525.Az

Rəsul Rza mükafatları təqdim olundu


 

Rəsul Rza mükafatları təqdim olundu<b style="color:red"></b>

Dünən Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəsul Rzanın doğum günü münasibətilə Fəxri xiyabanda şairin xatirəsi anılıb. Mərasim iştirakçıları şairin məzarı üzərinə gül dəstələri düzüblər.

Daha sonra Azərbaycan Yazıçılar Birliyində (AYB) Rəsul Rza Ədəbiyyat Fondunun təsis etdiyi Rəsul Rza mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbirdə AYB rəhbərliyi, tanınmış yazarlar və media nümayəndələri iştirak ediblər.

Fondun prezidenti, AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca çıxışında Rəsul Rza yaradıcılığından söz açıb, bu mükafatın onun adı ilə adlandırılmasını R.Rzanın ədəbiyyatımızdakı xidmətləri müqabilində kiçik töhfə adlandırıb. F.Qoca qeyd edib ki, Rəsul Rza mükafatı 3 mərhələdə təqdim olunub. Birinci mərhələdə İsmayıllıda tanınmış şair Musa Yaqub, ikinci mərhələdə Göyçayda AMEA-nın müxbir üzvü, akademik Nizami Cəfərov, yazıçı-publisist Səyyad Aran, Ədliyyə general mayoru Akif Rəfiyev, üçüncü mərhələdə isə Bakıda “Atilla” jurnalının baş redaktoru Gülşən Behbud, filologiya elmləri doktoru Salidə Şərəfova və alim Cabir Xəlilzadə təltif olunublar.

Filologiya elmləri namizədi, yazıçı-publisist Səyyad Aran bu mükafatı yaradıcılığına verilən ən böyük qiymətlərdən biri hesab edib: “Təbii ki, Rəsul Rza mükafatı hər bir qələm əhlinin arzuladığı mükafatdır. Bu mükafata layiq olmaq ədəbiyyatda ciddi hadisədir. Belə bir səadət mənə də bəxş olundu. Özümü həm xoşbəxt, həm də qürurlu hiss edirəm. Belə bir önəmli mükafatı Fikrət Qocanın əlindən, Anar müəllimin xeyir-duası ilə qəbul etmək ayrıca bir şərəfdir. Rəsul Rza ədəbiyyatımızda elə bir iz qoyub ki, onun yeri həmişə bu xalqın tarixində, ədəbiyyatında görünəcək və o, əbədi olaraq yaşayacaq”.

Ədliyyə general mayoru Akif Rəfiyev Rəsul Rzanın və onun ailəsinin ədəbiyyatımıza fədakar xidmətlərindən söz açıb: “Mən ədəbiyyatçı deyiləm. Ancaq fəaliyyətimi dəyərləndirib məni də Rəsul Rza mükafatına layiq görüblər. Bu mükafat hər adama nəsib olmur. Göyçayda onun çox gözəl təqdimetmə mərasimi keçirildi. Mən fondun rəhbərliyinə, xüsusən Fikrət Qocaya təşəkkürümü bildirirəm ki, bu sahədə məni fərqləndirib. Rəsul Rza ocağı Azərbaycanda yeganə ailədir ki, yüz ilə yaxındır ədəbiyyata xidmət edir. Elə bu faktın özü bu adın, mükafatın önəmindən xəbər verir”.

“Atilla” jurnalının baş redaktoru Gülşən Behbud, Filologiya elmləri doktoru Salidə Şərəfova çıxışlarında Rəsul Rza yaradıcılığından danışıb, bu mükafata layiq görüldükləri üçün Rəsul Rza Ədəbiyyat Fondunun prezidenti Fikrət Qocaya, AYB sədri Anara və əziyyəti olan hər kəsə öz təşəkkürlərini bildiriblər.

Sonda AYB sədri Anar mükafata layiq görülənləri təbrik edib, onlara daha böyük yaradıcılıq uğurları arzulayıb.

Şahanə MÜŞFİQ

 





20.05.2017    çap et  çap et