525.Az

Azərbaycan şahzadəsinin Türkiyədəki qəbrinin yeri dəyişdirildi - Fotolar


 

ZEYNƏL BƏY TÜRBƏSİNİN YERİNİN DƏYİŞDİRİLMƏSİ 20 MİLYON ABŞ DOLLARINA BAŞA GƏLİB

Azərbaycan şahzadəsinin Türkiyədəki qəbrinin yeri dəyişdirildi - <b style="color:red">Fotolar</b>

Ağqoyunlu dövlətinin yaradıcısı Uzun Həsənin oğlu Zeynəl bəyin adını daşıyan, Türkiyə ərazisində yerləşən, 634 il yaşı olan türbənin yeri bu il mayın 12-də dəyişdirilib.

Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq mədəniyyət müşaviri Seyit Ahmet Arslan məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, yerdəyişmə prosesini Türkiyə mədəniyyət və turizm naziri Nəbi Avcı, eləcə də meşə və su işləri naziri Veysəl Əroğlu internet vasitəsilə canlı izləyiblər.

S.A.Arslan bildirib ki, Dövlət Su İşləri Komitəsi tərəfindən Dijlə çayı üzərində tikintisi davam edən İlisu su anbarı Türkiyə Respublikasının 100 illiyi ərəfəsində yerinə yetirilməli və dünyanın ən böyük su proyektlərindən olan Cənub-şərqi Anadolu Proyektinin əsas hissələrindəndir: "Bu layihə enerji, əkinçilik proyekti olmaqla yanaşı, eyni zamanda, regionun mədəni və sosial inkişafını təmin edəcək transformasiya proqramıdır".

Sabiq mədəniyyət müşaviri bənd haqqında ətraflı məlumat da verib: "İlisu su anbarı ön tərəfi betonla möhkəmləndirilmiş, dolğu həcmi və gövdə uzunluğu baxımından dünyada birinci, ölkəmizdə "Atatürk", "Qaraqaya", və "Keban" su bəndlərindən sonra enerji istehsal gücünə görə dördüncü sırada olacaq".

Nazirliyin əməkdaşı digər layihənin də müjdəsini verib: "Anbarın tikintisi yekunlaşdıqdan sonra Suriya ilə sərhəddə "Cizrə" bəndi inşa edilərək 890000 dekar Nusaybin-Cizrə-İdil əkinçilik sahələri ilə 320000 dekar Silopi ovası - birlikdə 1200000 dekar ərazi suvarma ilə təmin olunacaq".

Arslan bildirib ki, bənddə illik 4,12 milyard kilovatt elektrik enerjisi istehsal olunacaq: "Layihə sosiallaşdırma və yenidən məskunlaşdırma daxil, 7 milyard lirəyə başa gələcək.

Bundan başqa, şəhərsalma üçün 245 milyon dollar dəyərində proyekt hayata keçiriləcək. Layihə özündə balıqçılıq, istixana, badam bağları və turizm kimi yeni məşğulluq sahələrinin yaranmasını ehtiva edəcək".

Sabiq müşavir bənd tikintisinin ətrafdakı məntəqələrə müsbət təsirindən danışıb: "Su anbarının tikintisinə görə, tamamilə su altında qalacaq 1 ilçə, 27 kənd, 42 oba ilə, ərazisi qismən təhlükə altında olan 80 kənd var. Bu yaşayış məntəqələri aparılan tikinti işləri əlaqədar planlı şəkildə köçürülür. İlisu kəndi və Hasankeyf ilçəsi daha modern vəziyyətə gətirilir. Məsələn, İlisu kəndində 48 mənzil, 1 kənd mehmanxanası, 1 məscid, 8 sinifli məktəb, 1 xəstəxana, 48 ailənin heyvanları üçün ümumi tövlə tikilib. Kəndin infrastrukturu yenilənib, abadlıq və yaşıllaşdırma işləri aparılıb. Hasankeyf isə bəndin suları altında qala biləcək bütün tarixi abidələrin yeni yerinə yerləşdirilməsilə avanqard bir yerə çevrilir. Şəhər sözün tam anlamında açıq səma altında muzey olacaq. Ən əsası isə Hasankeyf və digər yaşayış məntəqələrinin Artuklu arxitekturası əsas götürülərək qurulmasıdır".

S.A.Arslan tarixi infrastrukturun gələcək taleyinə toxunub: "Əlbəttə, Hasankeyf tamamilə su altında qalmayacaq, su, xüsusilə yuxarı şəhərə heç bir təsir göstərməyəcək. Daha öncə plansız, baxımsız halda olan abidələr, qazıntı yerləri tamamlanıb uyğun arxitektural plan və çağdaş baxışın bir araya gəldiyi arxeologik parkda incələnməyə davam edəcək. Yuxarı şəhərin ərazisi yenidən abadlaşdırılacaq, tarixi-mədəni tikililərin sərgilənəcəyi "Arxeologik Park və Açıq Hava Muzeyi" olaraq ictimaiyyətə təqdim ediləcək".

Nazirlik rəsmisi köçürüləcək tarixi tikililərin siyahısını da təqdim edib: "Bu işlərlə paralel olaraq arxeoloji qazıntı və araşdırmalarla birgə İlisu su anbarı ərazisində yer alan Hasankeyf Örənyerindəki restavrasiya və təmir işlərinin Dövlət Mədəniyyət Abidələri və Muzeylər Komitəsi ilə Dövlət Arxeologiya İdarəsi tərəfindən ortaq şəkildə aparılması qərara alınıb. Təşkil olunmuş elmi komissiya tərəfindən daşınacaq və qorunacaq mədəni abidələrin siyahısı hazırlanıb: Er Rızık məscidi, Süleyman Xan məscidinin arxeoloji ünsürləri, Koç Camenin memari ünsürləri, Qızlar Camesi, Orta qapı, Artuklu Hamamı, İmam Abdullah Zaviyəsi və Zeynəl bəy türbəsi".

Arslan türbənin daşınmasından da danışıb: "Bu layihə Türkiyə üçün çox önəmlidir. Təkcə Zeynəl bəy türbəsinin daşınması 20 milyon dollara başa gəlib. İşçilərin maaşını ödəyə bilmək üçün Lüksemburqdan 750 min dollar almaq məcburiyətində qalan Türkiyə bir türbənin daşınmasına 20 milyon dollar ayıra bilir. Zeynal bəyin türbəsi Hasankeyf Mədəniyyət Parkında yerləşdirilib.

Türbənin dağılmadan daşınması üçün dünyanın ən müasir texnologiyalarından istifadə edilib. Türbə öz əvvəlki yerindən 2 kilometr uzaq məsafəyə yerləşdirilib. Türbənin yerinin dəyişdirilməsi prosesi 3,5 saat davam edib".

Qeyd edək ki, Zeynal bəy Azərbaycanın böyük hökmdarlarından olan Ağqoyunlu dövlətinin yaradıcısı Uzun Həsənin oğludur. O, 1473-cü ildə Osmanlı və Ağqoyunlu dövlətləri arasında baş verən məşhur Otluqbeli savaşında həlak olub.

Cavid QƏDİR

 





22.05.2017    çap et  çap et