525.Az

Genetik yaddaş üstündə köklənmiş düşüncələr...


 

və yaxud Xoca Əhməd Yəsəvi irsinə yeni baxış...

Genetik yaddaş üstündə köklənmiş düşüncələr...<b style="color:red"></b>

Professor, filologiya elmlər doktoru Buludxan Xəlilov elmə ən çox dilçi kimi tanınıb. Amma indi ədəbiyyat aləmində ən samballı məqamlardan birini tutmuş, istedadı və qabiliyyətilə ədəbiyyatşünas, tənqidçi kimi də tanınmaqdadır. Elmin ən aktual məsələlərinə toxunur. Zaman-zaman elmdə, ədəbi ictimaiyyətdə, pedaqoji aləmdə sözünün və mövqeyinin cəsarəti, prinsipiallığı ilə seçildi, həmişə həqiqətin, elmin tərəfində dayandı, xeyirxah, humanist hərəkətləri ilə hörmət qazandı...

Elmi təşkilatçılığı ilə  fərqləndi, xüsusən “Dədə Qorqud elmi-tədqiqat laboratoriyası”na rəhbərlik etdiyi dövrlərdən başlayaraq bir yaradıcı şəxsiyyət tipi kimi özünü qabarıq göstərdi, xüsusən, dilçilik elminin onomastika, etimologiya, dialektologiya bölməsinin çətin və aktual  problemlərinin həlli istiqamətində səmərəli elmi-təşkilati işlərin yaranmasına stimul oldu...

Buludxan Xəlilov bu illərdə dilçiliyin müxtəlif problemlərinə, xüsusən onomastikaya aid xeyli elmi konfranslar keçirdi, tədqiqat işlərinin, yeni nəşrlərin yaranmasına səbəbkar oldu. O dövrdə fəaliyyət göstərən həmkarlarımız yaxşı bilirdilər ki,  bütün bu işlər onun şəxsi təşəbbüsü və səyi nəticəsində həyata keçirilirdi. Buludxan Xəlilov təkcə universitetimiz və respublikamız daxilində deyil, türk dünyasında getdikcə yaxşı tanınmaqdadır, elmi nüfuz sahibinə çevrilməkdədir. Deyərdim ki, o getdikcə öz müəllimləri və ustadları olan Afat Qurbanovun, Ağamusa Axundovun, Tofiq Hacıyevin türk dünyasında qazandıqları nüfzün sferasına daxil olmuş yeganə dilçi alimlərimizdəndir.  Onun 2006-cı ildə Türkiyənin Ankara şəhərində Orxon-Yenisey yazılı abidələrinə həsr olunmuş samballı, sayılıb-seçilən alimlərinin iştirakı ilə keçirilən ümumtürk  konfransında iştirakı və yeni elmi konsepsiyası ilə fərqlənən məruzəsi bu dediklərimə kiçik bir nümunədir və belə misalların sayını dönə-dönə artırmaq olar.

Ən nəhayət, mən Buludxan müəllimi dekan kimi fəaliyyətində daha yaxşı tanıdım. Onun çoxlarının duymadığı və bilmədiyi keyfiyyətlərini hiss etdim. Gördüm ki, Buludxan müəllim təhsili, tədrisi əla bilir və təhsildə, tədrisdə milli maraqları,azərbaycançılıq və türkçülük ideyalarını  hər şeydən üstün tutur.

Məlumat üçün, onu da nəzərə çatdırım ki, tanınmış publisist, dilşünas, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1999), professor, Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı  Buludxan Əziz oğlu Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1983-1990). Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1985-1987). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Azərbaycan dili kafedrasında laborant kimi başlamışdır. Burada baş laborant, müəllim (1990-1996), indi isə professordur (2001-ci ildən). Qeyd etdiyim kimi, Dədə-Qorqud elmi-tədqiqat laboratoriyasına başçılıq etmiş, üzün müddət  “Filologiya məsələlərinə dair tematik toplu”nun redaktoru kimi fəaliyyət göstərmişdir. 2006-cı ildən professor Buludxan Xəlilov ADPU–nun filologiya fakültəsinin dekanı vəzifəsini aparır.

   Müasir ədəbi-tənqidi fikrin, ədəbi irsin araşdırılmasında öz dəst-xətti ilə seçilir. M.F.Körpülünün “Azəri” əsərini transliterasiya edib ön söz və şərhlərlə çap etdirmişdir (2000). Ədəbi dilin tədqiqinə dair “Azərbaycan dilində təkhecalı fellərin əsasında duran ilkin köklərin fonosemantik inkişafı” (1995),  “Azərbaycan dilində ikihecalı fellərin fonosemantik inkişafı” (1996),  “Fellərin ilkin kökləri” (1998), “Birinci Beynəlxalq Türkoloji qurultay” (1999),  “Müasir Azərbaycan dilinin morfologiyası (I hissə)” (2000), “Türkologiyanın intibah dövrü (XIX əsrin sonu XX əsrin 30-cu illəri), (2001), “Azərbaycan dili: dünən, bu gün”, (2004), “Türkologiyaya giriş: Dərslik, (2006), “Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfepiya, Dərslik, (2007), “Müasir Azərbaycan dilinin morfologiyası”, [2 hissədə]: [dərslik].- I hissə.- (2007),  “Müasir Azərbaycan dilinin morfologiyası [2 hissədə]: dərslik- II hissə, (2007), “Müasir Azərbaycan dilinin leksikologiyası: leksikologiya, semasiologiya, etimologiya, onomalogiya, frazeologiya, leksikoqrafiya, söz yaradıcılığı [Dərslik], (2008) kimi samballı, Azərbaycanda və türk elm aləminə məşhur olan Mahmud Kaşğarinin “Divani lüğət –it-türk” əsərində etnonimlər”(2012), “224-qədim türk sözü”(2012), “Dil, ədəbiyyat, mədəniyyət”(2013) və haqqında danışdığımız onlarla monoqrafik əsərlərin, kitabların, dərsliklərin  müəllifidir.

Həmçinin onun son vaxtlar Respublikanın say-seçmə, mötəbər mətbuatında dərc etdirdiyi “Mirzə İbrahimovun yaradıcılığında dil və ədəbiyyat dərslərinə münasibət”, “Xalq qəzeti”, – 2012. – 10 yanvar. – N 5; “Mirzə İbrahimovun dilçilik görüşləri”,  “Azərbaycan məktəbi” jurn., – 2012. – № 1. – S. 40-49; “Səməd Vurğunun yaradıcılığında dil məsələləri”, “Azərbaycan məktəbi” jur., – 2012. – № 4. – S. 39-47;  “Doğma dil milli ruhun daşıyıcısı”, “Respublika” qəzet., – 2012. – 30 noyabr. – № 267. – S. 5; “Türkün genetik yaddaşı və yaratdığı hikmət xəzinələri”,  “Azərbaycan dili və ədəbiyyatı tədrisi”. – 2012. – № 4. – S. 61-68 – elmi-nəzəri və metodik məqalələri ədəbi-elmi ictimaiyyətin ciddi marağına səbəb olmuşdur.

Müəllif bu monoqrafiya və dərsliklərində, məqalələrində türk dillərinin tipologiyası, tarixi, quruluşu, təsnifatı, əlifbası ilə bağlı elmi tələblərə cavab verən araşdırmalar aparmış, müxtəlif elmi mənbələrə özünün baxış bucağından baxmaqla onları analoji təhlildən keçirmişdir. Yaxşı haldır ki, professor Buludxan Xəlilov kitabdan-kitaba tədqiq etdiyi elmi məsələlərin arenasının dərinliyinə diqqət yetirir.  Bu mənada onun bütün əsərləri, sözün həqiqi mənasında gərgin əməyin, zəhmətin bəhrəsi olmaqla, həm də dəyərli dərsliklərdir, elmi-nəzəri araşdırmalardır.

Professor Buludxan Xəlilovun onlarla maraqlı və lazımlı, problematik, elmi-nəzəri və ictimai-sosial məzmunlu məqalələri vardır. Bu məqalələrin bir qismində, o həm də özünü alim-publisist kimi də bacarığını nümayiş etdirir. Bunların içərisində problematikasının genişliyi və türkologiyadakı əhəmiyyətinə, ümumtürkçülüyə xidmətə görə təkcə bir məqaləsinin – “Çağdaş türkologiyamızın qarşısında duran vəzifələr”  məqaləsini xatırlatmaq, məncə yetərincədir.

Ümumiyyətlə, professor Buludxan Xəlilovun bu əsəri onun indiyənə qədər apardığı türkoloji araşdırmaların məntiqi nəticəsi kimi ortaya çıxıbdır.

Onun bu sahədə apardığı araşdırmaların qısa xülasəsinə nəzər salsaq olduqca maraqlı və cazibədar bir mənzərənin şahidi olar, həm də, professor Buludxan Xəlilovun erudisiyası, tədqiqat sferası barəsində təsəvvür yaratmış olarıq.

Müəllif qədim türk dövrü ilə əlaqədar araşdırmalarının miqyasını dəyişməli olur. Heç şübhəsiz bu miqyaslı dəyişmələrin müəyyən səbəbləri vardır, çünki bu maraqlı və səriştə tələb edən dövr özünəməxsus xüsusiyyətləri ilə diqqəti çəkir. Bildiyimiz kimi, qədim türk dövrünün ilk yazılı abidəsi Orxon-Yenisey yazılarıdır. Yazıların tədqiqinə böyük diqqət ayıran dilçi alim bu qədim tarixi abidə ilə bağlı xeyli ağlasığan, elmi araşdırma aparıb. O bu yazıların tapılması və onun tədqiqi məsələlərinə çox ciddi əhəmiyyət verib. Bu məqsədlə yazılı abidəni ilk dəfə aşkar edib üzə çıxaran F.İ.Stralenberq və onun elmi cəhətdən oxunmasını ilk dəfə üzə çıxaran danimarkalı V.Tomsen haqqında məlumat verməklə onun tədqiqi məsələlərinə müxtəlif bucaq altından baxıb. O, Gültiginin, Bilgə Xaqanın, Tonyukukun şərəfinə yazılmış abidələr üzərində çox böyük anlamda ciddi araşdırmalar aparıb. Bir abidə kimi təqdim olunan bu yazılarda əslində müəllifin göstərdiyi kimi müəyyən mənada mahiyyət fərqi vardır. O bu fərqləri elmi dəlillərlə sübut edir. Dilçi alim uyğur mədəniyyəti ilə də əlaqədar maraqlı elmi fikirlər söyləyir. Uyğur türklərinin Soqdi əlifbası ilə bağlı müəyyən açıqlamalar verir. Qədim uyğur mədəniyyətinin özünə xas olan düzxətli inkişafını belə izah edir: “Ərəblərə və avropalılara kağız hazırlamağı uyğur türkləri öyrətdi. Uyğurlar mətbəə və çap işlərini bilirdilər. Uyğur türkləri Orxon əlifbasını buraxıb Soqdi əlifbasına keçmişlər. Soqdi yazısı İran köklü yazı olub: 3 səssiz, 15 səsli hərfdən (yəni cəmisi 18 hərfdən) ibarətdir. Soqdi yazısı sağdan sola yazılır. Uyğur mədəniyyəti içərisindəki rəsm və heykəl (budda heykəl), memarlıq, teatr, musiqi də inkişaf etmişdir”. Uyğurların “Törəyiş”, “Köç” dastanlarının yığcam məzmunu fəsildə müfəssəl məlumatı da bəyəniləsi haldır. Müəllif qədim türk dövrünün qırğız mərhələsinə də xüsusi önəm verir. O, “Manas” dastanının tədqiqi ilə bağlı xeyli araşdırmalar aparır, qədim qırğız dastanının tədqiqi ilə bilavasitə bağlı olan V.V.Radlov, V.Jirmunski, M.Auezov, V.Yunusəliyev, K.Raxmatullin kimi tədqiqatçıların adlarını qeyd edir və “Manas”ın konkret olaraq məzmununu müəyyən süjet xətti ilə açıqlayır.

 Buludxan Xəlilov orta türk dövrünə tarixi nöqteyi-nəzərdən müfəssəl yanaşmağı unutmur. Belə ki, o, Qaraxanlı, Xarəzmşahlar, Qaraqoyunlular, Ağqoyunlular dövlətləri haqqında xronoloji qaydada məlumat verərək, bu tarixi dövrün bir qism yazılı abidələri olan M.Kaşğarinin “Divani lüğət-it-türk”, Yusif Balasaqunlunun “Kudatqu bilik”, Əbu Həyyan əl-Qarnatinin “Kitabül-əl idrak lilisanül əl-ətrak”, Qütbün “Xosrov və Şirin”, “Dədə Qorqud” dastanları, “Dastani-Əhməd Hərami”, Səyyad Həmzənin “Yusif və Züleyxa” kimi əsərlərini xatırladır və yeri gəldikcə onları müəyyən ardıcıllıqla, sistemli, müqayisəli şəkildə təhlil edir. Dilçi alim öz yazılarında M.Kaşğariyə xüsusi diqqət vermişdir. Bu da təsadüfi deyil. O, M.Kaşğarinin məzarı ilə bağlı xeyli zəhmət tələb edən tədqiqat işləri aparmışdır. “Həzrəti mövlam” məzarı ilə də xeyli tədqiqat tələb edən materiallara alim gözü ilə baxıb, onlara aydın, elmi prizmadan münasibət bildirmişdir. O, M.Kaşğarinin Vətəni olan Kaşğar, Opal, Azık, Kasi şəhər və kəndləri ilə də əlaqədar yaddaqalan, oxucuların maraq dairəsinə xoş təsir bağışlaya biləcək müqayisəli analoji təhlillər aparır. Bu baxımdan onun O.Pritcak, A.Rozin kimi tədqiqatçıların fikirlərinə müraciət etməsi heç də təsadüfi xarakter daşımır. Dilçi alim eyni zamanda elm aləminə məlum olan iki əsəri – M.Kaşğarinin “Divani lüğət-it-türk” və “Kitabi-cavahirül nəhv fil lüğatitürk” əsərlərini də təhlilin mərkəzinə çəkir. Müəllif həmin fəsildə Yusif Balasaqunlu və onun “Kutadqu bilik”in nüsxələrinin, Əlülqazi Bahadır xanın “Şəcəreyi-tərakimə” və Rəşidəddinin “Oğuznamə” əsərlərinin tədqiqinə də xüsusi önəm verir.

  Mənə elə gəlir ki, məhz belə bir geniş, əhatəli marağın nəticəsində Buludxan Xəlilovun qələmə aldığı “Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi” tədqiqat işi, monoqrafiyası, zərif nəşr olunmuş kitabı diqqəti daha çox cəlb edir.

   Kitabda tüpk bədii və fəlsəfi fikir xəzinəsinin dünənindən, bu günündən seçmələr verilir, yüksək elmi səriştə ilə təhlil olunur, şərh edilir. XI əsrin hikmət sahibi, türk dünyasının ən görkəmli ədiblərindən və mövlalarından biri olan Əhməd Yəsəvinin həyatı, yaradıcılığı, təriqətə aid görüşləri, onun yaradıcılıq fəlsəfəsi, sadə, elmi arqumentlərə uyğun bir tərzdə, müasir oxucunun qəbul edə biləcəyi anlaşıqlı bir üslubda araşdırılır...

  Müəllif Yəsəvi təriqətinin məzmun və mahiyyətinin açılmasına xüsusi diqqət yetirir, yeri gəldikcə Əhməd Yəsəvi ideyaları Azərbaycan bədii fikrinin nümunələri əsasında izlənilir, müqayisə edilir, maraqlı, dürüst elmi müstəvidə oxucuya təqdim etməyi bacarır...

Seçilən cəhətlərdən biri də budur ki, professor Buludxan Xəlilov Əhməd Yəsəvi hikmətlərindən verilmiş nümunələri orijinaldan – Türkiyə türkcəsindən seçərək təqdim etmişdir. Bu da Əhməd Yəsəvi irsinin öyrənilməsini, mənimsənilməsini təhriflərdən qorumuşdur.

Bu baxımdan professor Buludxan Xəlilovun “Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi” (Bakı, 2010) kitabı tədqiq obyekti kimi yeni elmi dəyərlərə cavab verir, Əhməd Yəsəvinin şəxsiyyəti, yaradıcılığı, mühiti, dövrü haqqında oxucuda tam təsəvvür yaradır.

Elə bunun nəticəsidir ki, 2010-cu ilin sentyabr ayında  Aşqabadda keçirilən “Xoca Əhməd Yasəvi və Şərqin sufi ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfransda ABŞ, Türkiyə, Rusiya, Əfqanıstan, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Özbəkistan, Türkmənistan və digər ölkələrdən gəlmiş alimlərli yanaşı  Azərbaycan alimlərindən filologiya elmləri doktoru, professor Buludxan Xəlilov təmsil etmişdir. Məlumat üçün deyim ki,  bu mötəbər beynəlxalq tədbirdə – Konfransın əvvəlində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakçılara ünvanlanmış təbriki oxunmuşdur. Elmi konfransın iştirakçıları “Xoca Əhməd Yasəvinin əsərlərinin əlyazma mənbələri və onun öyrənilməsi”, “Xoca Əhməd Yasəvinin dövrü və 12-ci əsr Şərq tarixi”, “Xoca Əhməd Yasəvinin yaradıcılığı və türkmən klassik ədəbiyyatı”, “Xoca Əhməd Yasəvinin yaradıcılığı və Səlcuqilər dövrünün türk ədəbiyyatı”, “Xoca Əhməd Yasəvinin ədəbi irsi və türkmən dili” mövzuları üzrə bölmələrdə 100-dən artıq məruzə dinləmişlər. Bu məruzələr içərisində maraq doğuran və fərqlənən məruzələrdən biri də, “Türk bədii fikrində Əhməd Yəsəvinin dil faktoru” mövzusunda söylədiyi məruzə olmuşdur. Bu faktın özü göstərir ki, professor Buludxan Xəlilov qələməı alığı mövzuları təkcə regional-məhəlli siferada deyil, beynəlxalq müstəviyə də çıxarmağı bacaran alimlərimizdəndir.

  Buludxan Xəlilov bu kitabında Azərbaycan oxucusuna Əhməd Yəsəvinin həyat və yaradıcılığı barədə müfəssəl məlumat verir. Kitabdakı “XI əsrin hikmət sahibi Xoca Əhməd Yəsəvi” və “Xoca Əhməd Yəsəvinin həyatı”, “Hikmət xəzinəsində yaş həddi” başlıqları altında yazılmış  ikinci fəsildən aydın olur ki, Əhməd bin İbrahim bin İlyas Yəsəvi Batı Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində dünyaya gəlmiş, doğum ili dəqiq məlum olmasa da, onun XI əsrin əvvəllərində 1103 və ya 1105-ci illərdə dünyaya gəlməsi təxmin edilir. Müqəddəslik məqamına yüksəlmiş Əhməd Yəsəvi 1166-cı ildə vəfat etmişdir. Onun məzarı üstündə Əmir Teymur tərəfindən inşa etdirilmiş möhtəşəm türbə bu gün də ehtişamına, zənginliyinə və memarlıq struktruna görə heyranlıq doğurur. Əhməd Yəsəvinin türbəsi əsrlər boyu türkmənlərin, özbəklərin, qazaxların, qırğızların ən müqəddəs ziyarətgahı olaraq qalmaqdadır...

Müəllif haqlı olaraq Əhməd Yəsəvini – XI əsrin məşhur mütəfəkkir-şairi, ortaq türk ədəbiyyatında ilk mütəfəkkirlərdən, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından, Orta Asiya türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan bir şəxs kimi faktların dili və dərin təhlillərlə, faktoloji sübutlarla təqdim edə bilir.

Əhməd bin İbrahim bin İlyas Yəsəvi – Pir Sultan, Xoca Əhməd, Kul Xacə Əhməd kimi də tanınmışdır. O, ilk təlim və tərbiyəsini Yəsi şəhərində almış və bu şəhərin adını özünə təxəllüs götürmüşdür.

Kiçik yaşlarında anasını itirən Əhməd ilk dərslərini Sayramın ən məşhur vəlilərindən olan atası Şeyx İbrahimdən almışdır. Amma onun 7 yaşında ikən atası da vəfat etmişdir. Atası öləndən sonra əvvəlcə Yəsidə Arslan Babadan dərs alan Əhməd, qısa zaman içində təhsildə böyük uğurlar qazanmışdır. Arslan Baba dünyasını dəyişəndən sonra o, Buxaraya yollanmış və burada böyük övliya Yusif Həmədaninin şagirdi olmuşdur. Həmədanidən icazət və xilafət alan Əhməd Yəsəvi müəlliminin vəfatından sonra bir müddət Buxarada qalıb burada şagird yetişdirmişdir.

Əhməd Yəsəvinin əsas əsəri sayılan və YUNESKO tərəfindən dünya ədəbiyyatının incilərindən biri kimi nüsxəsi qorunan “Divani-hikmət” əslində müəllifdən əsrlərcə sonra Yəsəvi dərvişləri tərəfindən tərtib edilmişdir. Rəvayətə görə, onun Türküstanın hər tərəfində yayılan doxsan doqquz min müridi, on iki min kamil təsəvvüf əhli (sufi), özünun sağ ikən təyin etdiyi bir çox xəlifələri olmuşdur.

Müəllif haqlı olaraq mahir, səriştəli bir dilçi kimi müəyyənləşdirir ki, bu səbəbdən əsərin mətninin dili XI əsrin deyil, daha sonrakı yüzilliklərin dil xüsusiyyətlərini də mənimsəmişdir. Belə ki, “Divani-hikmət” qafiyə sistemi və vəzn baxımından qoşmalara bənzəyən dördlüklərdən və əruz vəznində yazılmış qəzəllərdən ibarətdir. Bu da poetik janrların yaranma və inkişaf tarixini müəyyənləşdirməkdə ciddi faktlardan biri kimi maraq doğurur.

Buludxan Xəlilov təhlil yolu ilə göstərir ki, Xoca Əhməd Yəsəvi ən məşhur əsərlərindən biri olan “Divani-Hikmət”i  ərəb və fars dillərinə dərindən bələd olmasına baxmayaraq, sadə türklərin hamısının anladığı və başa düşdüyü xalq dilində yazıb. O, bu əsərində sadə dildə yazdığı mənzumələrlə İslamın əsaslarını, şəriətin hökmlərini ədəb və qayəsini, mahiyyətini xalqa çatdırırdı. Ona görə Yəsəvi yazdığı mənzumələrə hikmət adını vermişdi. Onun bu mənzumələrini dərvişləri uzaqlarda yaşayan türk xalqlarına çatdırır və bununla da onların İslama daha sıx bağlanmasına, dostluq və qardaşlıq içində yaşamalarına yardım edirdilər. Bu da o dövrdə türklər arasında mənəvi, ruhi, qardaşlıq birliyinin formalaşmasında önəmli rol oynadı.

Kitabın “Xoca Əhməd Yəsəvinin təriqət görüşləri” adlanan 3-cü fəslində müəllifə görə, Yəsəvinin ən böyük xidmətlərindən biri onun İslamı sadə türklərin daha dərindən dərk etməsi, islami həyat tərzinə yiyələnməsi üçün təsəvvüfdən istifadə etməsi və bu ruhda çox sayda mənzumələr yazmasıdır. Bu mənzumələr köçəri həyat keçirən hər bir türk üçün başa düşülən idi.

Beləliklə, Yəsəvi təsəvvüf ruhunda yazdığı əsərlərlə islamın türklər tərəfindən daha dərindən öyrənilməsi və dərk edilməsi ilə bağlı yeni bir məktəbin əsasını qoydu. O, təsəvvüflə yüz minlərlə türkün ruhunu, qəlbini fəth etdi. Bu da sadə xalq kütlələrinin İslama daha dərindən bağlanmasına, Haqqa gedən yolu özlərinin gündəlik həyatına bir nur edərək yaşamasına, onunla nəfəs alıb-verməsinə gətirib çıxardı. Bu müstəvidə də Yəsəvilik sadəliyin, fədakarlığın və bütün yaradılmışlara olan ilahi eşqin parlaq bir nümunəsi kimi min illər boyu yaşamaqdadır.

Onun “Divani-Hikmət”ində dinindən, rəngindən, irqindən asılı olmayaraq, bütün insanlara Allah tərəfindən yaradılmışların hamısına bir sevgi və məhəbbət təbliğ edilir. Yəsəvidə yaradılmışların ən şərəflisi olan insana sevgi və məhəbbət var. Bu  sevgi uca Yaradana olan sonsuz eşqlə qovuşaraq Haqqa gedən yolu bir nur kimi işıqlandırır. Bu anlayış Yunus Əmrənin “Yaradılanı sev, əməllərinlə, yaşadığın həyatınla ona Haqqa gedən yolu göstər” düşüncəsi ilə vəhdət təşkil edir.

Müəllif göstərir ki, İnsanların mənəvi və ruhi tərbiyəsində, dinimizi dərindən öyrənməsi və onu yaşamasında əmək amili də xüsusi önəm daşıyır. Yəsəviyə görə, əmək insanın həyatının mahiyyətini təşkil edir və işləməyən, zəhmətin nə olduğunu bilməyən insan ruhi-mənəvi və islami dəyərlər baxımından kamil insan kimi yetişə bilməz. Yəsəviyə görə, insanların haqqını tapdamaq, başqasının əməyi hesabına dolanmaq Allah tərəfindən bağışlanması inandırıcı görünməyən əməllərdəndir. Yəsəvi işləməklə, halal yolla, əlinin zəhməti ilə ailəsini dolandıranları, haramdan özünü və nəfsini qoruyanları hər iki dünyanın ən xoşbəxt adamı hesab edir.

Müəllif sübut edir ki, Yəsəviyə görə, qadın və ailə münasibətləri həyatda xüsusi önəm daşıyır. Qadın-kişi bərabərliyi, onların ailə birliyi içində dinimizin şərtlərinə uyğun şəkildə həyat yaşaması ilahi eşqin əsaslarından birini təşkil edir. Belə ki, ailədə hüzur və sakitlik, ruhi rahatlıq olmadan insan Haqqa gedən yolu tapa, ona daha ürəkdən bağlana bilməz . Yəsəvinin fikrincə, ailəsi hüzur içində olmayan insanlar mənəvi və ruhi baxımdan dumana düşərək yollarını tapa bilməyən qazları xatırladarlar.

Tədqiqatçıya görə, Əhməd Yəsəvinin dünyagörüşünün əsasında 7 prinsip dayanır: Allaha ilahi eşqlə bağlılıq, İslamiyyət və Allaha iman, ixlas (maddi və şəxsi mənfəət güdməyən müsəlmanlıq), Allahın yaratdığı və yer üzünün ən şərəflisi olan insanı sevmək və onun xidmətində dayanmaq, rəngindən, dilindən, dinindən, cinsindən asılı olmayaraq, bütün insanlara məhəbbətlə yanaşmaq, onlar arasında ayrı-seçkilik qoymamaq, qadın-kişi bərabərliyi, əmək və halal yolla ruzi qazanmaq, bu çərçivədə də qul haqqını tapdalamamaq və elm. Əhməd Yəsəvi elmin insanı Allaha yaxınlaşdıran ilahi əmr olduğunu vurğulayır.

Əhməd Yəsəvinin cağatay ( əski özbək türkcəsi) ləhcəsində yazdığı “Risalə” ( Fakrnamə) adlı əsərində də İslamiyyətin əsasları özünəməxsus  sadə və şirin dillə izah edilib.

Yaxşı, xoşa gələn cəhətlərdən biri də budur ki, Buludxan Xəlilov istifadə və istinad etdiyi mənbələri kamilliklə mənimsəyib, “Qurani-Kərimdən” , Əhməd Yəsəvinin “Divani-hikmət”indən, Şərq və türk alimlərinin seçmə əsərlərindən – Əhməd Yügnəkinin irsindən, Yusif Balasaqunlunun məşhur “Qutadqu bilik – xoşbəxtliyə aparan elm” əsərindən, “Oğuznamə” lərdən gətirdiyi seçmə misallarla onlardan geriyə qalmayan öz fikir dünyasını təqdim etməyi bacarıbdır. Beləliklə o, Əhməd Yəsəvi şəxsiyyətini və yaradıcılığını ön planda tutsa da, Qədim türk korifeylərini – Əhməd Yəsəvini, Yusif Balasaqunlu, Əhməd Yügəngi üçlüyünü – bu nəhəng türk fikir triadasını birgə  şəkildə müasir oxucuya təqdim edə bilir!

Beləliklə, professor Buludxan Xəlilov “Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi” əsərində XI əsr türk fikir korifeyi Əhməd Yəsəvinin 63 yaşına qədər keçdiyi ömür və yaradıcılıq  yolunu mərhələlərlə təsvir edərək, əslində insanın mənəvi-əxlaqi yüksəlişini və kamilliyə doğru gedişini təsvir etmişdi. Buludxan Xəlilov bütün bunları yüksək professionallıqla təhlil edir və yekun olaraq söyləyir: “Əhməd Yəsəvi yaşlanan insanların hər yaşının üstünə yaş gəlməsini onlara verilən imtiyaz, bəraət, təltif kimi qiymətləndirir. Eyni zamanda yetmiş, səksən, doxsan yaşa çatanların günahını yox etməyi, onların günahlarının bağışlanmvsını istəyir. Burada o, adi insan kimi deyil, təriqət adamı kimi, Yəsəvi təriqətinin yaradıcısı kimi öz mövqeyini nümayiş etdirir.

...Xoca Əhməd Yəsəvi Türküstandan doğan bir türk günəşi kimi uca Yaradanın əmrlərinə bütün varlığı ilə bağlı olması, hər şeyini bu yolda fəda etməsi yüz minlərlə insanın qəlbində iman nurunun yanmasına səbəb oldu.”

Müəllif sübut edir ki, Əhməd Yəsəvinin ən böyük xidmətlərindən biri onun İslamı sadə türklərin daha dərindən dərk etməsi, islami həyat tərzinə yiyələnməsi üçün təsəvvüfdən istifadə etməsi və bu ruhda çox sayda mənzumələr yazmasıdır. Bu mənzumələr köçəri həyat keçirən hər bir türk üçün başa düşülən idi. Beləliklə, Yəsəvi təsəvvüf ruhunda yazdığı əsərlərlə islamın türklər tərəfindən daha dərindən öyrənilməsi və dərk edilməsi ilə bağlı yeni bir məktəbin əsasını qoydu. O, təsəvvüflə yüz minlərlə türkün ruhunu, qəlbini fəth etdi. Bu da sadə xalq kütlələrinin İslama daha dərindən bağlanmasına, Haqqa gedən yolu özlərinin gündəlik həyatına bir nur edərək yaşamasına, onunla nəfəs alıb-verməsinə gətirib çıxardı. Bu müstəvidə də Yəsəvilik sadəliyin, fədakarlığın və bütün yaradılmışlara olan ilahi eşqin parlaq bir nümunəsi kimi min illər boyu yaşamaqdadır...

Həmçinin, Buludxan Xəlilov bu əsəri ilə bir daha göstərir ki, türk kimi poetik şəkildə fikir söyləmək təkcə bədii təfəkkr tərzinə malik olmaqla kifayətlənmir, həm də ən azı təbiətin özü qədər qədim olmağı, hissiyyatlı və emossional olmağı, qavrayış və düşüncə dərinliyinə malik olmağı, həyatı həyat kimi yaşamağı, həyatın və təbiətin dilini bilmək bacarığını, ruhlu olmağı, obrazlı danışmaq qabiliyyətini, ən başlıcası dil və təfəkkür qədimliyini tələb edir!..

Beləliklə, bu kitab, bir daha, XI əsr türk dünyasının düşüncə tərzinin, dini-fəlsəfi təfəkkürünün, türk dilinin zənginliyinin daşıyıcısı olan bir filosofun, təriqət sahibinin irsinin müasir və klassik elmin qovuşuğunda təqdim edən, türkün kim olduğunu sübut edən bir əsər kimi qiymətlidir və xüsusən müasir gəncliyimizin stolüstü mənəvi-əxlaqi dərslik kitabı kimi əhəmiyyətlidir...

Tərlan NOVRUZOV
filologiya elmləri doktoru
professor

 





06.05.2013    çap et  çap et