525.Az

Qələbə gününün qarı


 

Qələbə gününün qarı<b style="color:red"></b>

Hörmətli redaksiya və əziz oxucular!

Sizi qısa bir müddətə ən yaxın tariximizə qaytarmaq istəyirəm. 1995-ci ildə yarım milyon tirajla çap olunan "Avr-Asiya" qəzetinin sorğusuna əsasən, Arif Ənvər oğlu Mənsurov Azərbaycanda ilin adamı seçildi. Tanımayanlar soruşa bilər: "Hansı xidmətlərinə görə?" Mən onun Sovet dönəmində layiq görüldüyü Fəxri adları, ordenləri, medalları sadalamaq fikrində deyiləm. Yalnız onu qeyd etmək istəyirəm ki, Mərdəkan qəsəbəsində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə, Bakıda qəzəlxan Əliağa Vahidə qoyulan abidələr Arif Mənsurovun adı ilə bağlıdır.

Bir məqam da vurğulayım: cavan yaşlarından nazir, komitə sədri kimi böyük vəzifələrə yüksələn Arif Mənsurov həm də SSRİ Jurnalistlər və Yazıçılar İttifaqlarının üzvü idi. Moskvada çıxan "Nedelya" qəzetində vaxtaşırı ekoloji problemlərlə bağlı məqalələri, esseləri çap olunurdu. 2002-ci ildə qəfildən, 61 yaşında dünyasını dəyişən Arif Mənsurovdan qalan da indi bu yazılardı. Maraqlıdır ki, mərhumun ömür yoldaşı yazıçı Cəmilə Mənsurova bu yazıların bir qismini 2010-cu ildə çap etdirdiyi "Çetki staroqo Mirzı" (Qoca Mirzənin təsbehi) kitabına daxil eləyib. Vaxtilə Azərbaycanda onlarca hekayə, povestlər və roman çap etdirmiş, ədəbi aləmdə- xüsusən rusdilli oxucular arasında kifayət qədər tanınmış Cəmilə Mənsurovanın (M.Fira-nın) sorağı bu gün Vaşinqtondan gəlir, öz sözü, orda nəvələrinə dayəlik eləyir və roman yazır. Mənə tərcümə etmək məqsədilə göndərdiyi hekayə də dərhal hiss olunur ki, unudulmaz ömür yoldaşı Arif Ənvər oğlu Mənsurovun taleyi ilə bağlıdır.

Hörmətlə, Məmməd Oruc

hekayə 

M.FİRA

Xəzrinin gücünü təyyarədən çıxandan sonra trapla qaça-qaça enəndə hiss elədim. Əlimlə tutmasaydım, şlyapamı başımdan alardı, qoynuma-qoltuğuma təpilməklə plaşımı bir anda paraşütə döndərdi. Üzü küləyə, çətinliklə addımlasam da, xoş anlar yaşayırdım, neçə gündən bəri nəhayət ki, rahat nəfəs alırdım.

Həmişə olduğu kimi, qayıdacağımı teleqramla bildirməmişdim.

Səadətin tanış yaşıntısını öncədən hiss etməyə başladım. Əlbəttə, sözün böyük mənasında səadətin!

Oğlum astanada mənim səsimi eşidəndə dərhal bayıra çıxıb qucağıma sıçrayacaq, balaca əlləri ilə boynumu qucaqlayacaq.

Və dayanmadan təkrarlayacaq: "Atam gəldi! Mənim atam gəldi!"

...Vahid üçün aldığım sovqatı qoltuğuma alıb, çox da iri olmayan diyircəkli çamadanımı çəkə-çəkə taksi dayanacağına yaxınlaşdım.

Maşına əyləşəndən, kürəyimi də oturacağın söykənəcəyinə söykəyəndən sonra ünvanı dedim və dərhal da hiss elədim ki, bu, sürücünün xoşuna gəlmədi.

Çox güman ki, üzünü, boynunu-boğazını tük basdığından yaşını kəsdirə bilmədiyim bu kişi sükanın çarxına sarı əyiləndən sonra sürəti artırdı. Maşın sanki quşdu, beton yolda uçurdu. Meşəliyi xatırladan neft buruqları, şəhər kənarının yaşıllığa bürünmüş evləri arxada qalırdı. Və öz həyatı, öz taleyi, öz səadəti olan bu evlər yadıma uşaqlığımı salırdı. Arabir gözlərimi yumanda isə sanki uzun illərin üstündən sıçrayıb, belə bir məhlədə, belə bir evdə keçən uşaqlığıma qayıdırdım. Qələbə gününün doğma may günəşi, mavi səma gözlərim önünə gəlirdi. Yadımdadır, məhz o gün, o Günəşə baxa-baxa mən qışqırdım:

-Dava qurtardı, müharibə bitdi!.. Mənim atam gələcək!.. Mənim atam gələcək...

...Burdan, maşının aynasından baxa-baxa mən o həyətdə özünə yer tapmayan, nə üçünsə darıxan yaşıl, miləmil kitelli, miləmil tumanlı beş yaşlı oğlanı-onun çöp kimi nazik əllərini, ayaqlarını gördüm...

Taksi qəfildən dayandı.

Sürücü ani olaraq mənə nəzər salandan sonra cibindən çıxartdığı siqaret qutusunu mənə sarı uzatdı.

-Çəkən deyiləm,-dedim.

O:

-Düz eləyirsən, çəkməli şey deyil,-dedi və qutudan götürdüyü siqareti barmaqları arasında ovxalayandan sonra damağına qoyub alışdırdı.

Qarşıdan elektrik qatarı nərildəyə-nərildəyə keçəndən sonra ağı qırmızısına, qırmızısı ağına qarışmış şlaqbaum ağır-ağır yuxarı qalxdı və bundan sonra siqaretini tüstülətməkdə olan sürücü yenə sürəti artırdı.

lll

...Günortadan sonra da mən əyilib həyətimizdə  yuvalarına yem daşıyan qarışqalara tamaşa eləyirdim. Addım səsinə çöndüm və qarşıda bir cüt iri, kirz çəkmə gördüm. Dərhal yerimdən dikəldim.

Qarşımda dayanmış hərbi libaslı kişinin sinəsindəki ordenlər, medallar qürub edən  may günəşinin işığında bərq vururdu.

O soruşdu:

-Balaca, Məmmədovların mənzili hansıdır?

Və onun iri əlləri mənim təzə qayçılanmış saçlarımda gəzdi.

Və indi, üstündən onilliklər keçəndən sonra mən o təması hiss eləyirəm.

O zaman isə...

Hə, o zaman mən çaşqın halda öz qapımızı nişan verdim və maraqla arxadan onu izlədim. İri çəkmələrinin ağac pilləkəndə çıxartdığı səs isə başıma düşdü.

Sanki donmuşdum və elə bil məni qapı zənginin çıxartdığı incə səs əritdi və dərhal özümü əsgərə çatdırıb qışqırdım:

-Atacan! Atacan! Bu mənəm də! Mənəm. Mən. Məmmədov Elçinəm, ata! Atacan!!!

Əsgər üzünü yana çevirdi. Elə bil gözlərini məndən gizləmək istəyirdi.

Səsə çıxan qonşular dinmədən, danışmadan bir-birinin üzünə baxırdılar.

Mən isə qışqırmağa başladım:

-Hardasan, ay ana, tez gəl! Atam gəlib! Gəl qapını aç!

Şübhəsiz ki, anam mənim səsimə gəldi və əlimdən tutandan sonra, əsgərə anlatdı ki, içəri keçsin.

Əsgər mənim üzümə baxmadan otağa girib ağır-ağır stulda əyləşəndən sonra yenə də əlləri ilə sifətini qapadı; başa düşə bilmirdim ki, o niyə sifətini məndən gizlədir?

Sonra nənəm qolumdan tutub məni bayıra çıxartdı və mən anladım ki, bu anamın tapşırığıdı. Onu da anladım ki, tapşırıq səbəbsiz deyil. Və elə bu duyğu da məni hönkür-hönkür ağlatdı.

Yadımdadır, nənəm bir cüt, bir də tək noğulla da məni ovuda, kiridə bilmədi, çünki artıq mən əmin idim ki, o əsgər mənim atam deyil.

Yuxudan qızdırma içində ayılanda isə nənəmi də, anamı da yanımda gördüm.

Anam alnıma yaş dəsmal qoymuşdu. Nə söylədiyim yadımda deyil, amma ağır eşidən nənəmin anamdan soruşduğu kəlməni xatırlayıram.

-Nə deyir?

Anam cavab verdi:

-Sayıqlayır.

Nənəm ucadan soruşdu:

-Ürəyin nə istəyir?

Verdiyim cavab  yadımda deyil, amma anamın dediyinə görə mən qar istəmişəm... Nənəm də deyib ki, yəqin yuxuda qar görüb.

-Yuxuda o gecə nə gördüyüm yadımda deyil, amma o yadımdadır ki, bərk üşüyürdüm.

-Mənə soyuqdu, ana,-dedim.

Və nənəm atamdan qalmış köhnə paltonu da üstümə atdı. 

lll

Solda maşınqayırma zavodunun uzun, alçaq korpusu göründü. Bir qədər yaxınlaşdıqdan sonra zavod idarəsinin şəbəkəli qapısı, bu zavodun məhsullarının alıcılarından xəbər verən dünya xəritəsi, "Slava truda!" ("Əməyə eşq olsun!") lozunqu diqqət çəkdi.

...Mən iş tapmaq ümidilə bu tikilinin qapısına ayaq basanda onaltı yaşına təzə keçmişdim.

Düz deyirlər, hər şey cəhddən və özünə inamdan başlayır; burda mən ixtisas qazandım, bu iş yerinin təyinatı ilə ali məktəbə girdim və mühəndis oldum.

Amma zavodda ilk iş günüm mənim üçün ona görə əlamətdardır ki, mən o axşam evə qayıdandan sonra yuyunub anamla süfrə arxasında oturanda və anam daha çox kerz çəkmələrilə yadımda qalan o əsgərin gətirdiyi bağlamanı ortaya qoyanda özümü kişi sandım.

Bağlamadan sənədlər, məktublar, foto-şəkillər, qol saatı və bir də üstü karandaşla, iri hərflərlə yazılmış karton parçası çıxdı. Bəzi sözlər solub silinsə də, mənə ünvanlanmış bu xırda naməni axıracan oxuya bildim.

"Əziz balam Elçin! Mən səni çox sevirəm. Sən mənim ümidim və gələcəyimsən!  Bizi müharibə ayırdı. Əgər həmişəlik ayıracaqsa, sənin keşiyində durana ləyaqətli ol. Ananı qoru. Mənim əziz oğlum, səni bərk-bərk öpürəm. Sənin atan Vahid".

...Müharibə bizi həmişəlik ayırdı.

Ola bilsin ki, o son anında məni xatırlayıb?!

Bəs mən?!

Mən hələ də onun necə bir ata olduğunu bilmirəm.

Atalıq adına yaddaşımda yalnız o naməlum əsgərin iri əlinin təması qalıb.

lll

Taksi binamıza yaxınlaşdı.

Mən sürücü ilə hesablaşandan sonra camadanımı və Vahidə aldığım sovqatı götürüb xoş anlar yaşaya-yaşaya binanın üçüncü qatına-pəncərəmizə baxdım! Pəncərəmizdəki işıq da mənə xoş anlar yaşatdı və addımlarımı yeyinlətdim və üçüncü mərtəbəyə birnəfəsə qalxdım. Amma qapımızın arxasında dayananda bir qədər gözlədim və tamam toxtayandan sonra barmağımı qapının zənginə basdım.

Cəftə cingildədi, qapı üzümə açıldı və mən dəhlizin gur işığında arvadımın şən simasını gördüm. O heyrət içində adımı dilinə gətirdi:

-Elçin?!

Elə həmin anda da yataq otağının qapısı açıldı və ordan çıxan Vahid qaça-qaça boynuma sarıldı.

-Atam gəldi! Atam gəldi!

Arvadım əli ilə onun ağzını qapamaq istədi, -səs salma, qonşular yatıb, -dedi, amma Vahid heç nəyi eyninə almadan eyni sözləri təkrar eləyirdi: "Atam gəldi!" "Mənim atam gəldi!"

 





03.05.2017    çap et  çap et