525.Az

Dahiliyin zirvəsi


 

VƏ YAXUD BU ZİRVƏYƏ APARAN YOLUN KƏDƏRLİ KEŞMƏKEŞLƏRİ

Dahiliyin zirvəsi<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Üzeyir bəy Moskva və Peterburqda təhsil alanda çox maddi sıxıntılar keçirib. Həmin vaxt o, ailəli idi və Həmidə xanım da onun yanındaydı.

Üzeyir bəyin əsərlərini Bakıda oynayıb müəyyən qazanc götürən dostları da gələcəyin dahisinin maddi durumuna müəyyən məqamlarda laqeyd yanaşıblar. Bəstəkarın Müslüm Maqomayevə 13 avqust 1913-cü ildə yazdığı məkyuba nəzər salaq.

"Əzizim Müslüm!

Sükut etməyimin səbəbi, çox məşğul olmağımdır ki, səhərdən gecəyarısınadək işləyirəm. Əvvala, qarşıdakı imtahanlara hazırlaşıram, ikincisi operetta yazıram (bəstəkar "Arşın mal alan" operettasını nəzərdə tutur - İ.R.), özü də müvəffəqiyyətli olacaqdır, allah qoysa vaxtında sənə göndərərəm. O ki, qaldı Zülfüqarın Şuşada verdiyi tamaşalara, sözün düzü, mənim xoşuma gəlmədi... Sarabskiyə məktub yazıb öz 400 manatımı istəmişdim. Heç olmasa, 200 manat göndərəydi, lakin bir cavab almadım. Halbuki, pula ehtiyacım vardı, ciddi teleqram vurmağa məcbur oldum. Bir neçə gün sonra 100 manat aldım. İndi yenə də pul gözləyirəm. Lakin pul əvəzinə israğa gün Sarabskidən və kompaniyasından teleqram almışam ki: "içirik sənin sağlığına. "Əsli və Kərəm" müvəffəqiyyətlə keçdi". Mən cavab vermədim. Dalısı nə olacaq, bilmirəm..."

Burada bir məsələyə də toxunmaq istəyirəm. Bəzi tədqiatçılar belə bir fikir irəli sürürlər ki, Moskvada və Peterburqda tələbə olan Üzryir bəyin bəstəkarlıq fəaliyyətindən nə üçün müəllimləri xəbərdar deyildilər. Həmin dövrün təhsil qanunlarına görə, konservatoriya tələbəsi diplom almamış bəstəkarlıqla məşğul ola bilməzdi. Belə bir hal olardısa, həmin tələbə təhsildən uzaqlaşdırılardı. Məhz buna görə də tələbə ola-ola "Arşın mal alan" kimi şedevr bəstələyən Üzeyir bəy bunu nəinki bütün müəllimlərindən, hətta yaxın ünsiyyəti olan tələbə yoldaşlarından da gizli saxlayıb. Elə buna görə də o, operettanın premyerasında iştirak etməyib. Bu barədə Üzeyir bəy Peterburqdan Müslüm Maqomayevə yazdığı 16 may 1914-cü il məktubunda da məlumat verib.

lll

Üzeyir bəyin Azərbaycan mədəniyyətinə verdiyi misilsiz töhfələri bəyənən və onu alqışlayan ziyalılar çox idi. Ancaq opera və operettaların dram teatrını məhvə apardığını iddia edən, bəstəkara şər-böhtan atan, hətta ona həcv yazan bir qrup qəzetçilər də vardı. Görkəmli salnaməçi-tədqiqatçımız Qulam Məmmədli öz kitabında bu məsələlərə geniş yer ayırıb. Yeri gəldikcə sitat gətirəcəyim parçaları Qulam müəllimin kitabındakı kimi verəcəm.

"Kəlniyyət" qəzetinin 7 sentyabr 1912-ci il tarixli sayında Kərbəlayı Dəyirqoz imzalı kimsənə yazır: "Bəli, rəmazan getdi, sentyabr gəldi. Biz də yavaş-yavaş daçalardan yığışıb gəlirik. İndi gərək səhnələr bəzənə, operalar işə düşə. Üç aydır "Leyli və Məcnun" və "Əsli və Kərəm" vaqiələrinin xəyaləti ilə keçmişik. Həmd olsun ki, yetişdik o vaxta ki, üç gündən bir operalar tərtib olunacaq... 

Gəl baba, gir bucağa
And olsun pirə, ocağa.
Döndü oyun-oyuncağa
Ay opera, opera,
Hay opera, opera!.. 

"Şah Abbas" hekayəti,
"Xurşid banu" rəvayəti
Qabağa saldı milləti,
Ay opera, opera!..

"Leyli" vəşin hekayəti,
"Əsli" xanım təravəti
Əldən alıbdı taqəti
Ay opera, opera! 

"Ər arvad"ın hırıltısı,
Kəblə Qubad nəriltisi
Saz-balaban zırıltısı
Hay opera, opera!..

Sarabskinin səs salması,
Millətin əl-qol çalması,
"Qulu"nun tuman alması,
Ay opera, opera!..

"Leyli"nin işvəsazlığı
"Əsli"nin qəmzə-nazlığı
Öyrədir eşqbazlığı,
Hay opera, opera,
Huy opera, opera!.. 

Mən bu və aşağıda verəcəyim faktları göstərməklə onun müəlliflərini lənətləmək fikrində deyiləm və heç buna ehtiyac da duymurm. İstəyirəm oxucular Üzeyir bəy kimi dühanın bütün təhqir və həcvlərə, şər və hədyanlara  necə tab gətirdiyini, yaradıcılığını günü-gündən zənginləşdirdiyini bir daha dərindən duysunlar. Duysunlar və bir daha əmin olsunlar ki, Üzeyir bəy Hacıbəylinin yaradıcılıq yolu heç də hamar, daş-kəsəksiz olmayıb.

Belə hədyan hücumlar başqa mətbuat nümunələrində də olub və 1918-ci ilə kimi vaxtaşırı özünü göstərib.

"Tuti" jurnalı 9 may 1914-cü il sayında Pompaşa imzalı birinin həcvini çap edib. Altı bənddən ibarət cızma-qarada aşağıdaki təhqiramiz misralar da vardı.

Min təşəkkür Üzeyirin bizə xidmətlərinə,
Xalqa göstərdiyi ol səhnəyi-ibrətlərinə.
"Ər və arvad" ilə "Arşın mal alan"ayinədir,
Ta baxa xalq, görə ondakı əxlaq nədir.
Səhnə məktəbmidir, ya cib sovuran bir gənədir?
Bəstəkar da uşaqdır da, cəmaət nənədir
Ki, əmər ciblərini, baxmayıb halətlərinə.
Necə şükür eyləməyək, bir belə xidmətlərinə?!
Dirijor olmuş Hambal ilə Məşədi İbad... 

Elə bil qəzet və jurnalın "millət qəhrəmanları" Üzeyir bəyə rişxənd eləmək üçün bəhsə girişmişdilər. "Məzəli" jurnalı 9 may 1914-cü il sayında birinci səhifəsində ağzından qan axan dramın üstündə oturmuş yarıçılpaq, yanbızına "operetta" yazılmış xanım karikaturasını çap etmişdi. "Tuti" isə Pompaşanın hədyanından heç bir ay keşməmiş Sırtıq imzası ilə Üzeyir bəyin ünvanına daha bir hədyan çap etmişdi. 

Açmışam bir dənə, başdan-başa dükan - opera,
Satıram, etgilən artistlərə elan - opera!
"Məşədi İbad", "Xosrov Şirin" ilə "Arşın mal alan",
"Leyli Məcnun", "Şah Abbas", nə bilim bir də filan,
"Əsli və Kərəm" heç də çıxarmı yaddan...
Dərk edər cümlə xəlzayiq ədəbi bunlardan.
Yazmışam mən də birin, adı "Hacı İmran" - opera,
Satıram, egilən artistlərə elan - opera! 

Mən bu müəlliflərin yazdıqlarına da şərh vermək istəmirəm. Şərhi tarix verib. Üzeyir bəyin "Arşın mal alan"ı dünyanın iyirmidən çox dilində səslənib. Şəninə abidələr ucalıb, adına küçə, Musiqi Akademiyası var, barəsində bədii, sənədli filmlər çəkilib, yaradıcılığından bəhs edən cild-cild kitablar çap olunub. Amma nə tarix, nə tarixlə məşğul olanlar, nə də Azərbaycana qənim kəsilən naşükürlər də bilmirlər ki, Kərbəlayı Dəyirqoz, Pompaşa, Sırtıq kimdir, kimsənədir, onların aqibəti necə olub, öldü-qaldısı bir kimsəyə məlumdurmu...

Opera və operettanın əleyhinə verilmiş yazılardan müəyyən sətirləri təqdim edirəm.

"Leyli və Məcnun"dan sonra, həmişəlik olmasa da, hazırkı zaman üçün dram öldü" ("Baku", 31 mart 1913).

"Operalar meydana çıxmaq ilə büsbütün dram və məzhəkələr və sair əsərlər bilmərrə mahiyyətlərini itirmişlər" ("İqbal", 9 sentyabr 1913).

"Onsuz da sübhdən axşama kimi restoranlarda və bilməm nə kimi yerlərdə müsəlmanlar zövqü-səfa sürürlər. Mənbən-ədəb və ürfan olan səhnəni dəxi bir zövqü-səfa, bir şıldırıq məclisinə döndərmək heç də rəva deyildir.

Hər nə isə, "Arşın mal alan" operettası bir dərəcə fars tamaşalarına oxşayır - desək zənn edirik ki, xəta etməmiş olarıq. Belə tamaşaları müsəlmanlara göstərmək xətadan xali deyildir" ("İqbal", 27 oktyabr 1913).

"O ki, bəzi opera və operetta yazanlarımızdır, onların da qulluğu çoxdur. Amma bir yana baxanda onların milləti də puldur... Mən də sənə əyləncə üçün opera yazım. Xülasə, pul, pul, pul!,," ("Tuti", 27 iyun 1914. Müəllif: Ə.Düdük).

"Bir neçə nəfər cibişdanməzaclar, cümlə müsəlman qardaşlarımıza xəbər veririk ki, bu il də keçən ildəki kimi dalbadal opera qoymaqlıq ilə dramaya yol verməyəcəyik ki, hər cür bir oyunbaz üçün təntənəli benefis quracağıq" ("Tuti", 5 sentyabr 1914. Müəllif: Zilcovşən).

lll

İstərdim musiqişünaslarımız və teatrşünaslarımız aşağıdaki faktlara da diqqət yetirsinlər və bu istiqamətdə axtarışlar aparsınlar. Əldə olunan hər hansı məlumat, not yazısı Üzeyir bəy Hacıbəyli irsinin möhtəşəm və ecazkar zənginliyini bir qədər də artırar.

1910-cu il dekabr ayının 9-da Tağıyev teatrında binanın 30 illik yubileyi keçirilib. (Halbuki istifadəyə verildiyi 28 il idi. Görünür, tikintinin başlandığı il əsas götürülüb). Tədbirdə Üzeyir bəyin rəhbərliyi və dirijorluğu ilə orkestr bəstəkarın həmin gecə üçün bəstələdiyi marşı səsləndirilib (bax: Baku" qəzeti, 11 dekabr 1910).

Üzeyir bəy Hacıbəyli 1911-ci ilin iyun və iyul ayında bir qrup aktyorla Tiflisdə qastrolda olub. Əbülfət Vəlinin rejissorluğunda "Leyli və Məcnun" və "Məşədi İbad" tamaşaları göstərilib. Tamaşalara dirijorluğu Üzeyir bəy özü edib. "Məşədi İbad"da Zülfüqar bəy Hacıbəyli Rüstəm bəy, Üzeyir bəy isə Rza bəy rollarını ifa ediblər. Qastrol Suxum və Batumda da davam edib (bax: "Tiflisskiy listok", 15 iyun 1911; "Tiflisskiy listok", 17 iyun 1911; "Zakavkaziye", 29 iyun 1911; "Kaspi", 14 iyul 1911).

Opera və operettalara hücumların qarşısını daha səmərəli yaradıcılıq işləri ilə almaq, musiqi əsərlərini hazırlayanda onlara meyxanalar, həcvlər, satirik lövhələr əlavə edənlərin özbaşınalığının qarşısını almaq üçün Üzeyir bəy böyük qardaşı Zülfüqar bəylə 1916-cı ildə bir truppa yaratdılar. Truppa "Üzeyir bəy və Zülfüqar bəy Hacıbəli qaradaşlarının müdiriyyəti adlanırdı. Müxtəlif mətbuat səhifələrində həmin dəstə "Hacıbəyli qardaşlarının müdiriyyəti" və "Müdiriyyət" kimi də təqdim olunub. "Müdiriyyət"in bir məramı da o idi ki, müxtəlif kiçik truppalara bölünən, az-çox tanınan aktyorların dəstə bağlayıb zəif tərkibdə qastrollara çıxmasının qarşısını almaq idi.

1916 - 1919-cu illərdə fəaliyyət göstərən "Müdiriyyət"in baş rejissorları müxtəlif vaxtlarda Hüseyn Ərəblinski, Abbasmirzə Şərifzadə və Üzeyir bəy Hacıbəyli olmuşlar. Dəstə-truppaya həmin dövrdə Azərbaycanın məşhur aktyorları Mirzağa Əliyev, Abbasmirzə Şərifzadə, Hüseynqulu Sarabski, Xəlil Hüseynov, Şura Olenskaya, Yeva Olenskaya, Raza Darablı, Cəlil Bağdadbəyov, Əbülhəsən Anaplı, Mir Paşa, İbrahim Atakişiyev (Azəri), Mehdi bəy Hacınski, Bağır Cabbarzadə və başqaları daxil idilər.

"Müdiriyyət" ilk pərdələrini 1916-cı il sentyabrın 9-da Opera teatrında Zülfüqar Hacıbəylinin "Aşıq Qərib" operasının tamaşası ilə açıb. Noyabr aynının 10-da isə Tağıyev teatrında "Yezid ibn Müaviyyə" (Curci Zeydanın romanı üzrə işləyəni Mehdi bəy Hacınski) dramı ilə yaradıcılığının yeni janrda fəaliyyətinə başlayıb. "Müdiriyyət" ilin sonuna kimi dörd opera və üç operetta premyerası və altı yeni dram tamaşası göstərib. Bununla da qısa müddətdə mövcud truppalar arasında aparıcılığı ələ ala blib. Müsəlman təqvimində səfər ayının başlanması ilə əlaqədar olaraq teatr bir müddət opera və operetta oynamayıb. Bütün tamaşaların rejissorluğunu Abbasmirzə Şərifzadə və dirijorluğunu isə Üzeyir bəy Hacıbəyli etmişdilər.

Musiqi əsərləri bu ardıcıllıqla oynanılıb və onların hamısı ilin sonunadək təkra-təkrar göstərilib.

18 sentyabr. "Əsli və Kərəm", Üzeyir bəy Hacıbəyli.

23 sentyabr. "Məşədi İbad", Üzeyir bəy Hacıbəyli.

26 sentyabr. "Şah Abbas və Xurşid banu", Üzeyir bəy Hacıbəyli.

30 sentyabr. "Arşm mal alan", Üzeyir bəy Hacıbəyli.

6 oktyabr. "Evlikən subay", Zülfüqar bəy Hacıbəyli.

7 oktyabr. "Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyli.

20 dekabr. "Leyli və Məcnun", Üzeyir bəy Hacıbəyli.

"Müdiriyyət"in dram tamaşaları aktyor ansamblının ciddi və peşəkar işi, yeni rejissor təfsiri ilə seçilirdilər. "Yezid ibn Müaviyyə"də əsas rolları Abbasmirzə Şərifzadə (Yezid), Şura Olenskaya (Səlma), Xəlil Hüseynov (Şümür) oynayıblar.

11 noyabr. "Ağa Məhəmməd şah Qacar", Əbdürrəhim bəy Haqverdiyev.

18 noyabr. "Tariq ibn Ziyad", Əbdülhəq Hamid. Osmanlıcadan çevirəni Dadaş Bünyadzadə.

25 noyabr. "Dəmirçi Gavə", Şəmsəddin Sami. Osmanlıcadan çevirən Səməd Mənsur.

2 dekabr. "Qara bəla" ("Əkbər şah Hindu"), Namiq Kamal. Osmanlıcadan çevirən Cəlil Bağdadbəyov.

9 dekabr. "Dağılan tifaq" ("Qumarbazın axır günü" adı ilə), Əbdürrəhim bəy Haqverdiyev.

15 dekabr. "Bahadır və Sona", Nəriman Nəimanov.

"Müdiriyyət" 1918-ci ildə, 1919-cu ilin birinci yarısında da fəallığı özündə saxlayıb. Tağıyev teatrı yandığına görə əksər tamaşalar Opera teatrında, az qismini isə "Mikado" teatrının və "Malı teatr"ın binalarında göstərilib. Bakıdakı peşəkar teatrlar əsasən Üzeyir bəy Hacıbəylinin ətrafında birləşmişdilər. Dövlət teatrının rəsmi açılışı isə yalnız bu ilin oktyabrında mümkün olmuşdu.

Ilin dörd ayı ərzində fəaliyət göstərərək yaradıcılığına son qoyan "Müdiriyyət"in ən uğurlu və yeni işi Müslüm Maqomayevin "Şah Ismayıl" (libretto müəllifi Mirzə Qədir İsmayılzadə) operasının tamaşası olub. Opera Hüseynqulu Sarabskinin (Şah İsmayıl) benefisinə həsr edilib və mart ayının 7-də göstərilib. Tamaşa martın 5-də oynanılmalıydı, lakin Hüseyn Ərəblinskinin qətlə yetirilməsi ilə əlaqədar iki gün sonra nümayiş etdirilib.

1919-cu ilin payız mövsümü başlayanda artıq Bakının irili-xırdalı bütün truppaları Hökumət Teatrı kollektivində birləşdirildi. Düzdür, teatrın rəsmi açılışı oktyabrın 24-də olub, lakin sentyabrdan kollektiv öz tamaşalarını məhz həmin ad altında və yeni emblemlə göstərib.

Bununla da "Müdiriyyət" özünün fəaliyyətinə son qoyub. Bu kollektivin əksər opera və operetta tamaşalarının xorbaşısı Hənifə Terequlov olub. Dirijorluğu isə Üzeyir bəylə yanaşı, Müslüm bəy Maqomayev və bəzən Zülfüqar bəy Hacıbəyli ediblər.

"Müdiriyyət" daha kamil və daha məzmunlu repertuar uğurunda müəyyən nailiyyətlər qazanıb.

"Müdiriyyət"in tamaşalarının rejissor işindəki peşəkarlıq səviyyəsi, aktyorların xarakter yaratmaq vərdişlərinə yiyələnmələri artıb.

"Müdiriyyət" peşəkar teatr üçün vacib olan estetik prinsiplərə cəsarətlə yiyələnməyə şərait yaradıb.

"Müdiriyyət" milli teatr sənətinin institussional (təsisatlı) mədəniyyətin faktına keçməsi mərhələsini peşəkarlaqla təminatlandırıb.

lll

Üzeyir bəy Hacıbəylinin teatrla bağlı yaradıcılığının 1920 - 1947-ci il dövründən bəhs edəndə tədqiqatçılar nədənsə onun fəaliyyətinin yalnız "Koroğlu" ilə bağlı mərhələsindən bəhs edirlər. Əlbəttə bu, təbiidir, çünki "Koroğlu" təkcə milli incəsənətimizin möcüzəsi deyil, dünya opera janrında şərəfli yer tutur. Sözüm ondadır ki, Üzeyir bəyin hətta yarımçıq işlərinin də notlarını tapıb nəşr etmək, onların sənətkarlıq xüsusiyyətləri barədə danışmaq lazımdır. Həmin faktlardan bir neçəsini nəzərə çatdırmaq və fədakar musiqişünaslarımızın yazacaqlarım ətrafında tədqiqatlar aparması geniş mənada Üzeyirşünaslığın zənginləşməsinə səbəb olar.

Mən heç bir şərh vermədən vaxtilə mətbuatda çap olunmuş teatr sənəti ilə bağlı müəyyən faktları təkrar xatırlatmaq istəyirəm.  Elə buradaca daha bir arzumu bildirmək istəyirəm. Elmlə məşğul olmaq istəyən gənc musiqişünaslara namizədlik və hətta doktorluq dissertasiyası üçün belə bir mövzu təklif olunsun: "Üzeyir bəy Hacıbəylinin operettaları dünya səhnəsində".

Azərbaycan Demokratik Cümhuriyyətinin rəsmi qəzeti olan "Azərbaycan" 1919-cu ildə belə bir məlumat çap etmişdi. "Üzeyir bəy Hacıbəyli tərəfindən digər bir balet-rəqs yazılıbdır ki, bunun da adı "Azərbaycan"dır. Keçən günlərdə yazmış olduğu bu yeni "Azərbaycan" baleti tərəkəmə səpgisindədir. Hər iki oyun Hacıbəyov bəradərləri müdiriyyəti tərəfindən səhnəyə hazırlanmaqdadır".

Sözsüz, hər iki musiqi lövhəsi sırf balet üslubunda yazılmayıb, ancaq bununla belə, rəqs qurumu üzərində tamaşa hazırlamaq baxımından tarixi yaradıcılıq faktı kimi dəyərlidir. Həmin lövhələr aprel ayının 4-də opera teatrında (Hökumət teatrı) "Arşın mal alan" operettası ilə birgə ifa olunmuşdur. "Azərbaycan" və "Ləzgihəngi" balet-rəqs musiqi lövhələrinin quruluşçusu və əsas ifaçısı Yunis Nərimanov idi. Dirijorluğu Üzeyir bəy özü edirdi. Tamaşalar göstərilməmişdən əvvəl Üzeyir bəy Hacıbəylinin "Azərbaycan" milli marşı kimi təqdim olunan Dövlət himni ilk dəfə ifa olunub.

Məmməd Səid Ordubadi 1932-ci ili xatırlayaraq "Azərbaycan Elmlər Akademiyasının xəbərləri"nin 1948-ci il 12-ci nömrəsində yazır ki, Üzeyir bəylə birlikdə "Dəmirçi Gavə" operası üzərində xeyli işləmişik. Bu əsər osmanlı ədibi Şəmsəddin Saminin "Dəmirçi Gavə" qəhrəmanlıq faciəsidir. 1908-ci ildən başlayaraq 1930-cu ilin əvvəllərinə kim Akademik Milli Dram Teatrı bu əsəri dəfələrlə müxtəlif quruluşlarda tamaşaya qoymuşdur. Naxçıvan, Gəncə, İrəvan, Tiflis və Aşqabad Azərbaycan teatrları də vaxtaşırı öz repertuarlarnda "Dəmirçi Gavə"yə yer vermişlər.

"İnqilab və mədəniyyət" jurnalı 1932-ci il iyun-iyul nömrəsində yazır: "Hazırda Məmməd Səid Ordubadi tərəfindən yoldaş Heydər İsmayılovun librettosu üzrə "Koroğlu" əsərinin sözləri və Üzeyir bəy Hacıbəyli tərəfindən də həmin əsərin musiqisi yazılır.

Bunlardan başqa, Üzeyir bəy "Gavə" operasını yazıb qurtarmaq üzrədir".

"Kommunist" qəzeti 26 sentyabr 1932-ci il tarixli sayında belə bir elan verib. "Axundov adına Böyük Dövlət Operası Türk Teatr Sektoru 1932 - 1933-cü il mövsümü...

Repertuar. Operalar: "Şah İsmayıl", "Əsli və Kərəm", "Leyli və Məcnun".

Təzə operalar: "Koroğlu", "Səfa", "Gavə".

"Ədəbiyyat qəzeti" 1940-cı il 14 yanvar tarixli sayında yazır: "Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi Böyk Nizamiyə həsr olunmuş opera və balet əsəri üçün konqurs elan etmişdir... SSRİ Xalq artisti, ordenli kompazitor Üzeyir Hacıbəyli "İsgəndərnamə" operası yazır. Operanın librettosunu kompozitor özü yazmışdır".

Azərbaycan Dövlət Konservatoriyasının direktoru Ramazan Xəlilovun imzası ilə 1944-cü ildə belə bir vəsiqə verilib. "Bu vəsiqə Azərbaycan Dövlət Konservatoriyasının əməkdaşı Əli Cənnət oğlu Əsgərova ondan ötəri verilir ki, o, həqiqətən hazırda "Dədə Qorqud" operasının librettosu və mətni üzərində işləyir. Operanın musiqiçisi SSRİ Xalq artisti Üzeyir Hacıbəylidir".

Bəstəkarın "Babək" operası üzərində işlədiyi barədə də məlumatlar var.

Yenə təkrar edirəm: mən şərh verməkdən uzağam. Sadəcə arzu edərdim ki, Üzeyir bəyin yaradıcılığı ilə məşğul olan musiqişünaslar bu faktların izi ilə yeni axtarışlar aparsınlar. Ola bilməz ki, sadaladığm əsərlərlə bağlı bəstəkarın hansısa parçaları əks etdirən not yazıları olmasın...

Ümidlə və intizarla dahi sənətkarın yaradıcılığından yeni incilərin üzə çıxacağını gözləyək...

 





16.05.2017    çap et  çap et