525.Az

İtaliyanın turizm portalında Bakının ecazkar məkanları


 

İtaliyanın turizm portalında Bakının ecazkar məkanları<b style="color:red"></b>

İtaliyanın aparıcı "Easy Viaggio" turizm portalında "Azərbaycanın paytaxtı Bakının ecazkar məkanları" adlı məqalə dərc olunub.

Yazıda qeyd olunub ki, Asiyanın ən böyük və ən qədim şəhərlərindən biri olan, qədimliyin və müasirliyin qovuşduğu Bakıda yerli mətbəxin təamlarından dadmaq, xalçalar almaq və dünyanın ən gözəl metrolarından biri ilə səyahət etmək mümkündür.

Məqalədə bu ilin yanvar ayından "ASAN Viza" sisteminin tətbiq edildiyi, bunun Azərbaycana səfər etmək üçün vizaların daha rahat formada almaq üçün əlverişli şərait yaratdığı vurğulanıb.

Bakıda çoxsaylı görməli yerlərin olduğunu bildirən müəllif bildirib ki, Xəzər dənizinin sahilində yerləşən Bakı memarlıq nümunələri ilə zəngindir: "Siz Dənizkənarı Milli Parkda gəzə, velosiped sürə və dünyanın ən hündür dirəyində dalğalanan Azərbaycan bayrağına tamaşa edə bilərsiniz".

Şəhərin müxtəlif yerlərinə getmək üçün turistlərə metrodan istifadə etmək məsləhət görülür. Qeyd olunub ki, Bakı metrosunda qiymətlər çox münasib, stansiyalar isə gözəldir: "Bakı üçün xarakterik nəqliyyat vasitəsi olan funikulyor isə dəniz sahili ilə şəhərin ən yüksək nöqtəsini birləşdirir".

Heydər Əliyev Mərkəzi barədə də danışan müəllif qeyd edir ki, memarı Zaha Hadid olan bu şah əsər sovet memarlığına Azərbaycan tərəfindən tutarlı cavabdır.

Məqalədə şəhərin ziyarətçilərinə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki qədim memarlıq abidələrinə - Qız Qalasına, Cümə Məscidinə və Şirvanşahlar Sarayına səfər etmək tövsiyə olunur.

Müəllif yazını bu fikirlərlə yekunlaşdırır: "Bu şəhər möhtəşəm bir kəşfdir. Burada keçmiş ilə gələcək qovuşur. Bakıya səfər etməyə hazırsınızmı?"

Ceyhun ABASOV

 





17.05.2017    çap et  çap et