525.Az

Unudulmaz sevgi şeirləri- “...bu kimdəndir Bizə?”


 

PƏRVİNin təqdimatında

Unudulmaz sevgi şeirləri-  <b style="color:red">“...bu kimdəndir Bizə?”</b>

“Əsas daxili gözəllikdi...” – deyirlər! Vəssalam? Bəs xarici görünüş? Daxilən zəngin, mənalı adam “necə gəldi” görünsə də, olar? Hərdən düşünürəm ki, tənbəllər bu əfsanələri sadəcə özlərinə təsəlli  üçün uydurublar: Gözəldə ağıl olmaz... İnsanın qəlbi gözəl olsun və s.  Günahı tənbəllərin boynuna yıxmağım boşuna deyil...  Mənə görə, qadın gözəgəlim, çəkici deyilsə, demək tənbəldi. Çünki Allah lütfkardı, bəxş edəndi, xüsusən zərif cinsin nümayəndələrinə qarşı çox səxavətlidir. Ona görə də qadın həm daxilən, həm də xaricən gözəl ola  bilmirsə, onu tənbəllikdə və birtərəflilikdə ittiham etmək yerinə düşür. Şübhəsiz, çəkicilik, cazibə deyəndə ideal formaları, daxili zənginlikdən danışanda bütün elmlərdən hali beyni nəzərdə tutmuram. Söhbət Sevgiyə Gələn GÖZƏLLİKdən gedir. Vaqif həmin gözəlliyin dilini və meyarlarını bilirdi! Elə “Sevdiyim, ləblərin yaquta bənzər” qoşmasının da  əsas məziyyəti budur. Vaqifin varlığını, düşüncəsini zəbt etmiş sevgilisi hərtərəfli Gözəldir. Ləbləri yaquta bənzər xanımın sədəf dəhanından boş, mənasız sözlər çıxsaydı, sevgi alınmazdı, məncə... Yaxud da sadəcə, buna sevgi deyilməzdi! Bəlkə müvəqqəti maraq, qısamüddətli diqqət olardı... Amma şeirdə aşiq sevgilisinə heyrandı... Xanımın başına pərvanətək dolanan, onu ilahiləşdirən Divanənin halı, iztirabları qəliz xarakterli bir Qadını göz önünə gətirir. Bəlkə də bu təbiidir. Mümkün deyil axı... Qadın həm gözəl, ağıllı, həssas, incə, maraqlı, nəvazişli olsun, həm də onunla münasibət asan, rahat alınsın... Yəqin ki, dəhanından dürr tökülən xanım özünün və Qadınlığının fərqindədir. Və onun arabir naz edib aşiqin sözünə cavab verməməsi, camal gizləyib üz göstərməməsi gözləniləndir. Çünki belə Qadını hər gün qazanmaq, fəth etmək lazımdı... Əslində, mənə görə, elə bunların özü də fərqlilikdən gəlir və sevgini qorumaq üçün uğurlu yoldur. Çünki xanım Vaqifi arxayın salsa, ölüncə səninləyəm deyib rahatlaşdırsa, zamanla nələrsə dəyişər, mənasızlaşar... Qısa müddətdə Sevgi bitər! Amma hərdən qorxutması, yandırması, biganəliklə “bu kimdəndir bizə?” – deməsi həyəcanı, təlaşı və ən nəhayət sevgini artırır. Şeirin son bəndində duyulan hədsiz enerjiyə, təşnəliyə də səbəb durmadan artan sevgidir...

Bəs görəsən, birtərəfli qadın, tənbəllərin dediyi kimi təkcə daxilən,  yaxud cismən gözəl xanım Vaqifin fikri, zikri, sözü ola bilərdimi? Qətiyyən!

Molla Pənah Vaqif:

“Sizin Divanədəndir!”

 

Sevdiyim, ləblərin yaquta bənzər,

Sərasər dişlərin dürdanədəndir.

Sədəf dəhanından çıxan sözlərin

Hər biri bir qeyri xəzanədəndir.

 

Nədəndir sözümə cavab verməmək?

Həm camal gizləyib, üz göstərməmək.

Gecələr gözlərim xabı görməmək,

Ol siyah nərgisi-məstanədəndir.

 

Mən ha səni nuri-İlahi sannam,

Camalının şöləsinə dolannam,

Atəşinə mərdü mərdanə yannam,

Bu xasiyyət mənə pərvanədəndir.

 

Bir namə yazmışam can üzə-üzə,

Badi-səba, apar sən o gül üzə,

Soruşsa yar ki, bu kimdəndir bizə?

Söyləgilən: – Sizin divanədəndir.

 

Xumar-xumar baxmaq göz qaydasıdır,

Lalə tək qızarmaq üz qaydasıdır,

Pərişanlıq zülfün öz qaydasıdır,

Nə badi-səbadan, nə şanədəndir.

 

Müştaqdır üzünə gözü Vaqifin,

Yolunda payəndaz üzü Vaqifin,

Sənsən fikri, zikri, sözü Vaqifin,

Qeyri söz yanında əfsanədəndir.

 





06.05.2013    çap et  çap et