525.Az

Pedaqoji Universiseti Ağcabədi filialında şair Təvəkkül Yanarın 80 illiyi qeyd edildi


 

Pedaqoji Universiseti Ağcabədi filialında şair Təvəkkül Yanarın 80 illiyi qeyd edildi<b style="color:red"></b>

ADPU Ağcabədi filialında tanınmış şair Təvəkkül Yanarın anadan olmasının 80 illiyi münasibəti ilə yığıncaq keçirilib.

Yığıncağa ziyalılar, şairin qələm dostları, ağsaqqallar, yerli icra hakimiyyəti, bələdiyyə nümayəndələri, adıçəkilən filialın müəllim və tələbələri, media mənsubları qatılıblar.

ADPU Ağcabədi filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Fərzəliyeva tədbiri giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb. Natiq çağdaş ədəbiyyatımızda özünəməxsus yeri və imzası olan istedadlı qələm sahibinin yaradıcılığına məxsus başlıca məziyyətlərdən danışıb. Qeyd olunub ki, əyalətdə yaşayıb-yaradan şairin şeirləri əsl poeziya nümunələri  kimi həmişə diqqəti çəkib, xalq tərəfindən sevilib və məhəbbətlə qarşılanıb. Bugünki yubiley tədbiri də  məhzTəvəkkül Yanar poeziyasına olan bu məhəbbətin aydın təzahürüdür.

Filialın dosenti, filologiya üzrə fəlsəfə doktoru Vaqif Allahverdiyev "Təvvəkül Yanar yaradıcılığının sənətkarlıq xüsusiyyətləri" mövzusunda məruzə ilə çıxış edərək, şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Məruzədə tanınmış söz ustasının əsərlərinin dil,üslub və sənətkarlıq xüsusiyyətlərindən söz açılıb,geniş təhlil aparılıb. Qeyd olunub ki, Təvəkkül Yanar bütün yaradıcılığı boyu özünü vətənpərvər, torpağa, xalqa bağlı açıq fikirli sənətkar kimi təsdiqləyib. Təsadüfi deyildir ki, Vətən, Qarabağ ,el-oba mövzusu onun yaradıcılığından xüsusi bir xətt kimi keçir. Əyalətdə yaşayan şairin  şeirləri bu səbəbdən də dillərdə dolaşıb, xalq arasında geniş yayılıb.Təbii ki, bu əsərlər əsasında bəstələnmiş gözəl mahnılara sənətkarlar tərəfindən tez-tez müraciətlər olunur. Təvəkkül Yanarın şeirləri həmişə təravətli,əbədiyaşardır.Ona görə də həmin əsərlərə zaman-zaman ehtiyac hiss olunur.

Filialın dosenti Sabir Məmmədov "Təvvəkül Yanarın poemaları haqqında" məruzəsində hərtərəfli yaradıcılığa malik qələm sahibinin  irihəcmli əsərlərində də öz poetik imkanlarına, istedadına sadiq qaldığını, sadə və aydın dil ilə real həyat hadisələrini ustalıqla əks etdirdiyini vurğulayıb. Müəllifin "Ata namusu", "Etibar" və "Heydər poeması" əsərlərinin mövzu və ideya-bədii cəhətdən çox mühüm önəm daşıdığını qeyd edən natiq həmin əsərləri son dövrlərin epik janrda qələmə alınmış poetik uğurlarından hesab edib. Yığıncaqda əməkdar jurnalisti yazıçı-publisist Ziyəddin Sultanov, şair Tofiq Zeynal, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Rza Quliyev, şairin həmyerlisi Aqil İsmayılov, rayon ziyalısı Əli Bədəlov çıxış edərək Təvvəkül Yanar poeziyası barədə səmimi ürək sözlərini bildirib, şair haqqında öz xoş xatirələrini bölüşüblər. Çıxışlarda  həmçinin cəbhə bölgəsində yerləşən ali təhsil, ocağında belə tədbirlərin müntəzəm keçirilməsinin vacibliyi vurğulanıb, tədbiri təşkil edib,ərsəyə gətirənlərə minnətdarlıq ifadə olunub. Yerli xanəndələr Elnur Cəfərov, İsa Məmmədov, Cəfər Qurbanov, Elgiz Məmmədov, Bəhram Yusibovun məharətlə ifa etdikləri muğam və xalq mahnıları,  Rəcbərlər kənd tam orta məktəbi şagirdləri və ADPU Ağcabədi filialının tələbələri tərəfindən təqdim olunan Təvəkkül Yanarın şeirlərindən ibarət ədəbi-bədii kompozisiya yubiley iştirakçıları tərəfindən böyük maraq və ruh yüksəkliyi ilə qarşılanıb.

Sonda şairin oğlu İlqar Səlimov söz alaraq Təvəkkül Yanar yaradıcılığına  yüksək dəyər verdiklərinə görə, yubiley tədbiri təşkilatçılarına və bütün iştirakçılara ailə üzvləri adından təşəkkürünü bildirib.

Yəhya PAŞAZADƏ

 





19.05.2017    çap et  çap et