525.Az

Sofiyada Bolqarıstan-Azərbaycan əlaqələrinə həsr olunmuş konfrans


 

Sofiyada Bolqarıstan-Azərbaycan əlaqələrinə həsr olunmuş konfrans<b style="color:red"></b>

Mayın 15-də Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşəbbüsü ilə Avropa Evində "Bolqarıstan-Azərbaycan: diplomatik əlaqələrin 25 ili. İkitərəfli tərəfdaşlıq və çoxtərəfli əməkdaşlığın perspektivləri" adlı konfrans keçirilib.

Səfirlikdən verilən məlumata görə, tədbirdə Bolqarıstanın dövlət qurumları və qeyri-hökumət təşkilatları, işgüzar dairələr, təhsil və elm ocaqları, yerli mətbu orqanları, həmçinin ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Konfransın açılışında Bolqarıstanın Xarici İşlər Nazirliyi nəzdindəki Diplomatik İnstitutunun direktoru Tanya Mixaylova, "Atlantik Klub"un prezidenti, keçmiş xarici işlər naziri Solomon Passi və fəxri qonaq qismində Bolqarıstanın energetika naziri Temenujka Petkova çıxış ediblər.

Tədbiri giriş sözü ilə açan Tanya Mixaylova Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edərək ölkələrimiz arasında münasibətlərin tarixinin vacib məqamlarına diqqət çəkib, bu xüsusda rəhbərlik etdiyi Diplomatik İnstitutun Azərbaycan tərəfi ilə 10 ilə yaxın müddət ərzində tərəfdaşlıq etdiyini bildirib.

Keçmiş xarici işlər naziri S.Passi isə ölkəmizə səfəri və prezident İlham Əliyevlə görüşü barədə tədbir iştirakçılarına məlumat verərək hər iki ölkənin Avropa ilə Asiyanın kəsişməsində strateji əhəmiyyətə malik olduğunu vurğulayıb. O, Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib.

Səfir Nərgiz Qurbanova Azərbaycanla Bolqarıstan arasında mədəni, iqtisadi və digər əlaqələrin, həmçinin insanlararası bağlantıların 5 iyun 1992-ci il tarixində diplomatik münasibətlərin qurulmasından əvvəl də olduğunu söyləyərək, son 25 ildə hər iki ölkənin uğurlu sosial-iqtisadi inkişaf prosesi keçdiyini, Bolqarıstanın Avro-Atlantik qurumlara qoşulduğunu, Azərbaycanın ümummili lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində böyük nailiyyətlər əldə etdiyini və bu siyasətin hazırda prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb. Müstəqilliyimizin ilk günlərindən Bolqarıstanla dostluq əlaqələrinin və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinin ölkəmizin xarici siyasətinin prioritetlərindən biri olduğunu qeyd edən səfir ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərində multikulturalizm və dinlərarası dialoqun bariz nümunə hesab oluna biləcəyini diqqətə çatdırıb.

Konfransın fəxri qonağı qismində çıxış edən energetika naziri T.Petkova son 25 il ərzində Bolqarıstan-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etməsindən, strateji tərəfdaşlıq səviyyəsinə çatmasından məmnunluğunu ifadə edib. T.Petkova Bolqarıstanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulayıb. Energetika sahəsinin iki ölkə arasında iqtisadi əlaqələrin mühüm hissəsi olduğunu və Avropanın enerji təchizatının təhlükəsizliyi və diversifikasiyası nöqteyi-nəzərindən Azərbaycanın əhəmiyyətli tərəfdaş olduğunu qeyd edən T.Petkova ölkəsinin Cənub Qaz Dəhlizində iştirak etdiyini, bu layihənin tərkib hissələri olan Bolqarıstan-Yunanıstan və Bolqarıstan-Türkiyə qaz bağlantılarının tikintisi ilə bağlı zəruri tədbirləri həyata keçirdiyini söyləyib.

Qeyd edək ki, konfrans çərçivəsində hər iki ölkənin rəsmi nümayəndələri arasında Azərbaycan-Bolqarıstan münasibətləri, ölkəmizin Avropa İttifaqı ilə əlaqələri çərçivəsində rəsmi Sofiya ilə əməkdaşlığının hazırkı durumu və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Ceyhun ABASOV

 





19.05.2017    çap et  çap et