525.Az

“Mətbuatın cəlbedici başlıq ehtiyacı var”


 

“Mətbuatın cəlbedici başlıq ehtiyacı var”<b style="color:red"></b> “Bütün cəmiyyətlərdə jurnalist giley, qınaq obyektidir. Cəmiyyət hər zaman jurnalistin fəaliyyətindən razı qalmır. Müstəqil Azərbaycanda yeni formalaşan jurnalistika özünün yeni ənənələrini yaratmaqla məşğuldur. Jurnalistikanın yaranma tarixi 140 il əvvələ hesablansa da, keyfiyyət baxımından bu sənətin yeni mərhələsi müstəqillik illərindən sonra başlayıb”.
 
APA-nın xəbərinə görə, bunu Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu “Travma hadisələrinin işıqlandırılmasında beynəlxalq təcrübə” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, jurnalistika bütün romantikasına, şöhrətinə baxmayaraq, ağır, mənəvi investisiya, kompensasiya tələb edən peşədir. Burada insanlar üçün ciddi risklərin olduğunu deyən baş direktor “Nədən yazmağımızdan, danışmağımızdan, yaymağımızdan asılı olmayaraq gördüklərimizin hamısı heç vaxt silinməyəcək izlər qoyur. Bu da ömrümüzün, karyeramızın sonuna yaxınlaşdıqca ağır yükə çevrilib həyatımızı çətinləşdirməyə, hətta ən pis vəziyyətdə idarə etməyə başlayır. Sahəsindən asılı olmayaraq, bütün jurnalistlərin həyatında bu təcrübə var və travma riskini yaşayır. Ağır travmalı insanla müsahibə götürmək dünyanın ən sərt siyasətçisi ilə işləməkdən  daha çətindir. Jurnalist travma qurbanının yanında dinləyəndir. Çünki qurban üçün həmin zaman ən əsas məsələ kimsə tərəfindən dinlənilməsidir. Jurnalist psixoloq deyil, amma biz məsuliyyəti anlayacaq qədər vicdanlı olmalıyıq. Hesab edirəm ki, travma hadisəsinin ikinci ağır tərəfi jurnalistika ilə məşğul olanların özlərinin travma alması təhlükəsidir. Travma qurbanları ilə işləyən jurnalistə redaksiya daxilində, kollektivdə xüsusi yanaşma olmalıdır”, - deyə bildirib.
 
Lent.az-ın baş direktoru bəzi mətbuat orqanlarında travma xəbərlərinin xüsusi formada verilməsi haqda da danışıb. Başlığın xəbəri oxucuya satmaq funksiyası daşıdığını deyən Q.Abbasoğlu vurğulayıb ki, bu səbəbdən də hələ ki, Azərbaycan mətbuatının cəlbedici başlıq taktikasına ehtiyacı var: “Ölkədə xəbər oxunma səviyyəsi, əhatəsi arzu olunan vəziyyətdə deyil. İnternet media yaranandan sonra xəbərə daha tez çatmaq imkanı yaranıb. Xəbəri oxucuya çatdırmağın müxtəlif formalarını tapmağa çalışırıq. Öhdəliklərimizi qəbul etdiyimiz kimi, hüququmuzu da tanıyırıq - bizim xəbərimizi yaxşı qablaşdırıb oxucuya çatdırmaq hüququmuz var. Amma medianın cəlbedici başlıq hazırlamaq hüququ var deyə bu ona imkanı vermir ki, hansısa travma qurbanı olan şəxsə və ya hadisəyə qarşı bundan istifadə etsin.
 
Məsələ ondadır ki, zorakılıq hadisəsini yayırıq sonra onun necə baş verməsini araşdırırıq. Amma bunu necə yaymağı da düşünməliyik. Travmanın detallarını o şəkildə vermək travma qurbanına, jurnalistə və cəmiyyətə nə verəcək? İlk növbədə, bu, qurbanı incidir, jurnalistə və cəmiyyətə isə heç nə vermir. Amma bunun tərəfdarları da var. Onlar hesab edir ki,  təfərrüatların verilməsi polisə hadisəni açmaqda kömək edər. Jurnalistin belə bir öhdəliyi yoxdur. Həmin situasiyada təfərrüatları jurnalist kimi polisin də bilməsi realdır. 100-dən 1 hadisə ola bilər ki, bu barədə yalnız jurnalist xəbəri olsun”.
 





04.05.2017    çap et  çap et