525.Az

Zeynəb Xanlarova: “Xoşbəxt xalqıq ki, Heydər Əliyev bizim payımıza düşüb”


 

Zeynəb Xanlarova: “Xoşbəxt xalqıq ki, Heydər Əliyev bizim payımıza düşüb”<b style="color:red"></b>

“Heydər Əliyev haqqında çox söz demək olar. Amma görünən dağa nə bələdçi? Heydər Əliyev elə bir dahidir ki, onun haqqında yazılan kitablar, sözlər o dağın qarşısında çox sönük görünür. Çünki Heydər Əliyev Allah tərəfindən Yer üzünə göndərilən bir möcüzədir. Biz xoşbəxt xalqıq ki, o, bizim payımıza düşüb”.

APA-nın xəbərinə görə, bunu millət vəkili, SSRİ xalq artisti Zeynəb Xanlarova Milli Məclisin bu gün keçirilən iclasında deyib.
 
Z. Xanlarova əvvəllər Heydər Əliyevə qarşı çıxan insanlara çox əsəbiləşdiyini bildirib: “Vaxtilə bəzi insanlar “Azərbaycan xalqını Vəzirovun ətrafında birləşdirin” deyirdilər. İndi də Heydər Əliyevin çörəyini yeyib, Prezident Administrasiyasında otururlar. Heç kim məndən inciməsin. Mən ürəkdən Heydər Əliyevin ailəsinə bağlı insanam. Nə qədər həyatda yaşayıramsa, o bağlılıq məndə sönməyəcək. Bəli, o adamlar indi müxtəlif cür danışmağa başlayıblar. “91-lər”in müraciəti mənim evimdə hazırlanıb. “91-lər” yaradılanda Sirus Təbrizli deyirdi ki, ay Zeynəb xanım, o kişinin verdiyi çörəyi yeyənlərin qapılarına gedirəm, mənə deyirlər ki, sən Allah, bunu bizdən uzaq elə. “Uzaq elə” deyən adamlar indi “Heydər Əliyev”, “İlham Əliyev” deyirlər. Bax, bu zaman mən çox əsəbiləşirəm. Sonra da deyirlər Zeynəb Xanlarova kişi sözü tələb edir. Əvvəllər bir cür, indi başqa cür olmaq lazım deyil. Sevirsinizsə, o vaxt da sevərdiniz”.
 
Spiker Oqtay Əsədovun “Zeynəb xanım, indi ağılları başlarına gəlib də” replikasından sonra Z. Xanlarova bunları deyib: “Oqtay müəllim, adamın düşməni olanda bilirsən ki, düşmənin var, düşməndən özünü qoruyursan. Amma düşmən odur ki, sənin qabağında deyir, gülür, obraza girir. Mən çox danışa bilərəm. Amma istəmirəm, sonra deyərlər ki, “xaric” gedirsən”.
 
Heydər Əliyevlə bağlı şeir deyən Zeynəb Xanlarova Heydər Əliyev yolunu davam etdirən prezident İlham Əliyevlə fəxr etdiyini söyləyib.
 
Zeynəb Xanlarova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətinə də toxunub: “İsraildə olan tanışlarımızdan biri deyir ki, Leyla xanım bu qədər işləri necə görür. Deyirəm ki, o böyük siyasətçinin ailəsində yetişib”.
 
Spiker Oqtay Əsədov isə Zeynəb Xanlarovanın az, ancaq ürəkdən danışdığını bildirib.

 





07.05.2013    çap et  çap et