525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

I cild (noyabr 1918 - aprel 1920) 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

(Əvvəli ötən şənbə sayımızda)

Vəkilov - (Müsavat) Şübhəsiz ki, bu şosse yolları və araba yolları Rusiyanın daxili vilayətlərində Zemstvo idarəsi əllərində idi.

Ümidvaram ki, Qafqasiyada da zemstvo idarələri təşkil olunar və bu yolları ən iyi bir surətdə idarə edər. Bununla belə, məişət də tələb edir ki, biz də Zemstvo idarələri təşkil edək. Fəqət Zemstvo təşkilatı meydana gələnə qədər bu yolların müvəqqəti surətdə təriq və məabir nəzarəti ixtiyarına verilməsinə tərəfdarız. Diyorlar ki, bu yolları təriq və məabir nəzarətindən ziyadə daxiliyyə nəzarəti ixtiyarına vermək yaxşıdır. Amma nəzərimcə təriq və məabir nəzarəti ixtiyarına versək yaxşı olar. Texnika cəhətindən yol işinin təriq və məabir nəzarətinə çox münasibəti vardır. Bundan əlavə bir para vəzifəhlər də vardır ki, onlar da meydandan götürülər. Məsələ müvəqqəti olduğundan yolların hansı bir nəzarət ixtiyarına verilməsinin bizcə o qədər əhəmiyyəti yoxdur. Əsasən isə biz bu məsələnin zemstvoya aid olduğu rəyindəyiz. Nəzərimizi cəlb edən bir məsələ vardır ki, o da bu vəqtə qədər cəm edilən zemstvo vergiləridir. Bilinmiyor bu yollar təriq və məabir nəzarəti ixtiyarına keçsə, əcaba bu pullar yollara sərf olunacaq, ya yox? Biz təklif edərdik ki, zemstvo vergiləri bu yollara sərf olunsun və zemstvo təşkil edildikdə bu məbləğ zemstvoya verilsin.

Sədr - Söz Qasım bəy Camalbəyovundur.

Camalbəyov (Hümmət) - Möhtərəm əfəndilər! Şosse yollarının bir böyük mənası olduğu, əlbəttə hamınıza məlumdur. Yollar nə qədər gözəl olsa, cəmaətin şəhər ilə əlaqəsi o qədər yaxşı olar. Bunu bilməlisiniz ki, Rusiyanın köhnə qanununda bu yolların təmiratı həmişə kəndli əhalinin boynunda idi. Kənddə müəllim olduğum zaman yaxşı yadıma gəlir ki, kəndliləri nə qədər zülm ilə qamçılaya-qamçılaya yığıb yolların təmiratı üçün işə aparırdılar. Ağanın əvəzində nökər gedirdi. Ağa da nökərin əvəzində atasını və anasını gətirib qapısında işlədirdi. Bütün bu yolların təmiratı həqiqət ərz edirəm gözümün qabağında olmuşdur, özümdən demirəm, cəmaətin boynunda idi. Bu işlərin cəmaətin boynuna yıxan polis idi. Və bu iş polisə əlində idi. Məəttəəssüf indiki polis də köhnə polisdən geri durmuyor. Bu işin polis əlində qalması tərəfdarı olmayız. Biz buna inanıyoruz ki, bu polis ki, var ağanın evində nökərin əvəzinə atasını və ya anasını işlətməyə yol tapacaqdır. Ona görə bu yollar vergidən hasil olan məbləğ verilən idarəyə verilməlidir.

Yolların mükəmməl surətdə qayrılması və dəmiryol idarəsinə keçməsinə etiraz etmiyoruz. Lakin bu və buna aid ümumi işlər zemstvo işləridir. Demokratik əsaslar üzərinə tezliklə gərək zemstvo təşkilatı vücuda gətirilsin. Hökumətimiz gündə böylə qanunları tək-tək keçirməkdən çəkinmiyor, vəqt tapmır ki, zemstvo təsisinə şüru etsin. Bu nə daxiliyyə nəzarətinin işidir, nə də təriq və məabir nəzarətinin. Bu nöqteyi-nəzərdən zemstvonun tezliklə təsisi və bu işin ona verilməsi arzusundayız. Təəccüb edirəm “İttihad” firqəsi kəndçi tərəfdarı olduğu halda, necə cürət edib bu yolların polisə əlində qalmasını təklif elədi. Bu sözləri deməkdən məqsədimiz budur ki, həmişə diyoruz ki, gərək demokratik əsası üzrə düzələcək idarələr tezliklə təşkil edilsinlər. Biz tək-tək qanun keçirmək əleyhindəyiz. Tək-tək qanun keçirməgə vəqt tapırlar, amma o idarələri çağırmağa vəqt tapmıyorlar. Biz yolların yol vəziri öhdəsinə keçməsinə etiraz eləməyib tezliklə zemstvo idarələrinin təşkilini və bu yolların zemstvo idarəsi ixtiyarına verilməsini tələb ediyoruz. Ümid ediyoruz ki, təriq və məabir vəziri də ağanın evində nökərin əvəzinə ata-anasının işləməsinə razı olmaz. (Alqış).

“Azərbaycan”, 27 mart 1919, № 144

İstinaf - yenidən başlama
Təzyid - artırma, çoxaltma
Qəni - dövlətli, varlı
Bida - başlanğıc, əvvəl 

Azərbaycan Məclisi-Məbusanında

(keçən nömrədən mabəd)

Əfəndizadə (Əhrar) - Yollar təmir edilən zaman cəmaətə nə qədər zülmlər edildigi barəsində əvvəlki natiq məlumat verdi və əhalinin əhvalının ağırlığını təsvir etdi. Bunu ancaq cəmaət məişətinə yaxın olan adamlar yaxşı bilərlər. Məsələn, Ləki ilə Ağdaş arasındakı şosse yolunu götürək. Bizdə zemstvo idarəsi hərçənd yoxdur, amma məzkur yol zemstvo pulu ilə saxlanıyordu. Və hökumət məmurları yayın istisində, qışın soyuğunda cəmaəti cəbrən aparıb o yollarda işlədiyordular. Ancaq hər kəs rüşvət versə, biyar denilən bu zəhmətdən xilas ola biliyordu. İmdi yenə bu məsələ qalxdıqda biz onun tərəfdarıyız ki, yollar təriq və məabir nəzarəti təhti-idarəsinə verilsinlər. Çünki bizdə hələ zemstvo yoxdur. Bu zəmanədə isə yolların təmirinin böyük əhəmiyyəti var. Ələlxüsus ərzaq daşınması və sairə cəhətdən bu məsələ mühüm bir məsələdir. Və biz ümidliyiz ki, təriq və məabir nəzarəti bu məsələyə yaxşı diqqət və əhəmiyyət verəcəkdir.

Məlikaslanov (Təriq və məabir naziri) - Sabiqdə yalnız dəmir yolları degil, dəniz və çay yolları da, həmçinin dövləti əhəmiyyəti olan qara yolları da təriq və məabir nəzarətinin təhti-idarəsində oluyordu. Bu surətlə şosse və sair qara yolları iki qismə bölünərək, dövləti əhəmiyyəti olan birinci qismi təriq və məabir nəzarəti təhti-idarəsi ixtiyarına veriliyordu. İkinci qismi isə zemstvo idarəsi ixtiyarına veriliyordu. Qafqasiyada zemstvo idarələri olmadığından ikinci qism yollar daxiliyyə nəzarətinin təhti-idarəsində idilər. Azərbaycan ərazisində iləricə dövləti əhəmiyyətli hesab olunan yol demək olar ki, bilmərrə yox idi. Ancaq bir neçə verstlik bir xətt sövqülceyş əhəmiyyətinə haiz hesab olunurdu. Amma şimdi məmləkətimiz daxilindəki yolların bir çoxu Azərbaycan üçün dövləti əhəmiyyət kəsb etmişdir. Ona görə yollarımızı iki qismə ayırmalıdır: dövləti yollar və zemski yollar. Zemstvo barəsində çox işlər görülmüşdür və ümidvar olmalıdır ki, onun təsisi həqqində lazımi tədabir ittixaz ediləcəkdir. Fəqət zemstvo idarələri təsis edilənədək gözləmək olmaz.

Yolların təmiri öylə məsələdir ki, təxirə salmaq mümkün degildir. Ona görə hökumət bu rəyə gəlmişdir bütün yollar müvəqqəti olaraq təriq və məabir nəzarəti təhti-idarəsinə verilsinlər. Bu şərtlə ki, zemstvo idarələri təsis edilən kibi zemski yollar ayrılıb zemstvo müəssisələri ixtiyarına tapşırılsınlar. Burada Soltan Məcid Qənizadə diyor ki, təriq və məabir nəzarəti qəzalar və köylərə, cəmaət həyatına o qədər yaxın degildir. Buna cavabən deyirəm ki, yolları idarə etmək üçün 6 naçalnik təyin olunacaqdır və məzkur naçalniklər əyalət mərkəzlərində əyləşəcəklərdir. Bu surətlə də cəmaət ilə yaxın əlaqə və rabitədə bulunacaqlardır. Yolların təmiri üçün cəmaəti işlətmək məsələsinə gəlincə, hökumət bu işi demokratik hesab etmədigindən qərar vermişdir ki, cəmaəti pulsuz işlətməyərək yolların təmiri və sair xidmətlərə dövlət xəzinəsindən muzd versin. Zemstvo idarələri təsis edildikdən sonra da məzkur muzdlar zemstvo və dövlət pulundan veriləcəkdir.

Qanun səsə qonularaq əksəriyyəti-ara ilə qəbul olunur.

Qanun budur.

1- Azərbaycan quberniya müəssisələri təhti-idarəsində bulunan ümum şosse və sair qara yollarını dövləti əhəmiyyəti haiz tələqqi edərək məzkur yolları və onlara baxan idarə və məmurları təriq və məabir nəzarəti təhti-idarəsinə vermək lazımdır.

2- Daxiliyyə nəzarəti tərəfindən yolların inşa, təmir və saxlanması qəsdilə 1919-cu il üçün istənilmiş kredit və həmçinin 1918-ci ilə də şamil edilmiş və 1919 sənəsində qüvvədə qalmış olan 1915-1917 sənələri zemstvo kredit smetasını təriq və məabir nəzarəti binagüzarlığına verməlidir.

3- Daxiliyyə nəzarətinin smeta və təklifilə buraxılmış kreditlər və birinci maddədə göstərilən yollara xidmət məmurlarının təriq və məabir nəzarəti binagüzarlığına keçirilməsi məsələlərinin təfsilat və cüziyyatı məsələsini təriq və məabir naziri ilə daxiliyyə nazirinin etilafına mühəvvəl etməlidir.

4- Bu qanun layihəsi mövcibincə təriq və məabir nəzarəti təhti-idarəsinə verilən yolların məmur və xidmətçiləri heyətini təsdiq etməlidir.

Ləvayehi-qanuniyyə komissiyası bu layihəyə bir maddə dəxi əlavə etmişdir ki, haman maddə mövcibincə məzkur yolları daxiliyyə naziri təhti-idarəsinə tabe etmək həqqindəki köhnə qanunlar dəmiryol nizamnaməsinin 665-ci və sair bəzi maddələri və məcməi-qəvaninin 2-ci cildindəki bu xüsusa aid qanunlar ləğv ediliyorlar.

20 min rüblə təxsisi 

Sədr - Növbədəki məsələ Məclisi-Müəssisan intixabı qətnaməsinin təbi üçün 20 min rublə buraxılmasıdır. Söz məruzəçi Əhməd Cövdət əfəndinindir.

Əhməd Cövdət - Əfəndilər! Məlumunuzdur ki, gələcək Məclisi-Müəssisan əsaslarını hazırlamaq üçün bir komisyon vardır. Biz dördgözlə bəkliyoruz ki, bu komisyon işini bitirib seçkilərə şüru edilsin və Məclisi-Müəssisan tezliklə çağrılsın. Məclisi-Müəssisanımızın cəmaət arasında çətin bir mövqedə olduğu da hamıya məlumdur. Buna görə Məclisi-Müəssisan tezliklə dəvət olunmalıdır. Məclisi-Müəssisan intixabları qanunu hazırlayan komisyon indi işini bitirmişdir. Komisyonun qanunnaməsinin tərcüməsi və təbi üçün 20 min rublə para lazımdır. İndi haman komisyon Məclisi-Məbusana müraciət edib 20 min manat istiyor və bu barədə də böylə bir kağız yazmışdır:

“Azərbaycan Məclisi-Müəssisanın Divani-Rəyasətinə

Məclisi-Müəssisan intixabları qanunu tərtib edən komisyon layiheyi-qanuniyyənin ilk qiraətini bitirmişdir. Məzkur layihənin tərcüməsi əzaya paylanmaq, mətbəədə təb olunacaq əsli hazırlanmaq üçün komisyonun qərarına təbən Divani-Rəyasətə müraciətlə iləridə Məclisi-Müəssisan intixablarına sərf olunmaq üçün ayrılacaq məbləğ hesabına 20 min rublənin təhti-idarəmdə bulunan komisyon idarəsinə verilməsi üçün Məclis hüzurunda təşəbbüsdə bulunmanızı rica eylərəm.

Komisyon rəisi Məhəmməd Əmin Rəsulzadə”

Divani-Rəyasət haman bu kağızı büdcə və maliyyə komisyonuna göndərmişdir. Təbiidir ki, komisyon da qəbul etmişdir. Komisyon bu barədə böylə qərara gəlmişdir:

Məclisi-Məbusan maliyyə və büdcə komisyonunun 11 mart 1919 tarixli iclasında Məclisi-Müəssisana intixab komisyonuna çıxardığı qanunları təb və nəşr etmək üçün 20 min rublə buraxılması müzakirə olunaraq qət olundu.

Məclisi-Müəssisana intixab komisyonunun tələb etdigi 20 min rublə məzkur komisyona Məclisi-Müəssisana intixab məsarifi hesabına olaraq peşin buraxılsın.

Zənn edirik ki, istənilən 20 min manat buraxılmalıdır. Tainki tezliklə Məclisi-Müəssisan dəvət olunsun. Ona görə bu məbləğin buraxılmasının parlaman tərəfindən də qəbul olunmasını təklif edirik.

Sədr - Bu barədə danışmaq istəyən yoxdursa səsə qoyuram. Maliyyə-büdcə komisyonu təklif edir ki, Məclisi-Müəssisan intixabı hazırlayan komisyona istədigi 20 min manat buraxılsın. Hər kəs Məclisi-Müəssisan intixabı qanunlarını hazırlayan komisyon ixtiyarına həmin məqsəd: qanunnamənin tərcümə və təbi üçün 20 min manat buraxılması tərəfdarıdırsa rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Deməli müttəhidül-qövl qəbul olunur.

Tənəffüs elan edirəm. Lakin ondan əvvəl burasını əlavə edim ki, müdafieyi-milliyyə komisyonuna Xosrovpaşa bəy Soltanovun yerinə Behbud xan Cavanşir namizəd göstərilir. Etiraz yoxdursa qəbul olunur. Erməni fraksiyonundan təşriyyə komisyonuna təklif olunur.

Əhməd Cövdət - İcazə veriniz.

Sədr - Söz Əhməd Cövdət Pepinovundur.

Əhməd Cövdət - Məlumdur ki, müdafiəeyi-milliyyə komisyonuna seçkilər şəxsən qəbul edilmişdir. Bütün parlaman fraksiyaları nümayəndələrindən təşkil edilmişdir. Buna görə...

Sədr - (Dayandırır) Bu məsələ Divani-Rəyasətdə müzakirə edilmişdir. Hərgah nümayəndəniz iştirak etməmişsə, bu, sizin öz günahınızdır.

Əhməd Cövdət - Mən orasını diyoram ki...

Sədr - Məsələ keçib...

Əhməd Cövdət - Mən söz almışam...

Sədr - Mən elə bildim siz başqa şey barəsində danışmaq istiyorsunuz. Tənəffüs elan edirəm.

(Tənəffüs elan olunur)

“Azərbaycan”, 28 mart 1919, № 145 

Hayiz - malik olan
Mühəvvəl - öhdəsinə verilmə
Peşin - avans

(Ardı var)

 





15.05.2017    çap et  çap et