525.Az

BSU-da Hüseynbala Mirələmovun “Heydər Əliyev” kitabı türk dilində təqdim olundu


 

BSU-da Hüseynbala Mirələmovun “Heydər Əliyev” kitabı türk dilində təqdim olundu<b style="color:red"></b>

Bakı  Slavyan Universitetində AMEA-nın Humanitar və İctimai elmlər bölməsi və BSU-nun təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda IV Beynəlxalq Elmi Konfrans keçirilib.
 
Konfrans çərçivəsində müxtəlif ustad dərsləri və kitab təqdimatları da təşkil olunub.

Mayın 3-də Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı“ seriyasından “Heydər Əliyev“ kitabının türk yazarı  Yasemin Bayer tərəfindən türk dilinə tərcüməsinin təqdimat mərasimi keçirildi. Tədbirdə BSU-nun professor-muəllim heyəti, xarici ölkərlərdən konfransda gələn qonaqlar, millət vəkilləri və ziyalılar iştirak edirdilər. Təqdimat mərasimini giriş sözü ilə açan BSU-nun jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri dosent Etibar Babayev ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı çox əsərlərin yazıldığını, müxtəlif dillərə tərcümə olunduğunu bildirdi: “Bu qiymətli kitabların sırasında müəllifləri millət vəkilimiz Hüseynbala Mirələmov və Viktor Andriyanov olan və 2005-ci ildə işıq üzü görən, dünyanın müxtəlif dillərində tərcümə və nəşr edilən, ulu öndərin həyatı və fəaliyyətindən bəhs edən  “Heydər Əliyev” kitabıdır. Bu kitab vasitəsilə dünyanın bir çox ölkələrində görkəmli şəxsiyyətin həyatı və yaradıcılığı barədə oxucular geniş məlumat alıblar”. E.Babayev ədəbiyyatımızla sıx bağlı olan, bir çox Azərbaycan yazıçısının əsərini türkdilli oxucu ilə tanış edən Yasemin Bayerin BSU ilə ciddi əməkdaşlıq etdiyini də bildirdi.

Yasemin Bayer bir çox Azərbaycan dilli əsərləri türk dilinə tərcümə etdiyini və bu kitabların hər birindən Azərbaycan insanının həyatını, duyğularını və düşüncələrini, həyat tərzini öyrəndiyini bildirdi. “Heydər Əliyev kitabını türkiyə türkcəsinə tərcümə edərkən, daha fərqli məlumatlara sahib oldum. Çünki bu kitabda “Lider necə olur?”, “Lider necə olmalıdır?”, “Kimə lider deyilir?” suallarına cavab tapmaqdan əlavə, Azərbaycanı həm siyasi, həm duyğusal baxımdan kəşf etdim. Heydər Əliyevin bu dövləti qurarkən sevincini, kədərini, yaşadığı çətinlikləri, keçdiyi əziyyətli yolu birbaşa onun dilindən öyrənmiş oldum. Bir millətin, böyük bir liderə sahib olması böyük xoşbəxtlikdir. Təbii ki, bu liderin ölkəsini, millətini sevməsi, lazım olarsa milləti üçün canını fəda etməyə hazır olması onun nə qədər önəmli olduğunu göstərir. Bütün bu xüsusiyyətləri Heydər Əliyevin simasında görürük”. “Heydər Əliyevin türk dünyası üçün önəmli bir lider olduğunu onun apardığı siyasətdən, “Bir millət, iki dövlət” ifadəsindən də aydın görmək olar” – deyən Y.Bayer bu kitabı tərcümə etdiyindən qürur duyduğunu  bildirdi.

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. Kamal Abdulla bu gözəl kitabı böyük məhəbbətlə öz nəşriyyatında çap etdiyinə görə  Yasemin xanıma dərin təşəkkürünü bildirdi. “Bu görüşün olduqca tərbiyəvi əhəmiyyəti var. Çünki zaman da, təcrübə də, həyat da göstərir ki, biz əslində Heydər Əliyevdən zaman baxımından uzaqlaşdıqca, mənən ona yaxınlaşırıq. Bu gün ulu öndərimizin Azərbaycan üçün etdiklərini daha aydın, daha dərindən dərk edirik”. Heydər Əliyevin siyasi həyatının qələmə alındığı bu kitabda, eyni zamanda onun şəxsi həyatının da çox qiymətli anlarının təsvir olunduğunu bildirən rektor BSU-nun qurulması, yaşaması, Azərbaycan təhsilində, bütövlükdə Azərbaycan siyasətində özünəməxsus yeri olmasında H.Əliyevin böyük xidməti olduğunu da vurğuladı. Bu kitabın hər zaman aktual olduğunu dilə gətirən K.Abdullayev müəllif və tərcüməçiyə dərin təşəkkürünü bildirdi.

Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxış edərək bildirdilər ki, yüz il sonra da heç bir başqa əsəri oxumadan, təkcə H.Mirələmovun qələmə aldığı “Heydər Əliyev” kitabını oxumaqla, müstəqil Azərbaycanın memarı və qurucusu olan bu dahinin şəxsiyyəti, siyasi fəaliyyəti, vətənsevərliyi, qətiyyəti, müdrikliyi və xalqının xilaskarlıq missiyası haqqında müstəqil və zəngin məlumat almaq olar.

Kitabın müəllifi millət vəkili Hüseynbala Mirələmov “Heydər Əliyev”  kitabının artıq 23 dildə çap olunduğunu bildirdi. “Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub” – deyə H.Mirələmov Yasemin Bayerə təşəkkürünü bildirdi.

 





06.05.2013    çap et  çap et