525.Az

Azərbaycan və Türkiyənin keçmiş döyüşçüləri yenidən bir arada - Fotolar


 

İKİ QARDAŞ ÖLKƏNİN VETERAN HƏRBÇİLƏRİNİN İSTANBUL GÖRÜŞLƏRİ UĞURLA DAVAM EDİR

Azərbaycan və Türkiyənin keçmiş döyüşçüləri yenidən bir arada - <b style="color:red">Fotolar</b>

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) təşkilatçılığı ilə Azərbaycandan bir qrup Qarabağ müharibəsi əlili və veteranının, xüsusilə Aprel döyüşləri iştirakçılarının Türkiyəyə səfəri başlanıb.

Türkiyə Müharib Qazilər Dərnəyi və Əməkli Subaylar (Ehtiyatda olan Zabitlər) Dərnəyinin dəvətilə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin də iştirakı ilə gerçəkləşən səfərin ilk günü – mayın 17-də Türkiyə Müharib Qazilər Dərnəyinin İstanbul şöbəsinin qərargahında Türkiyə qaziləri ilə geniş tərkibli görüş keçirilib.

Dərnəyin İstanbul şöbəsinin başqanı qazi Ahmet Kendigel hər sahədə olduğu kimi, qazilər, tərxis olunmuş hərbçilər və keçmiş döyüşçülərlə bağlı ictimai fəaliyyətdə də Türkiyə-Azərbaycan dostluq və qardaşlığının önəmini vurğulayıb. Bu yöndəki sıx əməkdaşlığın səmərli olduğunu deyən A.Kendigel davamlı şəkil alan əlaqələri daha da inkişaf etdirəcəklərini diqqətə çatdırıb.

TOHGMİB-in sədri, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli indiyədək bu əməkdaşlığın bəhrəsi olaraq bir neçə səfərin təşkilatçısı olduqlarını, Azərbaycan və Türkiyənin keçmiş hərbçilərinin, vətən uğrunda can qoyaraq döyüşmüş qəhrəman əsgər və zabitlərimizin bir araya gətirilməsi, ortaq tarixi və müasir dəyərlərimizlə yaxından tanış edildiklərini bildirib.
 
E.Həsənli Mustafa Kamal Atatürk və Heydər Əliyevin göstərdikləri yolla irəliləyərək dostluq və qardaşlıqda daha böyük uğurlar qazanılacağına inandıqlarını bildirib.

O, H.Əliyevin “Bir millət – iki dövlət” kəlamının hər addımda doğrularaq, Azərbaycan-Türkiyə qardaşlığında yeni üfüqlər açdığını qeyd edib.

Anadolu Aydınlar Dərnəyinin başqanı İbrahim Öztek, Təqaüddə olan Zabitlər Dərnəyinin başqanı Erol Hatunoğlu, ehtiyatda olan general Cumhur Evcil, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və başqaları da öz çıxışlarında iki ölkənin əzəli-əbədi birliyindən, qazilərə ictimai diqqətin və dövlət qayğısının vacibliyindən söz açıblar.

Tədbirdə slaydlar nümayiş etdirilib, şeirlər səsləndirilib.

Görüş çıxışlarla davam etdirilib və sonda tərəflər bir-birinə xatirə hədiyyələri, medallar, fəxri diplomlar təqdim ediblər.

Türkiyədə 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı ərəfəsinə düşən bu görüşlərin iştirakçıları daha sonra, qardaş dövlətin qurucusu Qazi Mustafa Kamalın Selanikdə doğulub-böyüdüyü evin İstanbuldakı modelini - xatirə muzeyini ziyarət ediblər.

Həmin gün növbəti maraqlı və önəmli görüş İstanbulun Avcılar Bələdiyyə başqanı doktor Handan Toprakın və həmin rayonun kaymakamı Hulusi Doğanın iştirakı ilə təşkil olunub.

Görüşdə H.Toprak, H.Doğan, E.Həsənli ölkələrimiz arasındakı sıx dostluq və qardaşlığın tarixi önəmindən, hazırkı durumundan söz açıb, bu bağlılığın daha da gücləndirilməsinin vacibliyindən danışıblar.

Avcılar bələdiyyə başqanı bu rayonda qazilər üçün gördükləri işlərdən, sosial təsisatlardan Azərbaycanın keçmiş döyüşçülərinin də buraya gəldikləri zaman ürəklə yararlana biləcəklərini vurğulayıb.

Azərbaycan mətbuat nümayəndələri adından çıxış edən “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli bu sahədə görülən davamlı işlərin, qarşılıqlı olaraq atılan addımların mediada düzgün işıqlandırılmasının vacibliyi və yolları haqqında fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı olaraq hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib. 

Qeyd edək ki, sözügedən səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə gerçəkləşib.

CAVİD

 





18.05.2017    çap et  çap et