525.Az

Pedaqoji Universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən islahatlar


 

Pedaqoji Universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən islahatlar <b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tədris-yardımçı heyətin - tədris laboratoriya müdirlərinin, tyutorların, laborantların, baş laborantların, tədris ustalarının, operatorların və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının bilik və peşəkarlıq səviyyəsinin yoxlanılmasına başlanılıb.

Məqsəd onların peşəkarlıq səviyyəsinin müəyyən edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsidir.

UNİVERSİTETİN TƏDRİS-YARDIMÇI HEYƏTİ SINAQ QARŞISINDA 

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli deyir ki, kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqə ilə yanaşı, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə İnsan resursları şöbəsi tərəfindən universitetdə tədris-yardımçı heyətinin bilik və peşəkarlıq səviyyəsinin yoxlanılmasına start verilib. Yoxlamaya ümumilikdə 247 nəfər cəlb edilib. Yoxlama iki mərhələdə aparılıb. Birinci mərhələdə hər bir qrupun 14 nəfərdən ibarət olan tədris-yardımçı heyətin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində bilik və bacarıqları yoxlanılıb. Yoxlamanın ikinci mərhələsi isə yazılı şəkildə aparılıb: “Mayın 3-də keçirilən yazılı mərhələdə tədris-yardımçı heyətin ümumi elmi-nəzəri səviyyəsi, ixtisas bilikləri, eyni zamanda qanunvericiliklə bağlı bilikləri, məntiqləri, dünyagörüşləri ölkənin tanınmış və nüfuzlu mütəxəssislərin iştirakı ilə yoxlanılıb. C.Cəfərov yoxlama prosesinin gedişini izləyib. Obyektiv və şəffaf keçirilən yoxlama prosesinin nəticələrindən asılı olaraq hər bir işçi barədə fərdi qaydada müvafiq qərar qəbul edilib”. 

PROFESSOR-MÜƏLLİM HEYƏTİNİN BİLİK, BACARIQ VƏ PEŞƏKARLIĞI MÜƏYYƏN EDİLİR

M.İbrahimli əlavə edib ki, ADPU kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçiriləcək müsabiqənin birinci mərhələsi-sənəd qəbulu mərhələsi başa çatıb. Aprelin 20-də isə professor-müəllim heyətinin müsabiqəsinin ikinci mərhələsi başlayıb. Bu mərhələdə professor-müəllim heyətinin bilik, bacarıq və peşəkarlıq səviyyəsi müəyyən edilir: “Alternativ əsaslarla keçiriləcək müsabiqənin məqsədi Azərbaycan Dövlət Pedaqoji Universitetində tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, dərin elmi biliyə, kreativ düşüncəyə, zəngin erudisiyaya, ətraflı dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir”. 

114 YER UĞRUNDA MÜBARİZƏ 

M.İbrahimlinin sözlərinə görə, müsabiqəyə çıxarılan 114 vakant yerə 500 nəfər sənəd verib. Müsabiqəyə ADPU-dan 350 nəfər, kənardan isə 150 nəfər sənəd verib. Sənəd verənlərin 230 nəfərinin elmi dərəcəsi var. Universitetin Filologiya fakültəsində 8 kafedra, 16 fənn, 21 yer üzrə 100 nəfərin sənədi qəbul edilib, onlardan 35-nin elmi dərəcəsi var. Riyaziyyat və informatika fakültəsində 4 kafedra, 8 fənn, 10 yer üzrə 44 nəfərin sənədi qəbul edilib, onlardan 23-nün elmi dərəcəsi var. Fizika və texnologiya fakültəsində 3 kafedra, 8 fənn, 9 yer üzrə 49 nəfərin sənədi qəbul edilib, onlardan 17-nin elmi dərəcəsi var. Kimya və biologiya fakültəsində 8 kafedra, 16 fənn, 20 yer üzrə 72 nəfərin sənədi qəbul edilib, onlardan 38-nin elmi dərəcəsi var. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədər hazırlıq fakültəsində 3 kafedra, 12 fənn, 16 yer üzrə 77 nəfərin sənədi qəbul edilib, onlardan 22-nin elmi dərəcəsi var. Tarix və coğrafiya fakültəsində 7 kafedra, 11 fənn, 18 yer üzrə 83 nəfərin sənədi qəbul edilib, onlardan 45-nin elmi dərəcəsi var. İbtidai təhsil fakültəsində 2 kafedra, 5 fənn, 5 yer üzrə 24 nəfərin sənədi qəbul edilib, onlardan 10-nun elmi dərəcəsi var. Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində 4 kafedra, 11 fənn, 5 yer üzrə 51 nəfərin sənədi qəbul edilib, onlardan 13-nün elmi dərəcəsi var. “Psixologiyanın əsasları” və “Psixologiya” fənni üzrə 2 yerə 3 nəfərin sənədi qəbul edilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov müsabiqənin şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir. 

BEŞ İLLİK MÜQAVİLƏ 

M.İbrahimli bildirib ki, müsabiqənin keçirilmə qaydalarına və şərtlərinə uyğun olaraq, ADPU-nun Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin ümumi nəzarəti ilə açıq dərslər keçirilir. Keçirilən açıq dərsləri fakültələrin tədris-metodika şuralarında alim-mütəxəssislər qiymətləndirir, sonra bu qiymətləndirmələr kafedralarda müzakirə olunur və müvafiq qərarlar qəbul edilir. Növbəti mərhələdə fakültə Elmi Şurası kafedraların qərarına münasibət bildirərək qalibləri müəyyən edir və Rektorluq qarşısında qalib gələn şəxslərlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsinin bağlanılması barədə vəsatət qaldırır. Əgər mübahisəli vəziyyət yaranarsa, rektor tərəfindən bu mübahisənin araşdırılması üçün komissiya yaradılır. Narazılıq öz təsdiqini taparsa, məsələ universitetin Elmi Şurasının müzakirəsinə çıxarılır və Elmi Şura son qərarı verir. Elmi Şuranın qərarı ilə qalib gələn şəxslərlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsi imzalanır. Müsabiqənin may ayının sonlarında başa çatdırılması nəzərdə tutulur. 

ŞƏFFAF VƏ OBYEKTİVLİYƏ NƏZARƏT 

M.İbrahimlinin sözlərinə görə, kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün müsabiqə və universitetdə tədris-yardımçı heyətinin bilik, peşəkarlıq səviyyəsinin yoxlanılması prosesi tam şəffaf və obyektiv keçirilir. ADPU-nun rektoru, professor Cəfər Cəfərov müsabiqə və yoxlamanın şəffaf, obyektiv keçirilməsinə ciddi şəkildə nəzarət edir. Rektor çalışır ki, öyrətmək qabiliyyəti, müəllimliyə haqqı olanlar seçilsin.

UNİVERSİTETDƏ YENİ İDEYALARIN TƏTBİQİ 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, hazırda Azərbaycanda təhsilin yeni keyfiyyət mərhələsinə keçidi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bununla bağlı görülən işlər, demək olar ki, təhsilin bütün pillələrini əhatə etməkdədir. Bu islahatların ana xəttində isə ölkəmizin təhsil sisteminin və infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması dayanır. Elə bu səbəbdəndir ki, təhsil sistemində şəffaflığın təmin edilməsi, yeni yanaşmaların tətbiqi, müasir idarəetmə modelinə keçilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzindədir. Təbii ki, nəzərdə tutulan məqsədlərə nail olunması üçün təhsilin bütün pillələrinin, o cümlədən ali təhsil sisteminin yeni yanaşmalara açıq olması vacib sayılır.

Ş.Əsgərovun sözlərinə görə, ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən yeniliklər edilir: “Son vaxtlar Pedaqoji Universitetdə yeni yanaşmalar, mütərəqqi ideyalar tətbiq olunur. Universitet rəhbərliyi çalışırlar ki, idarə etdikləri təhsil müəssisələrində daha çevik, daha şəffaf şəbəkə yaratsın. Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov da novator, yeniliyi sevən biridir. Müşahidələrim əsasında deyə bilərəm ki, o, Pedaqoji Universitetə rektor təyin olunduqdan sonra bir sıra uğurlu islahatlara imza atıb. Professor-müəllim heyətinin müsabiqə yolu ilə seçilməsi, tədris-yardımçı heyətinin bilik və peşəkarlıq səviyyəsinin yoxlanılması da həmin islahatların tərkib hissəsidir. Bu ancaq təhsil sahəsində keyfiyyəti artıra bilər. Çünki heç kimə sirr deyil ki, bu gün təhsil sahəsində kifayət qədər təsadüfi insanlar var. Onlar arasında saxta ali təhsil sənədi olanlar da, saxta alimlik dərəcəsinə yiyələnənlər də az deyil. Bu insanlar həm orta, həm də ali məktəblərdə fəaliyyət göstərirlər. Nəticədə isə təhsilin keyfiyyəti aşağı düşür. Təbii ki, belə insanların təhsil sektorundan təmizlənməsi vacibdir. Yəni, ali məktəblərdə bilikli, vicdanlı insanlar dərs deməlidirlər ki, onların yetişdirdikləri kadrlar da bilikli və vicdanlı olsunlar”. 

YAXŞINI PİSDƏN, DÜZÜ ƏYRİDƏN AYIRMAQ 

Professor vurğulayıb ki, ali təhsildə keyfiyyəti qaldırmaq üçün bu, zəruri addımdır: “Ölkədə çoxlu saxta diplomlu müəllimlər, alimlər var. Biləni bilməzdən, yaxşını pisdən, düzü əyridən ayırmaq üçün bu, mümkün yollardan biridir. Bu yolla saxtakarları ali məktəbdən kənarlaşdırmaq olar. ADPU-da professor-müəllim heyətinin müsabiqədən keçirilməsini təbii ki, alqışlayıram. Hazırda universitetdə ciddi reformalar gedir. Həm idarəetmədə, həm müasir texnologiyaların təminatında və digər istiqamətlərdə bunu görmək olar. Müsabiqələr hər zaman keçirilməlidir. Özünü doğruldan müəllim daha yüksək mövqedə olmalıdır. Bu, idarəetmədə də belə olmalıdır. Ümumilikdə, professor-müəllim heyətinin müsabiqədən keçirilməsi çox müsbət addımdır. Tədris-yardımçı heyətinin bilik və peşəkarlıq səviyyəsinin yoxlanılmasını da vacib hesab edirəm”. 

TƏDRİS PROSESİ YENİLƏNİR 

Təhsil Şurasının sədri, Əməkdar müəllim, professor Əjdər Ağayev bildirib ki, ali məktəblərdə kadrların seçki yolu seçilməsi çox müsbət addımdır: “ADPU-nun rektoru Cəfər Cəfərov tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirir. Bu həm kadrların keyfiyyətli seçimində, həm də təşkilati işlərdə özünü göstərir. Ümumiyyətlə, professor-müəllim heyəti müsabiqəsində iştirak edənlərin sayı çoxdur. Çünki vaxtlı- vaxtında bu müsabiqə keçirilməyib. İndi tədris prosesləri yenilənir. Bu gün müsabiqədə iştirak edənlər gərək müasir texnologiyalara bələd olsunlar. Müsabiqənin keçirilmə qaydalarına və şərtlərinə uyğun olaraq keçirilən açıq dərslər tələbəylə əməkdaşlığa imkan verir. Lakin bir şərt var ki, açıq dərsdə müəllimin pedaqoji səviyyəsi olsun. Ənənəvi qaydada dərsini deməlidir. Digər önəmli fakt isə odur ki, qiymət verənlər də sırf mütəxəssislər olmalıdır, pedaqoji fəaliyyətlə məşğul olmalıdır. Ümumilikdə, bu müsabiqənin kadr keyfiyyətinin yüksəlməsində böyük rolu var. Tədris-yardımçı heyətinin bilik və peşəkarlıq səviyyəsinin yoxlanılmasını da mütərəqqi addım hesab edirəm”. Ə.Ağayev əlavə edib ki, ali məktəb həm də elmi-tədqiqat mərkəzidir. O müəllimin elmi məqalələri, konfranslarda çıxışları, metodik tövsiyələri, dərslikləri və sairə üstünlük verilməlidir.

S.QARAYEVA

 





06.05.2017    çap et  çap et