525.Az

YAP “Heydər Əliyev - böyük azərbaycanlı” adlı konfrans keçirir


 

YAP “Heydər Əliyev - böyük azərbaycanlı” adlı konfrans keçirir<b style="color:red"></b>

Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Heydər Əliyev - böyük azərbaycanlı” adlı konfrans keçirilir. APA-nın məlumatına görə, konfransda YAP-ın sədr müavini, deputat Əli Əhmədov, baş nazirin müavini Yaqub Eyyubov, Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov və Bahar Muradova, bir sıra nazirlər, deputatlar, partiya fəalları və ictimai xadimlər iştirak edirlər.
 
İştirakçılar əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Konfransı açıq elan edən Ə. Əhmədov bildirib ki, azərbaycanlıların yaşadığı bütün ölkələrdə H. Əliyevin 90 illiyi qeyd olunur və anılır: “Heydər Əliyev böyük bir epoxadır. Bu epoxanın isə 40 ilə yaxın tarixi var. Amma biz həm də düşünürük ki, bu tək tarix deyil, həm də gələcəkdir. Heydər Əliyevin Azərbaycan tarixindəki dərin izi ilə yanaşı, xalqın gələcək taleyinə təsiri də mövcuddur. Həyatda olmadığı 10 il ərzində onun ideyalarını prezident İlham Əliyev uğurla həyata keçirib və nəticədə Azərbaycan dünyada, regionda güclü dövlətə çevrilib”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov çıxışında Heydər Əliyevin 1969-cu ildə Azərbaycan SSR-ə rəhbər seçilməsindən sonra gördüyü işlərdən danışıb: “Heydər Əliyev 18 yaşında xalq komissarlığında şöbə müdiri işləyib.

O vaxt buna heç kəs nail ola bilməmişdi. 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə ölkənin bütün sahələrindən xəbərdar idi. Seçildikdən dərhal sonra Heydər Əliyev plenum keçirdi və o toplantıda Azərbaycanda mövcud olan bütün problemlər açıqlandı. Həmin plenumda rüşvətxorluğa qarşı mübarizə müzakirəyə çıxarıldı, hansı ki, Sovet İttifaqı zamanı bu barədə müzakirə aparmaq olduqca riskli idi”.
 
Ə. Həsənovun sözlərinə görə, H. Əliyev hakimiyyətə gələndə Azərbaycan SSRİ-nin ən geridə qalan respublikası idi və az bir zamanda ən qabaqcıl respublikalardan birinə çevrildi. O qeyd edib ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması ilə Azərbaycan dünyanın siyasi xəritəsindən silinmə təhlükəsindən qurtuldu.
 
Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov da Heydər Əliyevin Azərbaycan tarixində oynadığı mühüm roldan danışaraq müstəqil Azərbaycanın Konstitusiyasının, ordusunun formalaşmasında onun xidmətlərini xüsusi vurğulayıb: “Heydər Əliyev ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə gəldiyi zaman ölkədə xaos vəziyyəti hökm sürürdü və vahid komandanlığa tabe olan ordu yox idi. Heydər Əliyev hakimiyyətə gələn kimi vahid komandanlıq altında güclü ordunun yaranmasının təməlini qoydu. Bu gün də onun layiqli davamçısı İlham Əliyev ordunun daha da gücləndirilməsini daim diqqətdə saxlayır”.
 
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxışında Heydər Əliyevin Azərbaycan elminin, təhsilinin inkişafına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə Heydər Əliyevin qadın hərəkatının inkişafına verdiyi töhfələrdən danışıblar.
 
Sonra deputat Şəmsəddin Hacıyev çıxış edib.
 
Tədbir davam edir.

 





06.05.2013    çap et  çap et