525.Az

Yuxusuzluq (hekayə)


 

Yuxusuzluq <b style="color:red">(hekayə)</b>

Salman kişi iki həftəydi yata bilmirdi.

Hər gecə ədəb-ərkanla soyunub yerinə girirdi, əvvəl arvadını yuxuya verirdi, sonra tövlədəki qoyun-quzunun səsinə, damdakı qara köpəyin fısıltısına qulaq asırdı, bir azdan o səs-hənirti də kəsilirdi. Onda Salman kişi darıxırdı, elə darıxırdı ki, burnunun ucunda vızıldayan ağcaqanadı vurmağa da əli qalxmırdı, çünki o ağcaqanad hər gecə beləcə vızıldaya-vızıldaya Salman kişini səhərə çıxarırdı, doğrudan da o ağcaqanad kiriyən kimi Salman kişi üzünü pəncərəyə sarı çevirib görürdü ki, hava işıqlanır.

Bu gecə qara köpəyin fısıltısı nəsə heç kəsənə oxşamırdı. Salman kişi astaca yerindən qalxıb həyətə düşdü.

Bu azara tutulandan Salman kişinin gecə vaxtı həyətə düşdüyü birinci kərə deyildi. Hərdən Salman kişi elə yerinin içindəcə öz yuxusuz canından o qədər bezirdi ki, az qalırdı ürəyi partlasın. Onda həyətə düşürdü, səhərdən gizlətdiyi sümüyü çıxarıb qara köpəyin qabağına atırdı, qara köpək o sümüyü ləzzətlə gəmirə-gəmirə yiyəsinə baxanda Salman kişi qara köpəyin dipdiri açılan gözlərindən rahatlanırdı, dincəlirdi, bir xeyli beləcə dayanıb itin sümüyü gəmirməyinə tamaşa eləyəndən sonra təzədən gedib yerinə girirdi.

Amma bu gecə qara köpək sümüyə gözünün qırağıyla da baxmadı. Salman kişi ürəyində:

– Küsüb deyəsən, – dedi, sonra haçansa qəzetdə oxuduğu bir yazı yadına düşdü.

Yazmışdılar ki, guya birisi düz 20 ildi, yuxusuz gəzir. İki həftə nədi ki, Allah iyirmi ildən saxlasın.

Salman kişinin bir qulağı taybatay açıq pəncərədəydi. İçəridə arvadı elə bərk yatmışdı ki, əstəfürullah, elə bil ölmüşdü, çarpayısının cırıltısı da eşidilmirdi. Amma qara köpək oyaq idi. Özü də qabağındakı sümüyə yox, Salman kişiyə baxırdı, elə bil onun yata bilməməyindən də xəbəri vardı. Bəlkə elə ona görə də dama girib yatmırdı, yiyəsini bu qaranlıqda tək qoymağa ürəyi gəlmirdi.

Salman kişi o quru sümüyü yerdən götürüb həyətin o başına tolazladı, tez eyvana qalxdı, dünən soyub şaqqaladığı qoyunun cəmdəyindən bir yağlı tikə kəsdi, gətirib qara köpəyin qabağına atdı. Amma qara köpək o ətə də ağzını vurmadı.

Yazıq it axır vaxtlar yaman düşmüşdü, canında su qalmamışdı, hərdən-hərdən hürəndə də səsi elə quru çıxırdı ki, elə bil öskürürdü. Bəlkə elə doğrudan da öskürürdü? Allah eləməsin, it elə indicə canını tapşırsaydı, Salman kişinin halı necə olacaqdı? Dünyanın işini nə bilmək olar? Bir də gördün, iki həftə uzandı oldu iyirmi il.

Görəsən, o iyirmi il yatmayanın arvadı varmı? Salman kişi qəfil arvadının elə bərk yatmağına paxıllıq elədi. Ürəyindən keçdi ki, çağırıb oyatsın. Amma oyadıb neyləyəcəksən?

Deyəcəksən:

– Yata bilmirəm.

Deyəcək:

– Neynim?

Deyəcəksən:

– Bəs arvad nəyə deyiblər?

Deyəcək:

– Uşaq-zad deyilsən ha, döş verib yatırdım.

Bir az da uzatsan, küsəcək, sübh tezdən səni bu dörd divar arasında tək qoyub gedəcək. Getməyə yer nə çox, qızlar ərdə, oğlanlar ev-eşik yiyəsi, qohum-əqrəba da, maşallah, bir deyil, beş deyil. Sonra da kəndə səs düşəcək ki, Salman kişi bayquşdu!..

Səhərin açılmağına hələ çox qalırdı. Salman kişi həyətin ortasında dayanıb-durmuşdu. Bilmirdi getsin, ya qalsın. Getsin, hara getsin? Qalsın, necə qalsın?

Əşi, yuxudu da, yoxdu, yatmarıq. Durub bunu da özümə dərd eləyəcəm? Lap yaxşı, dünyanı çox görməyin nə zərəri var?

Salman kişi eyvana qalxdı. İşıqlar sönmüşdü. Yanılı qalan təkcə Əmrah kişinin işığıydı. Deyəsən, o işıq dünən də yanırdı. Görəsən, o kişinin dərdi nədi?

Salman kişi darvazanı açıb çıxdı.

Qonşu həyətlərdən itlər hürüşdü. Yəqin onun hənirini almışdılar. Salman kişi istədi geri qayıda. Amma qəfil öz həyətindən o qonşu itlərə qoşulub hürən qara köpəyin səsini eşitdi. Kərəminə şükür, Allah, qara köpək də hürürdü. Və Salman kişi dala qayıtmadı, Əmrah kişinin işığını tutub getdi.

lll

– Əmrah, Əmrah.

Salman kişi pəncərəni taqqıldadıb kənara çəkildi.

İçəridən səs gəldi:

– Kimdi orda?

Salman kişi:

– Mənəm, – dedi, – amma qəfil öz səsindən karıxdı.

İndi  Əmrah kişi pəncərədən başını çıxaranda, ona nə cavab verəcəkdi? Gecənin bu vaxtı heç nədən xalxın yuxusuna haram qatdığını Salman kişi elə bil ancaq indi başa düşdü. Əgər Əmrah kişi darvazadan yox, pəncərədən görünsəydi, səssizcə çıxıb gedəcəkdi. Amma darvaza cırıldayıb açılanda Əmrah kişi pallı-paltarlı çölə çıxıb tox-tox:

– A kişi, orda niyə durmusan, içəri keç, – deyəndə, ona elə gəldi ki, gecənin yarısı olduğundan, deyəsən Əmrahın da xəbəri yoxdu. Bəlkə bu yuxusuzluq kəndin havasındaydı?

Salman kişi kirimişcə içəri keçdi.

Salman kişi bu evə çox gəlib-getmişdi. Amma Əmrahın arvadı dəfn olunan gündən  savayı Salman kişinin bu vaxt bu evə gəlişi birinci kərəydi.

Oturmuşdular. İkisi də dinib-danışmırdı. Deyəsən, həmin gecə qəflətən hər ikisinin yadına düşmüşdü.

... O gecə qəbir üstündən qayıdan camaat yavaş-yavaş dağılışıb gedəndən sonra otaqda ikisi qalmışdı. Əmrah kişi tez-tez eşiyə çıxırdı, səssiz-səmirsiz qayıdıb otururdu, qəflətən yenə qalxırdı, pəncərəyə sarı gedirdi, divara söykənib başını bulayırdı, gözünü ovurdu, amma ağlamırdı. Əgər Əmrah kişi ağlayıb ürəyini boşaltsaydı, bəlkə də Salman kişi rahatca çıxıb evinə gedərdi. Çünki gecə yarıdan ötmüşdü, Salmanın gözündən yuxu tökülürdü, amma Əmrahı bu halda tək qoyub gedə bilmirdi. Bu kişinin əlindən nə desən gələrdi, lap özünə qəsd də eləyərdi. O gecə Salman kişi Əmrahın ağlamağını gözləyə-gözləyə haçan yuxuya getmişdisə xəbəri olmamışdı, səhərin alatoranında yuxudan oyanıb Əmrah kişini eləcə divara söykənib qupquru gözlərini düz ona zilləyib baxan görmüşdü.

Sonra Salman kişi hər dəfə Əmrahla rastlaşanda sıxılmışdı, utanmışdı. Bəlkə də Salman kişi indi həmin o gecənin xəcalətindən çıxmağa gəlmişdi. Gəlmişdi desin, bax, Əmrah, düz iki həftədi gözümü də qırpmamışam.

Amma Salman kişi o sözü demədi. Yenə hardasa bir azca utana-utana:

– Əmrah, işığı yanılı görüb gəldim, – dedi.

Əmrah kişinin fikri yenə özündə deyildi. Elə bil bu beş-altı ayda hələ də canını o gecədən qurtara bilməmişdi. Bir müddət susub sonra lap astadan:

–Bildim elə ona görə gəlmisən, dedi,- keçən dəfə elə bu vaxt Fərzalı kişi də gəlmişdi.

Bu iki kişinin belə kimsəsiz, yuxusuz gecəsində qəfil təzə bir adın peyda olmağından Salman kişi nəsə dirçələn kimi oldu, səsini qaldırıb az qala qışqıra-qışqıra:

– Nə Fərzalı? – dedi, – hansı Fərzalı? Fərzalı burda neynirdi?

Amma Salmanın səsindəki bu toxluqdan Əmrah kişinin tükü də tərpənmədi. Çünki beş-on gün qabaq gecənin bir aləmi bu evə ayaq basan Fərzalı qonşusuna təsəlli verməyə gəlmişdi, sonra da çıxıb getmişdi. İndi də gələn Salman kişiydi. Bəlkə də sabah bir başqası gələcəkdi. Amma bu işıqlı otaqda heç nə dəyişməyəcəkdi. Bunu Əmrah kişi yəqin bilirdi.

Əmrah kişi Salmana baxdı:

– Vallah, o rəhmətlikdən sonra lap başımı itirmişəm, – dedi və Salman kişi başa düşdü ki, Fərzalını söhbətə qoşub bu gecəyə qatmaq olmaz.

– Hə, ay Salman, rəhmətlik həmişə məndən sonra yatardı, işığı da həmişə özü söndürərdi. İnansan da öz işindi, inanmasan da, dediyim odu ki, arvad öləndən sonra düz bir ay işığı söndürmək yadımdan çıxdı. Gecənin yarısı oyanıb görürdüm ki, bəs işığı yanılı qoymuşam. Sonra rəhmətliyin qəbrinə and içdim ki, ölənəcən, bax elə beləcə işıqda yatacam.

Əmrah kişi bunu deyib susdu. Sonra handan-hana yerindən qalxdı, parçı su ilə doldurub stolun üstünə qoydu, xırıldaya-xırıldaya bir-iki ağız öskürüb çarpayının dağınıq yorğan-döşəyini sahmanladı və təzədən qayıdıb oturanda Salman kişiyə elə gəldi ki, o yazıq bunların hamısını yalandan, özünü onun qabağında tox tutmaqdan ötrü elədi. Çünki indicə arvadından danışanda Əmrahın doluxsunduğunu Salman kişi hiss eləmişdi.

Bu iki həftədə axır ki, Salman kişinin özündən savayı halına acıdığı bir adam da tapıldı. Salman kişi başa düşdü ki, gecələr yata bilməmək o qədər də böyük dərd deyilmiş. Hər dəfə gecənin bir aləmində oyanmaqdan qorxa-qorxa səhərəcən səksəkə içində olmaq bundan da pis imiş.

Salman kişi öz dərdini təkcə bu adama deyə bilərdi.

– Əmrah, yuxum qaçıb, iki həftədi yata bilmirəm...

Ancaq Əmrah kişinin sifəti dəyişmədi, astaca:

– Bir yerin-zadın ağrımır ki? – dedi.

Elə bil iki həftə yuxusuz qalmaqdan ötrü mütləq adamın bir yeri ağrımalıydı?

Salman kişi o sözdən çaşdı, ağrınıb-ağrınmadığı özünə də şübhəli göründü, nəsə qorxan kimi oldu, amma özünü Əmrahın yanında sındırmaq istəmədi, ürəyində:

– Heç hara gedib özümü yoxlatdıran deyiləm, – dedi, – əgər dünyada yuxusuzluq adlı bir əcəl varsa, qoy elə məni o aparsın .

Və ağır-ağır yerindən qalxdı.

– Yaxşı, Əmrah, mən gedim, gecən xeyirə qalsın.

Salman kişi qapıdan çıxmaq istəyirdi ki, qəfil hardasa xoruz banladı. İkisi də o səsdən diksinib maddım-maddım bir-birlərinə baxdılar.

Salman kişi gəlib evinə çatanda darvazanı taybatay açıq gördü. Deyəsən, bayaq həyətdən çıxanda darvazanı bağlamaq yadından çıxmışdı. Başını uzadıb içəri baxdı. Həyətdən səs-səmir gəlmirdi. Qəfil Salman kişinin ürəyinə nə damdısa, tez özünü içəri saldı, qara köpəyin damına sarı cumdu. Amma orda bayaq özünün atdığı bir tikə ətdən savayı gözünə heç nə dəymədi.

Sonra Salman kişi alaqaranlıqda həyətin künc-bucağını axtardı. Qara köpək yox idi. Salman kişi bir istədi iti haylasın, amma arvadını oyatmaqdan qorxub səsini çıxarmadı, taybatay açıq darvazadan özü çıxdı.

Qara köpək o qoca, xəstə canıyla uzağa gedə bilməzdi. Salman kişi o yan-bu yana boylandı və bir az aşağıda, yolun qırağındakı çəpərə söykənib dayanan qaraltını gördü.

lll

Düz on il əvvəl, bir isti yay gecəsi Salman kişi qara köpəyi elə ordan, o çəpərin dibindən tapmışdı. O vaxtacan Salman kişi həyətində it saxlamamışdı. Elə həmin gecə də, zingilti səsinə çölə çıxanda o küçüyü görüb geri qayıtmaq istədi. Çünki hər dəfə it adı gələndə arvadından eşitdiyi sözü bir də eşitmək istəmirdi.

Arvadı:

– A kişi, əgər o dördayaqlı heyvan sənə məndən əzizdisə, gətir saxla, – deyəcəkdi.

Yəni mən çıxıb gedəcəyəm. Guya itin ayağı darvazadan içəri girən kimi, həyət murdarlanacaqdı, darvaza qonaq-qara üzünə bağlanacaqdı. Beləcə, Salmanın sözü həmişə ağzında qalardı.

Amma həmin gecə Salmanın o küçüyə o qədər yazığı gəldi ki, insafını üstələyə bilmədi, küçüyü qucağına alıb həyətinə gətirdi.

Doğrudan da, arvadı elə səhərisi gün atası evinə getdi.

Həmin gün də Salman kişinin yadında idi.

Həyətin düz ortasında küçükdən ötrü it damı düzəldirdi. Arvadı asta-asta pilləkanı düşə-düşə gözünün bir qırağıyla ona baxırdı. Yəqin gözləyirdi ki, Salman yenə gəlib həmişəki kimi dil-ağız eləyəcək:

– Yaxşı, qoy sən deyən olsun, – deyəcək, sonra da küçüyü aparıb çöldə-bayırda azdıracaq.

Bəlkə də azdıracaqdı. Çünki  yan-yörəsində fırlanan küçüyə yazığı gəlsə də, arvadından keçə bilmirdi. Bircə himə bənd idi. Yəqin ki, arvadının ağzı açılan kimi işini yarımçıq saxlayacaqdı. Eləcə ikisi də gözləyə-gözləyə Salman kişi bir də ayıldı ki, arvadı çıxıb gedib.

Onda Salman bərk hirslənmişdi. Yəqin o cür hirslənməsəydi, it damını belə tez düzəldib hazır eləməyəcəkdi. Sonra da, o it damına bir doyunca baxıb and içdi ki, nə gedib arvadını qaytaracaq, nə də bu it damını boş saxlayacaq.

Amma iki gün keçmədi ki, arvadı özü qayıdıb gəldi. Elə o gündən də arvadı nə bir kərə küsdü, nə də Salmanın sözünün qabağına söz çıxardı. Yəni, arvad olduğunu başa düşdü.

Sonra o küçük o ağacın, bu kolun dibini “murdarlaya-murdarlaya”, evə gələn qonaq-qaranın üstünə “hürə-hürə” böyüyüb it oldu.

Salman kişi qara köpəyə ayrı cür baxırdı. Səhərlər inək sağılan kimi südü ən əvvəl dəmir qaba boşaldıb it damının qabağına qoyurdu, günortalar sümük gəmirtsə də axşamlar qara köpəyə ətin ən yağlı tikəsini yedizdirirdi.

Amma axır vaxtlar qara köpək yaman qocalmışdı. Deyəsən, arvadı da bunu hiss eləmişdi. Çünki daha Salman kişiylə əvvəlki kimi danışmırdı, yenə qalxıb minmişdi at belinə...

Salman kişi o qaraltıya tərəf bir-iki addım atıb dayandı. Niyə dayandı? Deyəsən ayaqları da keyidi, tərpənə bilmədi. Görəsən, on yaşlı bu qoca itin tanıdığı yol elə buracan idi? Həyətin darvazasından çəpərin dibinəcən? Əgər belə deyildisə, onda qara köpək niyə çıxıb getməmişdi. Axı, Salman kişi bu gecə darvazanı bəlkə də özü bilə-bilə açıq qoymuşdu.

Salman kişi başa düşdü ki, bütün ömrünü öz həyətinin istisinə aldatdığı bu itin yolu yoxdu. O yol düz on il bundan qabaq elə bu çəpərin dibindəcə qurtarıb.

Salman kişi bir də o qaraltıya baxdı. Qara köpək tərpənmirdi.

Salman kişi ürəyində:

– Ölüb deyəsən, – dedi, sonra dönüb getmək istəyəndə qulağına xırıltılı səs gəldi.

Qara köpək yatmışdı. Salman kişi yaxına gəlib qara köpəyin codlaşmış tükünü tumarladı. Qara köpək ağır-ağır dikəldi və başını qaldırıb heysiz gözləriylə ona baxdı. O gözlər tamam sönmüşdü. İndi o gözlərdə, Salman kişiyə öz məhəbbətini, ya nifrətini göstərməyə  azca da olsun işıq yox idi.

Salman kişi üzünü yana çevirdi:

– Çıx get, – dedi, – amma dönüb özü getdi.

Salman kişi darvazaya çatanda arxaya qanrıldı.

Qara köpək dalınca gəlirdi.

 





06.05.2013    çap et  çap et