525.Az

Sərgi və muzey işçilərinin respublika müşavirəsi keçiriləcək


 

Sərgi və muzey işçilərinin respublika müşavirəsi keçiriləcək<b style="color:red"></b> Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" Sərəncamına əsasən 7 may 2013-cü il tarixində saat 12:00-da Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiya zalında "Heydər Əliyev və sənət müasirləri" adlı sərginin açılış mərasimi təşkil ediləcək.

525.az-ın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata əsasən, eyni zamanda "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizinə dair xüsusi tədbirlər planının icrası vəziyyətinin müzakirəsi məqsədilə muzey işçilərinin respublika müşavirəsi keçiriləcək.

Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən tədbirin açılışı ümummilli liderin Azərbaycan mədəniyyətinə göstərdiyi qayğını əks etdirən foto-şəkillərdən ibarət sərginin nümayiş edildiyi zalda keçiriləcək. Burada 70-dən artıq foto nümayiş olunur. Fotolarda Heydər Əliyevin iştirak etdiyi mədəni həyatımızla bağlı tədbirlərdən bir qismi nümayiş edilir - 1996-cı ildə Azərbaycanın Xalq rəssamı Maral Rəhmanzadənin 80 illiyi münasibətilə İncəsənət muzeyində təşkil edilmiş sərgi, 1995-ci ildə Arif Məlikovla görüş, Nikas Safronovun sərgisinin açılış mərasimi, Nəsiminin, Cəfər Cabbarlının, Nəriman Nərimanovun heykəllərinin açılışı, Nizami metrosunun açılışı zamanı Mikayıl Abdullayevin eskizləri əsasında hazırlanmış süjetlərdən ibarət divar bəzəkləri ilə tanışlıq, Şuşada Vaqifin barelyefinin təntənəli açılışı və s. təqdim edilir. Bu zalda eyni zamanda heykəltəraş, Azərbaycanın Xalq rəssamı Ömər Eldarovun ağ mərmərdən 2012-ci ildə hazırladığı "Heydər Əliyevin portreti" əsəri sərgilənir.

Sərginin davam etdiyi növbəti ekspozisiya salonlarında ulu öndərin müasirləri və onun xüsusilə önəm verdiyi rəssamlardan Tahir Salahovun çox canlı tərzdə yaratdığı "Heydər Əliyevin portreti" əsəri qonaqlara təqdim edilir. Əsərdə Heydər Əliyev obrazı çox real şəkildə kətan üzərində əbədiləşdirilib. Bundan sonra Səttar Bəhlulzadənin "Füzuli", "Xəzərdə axşam" və "Torpağın arzusu", Oqtay Sadıqzadənin "Akademik Zərifə Əliyevanın portreti", "Şairə Natəvanın portreti" və "Fidan Qasımovanın portreti", Elmira Şahtaxtinskayanın "Şah İsmayıl Xətai" və "Məhsəti Gəncəvi" plakat-portretləri, Mikayıl Abdullayevin "Fərhadın məşqi" və rəssamın dahi şair Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasına çəkdiyi "Ayrılıq", "Məcburi toy", "Sevgililər" illüstrasiyaları, Hüseyn Əliyevin "Dağ partlayışı" və "Azıx mağarası", Maral Rəhmanzadənin "Aşıq Pəri", "Xınalıq kəndi", Böyükağa Mirzəzadənin "Lətif Kərimovun portreti" və "Şəmsi Bədəlbəylinin portreti", Tağı Tağıyevin "Bakı kontrastları", Xalidə Səfərovanın "Süsənlər" və "Novruz", Nadir Əbdürrəhmanovun "Sevimli naxışlar", Toğrul Nərimanbəyovun "Göyçay bağlarında", Elbəy Rzaquliyevin "Bakı. Xan Sarayı", Baba Əliyevin "Qız şərbət ilə", Rasim Babayevin "Püstə ağacı", heykəltəraş Ömər Eldarovun "Səttar Bəhlulzadə" əsərləri nümayiş olunur.

Bu əsərlər ümummilli liderin uzun illər boyu ünsiyyətdə olduğu sənət adamlarının yaradıcılığında önəmli yer tutur. Heydər Əliyev bu əsərlərin bir çoxu ilə bilavasitə tanış olmuş, onların yaradılması prosesində öz tövsiyələrini vermişdir. Onlar üslub baxımından boyakarlıq, qrafika və heykəltəraşlıq əsərləridir, hamısı Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından seçilmişlər. Bu əsərlərin sırasında portret, natürmort, mənzərə janrlarını seyr etmək olar. Təqdim edilən əsərlər sənətkarların yaradıcılığının müxtəlif dövrlərini səciyyələndirir.

Bütün media nümayəndələri tədbirə dəvətlidir!
 





03.05.2013    çap et  çap et