525.Az

Bilik Fondunun maarifləndirici mühazirələri davam edir - Fotolar


 

Bilik Fondunun maarifləndirici mühazirələri davam edir - <b style="color:red">Fotolar</b>

Ölkəmizdə bütün sahələrdə olduğu kimi mətbuat sahəsinin inkişafında da Heydər Əliyevin əvəzsiz xidmətləri olub.

Ulu öndər hakimiyyətdə olduğu müddətdə Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərib.

1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatında da yeni səhifə açıldı. Həmin illərdə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkanların yaradılması əsas vəzifə kimi qarşıya qoyulub.

Müstəqilliyin bərpasından sonra istər müstəqillik aktında, istərsə də Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycanın dünyəvi, demokratik, hüquqi dövlət elan olunması və həmin Konstitusiyanın 50-ci maddəsində “Məlumat azadlığının təsbit olunması, 1992-ci ildə ilk dəfə Parlament tərəfindən KİV haqqında Qanunun qəbul edilməsi jurnalistikanın inkişafına güclü təkan verib. Bütün bu faktlar Azərbaycanda media orqanlarının inkişafı ilə yanaşı, jurnalistikanın irəliləyişi üçün geniş imkanlar yaradıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə bölgələrdə “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda silsilə mühazirələr təşkil edib.

Şəmkir rayonunda Heydər Əliyev Mərkəzində Bilik Fondunun təşkilatçılığı ilə “525-ci qəzet”in baş redaktoru, yazıçı-publisist Rəşad Məcid bu mövzuda mühazirə ilə çıxış edib. Mühazirədə millət vəkili Sona Əliyeva, Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı, bölgənin media təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sona Əliyeva ulu öndərin mətbuatla bağlı fəaliyyətindən söhbət açıb, müstəqillik illərində Azərbaycan mətbuatının formalaşması, mükəmməl qanunvericilik bazasının yaradılmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu, məhz onun dövründə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda senzuranın ləğv olunduğunu qeyd edib, mətbuata dövlət dəstəyinin əsası qoyulduğunu xatırladıb.

Bilik Fondunun təmsilçisi Ramilə Qurbanlı Fondun bu yöndə gördüyü işlərdən, keçirdiyi tədbirlərdən bəhs edib, Ulu öndərin Azərbaycan mətbuat tarixindəki rolundan danışıb.

Rəşad Məcidin “Heydər Əliyev və Azərbaycan mətbuatı” adlı mühazirəsindən sonra tədbir müzakirə formasında davam edib.

Elə həmin gün daha bir bölgədə - İsmayıllı rayonunda da yerli əhali üçün mühazirə təşkil edilib.

Ulu öndərin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ümummilli liderin həyat yolundan və xalqın taleyində oynadığı roldan bəhs edib, Azərbaycanın beynəlxalq aləmdə istər ictimai-siyasi, istər iqtisadi və mədəni cəhətdən tanınması, dünya müstəvisində özünəməxsus yer tutmasında ulu öndərin xidmətlərini xatırladıb.

Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova Ümummilli liderin banisi olduğu azərbaycançılıq idealogiyasından və onun tərkib hissəsi olan milli-mənəvi dəyərlərimizin bu ideologiyada yerindən söhbət açıb. Bildirilib ki, ölkəmizdə İslam Həmrəyliyi İlinin elan olunması həm milli-mənəvi, həm də bəşəri dəyərləri birləşdirən Azərbaycanın İslam ölkələri arasında yerini və əhəmiyyətini bir daha vurğulayır.

Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva İsmayıllı ziyalıları və gəncləri qarşısında söylədiyi mühazirədə xalqımızın dərin tarixi köklərə məxsus milli-mənəvi dəyərlərindən söhbət açıb, onların qorunub yaşadılmasında Ümummilli liderin rolu ilə bağlı faktları nəzərə çatdırıb. O bildirib ki, Ulu öndərin jurnalistikanın inkişafı sahəsində həyata keçirdiyi tədbirlər mətbuat-dövlət münasibətlərinin möhkəmlənməsinə həlledici təkan verib. Bütün bu addımlar Azərbaycan mətbuatının dünya mətbuatına inteqrasiyasını, jurnalistika sahəsində uğurların əldə edilməsini sürətləndirib. S.Əliyeva onu da vurğulayıb ki, ölkə mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, o cümlədən, tədris və maarifləndirmə sahəsində mühüm rol oynayır.

Sonra interaktiv formada keçən tədbirdə yerli ziyalıların rəyləri dinlənilib, fikir mübadiləsi aparılıb.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev Bilik Fondunun təşkilatçılığı ilə Quba rayonu Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə deyib. Tədbirdə rayon icra hakimiyyətinin, ictimai təşkilatların təmsilçiləri, bölgədəki media nümayəndələri və yerli gənclər iştirak ediblər.

Tədbiri Quba rayon İcra hakimiyyətinin baş məsləhətçisi Cabbarov Seyid açaraq bildirib ki, Ümummilli liderin anadan olmasının 94-cü ildönümü rayonda geniş şəkildə qeyd edilir, müxtəlif tədbirlər keçirilir. Bilik Fonudunun təşkilatçılığı ilə keçiriən bu mühazirə də həmin tədbirlərin tərkib hissəsidir.

Öz növbəsində məruzəçi Ümummilli liderin Azərbaycan mətbuatına münasibəti, mətbuatın inkişafı ilə bağlı atdığı addımlar, jurnalistikaya və jurnalistlərə verdiyi dəstək barədə danışıb. İlham Quliyevin mühazirəsini dinləyicilər maraqla

qarşılayıblar. Tədbir auditoriyanın mühazirəçiyə verdiyi suallarla, müzakirə şəklində davam edib.

Astara rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda keçirilən tədbirdə Astara rayon Pedaqoji Kollecin kollektivi, müxtəlif məktəblərin şagirdləri, yerli mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu Ulu Öndər Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafı istiqamətində tarixi rolundan danışıb. Ulu Öndərin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı xatırladan C.Musaoğlu mətbuatın azad fəaliyyət göstərməsi istiqamətində bu Fərmanın mühüm addım olduğunu bildirib və qeyd edib ki, məhz bu hadisədən sonra mətbuata nəzarət edən baş idarə ləğv olunub.

Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən addımları sırasında 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunu təsdiqləməsini xüsusi olaraq, diqqətə çatdıran C.Musaoğlu bu sənədlə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesinin xeyli asanlaşdırıldığını deyib.

Tədbirdə Kollecin direktoru Ağababa İbrahimov çıxış edərək, rəhbərlik etdiyi təhsil ocağı ilə Bilik Fondunun əməkdaşlığı nəticəsində maraqlı layihələrə imza atılacağına əmin olduğunu vurğulayıb.

“Astara” qəzetinin baş redaktoru Fəridə Zöhrəbqızı bildirib ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, Azərbaycan mətbuatında da sürətli inkişaf yaşandı və bu inkişaf mətbuatı layiqli səviyyəyə çatdırdı.

Bilik Fondunun ölkə ərazisində həyata keçirdiyi maarifləndirici tədbirlər maraqla qarşılanır, yerli ziyalıları və gəncləri bilik ətrafında sıx birləşdirir.

 





11.05.2017    çap et  çap et