525.Az

"Rəsul Rza və ədəbi çağdaşları" kitabından səhifələr


 

RƏSUL RZA VƏ ALTMIŞINCILAR NƏSLİ

"Rəsul Rza və ədəbi çağdaşları" kitabından səhifələr<b style="color:red"></b>

Altmışıncıların bir pleyada kimi özünəməxsusluğunu onların güclü ictimai-siyasi təsir-təzyiqlər və bu prosesə qarşı yönəlmiş qayğı-dəstəklər qovşağında fəaliyyət göstərməsi də səciyyələndirirdi.

Mövcud ictimai-siyasi təzyiq və müqavimət, eyni zamanda, xalqın, saysız-hesabsız oxucu kütləsinin tükənməz sevgisi - pleyadaya ünvanlanmış ifrat mənfi və misilsiz müsbət münasibətlərin əsas qaynaqları, mənbəyi idi. 50-ci illərin axırları - 60-cı illərin əvvəllərində qaynar Moskva ədəbi mühitində B.Pasternak, A.Axmatova, A.Tvardovski kimi ötən yüzilin dahiləri gənc nəslin əsl mənada hamiləri kimi tanınmışdılar. Təsadüfi deyil ki, onları yalnız rus ədəbi gəncliyinin yox, bütün İttifaq altmışıncılarının mənəvi dayaqları sayırdılar. A.Tvardovskinin baş redaktor olduğu "Novıy mir" jurnalı möhtəşəm imperiya məkanındakı yeni və demokratik bədii cəbhənin ədəbi tribunasına çevrilmişdi.

O dövrün ən üsyankar və döyüşkən yazarı A.Soljenitsının məşhur əsərləri də bircə "Novıy mir" səhifələrində işıq üzünü görə bilirdi. Düzdür, əyalətlərdə A.Tvardovskinin geniş miqyaslı fəaliyyətindən və cəsarətindən söz gedə bilməzdi. Amma respublikaların da öz Tvardovskiləri vardı. Məsələn, yenilikçi və demokratik əhvali-ruhiyyəli gəncliyə Özbəkistanda A.Qəhhar, Mirtemir, M.Şeyxzadə, Şöhrət, Şükrulla, Zülfiyyə, Ə.Muxtar kimi ustad sənətkarlar hamilik edirdi. Gənclərin dünyagörüşləri təzələyən və döyüşkən əsərləri məhz bu görkəmli və təcrübəli sənətkarların tövsiyyəsi və "Uğurlu yol"ları ilə həyata vəsiqə alırdı. E.Vahidov, A.Aripov, R.Pərfi, Ç.Erqaş, A.Mətcan, A. Hacıyeva, H.Xudayberdiyeva və başqa məşhur gənclərin ilk şedevrləri məhz həmin ustadların ön sözləri ilə işıq üzü görmüşdü. O illərdəki Azərbaycan ədəbi mühitinin B.Pasternakı da, A.Tvardovskisi də - ustad Rəsul Rza idi.
 
Doğrudur, ədəbiyyata təzəcə təşrif buyurmuş ədəbi nəslə başqa tanınmış şair və yazarlar da qayğı göstərirdilər. Amma bu gün də hamı yaxşı anlayır, elə o vaxt da çoxları yaxşı bilirdi ki, gəncliyin mənəvi atası və hamisi kimi Rəsul Rza əvəzsizdir. Bu missiyasında, həqiqətən də, ustad şairi heç kimlə müqayisə etmək olmaz. Altmışıncıların bütün mühüm əsərlərinin, xüsusən də, ədəbi-siyasi mühitin müqavimətinə rast gələn əsərlərinin, zamanla uyğunlaşmayan və uzlaşmayan kitablarının çap olunmasında ustad sənətkarın əməyi və xidmətləri bu gün də heyrətlə anılmaqdadır.

Hələ 60-cı illərdə mübariz gənclik öz mənəvi liderinə və kumirinə ilhamlı şeirlər həsr etmişdi. Əli Kərimin məşhur "Şair" ithafından tutmuş Xəlil Rza Ulutürkün tarixi "Şeirimizin Babəki" coşqun poetik xitabına qədər onlarla gözəl bədii nümunələr yaranmışdı. Bu şeirlər və başqa ədəbi-bədii nümunələr Rəsul Rzanın 60-70-ci illərin poetik prosesindəki nüfuzunu və rolunu parlaq şəkildə təsdiq edir. Bu cəhətdən təcrübəli ədəbiyyatşünas alim Vaqif Yusiflinin aşağıdakı analitik fikirləri əsaslıdır: "Biz Rəsul Rzanın 60-cı illərə qədər yazdığı sərbəst şeirləri ilə 60-70-ci illərdə yazdığı sərbəst şeirləri müqayisə etmişik. Əlbəttə, hər hansı şairin yaradıcılıq yolunun ayrı-ayrı mərhələlərini müqayisə etmək o zaman faydalı olur ki, bu müqayisədə həmin şairin poetik boy artımı diqqəti cəlb eləsin: şair zamanın hər hansı bir dönəmində öz istedadını qoruya bilməlidir, bu istedadı qorumaq üçün dünya və milli poetik fikrin bütün naliyyətlərinə bələd olmalıdır. Rəsul Rza məhz belə şair olub və onun şairlik istedadı təkcə 30-40-cı illərdə deyil, daha sonrakı onilliklərdə də özünün yeni keyfiyyətləri ilə üzə çıxıb.
 
Yəni bu mənada 30-40-cı illərin Rəsul Rzası ilə 60-70-ci illərin Rəsul Rzası arasında poetik inkişaf baxımından irəliləyişin olması danılmaz faktdır. 60-70-ci illərin Rəsul Rzasından artıq müdriklik səlahiyyəti qazanmış filosof şair kimi danışmaq lazım gəlir. Bu fikri konkret müstəvi üzərinə keçirək: 60-70-ci illərdə Rəsul Rza şeiri müasir poetik fikrin başlıca tendensiyasını özündə əks etdirirdi. Bu tendensiyanın mahiyyətini bir neçə cümlə ilə belə izah etmək olar: Rəsul Rza Azərbaycan poeziyasında yaranan yeni meyl və istiqaməti hamıdan qabaq duydu və əgər belə demək mümkünsə, bu prosesdə həqiqi bayraqdar rolunu üzərinə götürdü. Rəsul Rzanın 60-70-ci illər yaradıcılığında nəzərə çarpan fəlsəfi notlar, insan amilini təkcə sosioloji amil kimi deyil, fəlsəfi, psixoloji, geniş mənada isə bəşəri müstəvidə nəzərə çarpdırmaq meyli həmin illərin cavan şairləri üçün bir təcrübə oldu". 

Altmışıncıların həyata bu cür duyğularla atılması yalnız ədəbiyyatı deyil, elə həyatın özünü də kökündən dəyişdirəcək bir qüvvənin doğulmasından xəbər verirdi. Yeni lirik qəhrəman zamanın ədəbi-estetik zövqünü də, ümumilikdə ictimai-mənəvi münasibətlər sistemini də təzələşdirəcək bir enerjinin daşıyıcısı idi. Ümumi nəticə isə ondan ibarətdir ki, bədii zövq və dəbləri dəyişmək arzusu ilə ədəbiyyat meydanına qədəm qoyan gənclər çox keçmədən mənsub olduqları cəmiyyətin bağışlanmaz qüsurlarını kəşf etdilər. Onların ədəbiyyatı yenidən qurmaq və yaratmaq işi cəmiyyəti kökündən dəyişmək işinə çevrildi. Altmışıncıların estetik intibah mücahidlərindən və inqilabçılarından cəmiyyəti yeniləşdirən gücə - ictimai inqilab fədailərinə çevrilməsi də məhz yaradıcılıq prosesində baş verdi. Bu pleyadanı şəkilləndirən və onun ümumi atributuna çevrilən bir keyfiyyət idi. Ədəbiyyat tarixində dövlət və hakimiyyəti hədəfə alan, onun sonunu yaxınlaşdırmaq üçün bütün imkanlarını səfərbər edən ədəbi epoxalar, bədii sistemlər o qədər də çox olmayıb. Altmışıncılar pleyadası məhz belə nadir ədəbi mərhələlərdən birinin iştirakçıları kimi çoxminillik söz sənəti tarixində şərəfli yer tutmuşlar. Humanist arzularla coşub-daşan və demokratik təmayüllü rus poeziyasından təsirlənən özbək və Azərbaycanın o vaxtkı poetik gəncliyi də öz xalqlarının milli istiqlal mənəviyyatının formalaşmasında əsas və həlledici rol oynadılar.

Xüsusi qeyd etməliyik ki, altmışıncıların yaradıcılığında mühüm yer tutan və ayrıca bir silsiləni təşkil edən rəmzi obrazlar müxtəlif  bədii-fəlsəfi təsir və dəyişikliklərə məruz qalaraq, özlərinin qayəvi hüdudlarını və məna tutumunu genişləndirərək, nəticədə istiqlala işarə edən poetik obrazlar dərəcəsinə - milli istiqlal rəmzləri səviyyəsinə yüksəldilər. Bu mənada ədəbiyyatımızın Vətən müstəqilliyi üçün apardığı çoxəsrlik mübarizə tarixində 60-cı illər əlahiddə bir etap kimi diqqətə layiqdir. 30-40-cı illərdə fövqəladə bir amansızlıqla həyata keçirilən siyasi qırğın və qətliamlar nəticəsində cəmiyyət mənəvi həyatını tutmuş sükunət buzları məhz bu dövrdə əriməyə başlamışdı. Yavuz səltənətin mahiyyətində, mərkəzi siyasi hakimiyyət təbiətində 50-ci illərin ikinci yarısından sonra meydana çıxan ciddi dəyişikliklər ictimai sahədə də müəyyən canlanmalara, bütün məzlum millətlərin şüurunda oyanışa, mənəvi dirçəlişə təkan verdi. Elə bu vaxtdan etibarən söz sənəti də repressiyalar dövründəkinə nisbətən özünü sərbəst hiss etməyə, bir qədər mülayimləşmiş ictimai-siyasi iqlimdə nəfəs almağa başladı. Və beləliklə, təxminən, on-on beş illik bir müddət ərzində, bu çox qısa tarixi bir dövr içində estetik dünyagörüşü əvvəlkilərdən fərqlənən, yeni bir ədəbiyyat pöhrəsi kök atıb böyüməyə nail oldu.
 
Qısa bir nisbi sərbəstlik, yarımçıq hürfikirlilik və yarımçıq azadlıq mühitində böyük səltənətin bətnində doğulan mübariz bir nəsil, ədəbi pleyada növbəti milli-bədii tərəqqi pilləsində öz yerini tutdu.

Demək olar ki, altmışıncıların ədəbi tərcümeyi-halı, özünəməxsus poetik qiyafəsi həmin mürəkkəb və ziddiyyətli zaman axınında, son dərəcə dolaşıq və mübarizələrlə dolu illərdə formalaşdı. Amma çox keçmədən məlum oldu ki, bu təzələşən və mülayimləşən ictimai-siyasi mühit də xalq ələm və dərdlərini aydın şəkildə ifadə etməyi, açıq söyləməyi xoşlamır. 60-80-ci illər ədəbi prosesini dərindən bilən tənqidçi Ş. Alışanlı bu epoxanın mürəkkəb və təzadlarla zəngin poetik mənzərəsini elmi cəhətdən obyektiv canlandırıb: "50-60-cı illərdə isə poetik fikir həyat həqiqətinə doğru yaradıcılıq axtarışlarında konservativ düşüncə tərzi ilə mübarizə aparmalı oldu. Poeziyanın tarixən sərt həqiqətlərini, şəxsiyyətin bugünkü taleyini sənətin əsas predmetinə çevirmək yolunda mübarizəsi ədəbiyyata həyatın isti, təravətli nəfəsini gətirdi. Həyat həqiqəti, müasir düşüncənin bədii təsdiqi ətrafındakı mübahisələr bəzən də formanın, vəznin köhnəliyi və yaşarılığı səmtində bir-birini inkar edən fikir cəbhələrinə bölündü. Bu mübahisələr poeziyanın müasirlik, həyatilik, reallıq keyfiyyətlərini irəli apardı. 50-ci illərin ikinci yarısından başlayan proses ədəbi fikirdə aparıcı poetik təmayül kimi həlledici rol oynamağa başladı".

 





09.05.2017    çap et  çap et