525.Az

Fəxri Müslümün şeirləri


 

 Fəxri Müslümün <b style="color:red">şeirləri</b>

Göründü

 

Yenə cilovlandım izə, cığıra,

 ucqar göründü, nə yön göründü.

İmansız  dayanıb dünya çağında,

Nə Tanrı göründü, nə din göründü.

 

Şeytan,   çiçəklərə, gülə yeriyib,

Küləyə yeriyib, selə yeriyib,

Əkinə,  biçinə  elə yeriyib,

Dini-bərəkəti, nə dən  göründü.

 

Od-ocaq şəklənib, tüstü şəklənib,

Canda da hənirti, isti şəklənib,

Bu yerin alt qatı, üstü şəklənib,

Ayı, ulduzu da  gendən göründü.

 

Qurdu nağıl döyür, neçə mif döyür,

Qalıbdı çaqqala elə çək- çöyür,

Yığıb çərdəyinə  kim gəldi, deyir,

Ağıl da başında dən-dən  göründü.

 

İşə bax, saqqala, bığa dirənib,

Kamana dirənib, oxa dirənib

Ömür də  kəfənə, ağa dirənib,

Dərdindən göründü,  qəmdən göründü?

14.01.13

Ölümə çəkdi

 

Ömür dənmiş dəyirmanda,

Üyüdüb  bəlimə çəkdi.

Fələyin mənlə şərti varmış,

Gördüm,   kəlmə-kəlmə çəkdi.

 

Dumana bax, qaramatdı,

Dağ başında qara, matdı,

Göz ağ qaldı, qaram, atdı,

Gördüm,  ilmə-ilmə çəkdi.

 

Sözü düzdüm söz eşqinə,

Ocaq oldum köz eşqinə,

Bir mələyin göz eşqinə,

Öldürüb, ölümə çəkdi.

05.02.2013.

Bu itin yiyəsi hardadı görən

 

Bu itin yiyəsi hardadı görən,

Bu it qarğaraya, pinə qayıtmır.

Hər yoldan ötəni dalayıb keçir,

İtirib döngəni, tinə, qayıtmır.

 

Qudurub necədə, quduzu çıxıb,

Başının üstündə ulduzu çıxıb,

Davadan, dalaşdan hər dizi çıxıb,

Başı daşdan-daşa  yenə, qayıtmır.

 

Yanında-yörədə  tulaya bir bax,

Düşdüyü xətaya, bəlaya bir bax,

Fəlakətə bir bax, fələyə bir bax,

Tutulub qəzəbə, kinə, qayıtmır.

 

Bezib azdırıblar haraya gəldi,

Gecəsi, gündüzü  araya  gəldi,

Yalmanıb dostları haraya, gəldi,

Ürməkdən dodağı,  çənə  qayıtmır.

Yolmanıb tükləri, dazı çıxıbdı,

Bu il də bir təhər, yaza çıxıbdı,

Canından şuxluğu, nazı çıxıbdı,

Ay itin sahibi,

Neynədin ki, bu it,  sənə qayıtmır?

 

İtib haqq-ədalət,  arxacı, alsın,

Canında havanın tıxacı, alsın,

Bu itin günahı kimə sayılsın,

Dönüb dağarcığa  sinə,  qayıtmır.

 

Bu itin yiyəsi hardadı görən,

Bu it qarğaraya, pinə qayıtmır.

Hər yoldan ötəni dalayıb keçir,

İtirib döngəni, tinə, qayıtmır.

22.01.2013.

 

Buluda bax

 

Buluda bax, qəsdə durub elə bil,

Altında  nələrdi, üstdə nələrdi.

Görünməz oyunlar qurub elə bil,

Çənində nələrdi,  sisdə nələrdi.

 

Köç edir, görünmür ucu, bucağı,

Hansı xoş ovqata köklənib gedir.

Duman alaçığı, çən alaçığı

Bu dağa, dərəyə yüklənib gedir.

 

Açılmır nə gədik, nə daş, nə qaya,

Üzündə, gözündə şər gilələnib.

Tutub  sinəmizi  kamana, yaya,

Dərdi  gilələnib, sər gilələnib.

 

Durnası yol azıb  pərən düşübdür,

Quzğunu dolaşır, qarğa dolaşır.

Qara, borana bax,  erkən düşübdür,

Qasırğa dolaşır, qovğa  dolaşır.

 

Qalmır əməlindən doluya tutub,

Elə bil zülmətə, şərə varıbdı.

Üzünü Toqata,  Boluya tutub,

Vadilər varıbdı,   dərə varıbdı.

 

Buluda bax, qəsdə durub elə bil,

Altında  nələrdi, üstdə nələrdi.

Görünməz oyunlar qurub elə bil,

Çənində  nələrdi, sisdə nələrdi.

15.01.13

 

Mən, dan üzünə açılıram

 

Dan üzü azan səsiylə açılır, 

mən  dan üzü,

bu azan səsinin altında

                           türk köylərinin birində

bir terroristin əlləriylə güllələnirəm.

Dan üzü azan səsiylə açılır

dan üzü,

bu azan səsinin altında

                     sərhəd zonalarının birində

atəşgah pozulur,

mən, bir  erməni silahlısının əlləriylə

snayper gülləsinə tuş gəlib güllələnirəm.

Dan üzü azan səsiylə açılır,

mən dan üzünü,

bu azan səsinin altında doğudan batıya

neçə şeytan olmuşların əlləriylə

zaman-zaman mənə dəymiş

və dəyəsi gözlənilən zərbələri çözə-çözə,

ağırlığına dözə-dözə,

gözlərim diri-diri,

kipriklərim güllənə-güllənə açıram.

Dan üzü azan səsinə,

                                  mən, dan üzünə

ağrılarımla,

girələnə-girələnə açılıram... 

16.01.13

Ruhumuz didərgin, alnımız açıq

 

Sinirlərim buz bağlamış damlar kimidi

İçim əriyə dönmüş şamlar,

Gün döydükcə tarım olub sökülür.

Şaxtaya bax,  damarı, taxtı sınır

Dünya şeytan dünyası-

kiminin baxtı,

kiminin haqqı sınır.

Sinirlərim buz bağlamış damlar kimidi

Kirəmidi mil-mil

Taxtasının, çatqısının mismarları

Kürəyimdə çarmıx izi,

Laxta-laxta qana bax sən

Solub, vaxtı keçmiş payız yoncasıdı,

öləzimiş, solmuş kimi.

Həndəvərimdə, çəpərimdə

min illərin  buynuzlu şeytan

                                     başı göyərirmiş

ovurdları girdələnmiş, bükülmüş tək

yalanıyla, palanıyla yaşı-yaşamı

                                            göyərirmiş.

Belə yerə rəva bilmə bizi Tanrım!

Ruhumuz didərgin olsa da

Sənin də

bizə verdiyin təkcə bir yolun var

mərdlik-mərdanəlik

                   alnımız, alnımız açıq   

17.01.13

Dünyanın  təzadları

 

Dünya təzadlara bağlı kimiymiş,

Oxuya bilmədik, görə bilmədik.

Seçib nakəsini, bədxahı bir-bir,-

Dənnəyə bilmədik, dərə bilmədik.

 

Başımız üstündə yalan dolaşdı,

Başımız üstündə ilan dolaşdı,

Şəri, qaramatı  olan dolaşdı,

Əldən, ətəymizdən  verə bilmədik.

 

Hiyləsi köynəkdən  keçib, ilişdi,

Bu içə, bu çölə köçüb ilişdi,

Doğrayıb ilişdi, biçib ilişdi,

Yun deyil, dərd imiş, sərə bilmədik.

 

Ağıl,  küləyini, mehini tutdu,

Gecənin torannı, şehini tutdu,

Boş qalmış dalanı, tinini tutdu,

Qalası daş  imiş,  girə bilmədik.

 

Dərədə qalmışıq, düzdə qalmışıq,

Elə astarında, üzdə qalmışıq,

Nağılda  qalmışıq, sözdə qalmışıq,

Nəfəs dara düşdü,  dərə,  bilmədik.

 

Dünya təzadlara bağlı kimiymiş,

Oxuya bilmədik, görə bilmədik.

Seçib nakəsini, bədxahı bir-bir,-

Dənnəyə bilmədik, dərə bilmədik.

20.01.13.

 

Dünya bir alaçıq

 

Dünya bir alaçıq yaylaq kimicə

Tavanı görünmür, damı görünmür.

Tüstü çəkən yeri çəkib aparır,

Bacası görünmür, camı görünmür.

 

Buludu dolanır, çəni dolanır,

Şeytanı dolanır, cini dolanır,

Canda da sevgisi, kini dolanır,

Çırağı görünmür, şamı görünmür.

 

İntizar içində göz ölüb gedir,

Cahil məclisində söz ölüb gedir,

Ömür öz içində gizlənib gedir,

Bütövü görünmür, tamı görünmür.

 

Hər kəs də axtarır, gəzir qul kimi,

Hər sual önündə bezir qul kimi,

Üzür canımızı, üzür qul kimi,

Qoşqusu görünmür, samı görünmür.

 

Havası aldadır, suyu aldadır,

Cana təpər olmuş oyu aldadır,

Cana təpər olmuş yayı aldadır,

Necə düz-qoş olub, xamı görünmür.

 

Dünya bir alaçıq yaylaq kimicə

Tavanı görünmür, damı görünmür.

Tüstü çəkən yeri çəkib aparır,

Bacası görünmür, camı görünmür

27.01.2013.

 

Yurd ağrısı

 

Qalıb qəriblikdə, qalıb ayaqda

Elə, yuxularda çinə dönübdü.

Gedənin gözündə sığanıb qalır,

Gələnin gözündə kinə dönübdü.

 

Qoca da, cavan da əli üzündə,

Yara gözənməyib  qolda, dizində,

Ot-alaq izində, alsın izində,

Dərdi  dənələnib dənə dönübdü.

 

Təpər ağırlaşıb, təpər kal düşüb,

Elə  heyi gedib, dinməz, lal düşüb,

Neçə xətalardan, haldan ötüşüb,

Arzusu dumana,  çənə dönübdü.

 

Gecəsi, gündüzü çəkib aparır,

Ağrıya, acıya büküb aparır,

Özünü özündən söküb aparır,

Elə, havalanıb cinə dönübdü.

 

Açılmır toranı, danı gecikir,

Hər şeyə  ömürü, canı gecikir,

Qıl üstə zamanı, anı gecikir,

Baxta bax, bir qara günə dönübdü

 

Qalıb qəriblikdə, qalıb ayaqda

Elə, yuxularda çinə dönübdü.

Gedənin gözündə sığanıb qalır,

Gələnin gözündə kinə dönübdü.

29.01.2013

 

Evin yıxılsın adam

 

Evin yıxılsın adam

Adam da bu qədər alçaq olarmı?

Tanrı ağzını bağlaya bilməyən adam,

Adam da  bu qədər   

hara gəldi ağzı açıq olarmı?

Gülün, gülzarın içində tikan otu

Təkəmseyrək olurdu axı,

Tikan otu  yol ağzında

Yol gedən eşşək üçün olurdu axı.

İçimizdə, çölümüzdə nə çoxuymuş

Min illərdi özünü ipək kimi aparıb da

Düşmənlərə rəvac verən, güc verən

Qara-qura tikanlarmız.

Deyirəm axı, bu adamlar tülkü kimi,

Çaqqal kimi  girəvə gözləmədə,

Qıraqdaymış.

El-obamız, məkanlarmız

Alt-üst olub yağmalanan da

əl köpəkləri tək izləmədə,

marıqdaymış.

Evin yıxılsın adam

əyilməyin, bükülməyin bəlli bir iş

ya qanında, ya südündə

zaman-zaman kirişlənmiş, bərkimiş.

qanın çəkib,  südün çəkib sözüm yox,

bu millətdən çəkdiklərin,

içdiklərin, yediklərin qənim olsun.

Bu Vətənin havasıyla eninə-uzununa

şan-şöhrətə gəldiklərin qənim olsun.

ya gələcək, ya uzaqgörən deyə-deyə

sanki elə, uşaq başı aldatmısan.

Bu  idim nə,  bu vərdiş nə?

Öyrəşmisən yadların kasıb-künə süfrəsinə

Orda-burda yallanırsan,

Elə bil ki, bal  dadırsan.

Öz dünyanda bu gəzinti, bu gərdiş nə?

nankor adam, alçaq,

alçaq  adam,

yad könülə,

özgələrə xoş duyğulu,

özümüzə

  əli qılınclı,

 qılınclı adam.   31.01.2013.

 

 





06.05.2013    çap et  çap et