcü hökuməti nümayəndələrinə, aşağıda sadə azərbaycanlılara və gürcülərə izah etdilər ki, bu iki millət tarixən dost-qardaş olub, aralarında heç vaxt münaqişə olmayıb. Beləliklə, problem sülh yolu ilə aradan qaldırıldı. Bu məsələdə Dünyamalı müəllim xüsusilə böyük xidmət göstərdi. Onun sanbalı qarşısında dayanmaq çətin idi. Dünyamalı müəllimin Vətən sevgisi dillə deyilən yox, əməllə təsdiq olunan sevgi idi. O, az danışıb çox iş görən adam idi. Mən hesab edirəm ki, həmin hadisələrdən sonra Dünyamalı müəllim əbədi olaraq Borçalının ağsaqqalı rəmzinə çevrildi. O, həqiqətən, qan tökülməsinin qarşısını aldı. Əgər bircə silah işlədilmiş, bircə damla qan tökülmüş olsaydı, şayiələr münaqişəyə çevrilər, hər iki xalq böyük faciəyə uğramış olardı. Bu gün Borçalı xalqının öz torpağında azad, asudə yaşaması Dünyamalı müəllimin Vətəni, milləti qarşısında əvəzsiz xidmətidir və bunu borçalılar heç zaman unutmayacaqlar”.

İndi Dünyamalı Əmircanov aramızda olmasa da, vaxtilə onunla çiyin-çiyinə işləmiş, xasiyyətinə və iş prinsiplərinə yaxşı bələd olmuş insanlar xatırlayırlar ki, o, təkcə doğma torpağı qorumaqla kifayətlənməmiş, həm də bu yurdun qiymətli insanlarını qorumuşdur. Dünyamalı müəllim vətənpərvər kadrları xüsusilə qiymətləndirirmiş. Marneuli ağsaqqallarından Hidayət Darğallı xatırlayır ki, Dünyamalı müəllim Gürcüstanda azərbaycanlı kadrlara qarşı hər hansı ədalətsizlik, ayrı-seçkilik görəndə mütləq müdaxilə edir, insanlarımızın nahaq yerə cəzalandırılmasının qarşısını alırdı. Bəzən iş məhkəmə tərəfindən cəzalandırılma mərhələsinə çatanda belə məsələ Dünyamalı müəllimin müdaxiləsindən sonra müsbət həllini tapırdı.

Hazırda Bakı Dövlət Universitetinin müəllimi olan, vaxtilə Dünyamalı Əmircanovla işləmiş Saleh Nağıyev onun gənc milli kadrlara, onların yetişib müxtəlif vəzifələrə irəli çəkilməsinə xüsusi diqqət yetirirdiyi barədə danışır. “Elə mənim özümün irəli çəkilməyimdə də onun böyük xidməti olub. Bizi sıxışdıran olanda həmişə müdafiəmizə qalxardı. Ümumiyyətlə, rayon rəhbərləri səviyyəsində azərbaycanlı kadrların məsələsi müzakirə olunanda (istər işə düzələndə, istərsə də işdən azad olunanda) gürcü rəhbərlər mütləq Dünyamalı müəllimin rəyini soruşardılar və onunla hesablaşardılar. Çünki onun obyektivliyinə inanırdılar”, – deyə Saleh müəllim xatırlayır.

Borçalının böyük təəssübkeşi olmuş Dünyamalı Əmircanov 2000-ci il yanvarın 23-də vəfat edib. Bu il mayın 10-da onun anadan olmasının 80 illiyidir. Bu tarixi qədirbilən borçalılar yenə minnətdarlıq hissi ilə yad edəcək, Dünyamalı müəllimin ruhuna dualar oxuyacaqlar.

Paşa BABAKƏRLİ

 





03.05.2013    çap et  çap et