525.Az

ASAN Radioda “AvropadASAN” verilişi yayımlanacaq


 

ASAN Radioda “AvropadASAN” verilişi yayımlanacaq<b style="color:red"></b> ASAN Radio və ADA Universiteti birgə radio layihəyə start verir. 
 
APA-nın məlumatına görə, müvafiq razılaşmanı ASAN Radionun direktoru Emin Musavi və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.
 
İyun ayından etibarən həftədə bir dəfə yayımlanacaq “AvropadASAN” adlı məlumatlandırıcı, maarifləndirici və əyləncəli veriliş ASAN Radionun dinləyicilərinə Azərbaycanın da bir hissəsi olduğu Avropa bölgəsini daha da yaxından tanıdacaq. “AvropadASAN” verilişi eyni zamanda həm coğrafi, həm də daşıyıcısı olduğu maddi və mənəvi dəyərlərlə Avropanın tərkib hissəsi olan Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri haqqında dinləyiciləri ətraflı məlumatlandıracaq.
 
Radio layihə Avropa İttifaqının dəstəyi ilə ADA Universitetində 2013-cü ildən bəri fəaliyyət göstərən “Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzi”nin təşəbbüsüdür. Mərkəzin mütəmadi fəaliyyəti ölkə ictimaiyyətinin Avropa İttifaqı haqqında biliklərini təkmilləşdirmək məqsədi ilə dövlət qulluqçuları, tələbələr, məktəb şagirdləri də daxil olmaqla ictimai qruplar üçün təhsil və təlim kurslarını keçirməkdən ibarətdir. Təlim ehtiyaclarından asılı olaraq bu kurslar Avropa İttifaqı ilə bağlı siyasi və iqtisadi biliklər, enerji və ətraf mühit qanunvericiliyi, informasiya texnologiyaları və media, insan hüquqları, miqrasiya və təhlükəsizlik kimi mövzuları əhatə edir.
 
F. İsmayəlzadə bildirib ki, bu günədək ADA-nın Aİ üzrə Bilik Mərkəzi 1000 nəfərdən çox dövlət qulluqçusuna 50 təlim proqramı keçib, 1500-dən çox məktəbli maraqlı və əyləncəli dərslər vasitəsi ilə Avropa İttifaqı və onun üzv dövlətləri barədə ətraflı məlumat öyrəniblər. O qeyd edib ki, ADA Universiteti ASAN Radionun geniş dinləyici auditoriyasından istifadə edərək Avropa İttifaqı ilə birgə həyata keçirdiyi bu layihənin əhatə dairəsini daha da genişləndirəcəyindən məmnundur.
 
E. Musavi isə qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan və “Faydalı Məlumat Dalğası” devizi altında fəaliyyət göstərən radio stansiya yayımında cəmiyyəti ən çox maraqlandıran mövzuları gündəmə gətirir. Bu baxımdan, o, qısa zamanda bölgənin aparıcı ali təhsil ocağına çevrilən ADA Universitetinin intellektual resurslarından istifadə edərək Avropa İttifaqı-Azərbaycan çoxşahəli münasibətləri barədə maarifləndirici proqramın dinləyici auditoriyası qazanacağından əminliyini bildirib.
 
Layihə ilə bağlı fikirlərini bölüşən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Daniyilidis vurğulayıb ki, bu, Avropa İttifaqı ilə bağlı Azərbaycanın radio məkanında ilk veriliş olacaq. ASAN Radio və ADA Universiteti ilə birgə əməkdaşlıqda ərsəyə gələcək bu proqramın məqsədi Azərbaycan cəmiyyəti ilə Avropa bölgəsi arasında anlaşma körpülərini yaratmaqdır. Proqram Aİ-də baş verən mühüm hadisələrdən tutmuş, təhsil, mədəniyyət və musiqiyə qədər müxtəlif mövzuları əhatə edəcək və Aİ-nin Azərbaycandakı fəaliyyətini işıqlandıracaq.
 





16.05.2017    çap et  çap et