525.Az

Bakıda kitab bayramı keçirildi (Fotolar)


 

Bakıda kitab bayramı keçirildi <b style="color:red">(Fotolar)</b>

Bu gün Azərbaycan Dövlət Filarmoniyasının bağında Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr etdiyi kitab sərgi–yarmarkası keçirilib.

525.az-ın məlumatına görə, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin 50-dən çox tanınmış nəşriyyatı, kitab evləri və yayım assosiasiyalarının 9 min adda 40 min nüsxədən çox kitabı sərgilənib. Sərgi-yarmarkanın açılışının rəsmi hissəsində Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev kitaba olan marağın ildən-ilə artmasının nəşriyyatların işlərinin düzgün qurulmasıyla əlaqələndirib. O, kitabçılıq işində Heydər Əliyevin rolunun danılmaz olduğunu söyləyib. V.Əliyev əlavə edib ki, H.Əliyevin prezidentliyi dövründə dünyanın tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə Azərbaycanda ədəbiyyat günləri keçirilib, kitab evləri, kitabxanlar açılıb.

Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev isə Heydər Əliyevin ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınmasını və artıq öz sağlığında tarixə düşən nəhəng şəxsiyyət olduğunu qeyd edib.

Daha sonra yazıçı Aqil Abbas keçirilən kitab bayramının vacibliyini qeyd edərək əlavə edib ki, bu təşəbbüslər kitabın və ədəbiyyatın Azərbaycandakı təbliğatını formalaşdırır və oxucuların, əsasən də gənclərin kitaba marağını artırır; “Amma yaxşı olar ki, elə tədbirlər rayonlarımızda da keçirilisin Bununla bağlı biz layihə hazırlamışıq və nazirlik də artıq buna imza atıb”.

“525-ci qəzet”in baş redaktoru, yazıçı Rəşad Məcid Azərbaycanda kitabçılıq işinin inkişafında həm dövlət, həm də özəl qurumların payının olduğunu söyləyib. Bu il ölkədə keçiriləcək III Beynəlxalq Kitab Sərgisinin artıq bir ənənəyə çevrildiyini deyən R. Məcid Mədəniyyət Və Turizm Nazirliyinin bu sahədə gördüyü işləri təqdirəlayiq adlandırıb. “Eyni zamanda nazirilyin və AYB-nin müxtəlif yazıçıların yubileylərini, kitab təqdimatlarını keçirtməsi də kitaba olan marağın artırılmasına xidmət edir. Artıq ölkədə keçirilən kitab bayramlarına yeni yaranan Naşirlər və Poliqrafçılar İctimai Birliyi qoşulacaq”.

Sərgi zamanı millət vəkili, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun «Heydər Əliyev ideyalarının zəfər yürüşü» (Azərbaycan və rus dillərində) və yazıçı-dramaturq Hüseynbala Mirələmovun «Zərifə Əliyeva» (Azərbaycan, ingilis, rus və Ukrayna dillərində) kitablarının təqdimatı olub. Yaqub Mahmudov kitabın nəşrində dəstək olan “Təhsil” Nəşriyyatının rəhbərinə təşəkkür edib. Şair Ənvər Əhməd isə Zərifə Əliyeva haqqında xatirələrindən danışıb.

Son sözü “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-nin baş direktoru Bəhruz Axundov deyib.O, Naşirlər və Poliqrafçılar İctimai Birliyinin  təşkil etdiyi, nəşriyyatlar arasında keçirilən Birinci Ümumrespublika «Kitab sənəti» müsabiqəsinin qaliblərini mükafatlandırıb. “Kitabın məzmunu əsas olsa da, poliqrafik keyfiyyətlərinə və tərtibatına görə seçilən kitabları mükafatlandırmaq istədik. Amma çox təəssüf ki, qran-pri mükafatı öz sahibinə qovuşa bilmədi. Çünki mütəxəssislərimiz bu mükafata layiq kitab tapa bilmədilər. Ancaq Azərbaycanda son dövrdə nəşriyyat və poliqrafiya işləri çox inkişaf edib. Hazırda nəşriyyatlarımız dünya poliqrafiyasında uğurlar qazanır”.

Beləliklə, “Bakı haqqında 20 etüd” (“Şərq-Qərb”) nəşri müsabiqədə birinci yeri tutub. Bəhruz Axundov “Mən niyə naşir olmaq istəyirəm?” inşasının qaliblərini də elan edib, onlara mükafat və diplomlar təqdim edilib

Sərgi-yarmarka keçirilən ərazidə Bakı Şəhəri Musiqi və İncəsənət Məktəbləri şagirdlərinin ifasında konsert proqramı təqdim olunub,

Kitab bayramına oxucularla yanaşı yazıçılar, şairlər, kitab müəllifləri də qatılıblar. Gün ərzində Sabir Rüstəmxanlının, Aqil Abbasın, Rəşad Məcidin, Niyazi Mehdinin, Çingiz Abdullayevin və digər yazıçıların oxucularla görüşü təşkil olunub.

PƏRVİZ

 





04.05.2013    çap et  çap et