525.Az

Zamanların fövqündə dayanan öndər


 

Zamanların fövqündə dayanan öndər<b style="color:red"></b>

90 illik yubileyini böyük qürur hissi ilə qeyd etməyə hazırlaşdığımız ulu öndərimiz Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutur. Bütün həyatını Azərbaycan xalqı və dövlətçiliyimizin taleyi ilə bağlayan yüksək insani keyfiyyətlərə, dövləti idarə etmək bacarığına malik olan Heydər Əliyev bənzərsiz və müqayisəedilməz şəxsiyyət idi. Ulu öndər xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz rol oynayıb. Dahi rəhbərin hakimiyyətdə olduğu 30 ildən artıq bir dövr ərzində qazandığımız bütün nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrəti, dühası, uzaqgörənliyi ilə yürütdüyü müdrik siyasi kurs dayanıb. Tariximizin ən çətin və keşməkeşli dövrlərində Azərbaycanın və xalqımızın nicatı, qurtuluşu və xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan ulu öndərimiz Heydər Əliyevin adı və ideyaları əbədi yaşayacaq!

Heydər Əliyev kimi dahi bir insan haqqında söz demək çox çətindir. Digər sahələr kimi ədəbiyyat, incəsənət, mədəniyyət sahəsi də daim Heydər Əliyevin nəzarəti altında idi. Hələ Heydər Əliyev Azərbaycana hakimiyyətə gəlməzdən əvvəl keçmiş repressiya qurbanları haqqında insanlar qorxa-qorxa danışırdılar. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə repressiya qurbanlarının mənəvi hüquqlarının bərpası sahəsində ciddi işlər görüldü. Xalqımızın böyük şairləri Mikayıl Müşfiqin, Əhməd Cavadın mübarək adları məktəblərə, küçələrə qoyuldu, abidələr ucaldıldı, əsərləri yenidən çap olundu və s.

Azərbaycanın böyük mütəfəkkir şairi Hüseyn Cavid qanlı Stalin rejiminin günahsız qurbanlarından idi. Onun qəbrinin uzaq Sibirdə qalması Azərbaycanın vətənpərvər insanlarının, Hüseyn Cavid poeziyasının saysız-hesabsız pərəstişkarlarının qəlbini göynədirdi. 1981-ci ilə Heydər Əliyev Hüseyn Cavidin 100 illik yubileyinə hazırlıq görülməsi ilə bağlı sərəncam imzaladı. Sərəncamda Hüseyn Cavidin Bakıda heykəlinin ucaldılması, əsərlərinin nəşr olunması və s. nəzərdə tutulmuşdu. 1981-ci ildə Heydər Əliyevin Naxçıvana səfəri zamanı ağsaqqallar ondan Hüseyn Cavidin məzarının Azərbaycana gətirilərək, şairin doğma Vətəni Naxçıvanda dəfn olunmasını xahiş etdilər. Məlum oldu ki, ulu öndər özü Moskvadakı səlahiyyətli şəxslərlə bu məsələ ilə bağlı artıq danışıqlar aparıb. Xeyli çətinliklərdən sonra Hüseyn Cavidin nəşi Vətənə gətirildi.

Heydər Əliyev böyük Cavidimizə Naxçıvanda məqbərə tikdirdi. Müşgünaz xanımın Ərtoğrulun da məzarlarını bura köçürtdü. Bütün bunlar Heydər Əliyev dühasının uğuru, qəhrəmanlığı idi.

Tarixin Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyev dühası, şəxsiyyəti sanki bir zirvədir. O zirvənin ucalığı, bu dahi şəxsiyyətin qarşısında əriyib yox olur.

Heydər Əliyevin böyüklüyü zaman-zaman daha qlobal şəkildə özünü göstərir. Zaman keçdikcə, Heydər Əliyev fenomeni, xalqların, millətlərin əlçatmaz zirvəsinə çevriləcək. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tarixə qızıl hərflərlə yazılacaq. Heydər Əliyevin dahiliyi ondadır ki, o mənsub olduğu xalqına, onun adət- ənənələrinə, dilinə, dininə həmişə böyük hörmətlə yanaşıb, qayğı göstərib.

Dahi mütəfəkkir şairimiz Məhəmməd Hadi öz əsərlərində həmişə ürək ağrısı ilə... “millətimin imzası yoxdur millətlər içində” – deyərdi. Xalqımızın böyük oğlu Heydər Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bu gün biz iftixarla deyirik... “Millətimizin imzası var, millətlər içində, xalqımızın öz yeri var, xalqlar arasında, ölkəmizin – Azərbaycanın şanı, şöhrəti, adı var ölkələr arasında”.

Hər bir sənət adamına hörmətlə yanaşan ulu öndər ziyalılarımıza, mədəniyyət, incəsənət, kino, teatr sahəsində çalışan insanlara şəxsi və dövlət qayğısını əsirgəmir, onları daim diqqət mərkəzində saxlayırdı. Yaradıcı sahənin işçilərinə qayğı göstərmək, onların mənzil şəraitini yaxşılaşdırmaq, “fəxri adlar” vermək, əmək haqlarının artırılması, prezident təqaüdlərinin verilməsi, orden, medallarla təltif olunması kimi məsələlərin həlli məhz bu sahənin işçilərinə dövlət qayğısının təzahürüdür.

Mədəniyyət müəssisələrinin təmiri, tikintisi, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində aparılan işlər Heydər Əliyevin diqqəti nəticəsində həyata keçirilirdi.

Şəhər və rayonlarda 1991-ci ildən başlayaraq yaradılan tarix-diyarşünaslıq muzeyləri, görkəmli şəxsiyyətlərin, elm, mədəniyyət, incəsənət xadimlərinin xatirəsinə açılan ev muzeyləri, rəsm qalereyaları, uşaq incəsənət məktəbləri Heydər Əliyev zəkasının, uzaqgörənliyinin parlaq təzahürüdür.

Azərbaycanda təhsilə münasibət, bu sahənin inkişafı üçün görülən tədbirlər, dahi öndərimiz Heydər Əliyev siyasətinin əsas prinsiplərindən idi. O, deyirdi:

“Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Heydər Əliyev qeyd edirdi ki, müstəqil Azərbaycanın gələcək taleyi vətəndaş cəmiyyətinin formalaşmasından və yeniləşməsindən asılıdır. Ölkəmizdə milli təhsilin inkişafına, vətəndaş cəmiyyətinin formalaşmasına kömək etmək, öz milli mədəniyyətimizdən bəhrələnmək, dinimizə etiqad bəsləmək, ana dilimizdən düzgün istifadə etmək, mədəni həyatda fəal iştirak etmək lazımdır..

Azərbaycan üçün Heydər Əliyevin etdikləri təkcə hamının gözü qarşısında baş verən davamlı inkişaf prosesi və sabitliklə, qanunçuluğun bərqərar edilməsi ilə məhdudlaşmır. Heydər Əliyev həmçinin güclü bir dövlətçilik ənənəsinin əsasını qoyub və bu ənənəyə əsaslanan milli- siyasi məktəb yaradıb. Bu məktəbin öyrətdiyi ən böyük dərs milli dövlətçilik dərsidir..

Bu məktəbi yaratmaqla Heydər Əliyev Azərbaycanın xoşbəxt gələcəyini təmin etməyə nail olub..

Aygün Rüstəmqızı
ADMİU-nın müəllimi, kulturologiya
üzrə fəlsəfə doktoru

 





07.05.2013    çap et  çap et