525.Az

Yazıçı Pərvin məktəblilərlə görüşdü - Fotolar


 

Yazıçı Pərvin məktəblilərlə görüşdü - <b style="color:red">Fotolar</b>

Mayın 15-də gənc yazıçı-publisist Pərvin Suraxanı rayonu 87 saylı məktəbin şagirdləri ilə görüşüb.

Şagirdlər yazıçının “Qoğalın sərgüzəştləri” pyesini səhnələşdiriblər.

Tamaşada məktəbin 4-cü sinif şagirdləri Әliyeva Almara, Huseynli Elvin, Әlizadә Zöhrә, Әzizli Yusif, Şixәlizadә Cavidan, Әliyeva Mәdinә, İmamverdiyev Sәrvәr müxtəlif rolları ifa ediblər. Səhnə əsəri tamaşaçı qismində iştirak edən müəllimlərin də, şagirdlərin də böyük marağına səbəb olub.

Tamaşadan sonra məktəbin direktoru Elmira Ələkbərova çıxış edərək bildirib ki, şagirdlərin dərslərdən əlavə bu cür tamaşalarda iştirak etməsi, rol alması onların dünya görüşünün zənginləşməsinə səbəb olur: “Daha öncələr də bizim şagirdlər müxtəlif uşaq tamaşaları festivallarına qatılıb, uğurlar qazanıblar. Bütün bu işlərin gənc nəslin tərbiyələndirilməsində, estetik zövqün aşılanmasında böyük faydası var. Artıq ikinci dəfədir ki, Pərvin xanım şagirdlərimizlə görüşə gəlir, əsəri bizim məktəbdə səhnələşdirilir. Mən hər şeydən öncə minnətdarlığımı bildirirəm və arzu edirəm ki, bu cür tədbirlər çox keçirilsin.”

Daha sonra məktəbin ibtidai sinif müəlliməsi Zəlihə Rəhimova məktəbdə yaradılmış şəraitdən, bu kimi tədbirlərin keçirilməsində rəhbərliyin diqqət və qayğısını əsirgəməməsindən danışıb: “Əslində şagirdlərlə tamaşalar qurmaq, tədbirlər keçirmək son dərəcə məsuliyyətli, çətin işdir. Amma həm məktəb rəhbərliyi, həm də bu uşaqların valideynlərinin diqqəti, həssaslığı nəticəsində biz bu işi görə bildik.”

Sonda yazıçı məktəbin direktorunun sərəncamı ilə xüsusi fərqlənən şagirdləri diplomlarla təltif edib, ürək sözlərini tədbir iştirakçılarıyla bölüşüb: “Əziz şagirdlər, artıq ikinci dəfədir ki, mənim pyesimə müraciət edirsiz və sizinlə çox doğmalaşmışam. Bir neçə uşaq pyesinin müəllifiyəm və elə bu gün də səhnələşdirdiyiniz pyes hazırda Gənc Tamaşaçılar Teatrının repertuarındadır. Amma etiraf edim ki, işlərin çoxluğu, zaman qıtlığı məndə bu fikri yaratmışdı ki, daha uşaq pyesləri yazmayım. Bu gün sizlərin sevgisini, həvəsini görüb fikrimi dəyişdim. Hətta yeni ideyalarım da yarandı. Buna görə sizlərə öz minnətdarlığımı bildirirəm. Artıq indidən istedadınız, bacarığınız gələcəkdə də böyük uğurlar qazanacağınıza inam yaradır. Hər birinizə sağlam, işıqlı, uğurlu gələcək diləyirəm.”

Pərvin həmçinin E.Ələkbərovaya, görüşün təşkilində əməyi keçən müəllimlərə də minnətdarlığını bildirib.

Müşfiq ŞÜKÜRLÜ

 





16.05.2017    çap et  çap et