525.Az

Ədəbiyyatımızın multikultural mənzərəsi QHT-nin nəşr etdirdiyi iki almanaxda


 

Ədəbiyyatımızın multikultural mənzərəsi QHT-nin nəşr etdirdiyi iki almanaxda<b style="color:red"></b>

Vətənimizin cənub regionunda yaşayan, Azərbaycan və talış dillərində yazıb yaradan 128 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı  “Gəl bizim yerlərə...”  və  ölkəmizin şimal bölgəsində yaşayıb 7 dildə yazıb-yaradan 55 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı “Bir yanı Şah dağı, bir yanı Xəzər” adlı kitablar nəşr edilib.

“Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində buraxılmış  kitablarda 183 müəllifin 9 dildə şeir, hekayə, esseləri  toplanıb. Hər iki almanax Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Etnik qruplar arasında azərbaycançılıq ideologiyasının təbliği və mədəni müxtəlifliyin inkişafına dəstək” layihəsi çərçivəsində nəşr edilib. Layihənin rəhbəri və nəşrlərin ideya müəllifi  bu QHT-nin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri, yazıçı-publisist Hacı Nərimanoğludur.

Ön sözlərdə qeyd edilib ki, bu toplularda ədəbiyyatımızın milli, etnik zənginliyi, rəngarəngliyi aydın görünür. Əsrlərdən bəri müxtəlif xalq və etnoslar Azərbaycan ərazisində mehriban bir ailə kimi yaşayırlar. Bu qədim torpaqlar  Qafqaz türkləri ilə bərabər, talış, ləzgi, tat, dağ yəhudiləri, xınalıq, buduq, qrız, əlikli, hapıtlı, cəgli, avar, saxur, yergüclü və digər xalqların da doğma vətənidir. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının bir çox istedadlı nümayəndələri bu xalqların yetirmələridir. Həmin xalqların  nümayəndələrinin bir çoxunun yaradıcılığından seçmələr ilk dəfə bu kitablarda işıq üzü görür. Nəfis tərtibatlı nəşrdə Azərbaycan, Torpaq, Vətən  məhəbbəti, Qarabağ dərdi, Şəhidlərə hörmət, dünyaya, insana sevgi, nəcib insani duyğuları tərənnüm edən şeir, hekayə və esselər əsas yer tutur.

Kitabların nüsxələri müəlliflərlə bərabər bölgənin mədəniyyət, təhsil obyektlərinə də hədiyyə ediləcək.

 





20.05.2017    çap et  çap et