525.Az

Sənət adamlarının böyük dostu və himayədarı


 

Sənət adamlarının böyük dostu və himayədarı<b style="color:red"></b>

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elmi, mədəniyyəti, ədəbiyyatı, bütövlükdə mənəvi həyatı barədə konseptual fikir və mülahizələri yalnız dünən və bu gün üçün deyil, həm də sabahımız üçün metodoloji-ideoloji əhəmiyyətə malik mənbədir.

Buna görə də həmin mülahizələrin bir sistem halında öyrənilməsinə, elmi-professional baxımdan şərh edilib ümumiləşdirilməsinə böyük ehtiyac vardır.

Akademik Bəkir Nəbiyev: "Az qala səksən illik ömrümdə mən Azərbaycanda və xaricdə dəfələrlə böyük alimlər, məşhur ədiblər, mədəniyyət xadimləri, dövlət adamları, bəzi ölkələrin başçıları ilə görüşüb həmsöhbət olmuşam. Onlardan çox şey öyrənmişəm. Ancaq bu gün bütün varlığımla məmnun-məmnun etiraf edirəm ki, həyatın ən müxtəlif sahələrinə dair biliyinin zənginliyi, maraq dairəsinin vüsəti, yaddaşının itiliyi, ana dilimizdə və rusca nitqinin rəvanlığı baxımından Heydər Əliyevə bərabər olan ikinci bir şəxsiyyəti mən təsəvvürümə gətirə bilmirəm". Bu deyimdə yer alan "məmnun-məmnun etiraf"da həm də qürur və iftixar var. Zəngin və möhtəşəm bir həyat və yaradıcılıq yolu keçmiş şan-şöhrətli alimin Heydər Əliyev fenomeninə heyranlığı əlbəttə ki, Ulu Öndərə qarşı duyduğu səmimi məhəbbət hisslərindən qaynaqlanır.

Ulu Öndərin atdığı hər bir addım ilk növbədə doğma Azərbaycanın, başı bəlalar çəkmiş xalqımızın mənafeyi kimi ali bir məqsədə xidmət etmişdir. Yüksək erudisiyası, zəngin bilik ehtiyatı, heyrətamiz təhlil qabiliyyəti, hər bir mövzuya yaradıcı münasibəti ilə qarşısında çıxış etdiyi auditoriyanın məhz həmin sahə üzrə ixtisaslaşması həqiqətinə inandıra bilir. XX əsrlə XXI əsrin, ikinci minilliklə üçüncü minilliyin qovuşağında Heydər Əliyev doğma Azərbaycanımızın, həqiqətən də, böyük şansı olmuşdur. 

Ulu Öndər o fikirdə olmuşdur ki, "Ədəbiyyat bizim xalqımıza çox faydalar gətiribdir. Ədəbiyyatımız bizim böyük milli sərvətlərimizdən biridir. Yazıçı sözünün cəmiyyətə, millətə, xalqa təsiri böyükdür".

1969-cu ildən üzü bəri yaşanan dövrün ayrı-ayrı məqamlarına diqqət çəksək görərik ki, bu dönəmin tariximizə Heydər Əliyev erası kimi həkk olunmasını iftixar hissi ilə etiraf edə bilərik. Heydər Əliyevin idarəçilik fəlsəfəsi xalqın özünüifadəsinə, milli qürur hissinin güclənməsinə, sərbəst düşüncəyə, dövlətçilik tarixində suverenliyi təmin edən dəyərlərə aparan yolları tapmağa imkan yaratmışdır.

1994-cü ilin soyuq bir payız axşamında Ulu Öndərin televiziya ilə xalqa müraciəti, 1995-ci il mart çevrilişinin qarşısının alınması pərdəarxası oyunlara, xalqın taleyi ilə bağlı eksperimentlərə son qoyması kimi taleyönlü məqamlar son dərəcə diqqət çəkəndir.

Ulu Öndərin fikir və mülahizələri, çıxış və nitqlərində özünə yer alan aşağıdakı fikri mühüm maraq kəsb edir: "Mənim həyatımın mənası Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmətdən ibarət  olmuşdur".

Məlum olduğu kimi, Heydər Əliyev klassiklərimizin bənzərsiz irsinin dünya miqyasında tanıdılmasına böyük önəm verirdi. Ulu Öndər bədii sərvətlərə konseptual baxış bucağına əsasən qiymət verir, dəyərlərə geniş kontekstdə, qlobal düşüncə müstəvisində münasibət bildirərkən bədii örnəyin xalqın mənafeyinə cavab verib-verməməsi məsələsinin fərqinə varırdı.

"Kitabi-Dədə Qorqud", Nəsimi və Füzulinin yubiley tədbirləri ilə bağlı həyata keçirdiyi böyük təşkilatçılıq işləri, Şuşada ucaldılan Vaqif məqbərəsi, H.Cavidin cənazəsinin katorqa məzarlığından Azərbaycana gətirilməsi, S.Vurğunu öz dövrünün "şairlərinin şairi" adlandırması Ulu Öndərin ədəbiyyata himayədarlığı və sənət adamlarına qayğısının bariz nümunəsi kimi səciyyələndimək olar. "1972-ci il iyun ayının 9-da Dövlət Opera və Balet Teatrında Aşıq Ələsgərin anadan olmasının 150 illiyi yubileyinə Heydər Əliyevin çox diqqətlə tamaşa etdiyi hamıya bəllidir. Sağlıq sözlərində Heydər Əliyev "çox gözəl, incə və ahəngdar Ana dilimiz, Azərbaycan dilimiz var", -deyə Aşıq Ələsgər sənətinə öz heyranlığını bildirdi.

Ulu Öndərlə mənəvi təmasdan doğan, yaddaşda saxlanılan və yaşanan təəssüratlarla yanaşı, Heydər Əliyev haqqında deyilən və yazılanlar heyranlıq doğurur.  "Azərbaycan dilinin dövlət dili statusu alması Heydər Əliyevin çoxillik fəaliyyətinin ən yüksək zirvəsidir" (Ramiz Mehdiyev. Elmimizin və dilimizin xilaskarı. "Azərbaycan" qəzeti, 19 sentyabr 1996).

 Heydər Əliyev islami dəyərlərə, irfani görüşlərə bağlı, zəngin mənəvi ənənəsi olan bir ailədə boy atmışdır. "Allah Heydər Əliyevə həqiqətən çox güclü ilham, böyük enerji vermişdir". "Ulu Tanrı verməsə, kişi varlanmaz", "ot kökü üstə bitər" müdrik kəlamlara dayaqlanan müdrik kəlamlar bu baxımdan təsadüfi deyilməmişdir. Böyük milli və bəşəri ənənələr üzərində bərqərar olan bir ailədə yetişib valideynlərindən çox zəngin həyat və mənəviyyat dərsi almış İlham Əliyevin məhz uğurlu islahatlar prezidenti olması bu baxımdan təbii və qanunauyğundur. Möhtərəm prezidentimiz, cənab İlham Əliyevin keçmişimiz, tariximiz, ədəbiyyatımız və ənənələrimizlə bağlı demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz və ənənələrimizdir" ("Azərbaycan", 29 iyun 2006).

Görünür dünya xalqlarının mifologiyasında, klassik ədəbiyyatında müqəddəs sayılan 3 rəqəmi Ulu Öndərin də  bioqrafiyasında təsadüfi yer almamışdır.  Bunu deyərkən biz Ümummilli Liderimizin 1923-cü ildə müqəddəs mövludunu, 2003-cü ildə könüllərə köçüb əbədiyyətə qovuşmasını nəzərdə tuturuq.

 Zaman keçdikcə Azərbaycan torpağında, Türk dünyasında, ümumən, dünyada insan nəsilləri bir-birini əvəzlədikcə hər nəslin öz Heydər Əliyevi olacaq, hər nəsil Heydər Əliyevə öz dünyagörüşü, öz problemləri baxımından yanaşacaq və onu narahat edən suallara bu nəhəng şəxsiyyətin çoxyönlü fəaliyyət arenasından cavablar tapacaq. Bu, o deməkdir ki, Heydər Əliyev şəxsiyyəti konkret bir nəslin idrakının yetə bilmədiyi zirvədir.

Heydər Əliyev və klassik ədəbiyyat doğmalığının çeşidli tərəfləri Ulu Öndərin aşağıdakı mülahizəsindən daha aydın görünür: "Bu gün biz bu yubiley günündə Dədə Qorqud vəsiyyətinə sədaqətimizi bir daha nümayiş etdiririk. "Kitabi- Dədə Qorqud" özündə böyük elmi, mədəni, mənəvi fikirlər cəmləşdirən abidədir". Bu konteksdə 40 rəqəmi barədə düşüncələr də mühüm maraq kəsb edir:  "1981-ci ildə Nizaminin (840), 2009-cu ildə Nəsiminin doğum tarixlərindəki (640), 2009-cu ildə Azərbaycan xalqının yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən-xalqımızın və ölkəmizin taleyinə günəş kimi doğmasından nə az, nə çox - düz qırx il keçir" qənaətləri Ulu Öndərin də böyük klassiklər kimi əbədiliyinin qanunauyğunluğunun təsdiqidir.

 Ulu Öndər öz vətən sevgisi, el qeyrəti, sənətə və mədəniyyətə göstərdiyi səmimi övlad məhəbbəti və atalıq qayğısı ilə ədəbiyyatımızın nəhənglərinə və onlarla başqalarına da yeni həyat, yeni can vermişdir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin simasında ƏLİYEVLİK bu gün də yaşayır, inkişaf edir, xalqa və dövlətə xidmət, sənətə, ədəbiyyata qayğı və diqqət yolunda bütün gücü ilə fəaliyyət göstərir.

Ulu Öndərin Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək, onları xalqın və dövlətin mənafeyinə doğru yönəltmək qüdrəti bu gün də beynəlxalq aləmdə etiraf olunmaqdadır. Heydər Əliyevin yaradıcı simalara himayədarlığı və qayğısı, həm də onlarda tələbkarlığın, məsuliyyət hissinin artırılması kimi başa düşülür. Hər bir sənətkar öz xalqının övladıdır və onun tarixi qarşısında məsuliyyət daşıyır. Ulu Öndərin Azərbaycan ədəbiyyatına ən böyük və tarixi qayğılarından biri, əlbəttə, Azərbaycan Yazıçılar Birliyi və onun ədəbi orqanlarının dövlət büdcəsindən maliyyələşdirilməsi haqda sərəncamıdır ki, bu, şair və yazıçılarımıza yaşamaq, yaratmaq eşqi bəxş etmişdir.

 Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının Ümummilli Lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətdir, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri - müstəqil Azərbaycana əbədi azadlıq qoyub getdi.

Heydər Əliyev müstəqil dövlətçilik dövrünün dövlət ideologiyasını formalaşdırmış, XX əsr Azərbaycan ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə salmışdı. Azərbaycançılıq - Azərbaycanı yüksəltmək, dünyaya tanıtmaq və onun əbədiliyini qorumaqdır. Heydər Əliyev də bütün ömrünü məhz bu müqəddəs və ali məqsədə həsr edib. Heydər Əliyevin azərbaycançılıq konsepsiyasının, eyni zamanda çoxəsrlik tarixi və ənənəsi olan Azərbaycan ədəbiyyatının bədii-fəlsəfi əsasları zəminində bərqərar olduğu qənaətindəyik. Heydər Əliyevin aşağıdakı kəlamları da bu baxımdan mühüm maraq kəsb edir: "Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim hissiyyatlar oyatmağa çalışmışlar, milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan gəlir". Ulu Öndərdən gələn bu kimi etiraflara dayaqlanaraq xüsusi qeyd edə bilərik ki, Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemə salınması və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi Heydər Əliyevin böyük tarixi xidmətidir. Bu gün isə bütün dünyada Azərbaycançılığın ən böyük qarantı Azərbaycanın və hər bir azərbaycanlının prezidenti möhtərəm İlham Əliyevdir.

 





09.05.2017    çap et  çap et