525.Az

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər


 

Zamanların mozaikası: <b style="color:red">hadisələr və şəxsiyyətlər </b>

(Əvvəli ötən şənbə sayımızda)

1798-ci ildə ABŞ-ın ştatlarından biri olan Corciyada qul ticarətinə qadağa qoyuldu.

Qul sahibliyi əleyhinə olan və “abolitsionizm” adlanan hərəkat artıq bəzi müvəffəqiyyətlər qazanmışdı, lakin qula sahib olacaq institut hələ ləğv olunmamışdı. Şimali Amerikaya ingilis köçkünlər gələndən sonra orada bu institut inkişaf etməyə başladı. Qulların Amerikanın şərq sahilində qul bazarlarında satılması Yeni İngiltərə koloniyalarında kəskin tənqidə məruz qalırdı. 1688-ci ildə kvakerlər qrupunun Filadelfiyada qul ticarəti əleyhinə etiraz hərəkatları uğursuz oldu. 1740-cı ildə koloniyalarda artıq 100.000-dən çox qaradərili qullar var idi. Onların sayı ABŞ yarandıqdan sonra da artmağa başladı. Cənub quldarlıq ştatlarından qulların kütləvi surətdə qaçmasının qarşısını almaq üçün amerikan konqresi 1794-cü ildə “Qaçmış qullar haqqında” qanun qəbul etdi. Ona görə sahibləri öz qaçan qulunu  hər bir ştatdan tələb edə bilərdi. Qulu qaytarmaq barədə qərar qəbul edən hakimlər də buna görə 5 dollar pul qazandıqlarından, əslində qul sahiblərinin həvəskar “köməkçilərinə” - əslində xidmətçilərinə çevrilirdilər.

1822-ci ildə isə ABŞ-da azad edilmiş qaradərili qullar ilk dəfə olaraq Afrikaya köçdülər. ABŞ-da qulların tədricən azad edilməsi siyasətinin tərəfdarları amerikan məskunlaşma cəmiyyəti yaratdılar, onun idarə heyəti hökumətlə  azad edilmiş qulların Afrikaya köçürülməsi barədə müqavilə bağladı. Mesurado burnunda onları yerləşdirmək üçün torpaqlar alındı. Yerli əhali isə cəmiyyətin həyata keçirdiyi məskunlaşma siyasətinə müqavimət göstərirdi. Sonralar azad olunmuş ABŞ qulları Afrikada paytaxtı Monroviya olan Liberiya dövlətini yaratdılar. 1831-ci ildə isə Virciniya ştatındakı Yerusəlim şəhərində üsyan etmiş qulların qaradərili başçısı Nat Terner və daha 19 nəfər qiyamçı edam edildi. Dörd ay əvvəl, avqustda bu qara moizəçi Virciniyada quldarlıq əleyhinə bir neçə gün davam edən üsyan qaldırmışdı. Qulların qiyamı qan tökməklə yatırıldı. Döyüşlərdə həm də 57 ağ adam həlak olmuşdu. Terner özünü qaradərililərin azad edilməsi naminə Allahın seçdiyi peyğəmbər hesab edirdi.

Nəhayət, xüsusən qul sahibliyi məsələsi üstündə sənaye cəhətdən inkişaf etmiş Şimalla geridə qalmış aqrar Cənubu arasındakı ziddiyyətlər 1861-ci ildə ölkəyə böyük ziyan vuran, nəhəng canlı itki ilə nəticələnən Vətəndaş müharibəsinin başlanmasına səbəb oldu. Cənub ştatlarının ictimai və iqtisadi quruluşunun əsasını pambıq və tütün plantasiyalarında zənci qulların məcburi əməyi təşkil edirdi. Həmin dövrdə Şimal ştatlarının inkişaf edən sənayesi azad işçi qüvvəsinə möhtac idi. Çox sayda amerikanlar qul sahibkarlığının insanlığa yad və ədalətsiz olduğuna inanırdılar. Bu ziddiyyətləri kompromislə həll etmək cəhdlərinin hamısı - məsələn, qul sahibliyinin Şimal ştatlarında qadağan olunması ilə azad və qul sahibkarlığı ştatları arasındakı tarazlığı saxlamaq cəhdi uğursuzluğa uğradı.

9 noyabr 1860-cı ildə Respublikaçılar partiyasının namizədi, qul sahibkarlığının ləğv edilməsinin tərəfdarı Abraham Linkoln ABŞ prezidenti seçildikdən bilavasitə sonra Cənubi Karolina ittifaqdan çıxmasını elan etdi. Sonrakı altı həftə ərzində Missisipi, Florida, Alabama, Corciya, Luiziana və Texas ştatları onun yolu ilə getdilər. Ayrılan ştatlar Konfederasiya əmələ gətirdilər və 1862-ci ilin başlanğıcında Müvəqqəti hökumət qurdular. Cefferson Devis Konfederasiyanın prezidenti seçildi. Yeni “dövlətin” konstitusiyası qul sahibkarlığının qanuni olduğunu təsdiq etdi. Silahlı mübarizənin başlanması ilə Virciniya, Arkanzas, Tennessi və Şimali Karolina ştatları da Konfederasiyaya qoşuldu. Vətəndaş müharibəsi 1861-ci ilin aprelində başladı.

Müharibənin ilk ayları Şimallılar üçün uğurlu getmirdi. Belə bir vaxtda Abraham Linkoln qulların azad edilməsini elan etdi və 1863-cü ilin yanvarında bu qanun qüvvəyə mindi. Cənubun üsyançı ştatlarının bütün qulları azad elan olundular. 1863-cı ilin yayında Şimallıların hərbi uğurları Vətəndaş müharibəsinin gedişini dəyişdi. İyul ayında Gettisberq yaxınlığındakı üç günlük döyüş Şimallı yunionistlərin qələbəsi ilə başa çatdı. Cənubluların ordusunun komandanı general R. E. Li rəqibin açıq üstünlüyündən narahat olub, qüvvələr nisbətini dəyişmək üçün ümidsiz cəhdlər həyata keçirdi. O, öz ordusu ilə Potomak çayını keçib, Pennsilvaniya ştatının içərilərinə soxulmuş, lakin Gettisberq yaxınlığında Şimallıların ordusu ilə qarşılaşmışdı. Döyüş üç gün davam etdi və konfederatların tam məğlubiyyəti ilə başa çatdı. 4 iyunda ağır zərbə almış Cənub ordusu Virciniyaya geri çəkilməyə məcbur oldu.

1865-ci ilin 9 aprelində isə Vətəndaş müharibəsi Şimalın qələbəsi ilə yekunlaşdı. Cənubluların ordu generalı Li Virciniya ştatının Appomatoks şəhərində öz əsgərləri ilə birlikdə Şimal ordusunun generalı Qranta əsir düşdü. ABŞ-da Vətəndaş müharibəsi 4 il çəkdi. 1864-cü ilin yazında general Qrant şimallıların ordusunun baş komandanı təyin edilmişdi və tezliklə iri qüvvələrin başında Cənuba hücum etməyə başladı. Onun qoşunlarının iki ay ərzində 60.000 adam itirməsinə baxmayaraq, o, cəsarətlə irəli gedir, Cənubun paytaxtı Riçmonda yolu açmaq istəyirdi. Şimallılar Cənubun mühüm rayonlarına sahib olduqdan sonra general Li Riçmondu təhvil verib, Qərbə doğru geri çəkildi. Bir həftə sonra isə 9 aprel 1865-ci ildə Appomatoksdakı məhkəmə binasında təslim olduğunu elan etdi.

Hələ müharibə gedəndə Linkoln ayrılmış ştatların ittifaqa qayıtmasının ən yumşaq şərtləri ilə razı idi. O, ABŞ Konstitusiyasını qəbul edən bütün cənublulara amnistiya verilməsini, seçicilərin heç olmazsa onda birinin konstitusiyaya sədaqət andı içdiyi və qul sahibliyinin ləğv edildiyi Cənub ştatlarında hökumətin azad seçilməsi hüququnu nəzərdə tuturdu. Lakin cənubluların ordusunun təslimindən bir həftə sonra Linkoln öldürüldü. 14 aprel 1865-ci ildə dramatik aktyor Con Uilks But, öz lojasında oturub, teatr tamaşasına baxan Linkolnu tapançadan atılan atəşlə vurdu və səhərisə günü 55 yaşlı prezident öldü.

Linkoln kasıb fermer ailəsində doğulmuşdu. Amerikalılar onu “özü özünü yüksəldən” adamın nümunəsi hesab edirdilər, çünki o, hər şeyi öz zəhməti ilə qazanmışdı. Gəncliyində o, çox sənətləri sınamışdı, yer ölçən, anbardar, meşə qıran, poçt qulluqçusu işləmişdi. Vəkil olmaq arzusu ilə hüququ öyrənmişdi. Mürəkkəb imtahanı verib, İllinoys ştatında vəkillik praktikası ilə məşğul oldu. 6 il ərzində ştatın qanunvericilik məclisinin üzvü işlədi. İki il isə ABŞ Konqressinin üzvü oldu. 1856-cı ildə o, fəal siyasi fəaliyyətə başladı, Respublika partiyasının yaradılmasında iştirak etdi və onun sıralarında Amerikada qul sahibliyinə qarşı mübarizə apardı. Bu məsələ barədə o, öz mövqeyini dəqiq müəyyənləşdirdi: qul sahibliyi əxlaqa ziddir və ona görə də onu ləğv etmək lazımdır. Linkoln Cənub ştatlarının qul sahiblərinin nifrətinə səbəb oldu, onların iqtisadiyyatı milyonlarla qulun əməyi üzərində dayanırdı. Linkolnun 1860-cı ildə səs çoxluğu ilə ABŞ prezidenti seçilməsi Cənub ştatlarını ayrılmağa və Konfederasiya yaratmağa həvəsləndirdi. Cənub ştatlarının ayrılması və prezidentin qul sahibliyi barədə kompromissiz mövqeyi Vətəndaş müharibəsinə gətirib çıxardı. Müharibə isə şimallıların müvəqqəti uğursuzluqlarından sonra Cənub ordusunun məğlubiyyəti ilə başa çatdı.

ABŞ Konqressi 1866-cı ildə vətəndaş hüquqları haqqında qanun qəbul etdi, buna görə ABŞ-da doğulmuş bütün sakinlər vətəndaş hüquqlarına yiyələnirdi. Qanun həm ağlara, həm də rəngli dərisi olan amerikanlara şamil edilirdi. Lakin ölkənin doğma sakinləri olan hindular rezervasiyalara sıxışdırılmaqla, hüquqi qarantiyadan məhrum idilər. Bu qanunun Konstitusiyaya uyğun olmasına şübhələr meydana gəldiyinə görə, Konqress Konstitusiyaya 14-cü əlavəni qəbul etdi, bu əlavə vətəndaş hüquqları haqqında qanun üçün hüquqi əsas sayılırdı.

Abraham Linkolnun və abolisionistlərin səyləri ABŞ-da qulların azad vətəndaşlara çevrilməsinə şərait yaratdı, lakin qaradərililərə qarşı ayrı-seçkilik, seqreqassiya hələ bir əsrə qədər davam etdi. Martin Lyuter Kinqin başçılıq etdiyi hərəkat zəncilərin bütün vətəndaş hüquqlarından sərbəst istifadəsi üçün mövcud maneələrin aradan qaldırılmasında mühüm rol oynadı, zəncilərə qarşı kütləvi haqsızlıqlar, Ku-kluks-klan cəmiyyətləri və Linç məhkəmələri birdəfəlik tarixin arxivinə verildi. Dünyanın ən demokratik ölkəsi hesab edilən Amerika Birləşmiş Ştatları öz üzərindəki bu qara ləkədən azad olmağı da bacardı.

2008-ci ildə isə ilk dəfə qaradərili hüquqşünas, senator Barak Obama ABŞ prezidenti seçildi. Yəqin ki, yarım əsr əvvəl belə bir hadisənin baş verəcəyi ən fantastik bir arzuda belə öz əksini tapa bilməzdi.

Yəhudilərin taleyinin qara səhifələri 

Yəhudilərin acı taleyi barədə ilk hekayətə Bibliyanın - “Qədim vəsiyyətin” “Çıxma” (“İsxod”) kitabında rast gəlirik. Burada qədim yəhudilərin Misir əsirliyindən dramatik qaydada azad olunmasından bəhs edilir. Onları məcburi əməklə məşğul olmaq üçün fironun məmurları  qovub buraya gətirmişdilər. “Çıxma” onu nəql edir ki, guya israilliləri azadlıqdan məhrum etməyə görə Misir, allah Yahvenın iradəsi ilə ardıcıl olaraq ilanların, qurbağaların, ağcaqanadların, milçəklərin və çəyirtkələrin basqınına məruz qaldı. Ona mal-qaranın qırılması, dolu vurması, suyun korlanması, taun xəstəliyi, Günəşin batması göndərildi. Bütün bunlardan sonra firon yəhudiləri azad etməkdən imtina etdi, onların başçısı Moisey Misir üçün yeni cəza baş verəcəyini xəbər verdi - ölkədə bütün ilk doğulan oğlan uşaqları öldürüləcəkdi. Qədim yəhudilərin bu hadisəyə hazırlaşması Pasxanın bayram edilməsinin başlanğıcını qoydu.

Bibliyada deyilir ki, “Firon gecə özü, bütün qulları və bütün Misir oyandı və Misir torpağında böyük ağı səsləndi, çünki elə bir ev yox idi ki, orada ölən olmasın. (Firon) Moiseyi çağırtdırıb dedi: “İsrail oğlanları, mənim xalqımın arasından çıxıb gedin, özünüzün xırda buynuzlu və iri buynuzlu mal-qaranızı götürün gedin və mənə xoşbəxtlik diləyin”. Moiseyin sözlərinə İsrail oğlanları əməl etdilər və misirlilərdən gümüş və qızıl şeylər xahiş etdilər və onlar da bu şeyləri yəhudilərə verdilər.

Mövcud olan 12 yəhudi tayfası öz əleyhdarları ilə mübarizədə qalib gəldikdən sonra filistinlilərə hədə gəlmələrini davam etdirdilər. Yəhudilər Yahve kultuna - vahid monoteist dinə arxalanırdılar. B.e.ə. 1012-ci ilə yaxın onlar Saulun rəhbərliyi altında birləşdilər və vahid dövlət yaratmağa başladılar. Onun varisi çar David b.e.ə. 1004-cü ildə ilk yəhudi dövlətinin əsasını qoydu. Bu dövlət mərkəzi idarəetməyə, muzdlu qoşuna malik idi və geniş tikinti işləri aparırdı. Bütün bunlar böyük xərclər tələb edirdi. Çar Solomon öldükdən sonra isə dövlət iki çarlığa - İsrail və İudeya çarlıqlarına parçalandı.

B. e. ə.605-ci ildən Babilistanın çarı olan II Nabuhodonossor işğal siyasətinə başladı. B.e.ə. 587-ci ildə yarım illik mühasirədən sonra İudeyanın baş şəhərini tutub, onu tamamilə dağıtdı. Yerusəlimin məhv edilməsinə bəhanə isə iudeylərin babilistanlılara qarşı üsyanı olmuşdu. Babilistanlılar Yerusəlimi tutduqdan sonra sərt tədbirlər gördülər ki, mümkün olan üsyanın qarşısını alsınlar. Yerusəlimin məbədi və sarayı yandırıldı, şəhər divarları dağıdıldı. İudeya çarını kor etdilər və çox sayda əhali ilə birlikdə Babilə qovdular, bu, Babil əsirliyi adlanır. Orada yəhudiləri müxtəlif şəhərlərə yerləşdirdilər. Yəhudilərin çoxu, onların sırasında peyğəmbər İeremi də Misirə qaçdı. Böyük Aleksandrın işğallarından bir qədər sonra yəhudilər Selevkid dövlətinin əsarətində oldular.

(Ardı var)

 





08.05.2017    çap et  çap et