525.Az

II Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışlar" simpoziumu - Fotolar


 

II Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışlar" simpoziumu - <b style="color:red">Fotolar</b>

Dünən Azərbaycan Xalça Muzeyində "Ortaq qaynaqdan çeşidli yollar" mövzusunda II Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışlar" simpoziumu işə başlayıb.

Martın 24-dək davam edəcək simpozium Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Yunus Emre İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi, TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Türkiyə Respublikasının Azərbaycandakı Mədəniyyət və Tanıtma müşavirliyi, "Z Company 2007", ATİB (Azərbayan Türkiyə İş Adamları Birliyi) və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə təşkil olunur.

Simpoziumda Azərbaycan, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Türkmənistan və Ukraynadan aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə digər mütəxəssislər iştirak edirlər.

Simpoziumun keçirilməsində məqsəd türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini daha da zənginləşdirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə olan qayğı və diqqətini, bu sahədə olan biliklərini yüksəltməkdir.

Simpoziumun mövzusu istənilən tarixi dövrləri - bizim eradan əvvəl, İslam və digər tarixi dövrlərdən başlayaraq bu günümüzədək olan böyük bir zamanı əhatə edir. Akademik sessiyalarda türkdilli xalqların ortaq dili olan ornamentlərin semantikası və onların ümumi kökləri; türkdilli xalqların ortaq xalça mədəniyyətində yer alan naxışlarla bağlı terminlər və bu sahədə yaşanan problemlər; xalça sənətində istifadə edilən naxışların digər sənət növləri ilə əlaqəsi, qarşılıqlı təsiri və onların zənginləşdirməsi; naxışın xüsusi bədii dili;müasir dünya incəsənətindən naxışların əhəmiyyəti və digər mövzularda məruzələr oxunacaq, müzakirələr və fikir mübadiləsi aparılacaq.

Naxışların tipoloji təsnifatındakı, özəllikləri, coğrafi ərazi baxımından yayılması, bu maddi-mənəvi irsin qorunması və digər sahələrdə çalışan elm adamlarının məruzələri kitab şəklində nəşr ediləcək, kitabxanalara və iştirakçılara paylanılacaq.

Qeyd edək ki, II Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışlar" simpoziumu çərçivəsində D. Kara Çobanadına Milli Qaqauziya Tarix və Etnoqrafiya Muzeyinin eksponatlarından ibarət sərgi keçirilir. Sərgidə qaqauz türklərinin böyük zövqlə hazırladıqları xalça, tikmə, milli geyim və digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur.

Şahanə MÜŞFİQ

 





23.05.2017    çap et  çap et