525.Az

Jurnalist Zabil Müqabiloğlunun anım mərasimi keçirildi - Fotolar


 

“SON ZƏNG” ADLI TƏDBİRDƏ MƏRHUM JURNALİSTİN YAXINLARI, QƏLƏM DOSTLARI ONUNLA BAĞLI XATİRƏLƏRİNİ BÖLÜŞDÜLƏR

Jurnalist Zabil Müqabiloğlunun anım mərasimi keçirildi - <b style="color:red">Fotolar</b>

Mayın 20-də “ADO Theatre Collective”də jurnalist Zabil Müqabiloğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.

“Son zəng” adlı tədbirdə mərhum jurnalistin ailə üzvləri, həmkarları, yaxın dostları iştirak edirdi.
Xatirə gecəsində əvvəlcə Zabil Müqabiloğlunun həyat və fəaliyyətinə həsr olunmuş iki video-çarx nümayiş etdirildi.

Kadrlarda Zabil Müqabiloğlunun müxtəlif tədbirlərdə çıxışları, xarici ölkələrə səfərləri və digər maraqlı məqamlar əks olunmuşdu.

Tədbirdə çıxış edən tanınmış jurnalistlər Qulu Məhərrəmli, Rey Kərimoğlu, Elşad Paşasoy, Nazim Sabiroğlu, Ceyhun Musaoğlu və digərləri Zabil Müqabiloğluyla bağlı xatirələrindən danışaraq, onun peşəkar jurnalist keyfiyyətlərinə toxundular.

Daha sonra anım mərasimində mərhum jurnalistin müəllifi olduğu şeirlər səsləndirildi.

Qeyd edək ki, Zabil Müqabil oğlu Nəcizadə 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildə mətbuata gəlib. “525-ci qəzet”, “Tərcüman”, “Avropa”, “Yeni Müsavat” qəzetlərində çalışıb. Redaktor və baş redaktor vəzifələrini də icra edib. Bir neçə mükafata layiq görülüb. Eyni zamanda “gunxeber.com” saytını təsis edib, saytın baş redaktoru olub. Jurnalistika fəaliyyəti ilə yanaşı yazdığı şeirlərlə də yadda qalıb.

Bir neçə ay bundan öncə, Zabil Müqabiloğlu mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər transplantasiyasına ehtiyacı var idi. Bu ilin fevralın 26-da Zabil Müqabiloğlu uzun sürən xəstəlikdən sonra vəfat etdi. Ailəli idi, bir oğlu var.

Ceyhun ABASOV

 





22.05.2017    çap et  çap et