525.Az

“Şeir oxuyan adama qalib gəlmək çətindir” - Fotolar


 

Rəşad Məcid: “Gənc yaşımda həyatımı ədəbiyyata, poeziyaya həsr etməyi fikirləşirdim”

“Şeir oxuyan adama qalib gəlmək çətindir” - <b style="color:red">Fotolar</b>

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurası İdarə Heyətinin və Əfv Komissiyasının üzvü...

Bu statuslar göstərir ki, Rəşad Məcidlə söhbət etmək üçün mövzu da, bəhanə də çoxdur. Çünki adını çəkdiyim statusların əhatə etdiyi hər sahə özündə olduqca maraqlı söhbətləri gizlədir.

Amma bu dəfə Rəşad bəylə daha çox ədəbiyyat söhbəti edəcəyik. Söz vaxtına çəkər. İlk dəfə onun şeirlərini ötən ilin bu günlərində oxumuşdum. Oxuduqca da biixtiyar tez-tez kitabın üz qabığına, müəllifin adı yazılan yerə baxırdım. Doğurdanmı R.Məcid belə gözəl şeirlər yaza bilir deyə. Sonra özünə yazdım: “İki gündü şeirlər kitabınızı oxuyuram. Oxuyuram desəm az olar, su kimi içirəm. Adamı alıb götürür... Yatsam yuxuma da girməzdi ki, siz sevginin bu cür dərin qatlarına bələdsiz, onu bu cür sətirlərə düzə bilərsiz. Və belə bir sevginin qəhrəmanı olan qadın da çox şanslıdır. Xoşbəxt ulduz altında doğulub...“


Və indi də onunla söhbətimizə şeirlə başlayırıq. Bugünlərdə “Dəlicəsinə” adlı esselər kitabı türk dilində, Türkiyədə nəşr olunub. Ondan öncə isə şeirlər kitabı qonşu ölkədə çap olunmuşdu. Öncə kitablardan başlayıb, sonra media, siyasət və ən sonda jurnalistlərin binası mövzusundan danışırıq. Ortaya maraqlı etiraf və açıqlamalar çıxır.

-Rəşad bəy, Türkiyədə nəşr olunan “Delicesine”... Kimin təşəbbüsü idi, içində nələr var? Kitabın ərsəyə gəlməsindən danışaq mümkünsə...

-“Dəlicəsinə” son kitabdır. Bu kitab Türkiyədə Elm, Sənət Adamları Məslək Birliyi olan İLESAM tərəfindən dərc edilib. Qurumla Yazıçılar Birliyi arasında müqavilə var. Bu müqavilə əsasında türk ədəbiyyatından iki kitabı Yazıçılar Birliyi çap edir, Azərbaycan ədəbiyyatından olan iki kitabı isə onlar. Bu il mənim “Dəlicəsinə” və Xəyal Rzanın “Aşk olsun” kitabları dərc edilib. Onlar mənə təklif edəndə artıq “Dəlicəsinə” şeirlər kitabım dərc olunmuşdu. Ötən il Avrasiya Yazarlar Birliyi bütün şeirlərimdən ibarət “Bir daha gəlməyəcək” adlı kitabım dərc etmişdi. Türkiyədə şeirlərin çap olunması məsələsi belədir ki, şeirləri olduğu kimi çap edirlər, amma anlaşılmayan sözlərin izahatını səhifənin aşağısında qeyd edirlər. Bu aralarda isə ayrı-ayrı nəşriyyatlar “Çiyələk qadın” adlı kitabımı çap etdirdilər.

“Dəlicəsinə”ni onlar çap etməyimi təklif etdilər. Fikirləşdim ki, bu günə qədər çap olunan məqalə, esse, “10 sentyabr” hekayəsini toplayım. Bunları da tərcümə edəndən sonra bir daha oxuduqca 80-90-cı illərə, onları yazdığım dönəmlərə qayıdırdım. Burda 23 yaşımdan son illərə qədər yazdığım müxtəlif yazılar toplanıb. Keçdiyim ömür yolu, Sovet dövrü, müstəqilliyin ilk illəri, müharibənin başlanması, torpaqların itirilməsi, eyni zamanda ədəbiyyat məsələlərinə münasibətim, yol qeydlərim, həmkarlarımla birgə səfərlərim... Bunları oxuduqca son 30 illik dövrə sanki ekskursiya edirdim. Həmin vaxt Türkiyədəki 25 illik dostum İrfan Çiftçiyə dedim ki, bəlkə buna baxıb, ön söz yazasan? O da bir ay yarıma bu kitaba sanballı ön söz yazdı. İrfan Çiftçi elə bu ərəfələrdə Türkiyənin Azərbaycandakı səfirliyinə mədəniyyət və turizm müşaviri təyin olundu. Bu isə bizim ortaq dost olaraq ədəbiyyat, söz adına gerçəkləşdirmək istədiyimiz ideyalar üçün yeni bir vasitə oldu. Bu kitab ömrümün 30 ilinin duyğularının, hisslərinin toplusu kimi mənə təsir edir.

-Ölkədə, ondan kənarda bizim şair-yazıçıların kitabları dərc olunduqca o məlum “heç kim heç kimin kitabını oxumur” kəlamının yalan olduğu üzə çıxır. Sizcə ümumi tendensiya necədir? Kitab oxucuları artan xətt üzrə inkişaf edir, ya sayları azalır?

-Türkiyədə kitaba maraq daha da böyükdür. Bizdə Sovet dövründə kitablar 50-100 min tirajla çıxanda Türkiyədə bizə həsədlə baxırdılar. İndi isə onlarda kitab o tirajı qədərdir, biz həsədlə baxırıq.

-Amma son illər ölkə ədəbiyyatında roman yazmağa meyl artıb. Sanki dəbmiş kimi çox adam roman yazır, bəs oxucusu niyə azdır?

- Məsələ burasındadır ki, vaxtilə “kitab mağazaları da azdır, yazarlarımız da” deyib şikayətlənirdik. Amma indi maşallah kitab yazanlar çoxalıb, gənclər də çoxdur. Mağazalar da artıq var. Təəssüf ki, kitab oxuyan kontingent olduqca dar dairədir. Əsasən kitabların təqdimat mərasimlərinə eyni adamlar gəlir. Geniş, əhatəli, insanları silkələyəcək bir əsər yoxdur. Bəlkə müxtəlif dairələrin marağına səbəb olacaq kitablar yoxdur, ona görədir? Məsələn, cavanlar roman adı ilə çap edirlər, işimlə əlaqədar olaraq onu oxumalı olsam da, yarıdan o tərəfə keçə bilmirəm. Sonra da özümdən soruşuram ki, axı özümə zülüm verib, niyə bu kitabı oxumalıyam? İndi seçim imkanı daha genişdir – müxtəlif dillərdə ədəbiyyat var, dünya ədəbiyyatına çıxış imkanları çoxalıb. İnternet, televiziya kimi alternativlər də var. Belə şəraitdə gərək o qədər sanballı əsər yazasan ki, insanları səni oxumağa məcbur edə biləsən. Amma yenə də pessimist deyiləm. Azərbaycanda istedadlı cavanlar var, gələcək.

-Oxucuların kitabdan uzaqlaşmasının tək səbəbi bəzi istedadsız əsərlərdir?

-Bunun səbəbləri çoxdur. Televiziyaların çoxluğu, seriallar, məişət xarakterli verilişlər... Bunlar oxucunu əsir alır. Sovet dövründə evdar qadınlar “Yad qızı”, “Əfsanəsiz illər” tipli kitabları oxuyurdular. İndi onlar ya seriala, ya da Xoşqədəm xanımın verilişi sayağı verilişlərə baxır. İnsan dramını, faciəsini canlı şəkildə görür. O tipli oxucular ədəbiyyatdan itirilib. Onlar özlərini yorub oxumaq yerinə canlı baxır. Digər tərəfdən, cəmiyyətdə oxuyan və oxumayan adam arasındakı fərqin üstünlüyü də görünmür. Bir çoxları baxırlar ki, ədəbiyyat adamı, ziyalı iqtisadi cəhətdən o qədər də yaxşı vəziyyətdə deyil. Amma ömründə bir kitab oxumamış, savadsız adam firavan həyat tərzi keçirir. Bu mənada o da gənclərdə pessimistlik yaradır. Bununla belə son 5-10 illə müqayisədə kitab sektorunda vəziyyət yaxşılaşıb.

-Siz o mənada şanlısız ki, şair-yazarlıqdan başqa işlə də məşğulsuz. O baxımdan qeyri sahələrdən əldə etdiyiniz gəliri öz kitablarınızın nəşrinə yönəldə bilirsiniz. Əslində isə belə olmalı deyil. Nəşriyyatlar yazarlara, şairlərə kitab sifariş verməli, ona avans, daha sonra isə kitabının satışından əldə edilən gəlirin faizini ödəməlidir...

-Son illərə qədər Türkiyədə əksər şair-yazıçılar ədəbiyyatdan başqa sahə ilə məşğul olublar. Ədəbiyyatdan pul qazanmaq imkanı olmayıb. Son illərdə Elif Şafakın, Orxan Pamukun, Ayşe Kulinin kitabları çox çıxdı, onlar sırf kitabdan pul qazandılar. Bizdə də o dönəm çoxdan olub. Nostalji ilə xatırlayırlar ki, vaxtilə yazıçılar 50-100 min tirajla kitabları çap olunur, onlar da onun pulu ilə gedib kitab alırdılar. Bir az cavan yazıçılar üçün o söhbətlər xeyli depressiya yaradır.

-Şeirləriniz barədə subyektiv fikrimi bilirsiz. Bu barədə özünüzə yazmışam. Amma mənə maraqlıdır ki, Cemal Süreyyası, Can Yüceli, Nazim Hikməti, bir sözlə, ədəbiyyat dəryası olan türkiyəli oxucu üçün Rəşad Məcidin şeirlərinə qədər fərqli və maraqlı ola bilər? Onları öz “dəryalarından” qoparıb, necə özünüzə çəkə bilərsiz? 

- Bizim Ramiz Rövşənin bir sözü var ki, ədəbiyyat geniş bir məkandır, burada heç kim heç kimin yerini dar eləmir, hərənin öz yeri var. Bu yaxınlarda Trabzonda bir həftə ədəbiyyat festivalında iştirak etdim, yazarlarla görüşdüm. Orda mən “Xilaskarım” şeirini dedim, o qədər böyük reaksiya doğurdu ki. Əslində guya siqaretə həsr olunmuşdu, amma həm də ona həsr olunmamışdı. Hətta şeir çıxan vaxt qızlar zarafatla yazmışdılar ki, “bəxtəvər siqaretin başına ki, şəninə belə bir şeir yazılıb”. Yaxşı şeir harda olursa olsun, böyük reaksiya doğurur. Şeirlərim yaşadığım hisslərdir və bu hissləri Yer üzündə yüz minlərlə, milyonlarla insan keçirib. Oxşar hissləri oxuyub tutanda, yaddaşına təsir edəndə uğur qazanır.

- İtaliyada nəşr olunan kitabınızdan danışmadıq. Azərbaycan şeiri italyan dilində, üstəlik, musiqinin müşayiəti ilə...

-2015-ci ilin yayında İtaliyada, Milanda kitabım çıxdı. Bunun təşəbbüskarları orda yaşayan həmvətənlərimiz idi. Davida Qualteri də italyan bəstəkar-şairdir, orijinal, qeyri-adi adamdır. O, azərbaycan və italyan musiqilərini sintez edir və qeyri-adi musiqilər yaradır. Eyni zamanda bizim muğam ustaları şeirlərimi öncə Azərbaycan dilində, ardınca italyanca, İtaliyanın folklor alətləri ilə oxuyurdular. Çox qeyri-adi musiqi yaranırdı. İlk dəfə Davida Qualteri “Kimsən, ey doğulan” şeirimi antologiyada çap etmişdi. O şeirdə yeni doğulana müraciət olunur. O, məni ilk dəfə görəndə adımı unutsa da, “Kimsən, ey doğulan” deyib, mənə müraciət etdi, şeir onu çox təsirləndirmişdi. Sonradan təklif etdi ki, şeirlərimi həm Azərbaycan, həm italyan dilində nəşr edək, onlara musiqi bəstələnsin və belə bir kitab çap olunsun. Bu kitabların heç birinin dərci təşəbbüsümlə olmayıb.

-Maliyyəsinin də sizə bağlantısı yoxdur?

-Xeyr. Maliyyəsi də təşəbbüskarın olub, mənim yox.

-Rəşad bəy, türk oxucuları özünüzə necə çəkə biləcəyinizdən danışdıq. Maraqlıdır, bəs Azərbaycanda şeir oxuyan varmı?

-Azərbaycanda vaxtilə Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Ramiz Rövşən böyük auditoriyalarda şeirlərini deyirdilər. İndi isə xeyli dərəcədə yaşadığımız dövr, qayğılar şeiri arxa plana atıb. Artıq insanlar şeir oxumaq və dinləmək ovqatında deyillər. Amma bununla yanaşı, yeni şeir, yeni aura insanları o ovqata qaytara bilir. Bizim gənc şair Şəhriyar del Geraninin şeirləri çox fərqlidir. Özü onları gözəl oxumasa da, onun aurasını yarada bilir. Şeir haqqında deyirlər ki, şeir oxuyan adama qalib gəlmək çətindir. Şeir oxuyan adam güclü olur, ruhlu olur. Şeir sevən adamı sındırmaq olmur. Dünyada şeirin arxa plana keçməsinin səbəbi bəlkə də dünyanı idarə edən şəxslərin gizli niyyətidir. Ruhu olan, poeziyanın daxildən güc verdiyi insanı istənilən səmtə yönəltmək də çətindir.

-Amma bu, bəlkə də yaşla bağlıdır. Sizi az qala 20 ildir ki, tanıyan şəxs kimi son illərdə şeirə, ədəbiyyata olan bağlılığınızın daha çox artdığını görürəm. Öncəki illərdə qəzet, media daha ağır basırdı sanki...

-Yox, sadəcə mən gənc yaşımda həyatımı ədəbiyyata, poeziyaya həsr etməyi fikirləşirdim. Amma 88-ci ildə, 24 yaşımdan sonra baş verən hadisələr, Qarabağın işğalı, SSRİ-nin dağılması prosesi elə gətirdi ki, daha çox jurnalistikaya, publisistikaya vadar oldum. Belə bir xaosda şeirin yeri idimi? Məşhur filmdə deyilən kimi, vəsf zamanı deyil, afət. Amma eyni zamanda şeir, poeziya gələndə də heç bir fövqəladə hala baxmır. Orxan Pamuk deyir ki, yazıçılıq iynə ilə quyu qazmaqdır. Bu, həqiqətən də belədir. Fikrimdə bir neçə roman, bədii əsər var ki, onu yazmaq istəyirəm. Amma indiki iş qrafikimlə bunu edə bilmirəm axı. Gündə bir neçə tədbirdə oluram, müxtəlif ovqatlara düşürəm. Bəzi yazıçılar kimi də deyiləm ki, bir ovqatdan digərinə sürətlə düşüm. Emosionalam, hansısa hadisənin uzun müddət təsiri altında ola bilərəm. Məsələn, Yunus Oğuz kimi redaksiyada oturub, İslam Oyunları ilə bağlı yazı yazıb, arxasınca Şah Təhmasib barədə abzas yaza bilmərəm. Yunus Oğuzun buna qabiliyyəti var. Amma mən onu yazmaq üçün gərək bütün gün hər şeydən ayrılam.

-Bu, sizin üçün mümkün olacaq?

-Fikirləşirəm ki, bəlkə gələcək həyatımda mümkün olmadı? Amma haçansa olacaqsa beynimdə bir neçə nəsr əsəri var ki, onları yazmaq istəyərəm. Yenə bizim akademik İsa Həbibbəyi mənə təlqin etdi ki, pyes yaz. Belə bir planım, arzum var.

-Amma siz də sanki klassik şair obrazı ilə bağlı stereotipləri dağıtmısız. “Şair azad, laubali, içkili, məsuliyyətdən uzaq olur” kimi diqtə edilən fikirlər var, yəqin bilirsiz...

-Bu obraz bizim şairlərə böyük ziyan vurub. Yəni, guya şair necə olur? Tərki dünya, meyə meyl edən, araq içən... Amma o xeyli dərəcədə istedadlı adamlara da ziyan vurub. Təbii, çərçivədə şeir yazılması mümkün deyil. Bu qalstuklu-pencəkli Rəşad Məcid heç vaxt insanlara təsir edən o şeirləri yaza bilməz. Şeir insanların anormal halıdır. O mənada şair olduğum məqamlarda fərqli aurada oluram.

(Davamı növbəti hissədə)

Musavat.com
Sevinc TELMANQIZI

 





20.05.2017    çap et  çap et