525.Az

“Təəssüf ki, dastan qəhrəmanlarına müasir meyarlarla yanaşırıq”


 

“Təəssüf ki, dastan qəhrəmanlarına müasir meyarlarla yanaşırıq”<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu - İmanovun müsahibəsi
 
- Muxtar müəllim, istəyirəm söhbətimizə Folklor İnstitutunun hazırkı fəaliyyət istiqamətləri haqda qeydlərlə başlayaq. İşləriniz necədir, nə kimi uğurlarınız və qayğılarınız var?
 
- Folklor İnstitutu arxaik folklor, klassik folklor və müasir folklor olmaqla üç əsas istiqamətdə fəaliyyət göstərir. Dünya xalqlarının folkloru, o cümlədən bizim folklorumuz əsasən bu kimi tarixi mərhələləri əhatə edir. Bizim İnstitutun strukturu da həmin istiqamətlər və mərhələlər əsasında qurulub. İnstitutun arxaik folklorla məşğul olan Mifologiya, Mərasim folkloru, klassik folklorla məşğul olan Aşıq yaradıcılığı, Dədə Qorqud şöbələri, müasir dövrü araşdıran Müasir folklor şöbəsi var. Üç istiqaməti bu şöbələrin köməkliyi ilə izləmək mümkündür. İnstitutun əsas qayğılarından biri folklorun söz mətni olaraq toplanmasıdır. Folklor təkcə yazı yox, həm də çəkilişlər əsasında toplanmalıdır. Bu məqsədlə üç il əvvəl Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə bizim İnstitutumuzun nəzdində Folklor Studiyası yaradılıb. Çəkilişlər həmin studiyanın vasitəsi ilə həyata keçiririk. Studiya xətti ilə “Azərbaycan xalq dastanları”, “Halaylar”, “Qarabağın musiqi folkloru” və s. kimi CD albom-disklər buraxmışıq. Qarabağ bölgəsi ilə əlaqədar materialların toplanması əsas qayğılarımızdan biridir. Üç il ərzində Qarabağdan toplanmış nümunələr əsasında 10 cilddən ibarət “Qarabağ: folklor da bir tarixdir” çoxcildliyini çap etdik. Cildlərin hər biri 450-500 səhifədən ibarətdir. Həmin kitablarda Qarabağ savaşının da bir çox səhifələri öz əksini tapıb. Materialların içində bir qisim rəvayətlər məhz tarixi əks etdirən rəvayətlərdir. Buna şifahi tarix deyirlər. Avropalılar şifahi tarix deyilən janr əsasında çoxlu tədqiqatlar aparıblar. Çox təəssüf ki, biz bu işə gec başlamışıq. İnstitutun əsas istiqamətlərindən biri də multikulturalizm istiqamətidir.

Əvvəllər azsaylı xalqların folkloru bölməsini yaratmışdıq. İki il əvvəl isə Rəyasət Heyətinin qərarı ilə institutumuzda azsaylı xalqların folkloru şöbəsi təsis olundu. Həmin şöbə indi toplama və tədqiq işləri ilə məşğuldur ki, bu istiqamətdə toplama nümunələrindən ibarət 2 kitab və 1 monoqrafiyamız çap olunub. Bu sahədə bizim əməkdaşımız Mətanət Abdullayevanın xüsusi xidmətləri var.

- Folklorun tədqiqi toplanılması qədər vacibdir. Bu sahədə vəziyyət nə yerdədir?
 
- Toplama materiallarının sistemləşdirilməsi həmin materialların tədqiqi ilə paralel aparılır. Toplama işində çox fəal iştirak edən bir neçə əməkdaşımız var. Onlardan biri İlkin Rüstəmzadədir ki, o, 2011-ci ildə yaradılan Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin müdiridir. Həmin əməkdaşımız toplanan materiallar əsasında öz tədqiqatlarını da davam etdirir. İlkin Rüstəmzadənin fəlsəfə doktorluğu işi Azərbaycan nağıllarının süjet göstəricisinin sistemləşdirilməsidir. Məlumdur ki, dünya xalqlarında nağıllar bir-birinə oxşardır. Məsələn, bizim “Məlikməmməd” nağılının başqa xalqlarda oxşar nümunələri var. “Göyçək Fatma”nın da o cümlədən. Toplama işi göstərir ki, bizim bir çox nağıllarda beynəlxalq süjetlərdən fərqli süjetlərə rast gəlmək olur. Bu, çox gözəl nəticədir. Toplama işini dayanmadan, ardıcıl şəkildə davam etdirməliyik ki, Azərbaycan folklorunun bu cür özəllikləri üzə çıxsın.
 
- Nağıllardan söz düşmüşkən, folklorda dini nağıllar bölgüsü varmı?
 
- Əlbəttə, var. Mənim dissertantım Xanım Mirzəyevanın mövzusu Azərbaycan dini nağıllarının poetikasıdır. Bu mövzunu məhz toplama materialları diktə elədi. Sovet dövründə dinin təbliği yasaq idi. Ona görə də bizim folklorşünaslar bu mövzuda materiallar toplamaqdan çəkinirdilər. İndi isə hər kəs öz düşüncəsində sərbəstdir. Araşdırmalar, toplama işləri göstərdi ki, bizim ayrı-ayrı bölgələrimizdən, eləcə də, Qarabağ bölgəsindən toplanan materialların 20-30 faizini dini motivli materiallar, həmçinin dini nağıllar təşkil edir. Bu materiallar əsas verdi ki, dini nağılların ayrıca araşdırılmasına diqqət yetirilsin. Sovet dövründə dini nağıllar ayrıca qrup şəklində öyrənilməmişdi, əfsanə və rəvayətlərin içində qarışıq düşmüşdü. Bu boşluğu doldurmağa ehtiyac vardı.

- Toplanan dini materialların içində radikal motivli, zərərli təbliğat mahiyyət daşıyan nümunələr də varmı?
 

- Folklor öz formasına görə son dərəcə milli olur. Ən azı ona görə ki, hər xalqın öz dilində yaranır. Elə bir dildə ki, onu başqa dilə tərcümə etmək çox çətin olur. Amma bu millilik folklorun ümumbəşəri məzmun daşımasına qətiyyən  mane olmur. Son dərəcə milli olan folklor nümunələri ümumbəşəri mahiyyət kəsb edir. Bu ümumbəşəriliyin kökü arxaik düşüncə tərzinə gedib çıxır.

Dünya xalqlarının ətraf aləmə münasibətində oxşar mifoloji görüşlər özünü göstərir. Yəni harada yaşamağından asılı olmayaraq, aralarında genetik, mədəni-iqtisadi əlaqənin olub-olmamasına baxmayaraq, dünya xalqları arxaik düşüncəsinə görə bir-birinə çox yaxındırlar. Əgər folklor nümunəsinə əl gəzdirilib ona millətçilik donu geyindirilməyibsə, həmin nümunə başqa xalqlar haqqında qətiyyən pis fikir oyada bilməz. Folklorumuzda başqa xalqlara rəğbət və ehtiramla yanaşma var. Folklorumuzda başqa dinlərə həqarətlə yanaşma yoxdur, ola da bilməz.
 
- Bəs dünya xalqlarının folklor nümunələrində necə, onlar arasında saxtalaşdırılanları olurmu?
 
- Avropada da, Rusiyada da müəyyən ideoloji istiqamətlərin təsiri ilə folklor mətnlərinə əl gəzdirmə halları olub. Məsələn, Almaniyada faşizm, Rusiyada kommunizm ideologiyası folklor mətnlərinin tərtib və nəşrinə öz təsirini göstərib. Yeri gəlmişkən deyim ki, sovet folklorşünaslığının yol verdiyi ciddi nöqsanlardan biri folklor nümunələrinin sinfi mübarizə ideologiyası baxımından saxtalaşdırılmasıdır.
 
- Folklor mətninin saxta olduğunu necə müəyyənləşdirirsiniz?
 
- Folklor mətninin saxtalığını müəyyənləşdirməyin ən sadə yolu onun variantının olub-olmamasını üzə çıxarmaqdır. Əgər oxucuya təqdim edilən folklor nümunəsinin ayrı-ayrı bölgələrdə variantları danışılmırsa, onda həmin mətn artıq şübhə doğurur. Bəli, variantlaşma folklorun təməl prinsiplərindən biridir, bayatı, əfsanə, rəvayət, nağıl, dastan və sair nümunələr toplanıb tərtib olunarkən həmin prinsip hökmən nəzərə alınmalıdır.

- Folklor nümunələrində vulqar sözlər və qeyri-etik ifadələrin işlənib-işlənməməsi barədə fikrinizi bilmək istəyirəm. Seçim necə olmalıdır, həmin ifadələr saxlanılmalı, yoxsa mətndən çıxarılmalıdır?
 
- Folklor mətnini iki cür çap etmək olar: mütəxəssislər və geniş oxucu kütləsi üçün. Geniş oxucu kütləsi üçün çap olunan folklor nümunələri mümkün qədər ədəbi dildə olmalı, onlarda vulqar ifadələrə yer verilməməlidir.

Əslində, mütəxəssislər üçün çap etdiyimiz kitablarda da vulqar ifadələri açıq şəkildə vermirik. Onların yerinə üç nöqtə qoyuruq. Elə mətnlər var, yaxud mətndə elə məqamlar var ki, vulqar sözün üstündə qurulub və onu başqa sözlə əvəz etmək olmaz. Məsələn, “Dədə Qorqud” dastanında bəzi vulqar ifadələrə rast gəlirik. Bizim qorqudşünaslar haqlı olaraq onları saxlayıblar, o sözləri mətndən çıxarmayıblar. Dünya folklorşünalığı folklor mətnini necə var, o şəkildə çap etməyi vacib şərtlərdən biri kimi irəli sürür. Biz də çalışmalıyıq o şərtə əməl edək.
 
- Uşaq yazıçılarının qələmə aldığı nağıllar dərs vəsaitlərinə daxil edilir. O nağıl nümunələrinin səviyyəsi ilə bağlı tez-tez tənqidi fikirlər səslənir...
 
- Mən o nümunələrə  nağıl yox, hekayələr deyərdim. Folklor motivləri əsasında yazılan epik nümunələr hələ nağıl demək deyil. O ki, qaldı dərsliklərə daxil edilən nağıllara, bu məsələdə də bəzi çətinliklər var. Başlıca çətinlik nağılların seçilməsi ilə bağlıdır. Dərslik tərtibçiləri saxta nağılı, yəni sovet dövründə kommunist ideologiyasına uyğunlaşdırılmış nağıl mətnini ayırd etməyi bacarmalı və onu bugünkü dərsliklərə daxil etməməlidir.
 
- Folklor nümunələrinin xarici dillərə tərcümə edilməsi nə yerdədir?
 
- Folklor nümunələrinin xarici dillərə tərcümə edilməsi qənaətbəxş deyil. Öz İnstitutumuzun payına deyim ki, bu sahə bizdə geridə qalıb. Əlbəttə, Azərbaycan folklorunun dünyada təbliği məsələsi əsas istiqamətlərdən biri olmalıdır. Folklorumuzu dünyanın ayrı-ayrı dillərinə tərcümə edib onun çapı ilə məşğul olmalıyıq. Bu istiqamətdə müəyyən işlər görülür.

Məsələn, Azərbaycan Respublikası  Prezidenti yanında  Elmin İnkişafı Fondunun dəstəyi ilə “Folklorda azərbaycançılıq və multikulturalizm” adlı layihə üzərində işləyirik. Layihədə toplama materialları və elmi araşdırmalardan ibarət sanballı bir kitabın həm Azərbaycan, həm də ingilis dillərində çap olunması nəzərdə tutulub.

- Folklorşünaslıq və etnoqrafiyanın ayrı-ayrılıqda öyrənilməsinin səbəbi nədir?
 
- Bu, çox böyük qüsurdur və əsası da sovet dövründə qoyulub. Sovet dövründə folklor anlayışı daha çox xalq ədəbiyyatı kimi qəbul edilib. O dövrdə o qədər də diqqət  yetirilməyib ki, folklor anlayışı şifahi xalq ədəbiyyatı anlayışı ilə məhdudlaşmır, folklor anlayışı şifahi ənənə əsasında  yaranan və yaşayan xalq təbabəti, xalq mətbəxi, xalq memarlığı, xalq geyimi, xalçaçılıq, dulusçuluq və sair kimi sahələri də əhatə edir. Şifahi xalq ədəbiyyatı adət-ənənələr, bütövlükdə xalq mədəniyyəti kontekstində götürülməli və öyrənilməlidir. Folklorun etnoqrafiyadan ayrılmaz olduğunu biz institutumuzun strukturunda ifadə etməyə təşəbbüs göstərdik. İnstitutumuzdakı Mərasim folkloru şöbəsi  məhz həmin təşəbbüsün nəticəsi kimi meydana çıxdı.
 
- Kiməsə nəğmələr qoşanda bu nəğmələr də bəzən folklor nümunələri sayılır. Ötən il kriminal avtoritet Rövşən Lənkəranski öldürüldü və onun haqqında müxtəlif meyxanalar qoşub, mahnılar bəstələdilər. Hətta onun haqqında əhvalatlara mətbuat geniş yer verdi. Bütün bunlar müasir folklor nümunəsi sayılırmı?
 

- İstər Rövşən Lənkəranski haqda mahnılar, meyxanalar, hekayətlər olsun, istərsə də sosial şəbəkələrdə müxtəlif mövzulu yumoristik materiallar – bütün bunları folklor nümunəsi saymaq doğru olmaz. Amma o da nəzərə alınmalıdır ki, həmin materialların yaranmasında folklor motivləri, folklor qəlib və modelləri az rol oynamır.
 
- Bir neçə il əvvəl Azərbaycanın xalq qəhrəmanlarının, məsələn, Koroğlunun göstərdiyi igidliklərə bugünkü qanunları tətbiq edib onları cinayətkar çıxarmışdılar. Məsələn, dastanlarımızdakı qız qaçırma, yol kəsmə, adam öldürmə və s. kimi hallar tənqid hədəfinə çevrilmişdi. Xatırlayırsınızmı?
 

- Xatırlayıram. Bu bizim yaralı yerimizdir. Təəssüf ki, biz dastan qəhrəmanlarına müasir qəhrəman tipinə yanaşdığımız meyarlarla yanaşırıq.

Axı Koroğlu bizim düşündüyümüz müasir qəhrəman tipi deyil. Koroğlu o dövrün və o arxaik düşüncə tərzinin qəhrəmanıdır ki, orada qız qaçırma quldurluq sayılmır. Qəhrəmanın qız qaçırması mifoloji kök etibarilə qızı ölüm caynağından almaq mənasını daşıyır.

- Amma karvan qarşısı kəsmək cinayətdir...
 
- Xeyr, dastan mətnində o da qəhrəmanlıq sayılır. Fikir verin, Koroğlunun nəzərində iki cür adam var: mərd və namərd. Koroğlu mərdə arxa durur, namərdə qarşı vuruşur. Koroğlu karvan başçısını namərd adam saydığına görə ona qarşı çıxmalı olur. Bizim dastan qəhrəmanlarının atdığı addımlar oxşar şəkildə Avropa xalqlarının dastan qəhrəmanlarında da özünü göstərir. Amma bu gün heç bir alman dastan qəhrəmanı Ziqfridi qəddarlıqda, heç bir ingilis dastan qəhrəmanı Robin Qudu quldurluqda ittiham etmir.

APA

 





19.05.2017    çap et  çap et