525.Az

Şahin Növrəsli Parisdə konsert verdi


 

Şahin Növrəsli Parisdə konsert verdi<b style="color:red"></b> Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin dəstəyi ilə Parisdə caz festivalı - “Festival Jazz à St-Germain-des-Prés Paris” - keçirilib.
 
TEAS-dan APA-ya verilən məlumata görə,  “Festival Jazz à St-Germain-des-Prés Paris”in təşkilatçıları 86 yaşlı məşhur amerikalı pianoçu, bəstəkar və pedaqoq Əhməd Camala ifa üçün bir pianoçunu seçmək imkanı yaradıblar və azərbaycanlı caz musiqiçisi  Şahin Növrəsli çıxışa layiq görülüb.
 
Qeyd olunub ki, bu, əvvəllər digər üç ekstraordinar azərbaycanlı caz pianoçusuna – İsfar Sarabski, Emil Əfrasiyab və Elçin Şirinova  sponsorluq etmiş təşkilat tərəfindən əsası qoyulmuş ənənənin davamıdır.
 
Uzun müddət Əhməd Camalla işləmiş bas gitaraçı Ceyms Kammak, əvvəllər Di Di Bridcvoter, Stefan Qrapelli və Çik Kori ilə birgə ifa etmiş yetmiş yaşlı fransız zərb ifaçısı Andre Sekarelli, gürcü zərb ifaçısı İrakli Koiava ilə birlikdə Okeanoqrafiya İnstitutunun “La Maison des Océans” konsert zalında  çıxış edən Şahin Novrəsli “Emanation” adlı ikinci albomunu təqdim edib.
 
“Bayatı” adlı birinci albomundan sonra Ş. Növrəslinin ərsəyə gəlmiş ikinci albomu Əhməd Camalın həmprodüsserliyi ilə Parisdə yazılıb. Albomda yer alan bəzi parçalarda skripkaçı Didye Lokvudun ritm bölmələri təqdim olunur.
 
Konsert zamanı Ş. Növrəsli kompozisiyaları və Azərbaycan musiqisinin variasiyalarından ibarət geniş spektrli əsərlər ifa edib.
 
“Le Figaro” nəşrinin caz mütəxəssisi Kristof Dore konsert haqda bunları deyib: “Çox az musiqiçi tapılar ki, bizlərə öz musiqi bacarığı, janrı və üslubu ilə yenilik gətirir, not çaylarını öz barmaqları ilə axına çevirir. Azərbaycanlı pianoçu Şahin Növrəsli əsası klassik musiqi ilə qoyulmuş öz nəslinin ən böyük caz musiqiçilərindən biridir. Onun sonuncu “Emanation” albomu şərqdən ilhamlanan, həm şən, həm də, virtuoz ifa xəzinəsidir və klassik musiqi ilə caz musiqisini birləşdirərək xüsusilə uğurlu vəhdət yaradır”.
 
Caz festivalında Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasıyev iştirak ediblər.
 





22.05.2017    çap et  çap et