525.Az

ADPU-nun Şamaxı Filialında beynəlxalq simpozium


 

ADPU-nun Şamaxı Filialında beynəlxalq simpozium<b style="color:red"></b>

Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında ADPU və onun Şamaxı Filialının, Türkiyə Cumhuriyyəti Amasiya Universitetinin, Amasiya Azərbaycan Türkləri Kültür Sanat və Dayanışma Dərnəyinin və Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkil etdiyi III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu keçirilib.

Tədbirdə Türkiyənin Amasiya Universiteti, Marmara Universiteti, Necmettin Ərbakan Universiteti, Çankırı Karatekin Universiteti, İtaliya Yokoku Assosiasiyası, Makedoniyadan 25 nəfər olmaqla, tanınmış alimlər akademiklər iştirak edib.

Simpoziumda çıxış edən filialın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova bildirib ki, bu gün eyni zamanda işığına toplaşdığımız Həmzə Nigarinin doğulduğu Qarabağın dilbər guşələrindən biri olan Laçın rayonunun erməni qəsbkarları tərəfindən işğal edildiyi gündür. Hələ 200 il öncə Nigari Qarabağın ruslar tərəfindən işğalından sonra yazdığı şeirində bu faciəli hadisənin “sinəsinə sancılan xəncər kimi onu istiraba qərq etdiyini” ifadə edib. Sanki o, Qarabağın 200 il sonra ermənilər tərəfindən işğal edilib talan olunacağını hiss edib. T.Yusifova qeyd edib ki, qədim elm və mədəniyyət mərkəzi olan Şamaxıda Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumunun keçirilməsi əlamətdar hadisə olmaqla yanaşı, həm də məntiqidir. ADPU-nun Şamaxı Filialının tarixində ilk dəfə belə bir beynəlxalq simpoziumun keçirilməsi xüsusilə əhəmiyyətlidir və gələcəkdə belə tədbirlərin keçirilməsi üçün uğurlu başlanğıcdır.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Həmzə Nigarinin Türk-İslam dünyasına məna yüklü əsərlər bəxş etməsindən danışaraq bildirib ki, onun divanı türk dilində əvvəlcə Tiflisdə, sonra İstanbulda nəşr edilib. Sonralar isə dəyərli alimlərin əsərlərinin sadələşdirməsi və yeni əlifbaya çevirməsi ilə həm Türkiyədə, həm də Azərbaycanda yenidən çap olunub. Həmzə Nigarinin İstanbulda nəşr olunan fars dilində də divanı var. Nigari “Nigarrnamə”, “Saqinamə”, “Çaynamə” məsnəvilərini, o cümlədən məşhur sufi mütəfəkkiri Muyiddin Ərəbinin “Fütuhatı-Məkkiyə” əsərinə izahlar yazıb. Son zamanlar nigarişünaslığın deyə biləcəyimiz ədəbiyyat tədqiqatları yaranıb. Hazırda Nigari və ardıcıllarının həyat və yaradıcılığı daha dərindən öyrənilməkdədir. Mirzadə Mustafa Fəxrəddin Ağabalinin “Hümayi-ərş” əsərinin nəşr olunması bu istiqamətdə ilk mənbələrdəndır.

Şamaxı RİH-in başçısının müavini Qasım Qasımov isə öz növbəsində simpoziumun ADPU-nun Şamaxı Filialında keçirilməsini mühüm hadisə kimi qiymətləndirib.

Akademik İsa Həbibbəyli, akademik Muxtar İmanov, akademik Teymur Kərimli simpoziumun işini elmi cəhətdən çox yüksək qiymətləndiriblər.

Amasiya Azərbaycan Türkləri Kültür Sanat və Dayanışma Dərnəyinin başqanı Atilla Yaprak, Amasiya Universitetinin dosenti Metin Hakverdioğlu, İtaliya Yokoko Assosiasiyasından təşrif buyurmuş doktor Andrea Macchia, Makedoniya Universitetinin professoru Zoran Matevski, AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun dosenti Nəzakət Məmmədli, Həmzə Nigari nəslindən olan qonaqlardan Siracəddin Həmidov və Müntəxab Mirsədizadə Həmzə Nigarinin həyat və yaradıcılığından, beynəlxalq simpoziumun əhəmiyyətindən danıçıblar.

S.QARAYEVA

 





19.05.2017    çap et  çap et