525.Az

Unudulmaz Gəray Fəzli: insan, döyüşçü və şair taleyi


 

Unudulmaz Gəray Fəzli: <b style="color:red">insan, döyüşçü və şair taleyi </b>

O, bütün ili sanki bir günün həsrəti ilə yaşayırdı, mayın 9-u, qələbə günü ilə.

Təqvimdə həmin gün çatanda onun üzündə kədərlə sevinc, göz yaşı ilə təbəssüm bir-birini əvəz edərdi. Sevinc-qələbə sevinci idi. Kədər - müharibədə qoyub gəldiyi dostlarının, itirdiyi səsinin kədəri idi. O, yeniyetmə ikən, hələ yaşı çatmamasına baxmayaraq, könüllü olaraq cəbhəyə yollanmış, müharibə dəhşətlərini öz gözlərilə görmüş, səs tellərinə dəyən düşmən gülləsindən səsini itirmişdi.

Düşmən yanılmışdı, gülləsi hədəfə dəyməmişdi. Gəray yalnız səsini itirdi. Səsini itirsə də, cəbhədə qazandıqları daha çox oldu: iradə, dözüm, mərdlik, kamillik, ləyaqət, mübarizlik və ən əsas qələbə və qələm!

Gəray Fəzlinin müharibə illərindən dolğun  romanlar yazan yazıçı qələmi, nəğmələrə çevrilən, lirik şeirlər qoşan şair qələmi, heyranedici publisist qələmi müharibə illərindən bəhs edən "Kəhrəba işığında", "Yeddi ulduzlu səma", "Gecə günəşi", "Bir qəlbin asimanı" romanlarını və xeyli cəbhə şeirlərini yazdı. Bütün bu əsərləri oxuduqca başa düşürsən ki, biz bu günümüz üçün onlara, ölümlə üz-üzə gələnlərə, əbədiyyətə  qovuşan hər bir əsgərə, bədənində qəlpələr gəzdirənlərə, həmin bahar günü ilə bizə azadlıq müjdəsi gətirənlərə borcluyuq.

Bir göz baxdı pəncərəmdən,
Dedim: - Kimsən?
Dedi: - Mənəm
Dedi cəbhə yollarında
Çantadakı son tikənəm
Dostlarımla bölüşməli
Bir meh əsdi Ağdarədən:
Dedim: - Kimsən?
Dedi: - Mənəm!
Bir vaxt sənin cəbhə dostun,
İndi isə... sevincinəm,
Gülüşünəm, qəh-qəhənəm.

Gənclik dostları deyirdi ki, Gərayın gözəl səsi var imiş, hətta gözəl oxuyurmuş da. Bu haqda söz düşəndə, deyərdi ki, ürəyimdəkiləri Rübabə xanım, Hüseynağa oxuyur. "Ay günahsız əzizim", "Sən olmuşam" və neçə-neçə belə həzin mahnılar.

Düşmən doğrudan da yanılmışdı. Gərayın səsi efirdə gedən verilişlərində idi. Televiziya və radioda səslənən, Gəray Fəzli imzası ilə gedən hər bir veriliş həmişə gur səslənirdi, əks-səda tapırdı, təkrar-təkrar ekranda yer alırdı.

Gəray Fəzlinin "Yazıçı xəyalı, oxucu həqiqəti" adlı yazısını gözdən keçirirəm: "Mən öz tərcümeyi -halıma borcluyam. Bunu deyərkən 1941-45-ci illərə təsadüf edən ən romantik, ən coşqun və eyni zamanda ən yetkin dövrü nəzərdə tuturam... Müharibə deyilən o mənhus tufanın qısa müddətə mənə bəxş etdiyi çox qiymətli keyfiyyətləri nəzərdə tuturam. Doğrudur, böyük qələbənin qazanılmasında mənim kiçik də olsa payım var, ancaq mənim vətəndaş kimi, bir qələm əhli kimi yetişməyimdə həmin qələbənin xidmətləri misilsizdir. Tərcümeyi-halımın "çılpaq faktlar okeanında" rast gəldiyim hər şey xalqımın, Vətənimin, dünyanın taleyi ilə bağlı olduğu üçün mən özümü necə də xoşbəxt hiss edirəm".

Atası sürgün olunduqdan sonra bəy oğlu olan kiçik yaşlı Gəray uşaq evində böyüdü, təhsil aldı, müharibəyə getdi, yaralandı, səsini itirdi, bədənində qəlpə gəzdirdi, qələmə söz verdi, cəbhəçi-yazıçı adını qazandı. Çox nadir bir miras qoyub getdi-cəbhənin odundan-alovundan çıxmış bir miras.

Mən səngərdə öyrənmişəm
Dost yolunda candan keçmək,
El yolunda ölmək nədir.
Düşünürəm cəbhə yolum,
səngər ömrüm
hələ tamam oxunmamış
salnamədir.


O, bu salnamədən hər il mayın 9-da səhifələr açar, həmin gün onun başına yığışan ailə üzvlərinə, dostlarına xatirələr söyləyərdi. Gəray Fəzli  ad gününü keçirməzdi. Deyirdi ki, müharibədən qayıdanların doğum günü Qələbə günüdür. Ona görə də onu sevənlər, dostları, yoldaşları, yaxınları məhz həmin gün onun başına toplaşardılar. Təbriklər, hədiyyələr, xatirələr... Nəvələrindən birini də ona Tanrı məhz mayın 9-da qələbə günü  bəxş etmişdi. Bu da qəribə bir rəmz idi onun üçün. Qələbə günü onsuz da yaraşıqlı xarici görünüşə malik olan Gəray daha şux görünür, qürurla gəzərdi. Hərdən də gözlərində sevinc yaşları parlayırdı.

Gəray ürəyində dəhşətli bir nisgillə getdi dünyadan. Axı, Şuşanın işğalı xəbəri ona məhz mayın 9-da çatmışdı. Onun Qələbə gününə kölgə salmışdı, ona arxadan zərbə vurulmuşdu. Bu xəbəri eşidib, eyvana çıxdı, eyvanından bir parça dəniz görünürdü. Gözünü dikdi bu bir parça dənizə, baxdı, baxdı... Nələr keçdi ürəyindən? Dənizə dərdini pıçıldadı, göz yaşını Xəzərin sularına göndərdi. Həmin axşamı sükutla keçirdi.

Yalnız səhər cəbhə şeirlərindən bu misraları astadan dedi:

Göynədibdir köhnə yaram
sübhə qədər
Dolaşdıqca bədənimdə od qəlpələr.
Amma hamımız inanırıq ki,
Üfüqləri çiçək-çiçək
Çiçəkləri ləçək-ləçək
Bir bağım var,
Məşəl yanır dövrəsində
May gələndə kövrəkləşən
Buludları seyrəkləşən
Bir dağım var
Məşəl yanır zirvəsində.

Bu məşəl mütləq Şuşa dağlarının zirvəsində yanacaq. Unudulmaz şairimizin ruhu da onda rahat olacaq və

İstər al qumaşa tutalar məni
İstər yanar oda atalar məni
Səsləyə dənizlər, adalar məni
Sənsən son mənzilim, axır ünvanım
Azərbaycanım! Azərbaycanım!

- deyən Gəray Fəzli Vətən torpağında rahat yatacaq.
Sevgisiz yaşamaq olmur...

Şəfəq ƏLİBƏYLİ

 





05.05.2017    çap et  çap et