525.Az

Qarabağda aktiv hərbi əməliyyatlar bərpa oluna bilərmi?


 

Qarabağda aktiv hərbi əməliyyatlar bərpa oluna bilərmi?<b style="color:red"></b>

Ermənistan-Azərbaycan cəbhə xəttində vəziyyətin yenidən gərginləşməsi müşahidə olunur.

Bu gərginliyin fonunda ATƏT-in Minsk qrupunun həmsədrləri  ötən həftə yaydıqları birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması hallarını pisləyərək, tərəfləri gərginliyin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməyə çağırıblar.

Azərbaycan XİN isə bəyan edib ki, Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü və Ermənistan prezidentinin parlamentdə çıxış edərək Yenilənmiş Madrid Prinsiplərini inkar edən açıqlamasının müqabilində  Minsk qrupunun həmsədrlərinin yalnız atəşkəs haqqında 18 may tarixli standart bəyanatı simptomatik xarakter daşıyır. "Təəssüflər olsun ki, atəşkəsin pozulmasından narahatlıq ifadə edən ATƏT-in  Minsk qrupunun həmsədrlərinin bəyanatında Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnika və şəxsi heyətin Azərbaycanın suveren ərazilərində qeyri-qanuni mövcud olması faktına yenə də göz yumulur", deyə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib. Bəs  davam edən gərginlik, ATƏT-in Minsk qrupunun işğalçı ilə işğala məruz qalana eyni münasibət bəsləməsi münaqişəni yenidən alovlandıra bilərmi?

Millət vəkili, politoloq Rasim Musabəyov hesab edir ki, işğal davam etdikcə və danışıqlar aparılmadığı halda, gərginlik artacaq: "Azərbaycan daim bunu bəyan edib. Əgər kimsə gözləyirsə ki, Azərbaycan heç bir nəticə verməyən danışıqları aparıb və işğalın əbədiləşdirilməsi ilə razılaşacaq, bu, heç vaxt olmayacaq. Kimin xoşuna gəlir gəlsin, gəlmir gəlməsin. ATƏT-in Minsk qrupunun həmsədrlərinə Azərbaycan dedi ki, gedin öz işinizlə məşğul olun. Onların işi danışıqları hansısa nəticəyə gətirməkdir. Gəlib indi boş-boş bəyanat verməkdənsə, işlə məşğul olmaq lazımdır". Politoloq hesab edir ki, hərbi əməliyyatlar aktiv şəkildə bərpa olunarsa, hansısa dövlət buna müdaxilə edə bilməz: "Təbii  ki, Azərbaycan erməniləri himayə edən dövlətlərin müəyyən təzyiqləri ilə üzləşə bilər. BMT Təhlükəsizlik Şurası yığışıb hansısa bir qərar ala bilər. Ancaq hərbi müdaxilə qeyri- mümkündür".

R.Musabəyov Qarabağ danışıqlarının bərpasını, intensivləşməsini deməkdə çətinlik çəkir. Onun sözlərinə görə, Rusiya erməniləri ağıla gətirmək üçün ciddi səy göstərmədiyi halda,  heç bir nəticə olmayacaq: "Ancaq məsələnin başqa tərəfi də var ki, biz hər zaman hazır olmalıyıq. Çünki cəbhə xəttində daim gərginlik olacaq. Bu gərginlik ola bilsin ki, hansısa mərhələdə artacaq, aşağı düşəcək, amma nə ermənilər orda sakit otura biləcək, nə kommunikasiyalar açılacaq. Gərginliyin daimi müharibəyə çevrilmək ehtimalı gündəlikdə olacaq. Kimisə qane edirsə, bu seçimi edə bilər. Ancaq hesab etmirəm ki, bundan kimsə qazanc götürsün".

Millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, cəbhə xəttində vəziyyət hər zaman gərgindir və həmişə nəsə gözləniləndir: "Baxmayaraq ki, artıq 23 ildir atəşkəs rejimi mövcuddur, ancaq ümumən cəbhə xəttindəki vəziyyəti partlayışa yaxın bir vəziyyət kimi qiymətləndirmək olar. Lakin Azərbaycanın təmkinliliyi, beynəlxalq hüquq normalarını gözləməsi vəziyyətin idarəolunmaz bir şəraitə gəlib çıxmasının qarşısını alır. Ermənistan tərəfi Dağlıq Qarabağ məsələsində öz daxili ictimaiyyətini aldatmaq və büdcəsinə xarici erməni diaspor dairələrindən daha çox vəsait toplamaq üçün istifadə edir. Erməni dövlətinin layihəsi artıq birmənalıdır ki, baş tutmadı. Qonşu dövlətlərlə öz münasibətini qura bilmədi, beynəlxalq birlikdə öz yerini tuta bilmir. Bütün siyasəti ancaq qonşu dövlətlərə qarşı torpaq iddiasıdır. Ancaq cəbhə xəttində vəziyyəti gərginləşdirməklə, Azərbaycanı təxribata çəkməyə cəhd etməklə,  Ermənistan bu gün gündəmdə qalmağa çalışır. Ancaq unudurlar ki, onların apardığı təhlükəli siyasət ilk növbədə özləri üçün çox ağır nəticələnəcək. Belə ki, Azərbaycanın və Türkiyənin böyük iqtisadi potensialından istifadə edə bilmir, büdcəsinin böyük bir hissəsini hərbi büdcəyə yönəltməklə faktiki olaraq dilənçi gününə düşür. Eyni zamanda, Azərbaycan öz ərazi bütövlüyü siyasətindən əl çəkmədiyi üçün gec-tez işğal altındakı torpaqlarını azad edəcək".

Millət vəkili vurğulayıb ki, ötən ilin aprel hadisələri Azərbaycan Ordsusunun tam gücü deyildi: "Bu, Ermənistana sadəcə xırda bir xəbərdarlq idi. Belə görünür ki, Ermənistan bundan nəticə çıxarmayıb. Hərbi əməliyyatların başlanıb- başlanmayacağını demək çətindir. Hər şey konkret situasiyadan, bu məsələnin hansı vəziyyətdə olmasından, Ermənistanın hərəkətlərindən asılıdır. Çox təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələyə laqeyd münasibət bəsləyirlər. Problemin həllinə mandatı olan ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı heç bir ciddi addım atmır. Ümumən götürdükdə, Azərbaycan problemin həllini ancaq özündən asılı olduğu qənaətinə daha çox inanmağa başlayıb”.

PƏRVANƏ

 





23.05.2017    çap et  çap et