525.Az

Cəbhə bölgəsində sahibkarlara güzəştli kreditlər verildi


 

Cəbhə bölgəsində sahibkarlara güzəştli kreditlər verildi<b style="color:red"></b>

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağdamın Quzanlı qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Bu barədə "525"ə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

90-a yaxın sahibkarın iştirak etdiyi forumda Ağdam rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və fond tərəfindən rayonda prioritet hesab olunan taxılçılıq, cins heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və soya əkini təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Bildirilib ki, kiçik həcmli investisiya layihələrinin ümumi dəyəri dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu məqsədlə sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Fondun icraçı direktorunun müavini Arif Vəliməmmədov bu ilin ötən dövrü ərzində 320-yə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 31,7 milyon manat güzəştli kredit verildiyini, bu layihələrin reallaşdırılmasının 900-dən çox yeni iş yerinin açılmasına imkan yaratdığını vurğulayıb. Fondun güzəştli kreditləri hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verən A.Vəliməmmədov qeyd edib ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq indiyədək 2000-ə yaxın məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 41 milyon manat (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) kredit verilib.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağdam və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlar 628 min manat güzəştli kredit alıb. Verilən kreditlər əsasən, cins heyvandarlıq, arıçılıq, pambıqçılıq və s. sahələrin inkişafına yönəldiləcək.

Ümumiyyətlə, indiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 36,8 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Ağdam rayonunun Əfətli kəndində güzəştli kredit hesabına maliyyələşdirilmiş "Qara inək fermer təsərrüfatı" MMC-nin cins iribuynuzlu müasir heyvandarlıq kompleksinə baxış keçirilib.

Qeyd edək ki, ötən ilin aprel ayında ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində "Qara inək fermer təsərrüfatı" MMC-yə ciddi ziyan dəyib, çoxlu sayda mal-qara tələf olub. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən təsərrüfata əlavə güzəştli maliyyə dəstəyi göstərilmiş və təsərrüfat fəaliyyətini bərpa edib.

 





19.05.2017    çap et  çap et