525.Az

Eldən gedən oğul


 

XİDMƏT ZAMANI HƏLAK OLMUŞ MAYOR FƏQAN XUDAVERDİYEVİ DOĞMALARI VƏ ZABİT YOLDAŞLARI DƏYƏRLİ İNSAN, VƏTƏNPƏRVƏR HƏRBÇİ KİMİ XATIRLAYIRLAR

Eldən gedən oğul<b style="color:red"></b>

Vətənimizin dar günündə - Qarabağda döyüşlər getdiyi bir vaxtda qeyrətli oğullar hərbi məktəblərə üz tutur, öz torpağını, elini-obasını düşmən tapdağından xilas etməyə çalışırdılar.

Belə insanlardan biri də Ağcabədi rayonunun Qaravəlli kəndində doğulub boya-başa çatan və öz istəyilə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olan Fəqan Xudaverdiyev idi. F.Xudaverdiyev 1993-cü ildə daxil olduğu bu hərbi liseyi 1997-ci ilə bitirərək, Tərtər rayonunda yerləşən N saylı hərbi hissələrdən birində taqım komandiri kimi xidmətə başlayır. Qısa zamanda Tərtər, Mingəçevir, Şəki, Yevlax və Gəncədə xidmət edən zabit yoldaşları ilə bərabər, tabeliyində olan əsgərlərin də hörmətini qazanır. Mayor rütbəsinə yüksələn F.Xudaverdiyev son ilyarımda Tərtər bölgəsindəki N saylı hərbi hissədə tabor komandiri vəzifəsində xidmət edib. Bu il avqustun 22-də həmin bölgədə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olub. Qeyd edək ki, F.Xudaverdiyevin 4 övladı var. Belə vətənpərvər bir hərbçinin fəaliyyəti haqqında doğma Qaravəlli kəndində, eləcə də xidmət etdiyi hərbi hissədə material toplayarkən görüşdüyümüz elə bir insan olmadı ki, F.Xudaverdiyev haqqında danışarkən gözləri yaşarmasın, onun dünyadan vaxtsız getməsini təəssüf hissi ilə qarşılamasın.

F.Xudaverdiyevin atası Baxış Baxışovla görüşümüz zamanı o, oğlunun hələ gənc yaşlarından hərbçi peşəsinə marağının olduğunu qeyd etdi. Baxış müəllim bildirdi ki, Fəqan hər zaman vətənpərvərliyi ilə fərqlənib. Buna görə də hərbi liseyə daxil olmaq qərarına gəlib: "Dəfələrlə nümunəvi xidmətinə görə komandanlıq tərəfindən diplom və fəxri fərmanlarla təltif edilib. Fəxr edirdim ki, övladım məni, ailəsini, xalqını qoruyur. O heç zaman evdə olarkən xidmət zamanı, cəbhə xəttində baş verənlərdən danışmırdı.

Nə vaxt cəbhədə vəziyyəti xəbər alanda hər şeyin yaxşı olduğunu deyirdi. Nümunəvi xidmətinin nəticəsi idi ki, Hərbi Akademiyaya təyinatla göndərildi və oraya daxil oldu. Ancaq bircə gün də dərsə gedə bilmədi, bu ona qismət olmadı. Düzdür, Fəqan mənim oğlum idi, amma bu xalqın da övladı idi. Onun ölümü təkcə mənim yox, ümumən Qaravəlli camaatının, ağcabədililərin və bütövlükdə Azərbaycan xalqının itkisidir. Allah bizə səbr versin". Baxış müəllim oğlu Fəqanın Adəm, Gültəkin, Elton və Elcan adında dörd övladının olduğunu dedi. O, Fəqanın övladları ilə bağlı arzularını həyata keçirə bilmədiyini ürək ağrısıyla dilə gətirdi: "Arzularının həyata keçdiyini görmək onun qismətində yox imiş. Bəlkə də gələcəkdə onun üç oğul övladından biri Fəqanın yolunu davam etdirəcək". F.Xudaverdiyevin anası Səhər Baxışova oğlunun hələ uşaqlıqdan hərbçi olmağı arzuladığını göz yaşları içərisində söylədi: "Fəqan vətənpərvərliyinə, torpağa sevgisinə, nizam-intizamına, tərbiyəsinə görə təkcə başqa yaşıdlarından yox, elə öz övladlarımdan da seçilirdi. Hərbi xidmət dövründə çətinlik çəkməsilə bağlı nəsə soruşanda əsəbiləşir, heç bir əziyyəti olmadığını deyirdi. Övladın cavan yaşda ölümü adamı çox yandırır, Fəqanın da belə vaxtsız ölümü ömrümün sonunacan qəlbimdə bir yara olacaq. Təsəllim bircə budur ki, oğlum dövlətin, xalqın xidmətində dayanan vaxt həlak olub".

F.Xudaverdiyevin qısa, amma şərəfli ömür yolundan bəhs edən əmisi Abdulla Baxışov onu mətin, cəsarətli və əsl zabitə xas keyfiyyətlərə malik insan kimi xarakterizə etdi: "O, rastlaşdığı çətinliklərin öhdəsindən özü gəlməyə çalışardı. Xidmət etdiyi dövrdə qısamüddətli məzuniyyətə gələndə bir gündən sonra bəzən atasının xəbəri olmadan yenidən hərbi hissəyə baş çəkməyə gedirdi. Həm ailədə, qohum-əqrəba içində, həm də yoldaşları, dostları arasında böyük hörməti vardı". F.Xudaverdiyevin əmisi Hacı Naxış Baxışov onun tez-tez dediyi bir fikri xatırlatdılar: "Qələbəyə az qalıb". Hacı Naxış Baxışovun sözlərinə görə, Fəqan hər dəfə söhbət zamanı ordumuzun həm mənəvi, həm də silah-sursat baxımından çox güclü olduğunu bildirərdi: "O, tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyini söyləyirdi. Fəqan indiki məqamda dövlətimizin Qarabağ problemini sülh yolu ilə həll etmək istədiyini, amma ali baş komandanın əmrilə ordumuzun torpaqları azad etmək iqtidarında olduğunu dilə gətirirdi".

Qardaşı Nicat Xudaverdiyev dedi ki, Fəqan' həmişə qətiyyətli davranması, müstəqil qərar verməyə çalışması ilə fərqlənib: "Onun bir xüsusiyyəti vardı ki, hər hansı məsələdə qəti qərar verirdi və yerinə yetirirdi. Hərbi liseydə oxumaq qərarını da özü vermişdi, ailəmiz onu bu fikrindən daşındırmağa çalışsa da, yolundan dönmədi. Dəfələrlə eşitmişdim ki, düşmənlə təmas xəttində atışma olarkən lazımi qərar qəbul edib, uğur qazanıb. Mən Fəqanın simasında əziz qardaşımı itirdimsə, xalqımız, dövlətimiz də qeyrətli bir oğlunu, bacarıqlı hərbçisini itirdi". Şahin Məhərrəmov adına Qaravəlli kənd orta məktəbinin direktoru Xosrov Mamedov, müəllimləri Ağabala Sarıyev, Zöhrab Gülalıyev F.Xudaverdiyevi çalışqan, nizam-intizamlı, tərbiyəli bir şagird kimi xatırladılar. Onlar F.Xudaverdiyevlə hər zaman fəxr etdiklərini və onun Qaravəlli kəndindən çıxan ilk general olacağına ümid bəslədiklərini vurğuladılar. Müəllimləri Fəqanın öz ölümü ilə əslində ölümsüzlüyə qovuşduğuna inandıqlarını söylədilər.

Kənd icra nümayəndəsi Vidadi Dünyamalıyev də müəllimlərin fikirlərinə şərik çıxdı. F.Xudaverdiyevin orta məktəb illərində riyaziyyat müəllimi olmuş və hazırda Ş.Məhərrəmov adına Qaravəlli kənd orta məktəbinin direktor müavini Həmzə Fərzəliyev isə bunları dedi: "Onun gözləri gülər olsa da, çox təmkinli və sərbəst idi. Vətənə, xalqa, torpağa məhəbbətini kiçik yaşlarından hiss etmişdim. Fəqan haqqında danışanda qürur hissi keçirməklə yanaşı, arzuları yarımçıq qaldığı üçün ürəkdən təəssüflənirəm". F.Xudaverdiyevin müəllimi və qayınatası Hamlet Allahverdiyev onu təkcə öz doğması kimi yox, ümumilikdə xalqın, vətənin mərd övladı kimi əziz tutduğunu bildirdi: "Hərbçiyə aid bir çox vacib xüsusiyyətlər onun xarakterində vardı. Cəsur, qətiyyətli, çevik düşünən və qəti qərara gələn bir insan idi. Dövlət, millət qarşısındakı məsuliyyətini ailəsinə bağlılıqdan üstün tuturdu. Hayıf ki, biz də, xalqımız da onu çox tez itirdik". Kəndin ağsaqqalları Müzəffər Ağayev və Hacı Ələkbər Ələkbərov, Laçın rayonunun Zersi kəndindən məcburi köçkün Məhəmməd Vəliyev Fəqan Xudaverdiyev barədə böyük-kiçik yeri bilən, ədəbli bir cavan kimi bəhs etdilər.
 
F.Xudaverdiyevin qohumu, həkim Baxşeyiş Quliyev onun haqqında keçmiş zamanda danışmağın çox ağır olduğunu bildirdi: "Fəqan çox nikbin idi, ordumuzun güclü olmasından, Qarabağı azad edə biləcəyimizdən səmimiyyətlə söhbət edərdi. Mən onun övladlarına Fəqanın adına layiq yaşamalarını, amma talelərinin onun kimi olmamasını arzulayıram". N saylı hərbi hissənin komandiri polkovnik K.Məmmədov F.Xudaverdiyevin ən ağır mövqedə dayanan bir zabit kimi öz mətinliyi, cəsarəti və bacarığı ilə yoldaşlarına nümunə olduğunu önə çəkdi: "Burada hər kəsin hörmətini qazanmışdı. Çalışqanlığı, zəhmətsevərliyi, mərdliyinə görə böyük nüfuz sahibiydi. Mən onu vətənpərvərliyi, torpaqlarımızın bütövlüyünün təəssübünü çəkməsi ilə də fərqlənən zabit kimi tanıyırdım. Fəqan Xudaverdiyevin ölümü ailəsi, yaxınları kimi, bizdən ötrü də ağır itkidir". N saylı hərbi hissənin tabor komandiri, mayor R.Təhməzov F.Xudaverdiyevlə bir neçə il istisna olmaqla, qalan müddətdə bir yerdə xidmət etdiyini dedi: "Mingəçevirdə, Şəkidə, Yevlaxda bir yerdə xidmət etmişik, hətta təkmilləşdirmə kurslarının əksəriyyətində də birgə olmuşuq. Bu taborda mən onun müaviniydim. Fəqan iliyinə qədər vətənpərvər olan, xalqını, dövlətini sevən bir zabit idi. Yoldaşlarına, tabeliyində olanlara həmişə qayğı ilə yarıaşar, öz hərəkətlərinə başqaları üçün nümunə olmağa çalışardı. Xidmətdə cəsurluğu, peşəkarlığı, qətiyyəti il iyi onu hamımıza sevdirmişdi. Onun ölümü ilə barışmaq hər birimiz üçün çətindir".

Mayor A.Əhmədov zabit yoldaşı F.Xudaverdiyevin həyatda olmadığına hələ də inana bilmədiyini vurğuladı: "Hər bir əsgərə öz övladı kimi baxırdı, onların yeməyinə, geyiminə, davranışına diqqət göstərirdi. Buna görə də bütün xidmət dövründə böyük hörmət sahibi kimi tanınmışdı". F.Xudaverdiyevin müavini olmuş mayor A.Kərimov da mərhum zabiti dərin ehtiram hissilə, hətta kövrələrək xatırladı. A.Kərimov Fəqanın xatirəsini həmişə əziz tutacaqlarını, bundan sonrakı xidmət dövründə onun adına, əməllərinə layiq olmağa çalışacaqlarını söylədi. Biz də öz növbəmizdə mərhum zabitin doğmalarına Tanrıdan səbr diləyir, Azərbaycan xalqının Fəqan Xudaverdiyev kimi oğulları ilə fəxr etməyə haqqı çatdığını bildirir, "Başın sağ olsun, vətən" - deyirik.

BƏXTİYAR
27 sentyabr 2008 525-ci qəzet

 





15.05.2008    çap et  çap et