525.Az

Böyük Vətən müharibəsi iştirakçısı Fatma Səttarova: "Azərbaycan nefti olmasaydı..."


 

Böyük Vətən müharibəsi iştirakçısı Fatma Səttarova: "Azərbaycan nefti olmasaydı..."<b style="color:red"></b>

Dünya tarixinin yaddaşından İkinci Dünya Müharibəsi kimi keçən savaş keçmiş Sovetlər İttifaqının tərkibində olan respublikaların, o cümlədən, Azərbaycanın tarixində Böyük Vətən Müharibəsi kimi qalıb.

Azərbaycan xalqı bu müharibədən 300 min nəfərdən çox insan itkisi ilə çıxıb. Bu savaşda Azərbaycan qadınlıarı da kişilərlə çiyin-çiyinə odlu-alovlu yol keçiblər.

Həmsöhbətimiz o fədakar qadınlardan biri - Böyük Vətən Müharibəsinin iştirakçısı, 95 yaşlı Fatma xanım Səttarovadır.

- Mən 1922-ci ildə Bakıda anadan olmuşam. 18 yaşımda Tibb texnikumunu bitirəndə hərbi kafedra olduğuna görə, kiçik leytenant rütbəsini almışdım. Bizə diplomla yanaşı, hərbi bilet də vermişdilər. Biletin axırıncı səhifəsində yazılmışdı ki, əgər müharibə başlasa, biz ikinci günü Bakı şəhər Hərbi Komissarlığında olmalıyıq. Mən 1940-cı ildə texnikumu bitirdim, sonra ailə qurdum. 1941-ci il  iyunun 22-də  pasportumla hərbi biletimi götürüb ailəmlə birgə İçərişəhərdə,  Qoşa Qala qapısında yerləşən Bakı Hərbi Komissarlığına getdim. Həmin vaxt mən komsomolçu idim. Ərizə yazaraq könüllü olaraq müharibəyə getdim. 1941-ci ilin sentyabrında Moskva ətrafındakı şiddətli döyüşlərin olduğu zonaya getdim. Almanların hər an Moskvanı alacağı gözlənilirdi. Ona görə yaralılar çox idi. Sınıq tramvaylarda məntəqə yaratmışdıq, yaralıları orada qəbul edirdik. Döyüş bölgəsinə gedib yaralananlara ilkin yardım göstərirdik.

Bir müddət sonra məni Leninqrada göndərdilər. Dörd ay yarım blokadada qaldım. Yeməyə bir tikə çörək tapılmırdı, vəziyyət çox ağır idi. Həmin dəhşətləri indi təsəvvür etmək çox çətindir. 1943-cü ildə Sovet ordusu Leninqrad ətrafında hücuma keçdi, blokada yarıldı.

Sonra biz Stalinqrada getdik. Stalinqrad uğrunda döyüşlərdə bizim qələbəmiz oldu. Biz almanlara qalib gələrək Baltikyanı ərazilərin hamısını azad edə-edə irəlilədik.

Leninqraddan sonra bərk xəstələnmişdim, qıçımdan yaralanmışdım. 1945-ci ilin fevralında ehtiyata buraxıldım və yararılarla birgə Bakıya qayıtdım, iki aya yaxın hospitalda qaldım.

- Müharibənin ilk dövrünü necə xatırlayırsınız?

- Müharibə başlayan gün istirahət günü idi. Səhər o başdan radio ilə almanların hücum etmələri barədə məlumat verildi. 1941-ci il iyunun 21-dən 22-nə keçən gecəsi almanlar hücum etmişdilər. Bu müharibəni heç bir müharibə ilə müqayisə etmək olmazdı. Bu dəhşəti dünya hələ görməmişdi. Olduqca ağır müharibə idi.

Mən ən böyük dəhşətləri Leninqradda, Moskva ətrafındakı döyüşlərdə yaşadım. Aclıq, yaralıların çoxunu xilas edə bilməməyimiz, insanların gözlərimin önündə həlak olmasını görmək böyük dəhşətlər idi.

-Ailə üzvlərinizdən, yaxınlarınızdan kimlər bu müharibənin iştirakçısı olub?

- Mənim anamgil beş bacı, bir qardaş idilər. Bir dayım 1943-cü ildə Kerçdə həlak oldu. Qohumlarımızdan, tanışlardan həlak olan çox olub. Azərbaycanda da aclıq idi, çörək tapılmırdı. Vəziyyət çox ağır idi. İnsanlar nəyi var, nəyi yox dövlətə təhvil verirdi ki, əsgərlərə, orduya göndərsinlər. Bizim xalq çalışırdı ki, ordu üçün mümkün olan hər şey etsin. Müharibədə işlənən benzinin səksən faizini məhz Azərbaycan verib. Əgər Azərbaycanın benzini olmasaydı, bəlkə də bu müharibədə məğlub olacaqdıq. Bu qalibiyyət həm də bizim qalibiyyətimiz idi. Çünki neçə milyon azərbaycanlı həmin müharibədə iştirak etmiş, yaralanmış və həlak olmuşdu. Biz azərbaycanlılar bununla fəxr edirik ki, belə bir müharibədə iştirak etmişik və qalib gəlmişik. Mən bir azərbaycanlı qızı kimi fəxr edirəm.

- 9 may qələbə günü xatirinizdə necə qalıb?

- O günün sevincini sözlə ifadə etmək mümkün deyil. Gecə hər kəs küçələrə axışmışdı, bir nəfər də olsun evdə qalan yox idi. Hamı bir-biri ilə görüşürdü, bir-birini təbrik edirdi. Gözləri yolda idi ki, orduda olan qohum-əqrəbaları qayıdıb gəlsinlər. Müharibə qurtaranda insanların sevinci yerə-göyə sığmırdı. Ağır illəri, müharibəni qalibiyyətlə başa vurmuşduq. Bu, xalq üçün böyük sevinc idi.

- Təltifləriniz çoxdurmu?

- Hə, çoxdur, medallarım çoxdur. Bu il yanvarın 25-də mənim 95 yaşım tamam oldu. Bu münasibətlə mənim prezidentim cənab İlham Əliyev mənə fəxri diplom verdi. Ümumiyyətlə, mənə verilən mükafatlar, fərmanlar çoxdur. Mən fəxr edirəm ki, azərbaycanlı qızıyam, Mən fəxr edirəm ki, Azərbaycandan azərbayanlı qızı kimi azərbaycanlı oğullarla çiyin-çiyinə müharibəyə getdim və qələbə ilə geri qayıtdıq. Mən fəxr edirəm ki, Azərbaycanda doğulmuşam, övladlarım burada anadan olublar. Böyük bir nəslin anasıyam, nənəsiyəm. 11 nəvəm, 21 nəticəm var, kötücəm var. Mən xoşbəxtəm.

- Gənclərə nə deyərdiniz?

- Mənim gənclərlə görüşüm çox olur. Mən bütün gənclərə tövsiyə edirəm ki, ağıllı, vətənpərvər olsunlar. Azərbaycan torpağını sevsinlər, Azərbaycan torpağını qorusunlar. Azərbaycan prezidentinin göstərişini namusla, şərəflə yerinə yetirsinlər, Azərbaycan prezidentinə, Azərbaycan xalqına, Azərbaycan torpağına arxa olsunlar. Bu yaxınlarda mən yenə gənclərlə görüşdüm, onlara da dedim ki vətəninizi, torpağınızı, xalqınızı, ələlxüsus da Azərbaycan prezidentini sevin.

Zaur CƏFƏROV

 





09.05.2017    çap et  çap et