525.Az

Rusiya öz vətəndaşlarının birləşmək azadlığını pozur


 

ÜMUMRUSİYA AZƏRBAYCANLILARI KONQRESİNİN LƏĞVİ İLƏ BAĞLI QƏRAR DƏYİŞMƏLİDİR

Rusiya öz vətəndaşlarının birləşmək azadlığını pozur<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi barədə qərarı ölkə ictimaiyyəti böyük narahatlıqla qarşılayıb.

Təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi, yaxud rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması kimi hər hansı qurumun ləğvi üçün yetərli olmayan səbəblərin tam subyektivliyindən bəlli olur ki, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi iki ölkə arasında münasibətləri pozmağa çalışır. Halbuki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib. İki ölkə prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İndi isə biz bu əlaqələrin pozulması istiqamətində addımların atıldığının şahidi oluruq. Özünü dünyada etibarlı tərəfdaş kimi sübut edən Azərbaycan indiyədək nə Rusiya, nə də ki, hər hansı başqa isti münasibətlərin mövcud olduğu dövlətə qarşı bu əlaqələrə xələl gətirə biləcək addımlar atıb. Bu mənada, Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirilib. Şübhə yox ki, burada katalizator funksiyasını Rusiyanın anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi yerinə yetirib. İstənilən halda, Rusiya Ali Məhkəməsinin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salır, onları zədələyir. Ümumilikdə isə bu qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə problem yaradacaq və onun Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçilik missiyasına, bitərəf mövqeyinə kölgə salacaq.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi onu göstərir ki, Rusiyada yaşayan, ona sığınan insanların hüquqları qorunmaya da bilər. O, "Trend"ə bildirib ki, bu addım istər-istəməz Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcək: "Heç zaman Azərbaycan, azərbaycanlılar tərəfindən Rusiya dövlətçiliyinə arxadan zərbə vurulmayıb. Amma başqa xalqların nümayəndələri üçün bunu deyə bilmərik. Bu, məhz həmin ənənələrə söykənən Rusiya-Azərbaycan dostluğuna xələl gətirə, münasibətlərdə istər-istəməz soyuqluq yarada bilər. Rusiya bizim üçün tərəfsiz dövlət olmalıdır. Çünki Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Əgər Rusiya bu gün Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın 60 illik yubileyi ilə əlaqədar böyük bayram tədbiri keçirirsə və Rusiya prezidenti Vladimir Putin ona təbrik məktubu göndərirsə, Azərbaycana isə bu cür münasibət göstərirsə, bu, artıq Rusiyanın tərəfsiz olmadığını göstərir. Bu da bu ölkəni Cənubi Qafqazda nüfuzdan sala, Cənubi Qafqazla bağlı müəyyən problemlər yarada bilər. Məncə bu məsələ gündəmə gələ bilər".

Deputat qeyd edib ki, Rusiya çoxmillətli bir dövlətdir və orada yaşayan xalqların da birləşdiyi qurumlar var: "Bu addımla Rusiya vətəndaşlarının birləşmək azadlığının qorunması prinsiplərini pozur. Rusiyada çoxsaylı diaspor təşkilatları var. ÜAK-ın ləğvi Rusiyada hansısa bir xalqın diaspor təşkilatının bağlanılması ilə nəticələnən ilk addımdır. Əminəm ki, Rusiya tərəfi bu məsələləri ciddi araşdıracaq, hüquqa söykənərək ÜAK-ın ləğvi ilə bağlı qərarını dəyişəcək".

Rusiyada yaşayan azərbaycanlıların ölkənin iqtisadi durumunun yaxşılaşmasında önəmli rol oynadıqlarını və heç zaman separatçı mövqe tutmadıqlarını vurğulayan Ə.Amaşov hesab edir ki, həmin insanlar bununla özlərinin hüquqlarının pozulduğunu hiss edəcəklər: "Bu məsələdə biz erməni faktorunu da mütləq diqqətdə saxlamalıyıq. Aprel döyüşlərindən əvvəl və sonra da erməni ekspertləri dəfələrlə vurğulayıblar ki, Rusiya-Azərbaycan münasibətləri soyuq, Rusiya-Ermənistan münasibətləri daha isti olmalıdır. Onlar həm öz əlaqələri, həm də diaspor təşkilatları vasitəsilə münasibətlərin soyuması üçün işlər gördülər. Eyni zamanda, Rusiyada hakimiyyətdə olan anti-Azərbaycan qüvvələri ilə əməkdaşlığı möhkəmlətdilər. Biz də həmin nəticənin şahidi olduq".

Ə.Amaşov hesab edir ki, Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın ləğvi üçün əsas götürülən texniki səbəblərin aradan qaldırılmasına çalışmalı idi: "ÜAK-ın prezidenti Fazil Qurbanov çıxış edərək bildirib ki, burada sırf texniki xətalardan söhbət gedə bilər. Bu xətalar ondan ibarətdir ki, konqresin adı niyə Ümumrusiya Azərbaycanlıları Konqresidir. Guya ki, adı fəaliyyətinə uyğun gəlmir, iclaslar gec keçirilir və s. Ədliyyə Nazirliyi təşkilatların belə səhvlərini düzəltməyə çalışmalıdır. Son 4 ayda həyata keçirilən araşdırmalar isə birmənalı qaydada səhvlərin düzəldilməsinə deyil, əlavə səhvlərin axtarılmasına yönəldi. Nəticədə Rusiya Ədliyyə Nazirliyinin məktubu məhkəmədə əsas götürüldü və konqres ləğv olundu".

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə qeyd edib ki, Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi Rusiyanın Azərbaycana münasibətinin sonuncu göstəricilərindən biridir. O, APA-ya bildirib ki, Azərbaycan nə qədər Rusiya ilə yaxın qonşuluq münasibətlər qurmaq istəsə də, belə münasibətlər qursa da, Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir, Azərbaycana qarşı ən sərt addımlar atmaqdan belə çəkinmir: "Bu qüvvələr, ümumiyyətlə, Azərbaycanın maraqlarına xidmət edən hər hansı qurumun Rusiyada fəaliyyət göstərməsini istəmir. Konqresi birbaşa Kremldən idarə olunan, Kremlin istəyini həyata keçirən bir qurum kimi görmək istəyirlər. Təbii ki, Ümumrusiya Azərbaycanlıları Konqresi onsuz da həmişə Rusiyada mövcud hakimiyyəti dəstəkləyib, Kremlə konflikt yaradacaq hər hansı addım atmayıb. Amma belə görünür ki, onlar daha çox özlərinə bağlı, birbaşa Azərbaycan qarşı danışa biləcək qurum istəyirlər. Yəni baxışlarda ziddiyyət var. Belə bir addımı atmaqla birbaşa Azərbaycan dövlətinə qarşı münasibətlərini ortaya qoyublar. Bu münasibətlər də hər halda yaxşı istiqamətdə inkişaf etməyəcək. Azərbaycan hakimiyyəti Rusiya tərəfinə narazı olduğunu çatdırır, Azərbaycan ictimaiyyəti konqresin qeydiyyatının ləğvinə kifayət qədər həssas yanaşır. Ola bilsin ki, yaxın zamanlarda bu narazılıq ifadəsi Rusiyanın müəyyən dərəcədə yenidən düşünməsinə səbəb ola bilər və onlar bu mövqedən geri çəkilə bilərlər".

Deputat konqresin qeydiyyatının ləğvinin hüquqi yox, siyasi addım olduğunu vurğulayıb: "Bu qərar siyasi qərar olmasaydı, Rusiyada yaşayan bir etnik toplumu təmsil edən təşkilatın bu dərəcədə incidilməsinə yol verilməzdi. Çünki hər bir qüvvə, ölkədəki etnik komponentlə müəyyən dərəcədə danışıq, davranış üslubu var. Həmin etnik toplumu incidəcək addımı atmaq heç bir halda hakimiyyətin xeyrinə deyil. Milyondan artıq azərbaycanlının yaşadığı bir yerdə hakimiyyətin bu addımı atması ən azı özünə xeyirli deyil. Belə bir siyasi qərarı həyata keçirmək əslində dar düşüncənin məhsuludur".

Politoloq Qabil Hüseynli isə APA-ya bildirib ki, belə bir addımın atılması ermənipərəst mövqedən irəli gəlir: "Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri gərginləşdirməyə çalışır. Son bir neçə aydır ki, Rusiya ermənilərə xoş gələn ərməğanlar edir. Rusiya-Ermənistan silahlı qruplaşmasının yaradılması və erməninin komandir təyin edilməsi, Ermənistana "İsgəndər" raketləri də daxil olmaqla, pulsuz böyük miqdarda müasir silah- sursat verilməsi bu sıradadır. Üstəlik, sanki Ermənistana diqtə edilir ki, danışıqlar prosesindən geri çəkil. Danışıqlar prosesi bu gün demək olar ki, durğunluq dövrünü yaşayır. Bu azmış kimi, Ermənistan müharibə ritorikasını daha da artırıb, Azərbaycanı təhdid və şantajedici bəyanatlarla hövsələdən çıxarmağa çalışır. Hazırda cəbhə bölgəsində vəziyyət gərgindir, Azərbaycanın yaşayış məntəqələri atəşə tutulur. Amma ordumuz da onlara layiqli cavab verir. Yəni Ermənistan təxribatlarla Azərbaycan iri miqyaslı müharibəyə cəlb etməyə çalışır. Rusiyadan təminat alınmasaydı, Ermənistanın bunu etməyə qətiyyən cəsarəti çatmazdı".

Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Hüseynov qeyd edib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı qərar subyektiv mülahizələrə əsaslanıb, buna heç bir əsaslı səbəb olmayıb: "Bu, Azərbaycanla yanaşı, Rusiyanın da maraqlarına uyğun addım deyil. Ümid edirik ki, bu məsələ müsbət həllini tapacaq, Rusiya dövlətinin rəhbərliyi öz müdrikliyini göstərəcək və iki dövlət arasında münasibətlərə xələl gətirəcək heç bir addım atılmayacaq". O, AZƏRTAC-a bildirib ki, bu qərar ermənipərəst qüvvələrin təsiri altında qəbul edilib: "Bir daha görürük ki, Azərbaycana qarşı işləyən erməni diasporu, ermənipərəst dairələr iki dövlətin münasibətlərini bu cür məsələlərlə pozmağa çalışırlar. Biz belə cəhdlərə qarşı həmişə ayıq-sayıq olmalıyıq".

Deputat deyib ki, Rusiya ilə Azərbaycan arasında çox böyük tarixi əlaqələr var: "Hazırda Rusiyada iki milyon azərbaycanlı, Azərbaycanda isə 200 mindən çox rus yaşayır. Həm Rusiyada, həm də Azərbaycanda bu iki dövlətin, xalqın dostluğunu istəyənlər daha çoxdur. Azərbaycan-Rusiya dostluğunun möhkəm kökləri var. Lakin münasibətlərə xələl gətirmək istəyənlər də var. Onların da kim olduğu məlumdur. Onlar ermənilər və ermənipərəst qüvvələrdir. Biz onlara imkan verməməliyik ki, xalqlarımız arasında belə xoşagəlməz vəziyyətlər yaratsınlar. Onlar öz istəklərinə çata, münasibətlərimizə kölgə sala bilməyəcəklər. Çünki qeyd etdiyim kimi, Rusiyada da Azərbaycanı dəstəkləyən kifayət qədər qüvvələr var və siyasi rəhbərliyin Azərbaycan dövlətinə münasibəti çox yüksəkdir, eləcə də Azərbaycan dövlətinin Rusiyaya qarşı münasibəti. Avropada Rusiyaya qarşı hər hansı sanksiyalar tətbiq ediləndə, yaxud da Rusiya ilə bağlı mənfi rəy formalaşdırılanda bütün beynəlxalq təşkilatlarda Azərbaycan Rusiyanın maraqlarını müdafiə edir. Əminik ki, Rusiya da bunun müqabilində öz addımlarını atacaq və Apellyasiya Məhkəməsinə müraciət edildikdən sonra konqreslə bağlı məsələ müsbət həllini tapacaq".

Ceyhun ABASOV

 





19.05.2017    çap et  çap et